23.02.2018 Texniki tənzimləmə haqqında

Layihə


AZƏRBAYCAN  RESPUBLİKASININ  QANUNU


Texniki tənzimləmə haqqında


Bu Qanun Azərbaycan Respublikası Konstitusiyasının 94-cü maddəsinin I hissəsinin 1-ci və 24-cü bəndlərinə uyğun olaraq, insanların həyat və sağlamlığının, ətraf mühitin, əmlakın və dövlətin maraqlarının mühafizəsi, istehlakçıların hüquqlarının və qanuni maraqlarının müdafiəsi, ticarətdə texniki maneələrin aradan qaldırılması və malların rəqabət qabiliyyətliyinin artırılması məqsədi ilə mallar, onlarla əlaqəli proseslər və istehsal metodları üzrə texniki tənzimləmənin məqsəd və prinsiplərini və tətbiqi qaydalarını müəyyən edir.


1-ci fəsil


ÜMUMİ MÜDDƏALAR


Maddə 1. Əsas anlayışlar


1.0. Bu Qanunda istifadə olunan əsas anlayışlar aşağıdakı mənaları ifadə edir:

1.0.1. texniki tənzimləmə - mallara, onlarla əlaqəli proseslərə və istehsal metodlarına dair məcburi tələblərin müəyyən olunması, qəbulu və tətbiqi, habelə malların, onlarla əlaqəli proseslərin və istehsal metodlarının  uyğunluğunun qiymətləndirilməsi ilə əlaqədar münasibətlərin hüquqi tənzimlənməsi;

1.0.2. texniki reqlament - mallara, onlarla əlaqəli proseslərə və istehsal metodlarına dair məcburi tələbləri müəyyən edən, müvafiq icra hakimiyyəti orqanı tərəfindən qəbul edilən texniki-normativ hüquqi akt;

1.0.3. malların, onlarla əlaqəli proseslərin və istehsal metodlarının təhlükəsizliyi - malların, onlarla əlaqəli proseslərin və istehsal metodlarının  insanların həyat və sağlamlığına, ətraf mühitə, əmlaka və dövlətin maraqlarına ziyan vurması hallarının olmaması;

1.0.4. mal - istehsal və ya emal prosesi nəticəsində alınan məhsul;

1.0.5. istehsalçı - əvəzli (satış üçün) və ya əvəzsiz qaydada digər şəxslərə verilməsi və ya istehsalatda istifadə edilməsi üçün mal istehsal edən, mülkiyyət və təşkilati-hüquqi formasından asılı olmayaraq, hüquqi şəxslər və ya hüquqi şəxs yaratmadan sahibkarlıq fəaliyyəti ilə məşğul olan fiziki şəxslər;

1.0.6. istehlakçı - şəxsi tələbatını ödəmək məqsədi ilə maldan istifadə edən, onları alan, sifariş verən, yaxud almaq və ya sifariş vermək niyyəti olan şəxs;

1.0.7. ticarət nümayəndəsi (agent) -  malın istehsalçısı olmayan, lakin istehsalçının adından və hesabına yazılı müqavilə əsasında vasitəçilik xidmətləri göstərən, malı bazara yerləşdirən və ya digər şəxslərə təqdim edən hüquqi və fiziki şəxs;

1.0.8. idxalatçı - malları idxal edən şəxs;

1.0.9 standart - təkrar və ümumi istifadə üçün nəzərdə tutulan, mala, onunla əlaqəli proseslərə və istehsal metodlarına və ya digər fəaliyyət və onun nəticələrinə dair norma, qayda və tövsiyələri müəyyən edən, tətbiqi könüllü olan normativ sənəd;

1.0.10 beynəlxalq standart - standartlaşdırma üzrə beynəlxalq təşkilatlar tərəfindən qəbul olunmuş standart;

1.0.11. regional standart - standartlaşdırma üzrə regional təşkilatlar tərəfindən qəbul olunmuş standart;

1.0.12. dövlətlərarası standartlar - iki və daha çox dövlətin qarşılıqlı razılığı əsasında qəbul olunmuş və bir-biri ilə müvafiq münasibətlərdə istifadə etdiyi standartlar;

1.0.13. istinad edilmiş standart - texniki reqlamentdə müəyyən edilmiş əsas tələblərin ödənilməsi məqsədilə uyğunluq prezumsiyası ilə təmin edilmiş standart;

1.0.14. uyğunluq prezumsiyası - istinad edilmiş standartlar və texniki şərtlərin

 tətbiqi ilə texniki reqalementlərin əsas tələblərinin yerinə yetirildiyinə və malın, onunla əlaqəli proseslərin və istehsal metodlarının texniki reqlamentə uyğun olduğuna əsas verən hal;

1.0.15. texniki şərtlər - mala, onunla əlaqəli proseslərə və istehsal metodlarına dair texniki tələbləri müəyyənləşdirən, tətbiqi könüllü olan normativ sənəd;

1.0.16. istinad edilmiş texniki şərtlər - texniki reqlamentin əsas tələblərinin ödənilməsinin təmin edilməsi və uyğunluğun qiymətləndirilməsi prosesinə yardım məqsədilə uyğunluq prezumsiyası ilə təmin edilmiş texniki şərtlər;

1.0.17. malları bazara yerləşdirmək - kommersiya fəaliyyəti çərçivəsində Azərbaycan Respublikasının bazarına paylanma, istehlak və ya istifadə məqsədi ilə hər hansı malların təchizatı;

1.0.18.  təsərrüfat subyekti - istehsalçı, idxalçı və ticarət nümayəndəsi (agent);

1.0.19. uyğunluğun qiymətləndirilməsi - malların, onlarla əlaqəli proseslərin və istehsal metodlarının müvafiq texniki reqlamentin tələblərinə uyğunluğunun müəyyən edilməsi prosesi;

1.0.20. uyğunluğun qiymətləndirilməsi prosedurları - texniki reqlamentlərdə  nəzərdə tutulmuş tələblərin yerinə yetirildiyini müəyyən etmək üçün istifadə olunan, müvafiq prosedur (kalibrləmə, sınaq və sertifikatlaşdırma da daxil olmaqla);

1.0.21. uyğunluğu qiymətləndirən qurum - uyğunluğun qiymətləndirilməsi fəaliyyətini yerinə yetirən subyekt;

1.0.22. uyğunluq bəyannaməsi - malların, onlarla əlaqəli proseslərin və istehsal metodlarının texniki reqlamentin tələblərinə uyğunluğunun bəyan edildiyi müəyyən formalı sənəd;

1.0.23. sertifikatlaşdırma - uyğunluğu qiymətləndirən qurum tərəfindən malların, onlarla əlaqəli proseslərin və istehsal metodlarının müvafiq texniki reqlamentlə müəyyən olunmuş tələblərə uyğunluğunun kağız üzərində yazılı və ya elektron formada təsdiqi; 

1.0.24. uyğunluq sertifikatı - malların, onlarla əlaqəli proseslərin və istehsal metodlarının texniki reqlamentin tələblərinə uyğunluğunu təsdiq edən sənəd;

