30.10.2018 Psixoloji yardım haqqında

Layihə

Psixoloji yardım haqqında

AZƏRBAYCAN RESPUBLİKASININ QANUNU


Bu Qanun Azərbaycan Respublikası Konstitusiyasının 94-cü maddəsinin I hissəsinin 1-ci bəndinə uyğun olaraq, Azərbaycan Respublikasında psixoloji yardım göstərilməsinin hüquqi əsaslarını, psixoloji yardım alan şəxslərin və psixoloqların hüquqlarını və vəzifələrini müəyyən edir, bu sahədə yaranan münasibətləri tənzimləyir.

 

1-ci fəsil

ÜMUMİ MÜDDƏALAR


Maddə 1. Əsas anlayışlar

1.0. Bu Qanunda istifadə olunan anlayışlar aşağıdakı mənaları ifadə edir:

1.0.1. psixoloji yardım - psixoloji problemlərin həlli, stress vəziyyətlərin nəticələrinin aradan qaldırılması, şəxsiyyətlərarası münasibətlərin və psixi sağlamlığın yaxşılaşdırılması, şəxsiyyətin inkişafı, sosial adaptasiya məqsədi ilə psixoloji prinsiplər və metodlar əsasında həyata keçirilən tədbirlərdir;

1.0.2. psixoloq - psixoloji yardım göstərmək hüququ olan mütəxəssisdir;

1.0.3. psixoloji yardım alan şəxs - mürəkkəb psixoloji vəziyyətlə bağlı psixoloji yardım göstərənə və ya psixoloqa müraciət edən şəxs, cütlük, qrup.

1.0.4. psixoloji yardım standartları - psixoloji yardımın növünə, formasına, müddətinə və keyfiyyətinə dair normativ hüquqi aktlarla müəyyən edilmiş tələblərdir.

1.0.5. ilkin psixoloji yardım - fövqəladə hallar zamanı zərər çəkmiş şəxslərdə kəskin stress əlamətlərinin azaldılması və əsas insani tələbatların ödənilməsinə yönəlmiş qeyri-ixtisaslaşdırılmış tədbirlərdir.

1.0.6. psixoanaliz - psixi pozuntuların müalicəsinə dair psixoloji nəzəriyyə və psixoterapevtik müalicə üsulu.

1.0.7. təcili psixoloji yardım - böhran vəziyyətində olan insanlara göstərilən ixtisaslaşdırılmış psixoloji yardım.

1.0.8. ailə terapiyası - ailələrə psixoloji yardım göstərilməsinə istiqamətlənmiş psixoterapiyanın  ayrıca  bölməsi.

1.0.9. koqnitiv psixologiya - idrak prosesslərini və zehni funksiyaları öyrənən psixologiya sahəsi.

1.0.10. davranış psixologiyası - davranış prinsiplərini öyrənən psixologiya sahəsi.

1.0.11. neyropsixologiya - psixoloji proseslərlə əlaqədar mərkəzi sinir sisteminin strukturu və funksiyalarını öyrənən psixologiya sahəsi.

1.0.12. psixopatologiya - psixi fəaliyyətin pozulmasını öyrənən psixologiya sahəsi.

1.0.13. klinik (tibbi) psixoloq - klinik psixologiya üzrə magistr dərəcəsi almış, və səhiyyə sistemində psixoloji yardım göstərmək icazəsi olan  mütəxəssis-psixoloq.

1.0.14. sessiya - psixoloji yardım alan şəxsin psixoloqla birgə məşğələləri


Maddə 2. Psixoloji yardım haqqında Azərbaycan Respublikasının qanunvericiliyi


Psixoloji yardım haqqında Azərbaycan Respublikasının qanunvericiliyi Azərbaycan Respublikasının Konstitusiyasından, bu Qanundan, digər normativ hüquqi aktlardan və Azərbaycan Respublikasının tərəfdar çıxdığı beynəlxalq müqavilələrdən ibarətdir.