1.0.25. əsas tələblər - layihələndirilmə, quraşdırılma da daxil olmaqla, mallar, onlarla əlaqəli proseslər və istehsal metodları ilə bağlı insanların həyat və ya sağlamlığının, ətraf mühitin, əmlakın  və dövlətin maraqlarının mühafizəsinə yönəldilmiş məcburi tələblər;

1.0.26. risk - sahibkarın fəaliyyəti nəticəsində insanların həyat və ya sağlamlığına, ətraf mühitə, əmlaka və dövlətin maraqlarına zərərin vurulması ehtimalı;

1.0.27. akkreditasiya - uyğunluğu qiymətləndirən qurumun uyğunluğun qiymətləndirilməsi sahəsində fəaliyyət göstərməsi üçün akkreditasiya tələblərinə cavab verməsinin milli akkreditasiya qurumu tərəfindən təsdiqlənməsi;

1.0.28. milli akkreditasiya qurumu - akkreditasiya sahəsində dövlət siyasətindən irəli gələn işləri həyata keçirən, akkreditasiya üzrə işlərin əlaqələndirilməsini təmin edən və akkreditasiya üzrə beynəlxalq və regional təşkilatlarda Azərbaycan Respublikasının maraqlarını təmsil edən müvafiq icra hakimiyyəti orqanının yaratdığı vahid qurum;

1.0.29. milli standartlaşdırma qurumu - standartlaşdırma sahəsində dövlət siyasətindən irəli gələn işləri həyata keçirən, standartlaşdırma üzrə işlərin əlaqələndirilməsini təmin edən və standartlaşdırma üzrə beynəlxalq və regional təşkilatlarda Azərbaycan Respublikasının maraqlarını təmsil edən müvafiq icra hakimiyyəti orqanının yaratdığı vahid qurum;

1.0.30. uyğunluq nişanı - malın, onunla əlaqəli proseslərin və istehsal metodlarının texniki reqlamentdə müəyyən edilmiş tələblərə uyğunluğunu göstərən nişan.

1.0.31. uyğunluğun qiymətləndirilməsi sxemləri (modulları) - uyğunluğun qiymətləndirilməsi üçün nəzərdə tutulan üsullar, prosedurlar və onların ardıcıllığı.


Maddə 2. Texniki tənzimləmənin məqsədləri

 

2.0. Texniki tənzimləmənin məqsədləri aşağıdakılardır:

2.0.1. insanların həyat və sağlamlığının, ətraf mühitin, əmlakın və dövlətin maraqlarının mühafizəsinin təmin edilməsi;

2.0.2. istehlakçıların hüquqlarının və qanuni maraqlarının müdafiəsi;

2.0.3. ticarətdə texniki maneələrin aradan qaldırılması;

2.0.4. malların rəqabət qabiliyyətliliyinin artırılması.


Maddə 3. Texniki tənzimləmənin prinsipləri


3.0. Texniki tənzimləmə aşağıdakı prinsiplər əsasında həyata keçirilir:

3.0.1. qanunçuluq, ədalətlilik, obyektivlik, aşkarlıq və hesabatlılıq;

3.0.2. yerli və xarici ölkə mənşəli mallara, onlarla əlaqəli proseslərə və istehsal metodlarına dair tələblərin müəyyən edilməsinə vahid yanaşma;

3.0.3. milli iqtisadiyyatın texnoloji inkişaf səviyyəsinə uyğunluğu;

3.0.4. uyğunluğu qiymətləndirən qurumların təsərrüfat subyektindən asılılığının yolverilməzliyi;

3.0.5. akkreditasiya və sertifikatlaşdırmanının həyata keçirilməsi zamanı rəqabətin məhdudlaşdırılmasının yolverilməzliyi;

3.0.6. akkreditasiya və uyğunluğun qiymətləndirilməsi səlahiyyətlərinin eyni qurumda cəmləşdirilməsinin yolverilməzliyi;

3.0.7. malların, onlarla əlaqəli proseslərin və istehsal metodlarının təhlükəsizliyinin təmin edilməsi ilə liberal  biznes mühitinin formalaşdırılması arasında balansın təmin edilməsi;

3.0.8. texniki tənzimləmə üzrə məcburi tələblərin malların, onlarla əlaqəli proseslərin və istehsal metodlarının təhlükəsizliyinin təmin edilməsi ilə məhdudlaşdırılması və malların keyfiyyətinin bazar rəqabəti əsasında tənzimlənməsi;

3.0.9. sahibkarların fəaliyyətinə minimum müdaxilənin təmin edilməsi və tələblərə uyğunluğun təmin edilməsi sahəsində qabaqcıl metodların istifadəsinə imkan yaradılması;

3.0.10. istehsal zamanı texniki reqlamentlərin tələblərinə uyğunluğa nəzarət səlahiyyətlərinin akreditə edilmiş uyğunluğu qiymətləndirən qurumlara həvalə edilməsi.


Maddə 4. Texniki tənzimləmə sahəsində Azərbaycan Respublikasının qanunvericiliyi


Texniki tənzimləmə sahəsində Azərbaycan Respublikasının qanunvericiliyi Azərbaycan Respublikasının Konstitusiyasından, Azərbaycan Respublikasının tərəfdar çıxdığı beynəlxalq müqavilələrdən, bu Qanundan və digər normativ hüquqi aktlardan ibarətdir.


Maddə 5. Qanunun tətbiq dairəsi


5.1. Bu Qanunun müddəaları siyahısı müvafiq icra hakimiyyəti orqanı tərəfindən  təsdiq olunan mallara, onlarla əlaqəli proseslərə və istehsal metodlarına, habelə həmin malların, onlarla əlaqəli istehsal proseslərinin və metodlarının uyğunluğunun qiymətləndirilməsi üzrə fəaliyyətə şamil edilir.

5.2. Bu Qanunun müddəaları, malların terminologiya, simvol, qablaşdırma, etiketləşdirmə, istismar, saxlanma, daşınma, satış, məhvetmə və utilizasiya qaydalarına dair məcburi tələblərin təmin olunması üzrə fəaliyyətə də şamil edilir.

5.3. Bu Qanun milli standartlaşdırma qurumu tərəfindən müəyyən edilən könüllü standartların tətbiqi və onlar əsasında aparılan uyğunluğun qiymətləndirilməsi fəaliyyətlərinə şamil edilmir.

5.4. Bu Qanun insanları istehlak nəticəsində sağlamlığa təhlükə törədə bilən qida məhsullarından, heyvan və insanlar üçün ümumi olan xəstəliklərdən, ətraf mühiti, o cümlədən bitki və bitkiçilik məhsullarını zərərli orqanizmlərdən, heyvanları heyvan xəstəliklərindən və ya təhlükə törədə bilən yem və yem əlavələrindən qorumaq məqsədilə məhsullara, onlarla əlaqəli proseslərə və istehsal metodlarına tətbiq edilən məcburi tələblərə şamil edilmir.

5.5. Bu Qanun dövlətin müdafiəsi və təhlükəsizliyi ilə bağlı fəaliyyətin həyata keçirilməsi sahəsinə şamil edilmir.


Maddə 6. Texniki tənzimləmə sahəsində dövlətin vəzifələri


6.0. Texniki tənzimləmə sahəsində dövlətin vəzifələri aşağıdakılardır:

6.0.1. texniki tənzimləmə sahəsində dövlət siyasətinin əsas istiqamətlərinin müəyyən edilməsi;

6.0.2. texniki tənzimləmə sisteminin yaradılması və fəaliyyətinin təmin edilməsi;

6.0.3. texniki tənzimləmə sahəsində beynəlxalq əməkdaşlığın təmin edilməsi;

6.0.4. texniki reqlamentlərin qəbul edilməsi və təkmilləşdirilməsi;

6.0.5. texniki reqlamentlərin tələblərinə əməl edilməsinə nəzarət tədbirlərinin təşkil edilməsi və həmin tələblərə əməl etməyən təsərrüfat subyektlərinə qarşı məsuliyyət təbirlərinin tətbiq olunması;

6.0.6. bu Qanunun və texniki reqlamentlərin tələblərinə cavab verməyən malların dövriyyədən çıxarılması məqsədi ilə qanunla müəyyən edilmiş tədbirlərin görülməsi.

6.0.7. uyğunluğu qiymətləndirən qurumların akkreditasiyasının aparılmasının təşkil edilməsi və akkreditə edilmiş uyğunluğu qiymətləndirən qurumların fəaliyyətinə nəzarətin həyata keçirilməsi.


2-ci fəsil


TEXNİKİ REQLAMENTLƏRƏ DAİR TƏLƏBLƏR


Maddə 7. Texniki reqlamentlərə dair ümumi tələblər


7.1. Texniki reqlamentlər bu Qanunun 2-ci maddəsində göstərilən məqsədlərə nail olmaq üçün müvafiq icra hakimiyyəti orqanı tərəfindən qəbul edilir.

7.2. Texniki reqlamentdə mallara, onlarla əlaqəli proseslərə və istehsal metodlarına, o cümlədən malların terminologiya, simvol, qablaşdırma, etiketləşdirmə, istismar, saxlanma, daşınma, satış, məhvetmə və utilizasiya qaydalarına dair tələblər istisna olmaqla, malların dizaynına və xarici görünüşünə dair tələblər müəyyən edilmir.

7.3. Texniki reqlament insanların həyat və sağlamlığının, ətraf mühitin, əmlakın və dövlətin maraqlarının mühafizəsinin təmin edilməsi ilə bağlı qanunla müəyyən edilmiş tələblərlə məhdudlaşır.

7.4. Texniki reqlamentlər qəbul olunmuş və ya işlənib hazırlanmış və təsdiq mərhələsində olan aidiyyəti beynəlxalq standartlar və ya onların müvafiq hissələri əsasında hazırlanır.

7.5. Bu Qanunun 2-ci maddəsində göstərilən məqsədlərə nail olmaq üçün qeyri-münasib olduğu və (və ya) əsaslı iqlim, coğrafi və ya texnoloji amillər səbəbindən uyğun gəlmədiyi hallarda beynəlxalq standartlardan əsas kimi istifadə edilməyə bilər.

7.6. Müvafiq beynəlxalq standartlar mövcud olmadıqda və ya bu Qanunun 7.5-ci maddəsinə əsasən onun tətbiqi qeyri-adekvat hesab olunduqda texniki reqlament ilk növbədə regional texniki reqlamentlər və standartlar, belə texniki reqlamentlər və standartlar mövcud olmadıqda dövlətlərarası standartlar və ya digər ölkələrin texniki reqlamentləri, standartları və ya onların müvafiq hissələri əsasında hazırlana bilər.

7.7. Beynəlxalq standartlardan texniki reqlamentlərdə istifadə qeyri-adekvat hesab olunduğu və ya bu reqlamentlərin Azərbaycan Respublikasının üzv olduğu müvafiq beynəlxalq təşkilatların üzv ölkələri ilə ticarətə əhəmiyyətli təsir göstərdiyi hallarda həmin texniki reqlament müvafiq icra hakimiyyəti orqanı tərəfindən müəyyən edilən qaydada qəbul edilir.

7.8. Texniki reqlamentlər beynəlxalq ticarət üçün lazımsız maneələr yaratmaq məqsədi ilə və ya bu cür nəticəyə səbəb ola bilən şəkildə hazırlanmamalı, qəbul və ya tətbiq edilməməlidir. 

7.9. Azərbaycan Respublikasının tərəfdar çıxdığı beynəlxalq müqavilələrə uyğun olaraq, texniki reqlamentlər Azərbaycan Respublikasının ərazisinə idxal edilən mallara tətbiq edilən rejimin yerli və ya digər ölkə mənşəli oxşar mallara tətbiq edilən rejimlə eyniliyini təmin edən formada hazırlanmalı, qəbul və tətbiq edilməlidir.

7.10. Müvafiq icra hakimiyyəti orqanı faktiki olaraq əhəmiyyətini itirmiş və ya qəbul edilməsinə əsas olmuş hallar aradan qalxmış texniki reqlamentləri müəyyən edərək onların ləğvini və ya müvafiq dəyişikliklərin edilməsini təmin edir.

7.11.  Texniki reqlamentin ləğvi və ya texniki reqlamentdə dəyişikliklərin edilməsi barədə müvafiq icra hakimiyyəti orqanının qərarı həmin orqanın rəsmi internet saytında dərc edilir.

7.12. "İctimai iştirakçılıq haqqında" Azərbaycan Respublikasının Qanununa uyğun olaraq, müvafiq icra hakimiyyəti orqanı tərəfindən texniki reqlament layihələrinə dair ictimai dinləmənin və ictimai müzakirələrin keçirilməsi təmin olunmalıdır.

7.13.  Hazırlanmış texniki reqlamentlərin bu Qanunun tələblərinə uyğunluğunun müəyyən edilməsi üçün müvafiq icra hakimiyyəti orqanı tərəfindən layihənin ekspertizası həyata keçirilir.

7.14. Yerli və xarici təsərrüfat subyektlərinə öz mallarını, onlarla əlaqəli prosesləri və istehsal metodlarını qəbul edilmiş texniki reqlamentlərin tələblərinə uyğunlaşdırmaq imkanı yaradılması məqsədi ilə texniki reqlamentlər qəbul edilərkən qüvvəyə minməsi üçün 6 (altı) ay müddət müəyyən edilir. Bu Qanunun 2-ci maddəsində göstərilən tələblərin təmin edilməsi məqsədi ilə müvafiq icra hakimiyyəti orqanının əsaslandırılmış müraciəti ilə texniki reqlamentlərin qüvvəyə minməsi üçün müvafiq icra hakimiyyəti orqanı tərəfindən daha az müddət müəyyən edilə bilər.

7.15. Texniki reqlamentlərin hazırlanması, ekspertizası (həmçinin, metroloji ekspertizası), qəbulu və tətbiqi qaydalarını müvafiq icra hakimiyyəti orqanı müəyyən edir.

7.16. Texniki reqlamentlərdə insanların həyat və sağlamlığının, ətraf mühitin, əmlakın və dövlətin maraqlarının mühafizəsinə yarana biləcək risk nəzərə alınmalıdır. Bu cür risklərin qiymətləndirilməsi əldə edilə bilən elmi və texniki məlumatlara, emal texnologiyalarının və ya reqlamentlərin şamil edildiyi malların son istifadəsinə dair məlumatlara əsaslanmalıdır.

7.17. Bu Qanunun 5.1-ci maddəsinə uyğun olaraq Qanunun şamil edildiyi mallar insanların həyat və sağlamlığına, ətraf mühitə, əmlaka və dövlətin maraqlarına yaratdığı təhlükənin dərəcəsindən asılı olaraq yüksək, orta, aşağı risk qruplarına bölünür. Malların risk qrupları üzrə təsnifatı müvafiq icra hakimiyyəti orqanı tərəfindən müəyyən edilən risk qruplarının təyin edilməsi meyarları əsasında müvafiq icra hakimiyyəti orqanı tərəfindən aparılır. 


Maddə 8. Texniki reqlamentlərin strukturu və məzmununa dair tələblər


8.0. Texniki reqlamentlər  aşağıdakı tələbləri əhatə etməlidir:

8.0.1. texniki reqlamentlə əhatə edilən malları, onlarla əlaqəli  prosesləri və istehsal metodlarını;

8.0.2. əhatə olunan mallara, onlarla əlaqəli proseslərə və istehsal metodlarına dair  terminlər və təriflər;

8.0.3. tərifə əsasən əhatə olunan, lakin texniki reqlamentdən istisna edilən malları;

8.0.4. mallara, onlarla əlaqəli proseslərə və istehsal metodlarına dair tələbləri;

8.0.5. malların, onlarla əlaqəli proseslərin və istehsal metodlarının texniki reqlamentlərin tələblərinə uyğunluğunun qiymətləndirilməsinə dair tələbləri və uyğunluğun qiymətləndirilməsi sxemlərini (modulları);

8.0.6. texniki reqlamentin tələblərinin lazımi səviyyədə qorunmasını təmin etmək üçün layihələndirilmə, quraşdırılma da daxil olmaqla, malların istehsalı mərhələsində, mal bazara yerləşdirilməzdən əvvəl tərtib olunmalı və nəzarət məqsədi ilə saxlanılmalı olan sənədləri, o cümlədən malı müşayiət etməli olan sənədlər barədə məlumatı;

8.0.7. malların nişanlanması üsulları, forması və bununla bağlı öhdəlik.


Maddə 9. İstinad edilmiş standartlar və texniki şərtlər


9.1. Milli standartlaşdırma qurumu texniki reqlamentdə müəyyən edilmiş əsas tələblərin ödənilməsi məqsədilə istinad edilmiş standartları və istinad edilmiş texniki şərtləri müəyyənləşdirir, onların siyahısını təsdiq edir, dərc edir, özünün rəsmi internet saytında yerləşdirir və müntəzəm olaraq yenilənməsi üçün tədbirlər görür.

9.2. Təsərrüfat subyektinin istifadə etdiyi istinad edilmiş standart və ya istinad edilmiş texniki şərt texniki reqlamentin əsas tələblərinin yerinə yetirilməsini təmin etdikdə və bu, malın müvafiq istinad edilmiş standarta və ya istinad edilmiş texniki şərtə uyğun olduğunu nümayiş etdirən sənədlərdə göstərildikdə, mal müvafiq texniki reqlamentin əsas tələblərinə uyğun hesab edilir.

9.3. Texniki reqlamentlərdə müvafiq mallara dair əsas tələblərin təmin olunması şərti ilə, istinad edilmiş standart və istinad edilmiştexniki şərtlərin istifadəsi könüllü xarakter daşıyır.

9.4. Təsərrüfat subyekti texniki reqlamentlərin əsas tələblərinin yerinə yetirilməsini təmin etmək məqsədilə, istinad edilmiş standart və istinad edilmiş texniki şərtlərdən əlavə və ya belə sənədlər mövcud olmadıqda, digər standart və texniki şərtlərdən istifadə edə bilər. Bu halda həmin sənədlər texniki reqlamentin əsas tələblərinin yerinə yetirildiyini göstərən müvafiq sübutlarla birlikdə milli standartlaşdırma qurumuna təqdim edilməlidir.  Həmin sənədlər milli standartlaşdırma qurumunda qeydiyyata alındıqdan sonra təsərrüfat subyekti  tərəfindən istifadə edilə bilər.

9.5. Uyğunluq prezumsiyası müvafiq texniki reqlamentin tələblərinə uyğun olmayan mala münasibətdə qanunla müəyyən olunmuş tədbirlərin qarşısını almır.

Maddə 10. Xarici texniki reqlamentlərin milli texniki reqlamentlərə ekvivalent kimi qəbul edilməsi


10.1. Xarici texniki reqlamentlər aşağıdakı hallarda müvafiq icra hakimiyyəti orqanı tərəfindən milli texniki reqlamentlərə ekvivalent kimi qəbul edilir:

10.1.1. Azərbaycan Respublikasının qanunvericiliyinin tələblərinə zidd olmadıqda;

10.1.2. Azərbaycan Respublikasının texniki reqlamentlərin məqsədlərini aydın şəkildə əks etdirdikdə.

10.2. Xarici texniki reqlamentlərin tanınmasına dair müraciət etmə, məlumat alma, qərarlardan şikayət vermə prosedurları və ekvivalentliyin tanınması meyarları şəffaf olmalı, tərəflərin hüquq bərabərliyi təmin edilməlidir.

10.3. Xarici texniki reqlamentin milli texniki reqlamentə uyğunluğunun müəyyənləşdirilməsi ilə bağlı icraat, bu barədə müvafiq qərarın qəbulu da daxil olmaqla, müraciət edilən gündən 3 ay müddətində başa çatdırılmalıdır.

10.4. Xarici texniki reqlamentin milli texniki reqlamentə ekvivalent kimi qəbul edilməsi qaydaları müvafiq icra hakimiyyəti orqanı tərəfindən müəyyən edilir.


3-cü fəsil


TEXNİKİ REQLAMENTLƏRİN TƏLƏBLƏRİNƏ UYĞUNLUĞUN QİYMƏTLƏNDİRİLMƏSİ VƏ TƏSƏRRÜFAT SUBYEKTLƏRİNƏ DAİR TƏLƏBLƏR


Maddə 11. Texniki reqlamentlərin tələblərinə uyğunluğun qiymətləndirilməsinin məqsədləri və prinsipləri

11.1. Texniki reqlamenlərin tələblərinəuyğunluğun qiymətləndirilməsinin məqsədləri aşağıdakılardır:

11.1.1. malların, onlarla əlaqəli proseslərin və istehsal metodlarının texniki reqlamentlərin tələblərinə uyğunluğunun təmin edilməsi;

11.1.2. malların, onlarla əlaqəli proseslərin və istehsal metodlarının təhlükəsizliyinin təmin olunması;

11.1.3. texniki reqlamentlərin tələblərinə cavab verən malların sərbəst dövriyyəsinin təmin edilməsinə şərait yaradılması, daxili və xarici bazarlarda onların rəqabət qabiliyyətinin artırılması və beynəlxalq ticarətdə texniki maneələrin aradan qaldırılması;

11.1.4. istehlakçıların hüquqlarının təmin edilməsi və malların, onlarla əlaqəli proseslərin və istehsal metodlarının təhlükəsizliyinə dair istehlakçılarda əminliyin yaradılması.

11.2. Uyğunluğun qiymətləndirilməsinin əsas prinsipləri aşağıdakılardır:

11.2.1. daxili bazarda istehlakçıların hüquqlarının müdafiəsində ictimai marağın təmin olunması;

11.2.2. oxşar mallara, onlarla əlaqəli proseslərə və istehsal metodlarına eyni uyğunluğun qiymətləndirilməsi prosedurlarının tətbiq edilməsi;

11.2.3. uyğunluğun qiymətləndirilməsi üzrə fəaliyyətdə şəxsi maraqlardan asılılığa yol verilməməsi, qərəzsizliyin, ədalətin və səriştəliliyin təmin edilməsi;

11.2.4. uyğunluğun qiymətləndirilməsi üzrə fəaliyyətə dair informasiyalara ictimai çıxışın və şəffaflığın təmin edilməsi;

11.2.5. uyğunluğun qiymətləndirilməsi üzrə fəaliyyət zamanı kommersiya sirrinin qorunması;

11.2.6. uyğunluğunun məcburi qiymətləndirilməsi nəzərdə tutulmayan mallara, onlarla əlaqəli proseslərə və istehsal metodlarına dair məcburi uyğunluq qiymətləndirilməsinin yolverilməzliyi;

11.2.7. uyğunluğun qiymətləndirilməsi prosedurlarının beynəlxalq standartlara uyğunluğunun təmin edilməsi.


Maddə 12. Uyğunluğun qiymətləndirilməsi prosedurlarına dair ümumi  tələblər

12.1. Uyğunluğun qiymətləndirilməsi prosedurları müvafiq uyğunluğun qiymətləndirilməsi sxemlərindən (modullarından) istifadə etməklə həyata keçirilir.

12.2. Malların, onlarla əlaqəli proseslərin və istehsal metodlarının risk səviyyəsinə uyğun olaraq tətbiq edilməli olan uyğunluğun qiymətləndirilməsi sxemləri (modulları) müvafiq texniki reqlamentdə göstərilir.

12.3. Uyğunluğun qiymətləndirilməsi sxemləri (modulları) həmin sxemlərin müvafiq icra hakimiyyəti orqanı tərəfindən təsdiq edilmiş, malların risk səviyyəsinə adekvat olaraq müəyyən edilmiş müvafiq uyğunluğun qiymətləndirilməsi sxemlərinin (modullarının) siyahısından seçilir.

12.4. Bu Qanunun 12.3-cü maddəsində nəzərdə tutulmuş siyahıya uyğun olaraq uyğunluğun qiymətləndirilməsi sxemlərinin (modulların) ətraflı müddəalarını ehtiva edən uyğunluğun qiymətləndirilməsi prosedurları müvafiq icra hakimiyyəti orqanı tərəfindən müəyyən edilir.

12.5. Uyğunluğun qiymətləndirilməsi prosedurları iqtisadi baxımdan səmərəli olmalı, müvafiq milli və beynəlxalq standartların əks etdirdiyi texniki tərəqqinin səviyyəsini nəzərə almalıdır.

12.6. Uyğunluğun qiymətləndirilməsi prosedurları təsdiqlənmiş və ya işlənib hazırlanmış və təsdiq mərhələsində olan müvafiq beynəlxalq standartlar və ya onların müvafiq hissələri əsasında hazırlanır.

12.7. Bu Qanunun 2-ci maddəsində göstərilən məqsədlərinə nail olmaq üçün qeyri-münasib olduğu və (və ya) əsaslı iqlim, coğrafi və ya texnoloji amillər səbəbindən uyğun gəlmədiyi hallarda beynəlxalq standartlardan əsas kimi istifadə edilməyə bilər.

12.8. Müvafiq beynəlxalq standartlar mövcud olmadıqda və ya bu Qanunun 12.7-ci maddəsinə uyğun olaraq qəbuledilməz hesab edildikdə, uyğunluğun qiymətləndirilməsi prosedurları ilk növbədə regional standartlaşdırma təşkilatlarının standartları, belə standartlar mövcud olmadıqda isə dövlətlərarası standartlar və ya digər ölkələrin uyğunluğun qiymətləndirilməsi prosedurları və ya onların müvafiq hissələri əsasında hazırlana bilər.

12.9. Uyğunluğun qiymətləndirilməsi prosedurları beynəlxalq ticarət üçün lazımsız maneələr yaratmaq məqsədi ilə və ya bu cür nəticəyə səbəb ola bilən şəkildə hazırlanmamalı, qəbul və ya tətbiq edilməməlidir. 

12.10. Azərbaycan Respublikasının tərəfdar çıxdığı beynəlxalq müqavilələrə uyğun olaraq, uyğunluğun qiymətləndirilməsi prosedurları Azərbaycan Respublikasının ərazisinə idxal edilən mallara tətbiq edilən rejimin yerli və ya digər ölkə mənşəli oxşar mallara tətbiq edilən rejimlə eyniliyini təmin edən formada hazırlanmalı, qəbul və tətbiq edilməlidir.

12.11. Texniki reqlamentdə müəyyən edilmiş uyğunluğun qiymətləndirilməsi prosedurları seçilən zaman aşağıdakılara riayət edilməlidir:

12.11.1. uyğunluğun qiymətləndirilməsi prosedurunun malın növünə uyğunluğuna;

12.11.2. uyğunluğun qiymətləndirilməsi prosedurunun malın daşıdığı risk səviyyəsinə uyğunluğuna;

12.11.3. sifariş əsasında istehsal edilən mallar və kiçik seriyalı istehsal üzrə uyğunluğun qiymətləndirilməsi ilə əlaqədar texniki və inzibati prosedurların yüngülləşdirilməsinə;

12.11.4. uyğunluğun qiymətləndirilməsi prosedurunun qanunvericiliyə zidd olmamasına;

12.11.5. mal bir neçə texniki reqlamentlə əhatə olunduqda, uyğunluğun qiymətləndirilməsi prosedurları arasında vəhdətin təmin edilməsinə.

12.12. Akkreditə edilmiş uyğunluğu qiymətləndirən qurumların siyahısı milli akkreditasiya qurumu tərəfindən dərc etdirilir.


Maddə 13. Uyğunluğun qiymətləndirilməsi prosesinə dair tələblər


13.1. Malların (məhsulların), onlarla əlaqəli proseslərin və istehsal metodlarının uyğunluğunun qiymətləndirməsi bu Qanunun tələblərinə uyğun olaraq, akkreditasiya edilmiş uyğunluğu qiymətləndirən qurumlar tərəfindən təmin edilir.  Uyğunluğu qiymətləndirən qurumların akkreditasiyası "Uyğunluğun qiymətləndirilməsi sahəsində akkreditasiya haqqında" Azərbaycan Respublikasının Qanununa uyğun olaraq həyata keçirilir.

13.2. Texniki reqlamentlərin tələblərinə uyğunluğun qiymətləndirilməsi aşağıdakı üsullarla təmin olunur:

13.2.1. sertifikatlaşdırılma;

13.2.2. uyğunluq bəyənnaməsinin tərtibi.

13.3. Yalnız yüksək riskli mallar məcburi sertifikatlaşdırılır. Orta və aşağı riskli mallar üçün malın risk səviyyəsinin azalmasına uyğun olaraq müəyyən edilmiş uyğunluq bəyənnaməsi və üçüncü tərəfin cəlbi də daxil olmaqla uyğunluğun qiymətləndirilməsinin digər sxemləri (modulları) istifadə olunmalıdır.

13.4. Yüksək riskli malların sertifikatlaşdırılması təsərrüfat subyektinin sərbəst seçdiyi akkreditasiya olunmuş uyğunluğu qiymətləndirən quruma müraciəti əsasında həyata keçirilir və sertifikatlaşdırmanın müsbət nəticələri əsasında uyğunluq sertifikatı verilir. Uyğunluq sertifikatının forması müvafiq icra hakimiyyəti orqanı tərəfindən müəyyən edilir.

 13.5. Orta və aşağı riskli malların uyğunluğunun qiymətləndirilməsi təsərrüfat subyekti tərəfindən bu Qanuna uyğun olaraq həmin malın uyğunluq bəyannaməsinin tərtibini nəzərdə tutur. Malın daşıdığı riskin səviyyəsindən asılı olaraq, orta riskli mallar üçün uyğunluq bəyannaməsinin tərtibi ilə yanaşı, uyğunluğun təsdiqlənməsi məqsədi ilə uyğunluğu qiymətləndirən qurumun cəlbi zəruridir.

13.6. Uyğunluğu təsdiq edən sübutların toplanılması, nəticələrin elanı və sənədlərin saxlanılması daxil olmaqla, uyğunluq bəyannaməsinin hazırlanması və təqdim edilməsi qaydaları müvafiq uyğunluğun qiymətləndirilməsi prosedurlarında öz əksini tapmalıdır.

13.7. Bu Qanunun 13.5-ci maddəsinə əsasən uyğunluğun qiymətləndirilməsi prosesinə uyğunluğu qiymətləndirən qurum cəlb edildiyi halda, həmin qurum tərəfindən verilmiş uyğunluğu təsdiq edən sənəd, digər texniki sənədlərlə yanaşı, təsərrüfat subyekti tərəfindən tərtib edilmiş uyğunluq bəyannaməsinə müşayiətedici sənəd kimi əlavə olunur.

13.8. Uyğunluğu qiymətləndirən qurum uyğunluğu qiymətləndirilən malın, onunla əlaqəli proseslərin və istehsal metodlarının aid olduğu təsərrüfat subyektindən asılılığı olmayan üçüncü tərəf olmalıdır.

13.9. Uyğunluğu qiymətləndirən qurumun uyğunluğun qiymətləndirilməsi işlərinin yerinə yetirilməsinə cavabdeh vəzifəli şəxsləri və digər əməkdaşları uyğunluğu qiymətləndirilən malın tərtibatçısı, istehsalçısı, təchizatçısı, quraşdırıcısı, təmirçisi və ya həmin şəxslərdən hər hansının  ticarət nümayəndəsi (agenti) ola bilməz.

13.10. Uyğunluğun qiymətləndirilməsi prosedurlarının icrası zamanı aşağıdakılar təmin edilməlidir:

13.10.1. uyğunluğun qiymətləndirilməsi prosedurlarına görə uyğunluğun qiymətləndirilməsinin malın istehsal sahəsində həyata keçirilməsində və uyğunluq sənədlərinin alınmasında yerli və xarici istehsalçılara bərabər imkanların yaradılması;

13.10.2.  hər bir uyğunluğun qiymətləndirilməsi prosedurunun həyata keçirilməsi müddəti barədə sifarişçiyə məlumatın verilməsi;

13.10.3. uyğunluğun qiymətləndirilməsi barədə müraciətdə aşkar edilmiş çatışmazlıqlar uyğunluğun qiymətləndirilməsinə təsir göstərmirsə, uyğunluğun qiymətləndirilməsinin mümkün dərəcədə yerinə yetirilməsi;

13.10.4. uyğunluğun qiymətləndirilməsi prosedurları nəticəsində malla bağlı əldə edilən və qorunması tələb olunan məlumatların konfidensiallığının təmin edilməsi;

13.10.5 yerli və ya digər ölkə mənşəli oxşar mallar üçün uyğunluğun qiymətləndirilməsinin icrası (uyğunluğun qiymətləndirilməsi yerindən asılı olaraq çəkilən əlavə xərclər istisna olmaqla) ilə bağlı ödənişlərin eyni olması;

13.10.6. məlumat tələblərinin uyğunluğu qiymətləndirmək və ödənişləri müəyyənləşdirmək üçün lazım olan məlumatlarla məhdudlaşması;

13.10.7. uyğunluğun qiymətləndirilməsi prosedurlarını həyata keçirmək üçün obyektə baxışın keçirilməsi və seçmə üsulu ilə nümunələrin götürülməsinin təsərrüfat subyektinin  fəaliyyətinə lazımsız maneələr yaratmaması;

13.10.8. malın, onunla əlaqəli proseslərin və istehsal metodlarının istismar xüsusiyyətləri uyğunluğun qiymətləndirilməsindən sonra dəyişdirildikdə, uyğunluğunun qiymətləndirilməsinin edilmiş dəyişikliklərin müvafiq texniki reqlamentlərə uyğun olduğunu göstərən əməliyyatlarla məhdudlaşması.

13.11. Uyğunluğu qiymətləndirən qurumlar hər bir uyğunluğun qiymətləndirilməsi fəaliyyətinin nəticələri, uyğunluq sertifikatının qüvvəsinin dayandırılması və ya ləğv edilməsi barədə elə həmin gün milli akkreditasiya qurumunaməlumat verməlidirlər.

13.12. Texniki reqlamentdə nəzərdə tutulduğu halda istehsalçı müvafiq icra hakimiyyəti orqanının müəyyən etdiyi formada uyğunluq bəyannaməsi tərtib etməli və tərtib edildiyi gün uyğunluq bəyannaməsi barədə məlumatları milli akkreditasiya qurumu tərəfindən yaradılmış elektron reyestrə daxil etməlidir.

13.13. Mal Azərbaycan Respublikasında istehsal edilmədiyi halda həmin malın istehsalçısı, idxalatçısı və ya ticarət nümayəndəsi uyğunluq sertifikatını və ya uyğunluq bəyannaməsini 5 (beş) il müddətində müvafiq icra hakimiyyəti orqanına təqdim etmək məqsədi ilə saxlamalıdır.

13.14. Uyğunluq  sertifikatlarının və ya uyğunluq bəyannamələrinin reyestri müvafiq icra hakimiyyəti orqanının müəyyən etdiyi qaydada milli akkreditasiya qurumu tərəfindən aparılır.

13.15. Texniki reqlamentlərin tələblərinə uyğunluğa dair xarici dövlətlərdə verilmiş uyğunluq sənədləri Azərbaycan Respublikasının tərəfdar çıxdığı beynəlxalq müqavilələrə uyğun olaraq, xarici uyğunluq sənədinin həqiqiliyi və müqavilə şərtlərinə uyğunluğu müəyyən edilməklə, müvafiq icra hakimiyyəti orqanı tərəfindən müəyyən edilmiş qaydada tanınır.

13.16. Azərbaycan Respublikasının tərəfdar çıxdığı beynəlxalq müqavilələrdə birbaşa tanınma nəzərdə tutulduğu hallar istisna olmaqla, xarici mənşəli uyğunluq sənədlərinin tanınması üçün istehsalçı, idxalatçı və ticarət nümayəndəsi uyğunluq sənədlərini malın idxalından əvvəl akkreditasiya edilmiş hər hansı uyğunluğu qiymətləndirən quruma göndərməlidir. Akkreditasiya edilmiş uyğunluğu qiymətləndirən qurumlargöndərilən uyğunluq sənədlərini bu Qanunun 13.15-ci maddəsinə uyğun olaraq tanınması və ya tanınmasından imtina haqqında qərar qəbul etməli, tanınmış uyğunluq sənədlərini reyestrə daxil edilməsi üçün milli akkreditasiya qurumuna göndərməli və nəticə haqqında istehsalçını və müvafiq icra hakimiyyəti orqanını məlumatlandırmalıdır.

13.17. Xarici mənşəli uyğunluq sənədləri bu Qanunla müəyyən edilmiş qaydada tanınmadıqda və ya bu cür sənədlər olmadıqda, istehsalçı və ya ticarət nümayəndəsi həmin malların idxalından əvvəl onların müvafiq milli texniki reqlamentə uyğunuğunun qiymətləndirilməsini təmin etməlidir.

13.18. Malın texniki reqlamentdə nəzərdə tutulmuş üsulla uyğunluğunun qiymətləndirilməsi təmin olunduğu halda, uyğunluğu təsdiq etmək məqsədi ilə təsərrüfat subyekti tərəfindən malın üzərinə uyğunluq nişanı vurula bilər. Uyğunluq nişanının forması, uyğunluq nişanından istifadə və verilmə qaydaları müvafiq icra hakimiyyəti orqanı müəyyən edir.

13.19. Texniki reqlamentin tələblərinə uyğunluğu qiymətləndirilməmiş mala uyğunluq nişanı vurula bilməz.


Maddə 14. Təsərrüfat subyektlərinə dair ümumi tələblər


14.1. Müvafiq uyğunluğun qiymətləndirilməsi proseduruna uyğun olaraq, istehsalçı malların istehsalı mərhələsində, mal bazara yerləşdirilməzdən, realizə edilməzdən və ya istismara verilməzdən əvvəl texniki reqlamentlərdə nəzərdə tutulmuş uyğunluğun qiymətləndirilməsi üsulu ilə malın, onunla əlaqəli prosesin və istehsal metodunun uyğunluğunun qiymətləndirilməsini təmin etməlidir. Malın uyğunluğunun təmin edilməsi istehsalçı tərəfindən yerinə yetirilmədiyi halda, ticarət nümayəndəsi (agent) yalnız bu Qanuna əsasən həmin malların uyğunluğunu təmin etdikdən sonra malları bazara yerləşdirə bilər. Xarici ölkədə yerləşən istehsalçılar Azərbaycan Respublikasında malların uyğunluğunun qiymətləndirilməsi ilə bağlı tələblərə riayət olunması üzrə işləri səlahiyyət verdikləri şəxsə (şəxslərə) həvalə edə bilərlər.

14.2. Bu Qanunun və texniki reqlamentlərin tələblərinə uyğun olmayan və ya texniki reqlamentdə nəzərdə tutulmuş üsulla uyğunluğu qiymətləndirilməmiş malları istehsal etmək, satışa çıxarmaq, satmaq, realizə etmək, idxal etmək və ya istifadə etmək qadağandır.

14.3. Texniki reqlamentlərin əhatə etdiyi malların istehsalı, saxlanılması, qablaşdırılması, etiketləşdirilməsi, daşınması, istismarı, satışı, realizəsi, məhv edilməsi və utilizasiyası zamanı bu Qanunun və texniki reqlamentlərin tələblərinə riayət olunmalıdır.

14.4. Təsərrüfat subyektləri mallarla, onlarla əlaqəli proseslərlə və istehsal metodları ilə bağlı verdikləri məlumatların tamlığına, dəqiqliyinə və müvafiq texniki reqlamentə, istinad edilmiş standartlara və istinad edilmiş texniki şərtlərə uyğunluğuna görə məsuliyyət daşıyırlar.

14.5. Texniki reqlamentlə sertifikatlaşdırılması tələb olunan, lakin sertifikatlaşdırılmamış malların reklam olunması qadağandır.

14.6. Təsərrüfat subyektləri malın Azərbaycan dilində və asanlıqla başa düşülən təlimat və təhlükəsizlik məlumatları, texniki reqlamentlərin tələblərinə uyğunluğu təsdiq edən sənədlərlə müşayiət edilməsini təmin etməlidirlər.

14.7. Azərbaycan Respublikasının gömrük ərazisində məcburi sertifikatlaşdırılmalı olan mallara dair xarici dövlətlərdə verilmiş uyğunluq sənədləri bu Qanunun 13.16-cı maddəsinə uyğun olaraq tanınmadıqda və ya belə sənədlər olmadıqda, həmin malların idxalından əvvəl onların Azərbaycan Respublikasının müvafiq texniki reqlamentinə uyğunluğu təsdiq olunduqdan və ya uyğunluq sənədləri əldə edildikdən sonra Azərbaycan Respublikasının gömrük ərazisinə idxal edilə bilər.

14.8. Təsərrüfat subyekti müvafiq icra hakimiyyəti orqanının əsaslandırılmış yazılı tələbi əsasında həmin orqanı malların, onunla əlaqəli proseslərin və istehsal metodlarının uyğunluğunu təsdiq edən sənədlərlə və məlumatlarla təmin etməlidir.

14.9. İstehsalçı malı bazara yerləşdirildikdən sonra texniki sənədləri, uyğunluq sertifikatını və ya uyğunluq bəyannaməsini müvafiq texniki reqlamentdə  malın saxlanma müddəti və risk səviyyəsi əsasında müəyyən edilmiş müddət ərzində mühafizə etməlidir.

14.10. Azərbaycan Respublikası qanunlarının və müvafiq texniki reqlamentlərin tələblərinə uyğunluğunu qoruyub saxlamaq, istehlakçıların təhlükəsizliyini təmin etmək məqsədi ilə istehsalçı istehsal etdiyi malın seçmə nümunə əsasında sınağının aparılmasına şərait yaratmalı, uyğun olmayan malların bazardan geri çağırılmasını və dövriyyədən çıxarılmasını təmin etməli və belə malların uçotunu aparmalı və ticarət vasitəçilərini belə tədbirlər barədə məlumatlandırmalıdır.   Bununla yanaşı, mal risk təşkil edərsə, istehsalçı dərhal müvafiq icra hakimiyyəti orqanını riskin təfərrüatları, xüsusən uyğunsuzluqlar və görülmüş düzəliş tədbirlərini sadalamaqla, yazılı formada məlumatlandırmalıdır.


Maddə 15. Qanunun və texniki reqlamentlərin tələblərinə riayət olunmasına nəzarət


15.1. İstehlak bazarlarında texniki reqlamentlərin tələblərinə uyğun olmayan mallara qarşı nəzarət tədbiləri müvafiq icra hakimiyyəti orqanı tərəfindən aparılır.

15.2. İstehlak bazarlarında texniki reqlamentlərin tələblərinə uyğun olmayan mallara qarşı nəzarət tədbirlərinin görülməsi qaydaları müvafiq icra hakimiyyəti orqanı tərəfindən müəyyən edilir.

15.3. İstehsal zamanı texniki reqlamentlərin tələblərinə uyğunluğa nəzarət qanunla müəyyən edilmiş qaydada akkreditasiya edilmiş uyğunluğu qiymətləndirən qurumlar tərəfindən, müvafiq icra hakimiyyəti orqanının müəyyən etdiyi qaydada həyata keçirilir.

15.4. Bu Qanunun 5.2-ci maddəsində qeyd olunan tələblərin təmin olunmasına nəzarət bu Qanunun 15.3-cü maddəsində müəyyən olunmuş istehlak bazarına nəzarət qaydasında həyata keçirilir.


4-cü fəsil


YEKUN MÜDDƏALAR


Maddə 16. Məlumat mərkəzi


16.1. Azərbaycan Respublikasının tərəfdar çıxdığı beynəlxalq müqavilələrə uyğun olaraq, texniki tənzimləmə sahəsində bildiriş və məlumatların verilməsini təmin etmək məqsədi ilə milli standartlaşdırma qurumu tərəfindən Məlumat mərkəzi təsis edilir.

16.2. Məlumat mərkəzi aşağıdakıları təmin edir:

16.2.1. Azərbaycan Respublikasının tərəfdar çıxdığı beynəlxalq müqavilələrə uyğun olaraq beynəlxalq və regional təşkilatlara, yaxud xarici ölkələrin aidiyyəti orqanlarına texniki reqlamentlərin və uyğunluğun qiymətləndirilməsi prosedurlarının layihələri və təklif olunan dəyişikliklər haqqında bildirişlərin verilməsi;

16.2.2. Azərbaycan Respublikasının tərəfdar çıxdığı beynəlxalq müqavilələrə uyğun olaraq beynəlxalq və regional təşkilatlara, yaxud xarici ölkələrin aidiyyəti orqanlarına işlənib hazırlanmış yaxud hazırlanması planlaşdırılan standartların layihələri haqqında bildirişlərin verilməsi;

16.2.3. Azərbaycan Respublikasının tərəfdar çıxdığı beynəlxalq müqavilələrə uyğun olaraq xarici ölkələrin aidiyyəti orqanları tərəfindən  işlənib hazırlanmış texniki reqlamentlərin, standartların və uyğunluğun qiymətləndirilməsi proseduralarının layihələrinə dair rəyin verilməsinin təşkil edilməsi;

16.2.4. Azərbaycan Respublikasının üzv olduğu regional standartlaşdırma təşkilatları və Azərbaycan Respublikasının standartlaşdırma, uyğunluğun qiymətləndirilməsi və akkreditasiya üzrə tərəfdar çıxdığı beynəlxalq müqavilələr barədə məlumatların verilməsinin təmin edilməsini.

16.2.5. xarici texniki reqlament, uyğunluğun qiymətləndirilməsi prosedurları və xarici ölkələrə məxsus milli standart layihələrinə dair Azərbaycan Respublikasının müvafiq qurumlarına məlumatın verilməsi;

16.3. Məlumat mərkəzinin təsis edilməsi və fəaliyyət qaydası müvafiq icra hakimiyyəti orqanı tərəfindən müəyyən edilir.

16.4. Mərkəzin fəaliyyəti dövlət büdcəsinin vəsaiti hesabına təmin olunur.


Maddə 17. Bu Qanunun və texniki reqlamentlərin tələblərinin pozulmasına görə məsuliyyət


Bu Qanunun və texniki reqlamentlərin tələblərini pozan şəxslər Azərbaycan Respublikasının İnzibati Xətalar Məcəlləsinə, Azərbaycan Respublikasının Cinayət Məcəlləsinə və Azərbaycan Respublikasının Mülki Məcəlləsinə uyğun məsuliyyət daşıyırlar.


Maddə 18. Bu Qanunun qüvvəyə minməsi ilə əlaqədar tədbirlər


18.1. Bu Qanunun şamil edildiyi mallara, onlarla əlaqəli proseslərə və istehsal metodlarına dair texniki reqlamentlər bu Qanun qüvvəyə mindikdən sonra 7 (yeddi) il ərzində bu Qanuna uyğun olaraq mərhələlərlə işlənilib hazırlanmalı, qəbul və dərc edilməlidir.

18.2. Texniki reqlamentlərin mərhələlərlə hazırlanması müddətləri və planı müvafiq icra hakimiyyəti orqanı tərəfindən müəyyən edilir.

18.3. Texniki reqlamentlər qüvvəyə minənədək texniki reqlamentlərin əhatə etdiyi mallara, onlarla əlaqəli proseslərə və ya istehsal metodlarına dair standartlar, həmçinin malların uyğunluğunun qiymətləndirilməsi ilə bağlı müddəaları müəyyən edən müvafiq icra hakimiyyəti orqanının normativ hüquqi aktları öz hüquqi qüvvəsini saxlayırlar və təsərrüfat subyektləri tərəfindən həmin standartların və normativ hüquqi aktların tələblərinə riayət olunmalıdır.

18.4. Bu Qanun dərc edildiyi gündən 30 (otuz) gün sonra qüvvəyə minir.


Azərbaycan Respublikasının Prezidenti

 



Qanun layihəsinin müzakirəsində iştirak edin
Ad:
E-poçt:
Mövzu:
Mövzu:


Müəllif hüquqları qorunur.
© Azərbaycan Respublikasının Milli Məclisi, 2007
İstifadə qaydaları | Ünvan | Linklər | Saytın xəritəsi