Maddə 3. Qanunun tətbiq dairəsi

 

3.1. Bu Qanun Azərbaycan Respublikasının vətəndaşlarına və hüquqi şəxslərə, habelə Azərbaycan Respublikasının ərazisində olan əcnəbilərə və vətəndaşlığı olmayan şəxslərə şamil edilir.

3.2. Azərbaycan Respublikasında daimi yaşayan vətəndaşlığı olmayan şəxslər psixoloji yardım sahəsində Azərbaycan Respublikasının vətəndaşları ilə bərabər hüquqlara malikdirlər.

3.3. "Psixoloq", "psixoloji", "psixoanaliz", "psixodiaqnostika", "psixoterapiya" sözlərindən və bu sözləri özündə əks etdirən söz birləşmələrindən öz adlarında və rekvizitlərində istifadə hüququ bu Qanuna uyğun olaraq fəaliyyət göstərən hüquqi və fiziki şəxslərə məxsusdur.

3.4 Bu Qanunun müddəaları "Psixiatriya yardımı haqqında" Azərbaycan Respublikasının Qanunu ilə tənzimlənən həkim tərəfindən həyata keçirilən psixiatriya və psixoterapiya yardımına şamil edilmir.


Maddə 4. Psixoloji yardımın növləri və formaları


4.1. Psixoloji yardımın növləri aşağıdakılardır:

4.1.1. psixoloji profilaktika və maarifləndirmə - psixoloji problemləri

yaradan amillər və  şəraitlər haqqında məlumatlanma;

4.1.2. psixoloji məsləhət (konsultasiya) - şəxsin psixoloji problemlərini başa düşməsi və həll etməsi üçün göstərilən yardım prosesi;

4.1.3. psixoloji dəstək - şəxsin adaptasiya qabiliyyətinə təsir edə biləcək psixoloji problemlərin aşkar edilməsi və qarşısının alınması;

4.1.4. psixoloji diaqnostika - psixoloji  problemlərinin öyrənilməsi məqsədilə şəxsiyyətin fərdi-psixoloji xüsusiyyətlərinin qiymətləndirilməsi.

4.1.5. psixoterapiya - psixoloji metodlardan istifadə edərək psixi pozuntuların müalicəsi;

4.1.6.  psixoloji reabilitasiya və psixoloji korreksiya - psixi sağlamlıq problemləri olan şəxsin psixososial uyğunlaşması və səmərəli sosial davranışının bərpa olunması və ya inkişafı;

4.1.7. psixoloji ekspertiza - müvafiq qanunvericiliyə uyğun olaraq şəxsin müxtəlif məqsədlərlə bağlı olan psixi vəziyyətinin qiymətləndirilməsi;

4.1.8.  psixoloji treninq (psixoloji təlim) - psixologiya sahəsi ilə əlaqəli olan yeni biliklərin, vərdişlərin və münasibətlərin inkişafına yönəlmiş aktiv öyrənmə üsulu.

4.2. Psixoloji yardım aşağıdakı formalarda həyata keçirilir:

4.2.1. psixoloji yardım alan şəxslə mütəxəssis arasında qarşılıqlı əlaqənin formasından asılı olaraq - bilavasitə və vasitəli (telefon, internet və digər texniki vasitələrdən istifadə etməklə);

4.2.2. iştirakçıların sayından və tərkibindən asılı olaraq - fərdi, cütlük, ailə, qrup;

4.2.3. davam etmə müddətindən asılı olaraq - təcili, birdəfəlik, qısamüddətli (12 sessiyaya qədər), uzunmüddətli (12 sessiyadan çox).

 

2-ci  fəsil


PSİXOLOJİ YARDIM SAHƏSİNDƏ DÖVLƏT SİYASƏTİ


Maddə 5. Psixoloji yardım  sahəsində  dövlətin vəzifələri


5.1. Dövlət vətəndaşların vaxtında, keyfiyyətli psixoloji yardım almaq hüququna təminat verir.

5.2. Psixoloji yardım sahəsində dövlətin vəzifələri aşağıdakılardır:

5.2.1. psixoloji problemlərinin yaranması riski yüksək olan əhali qrupları arasında mürəkkəb psixoloji vəziyyətlərin və onların nəticələrinin profilaktikası və aradan qaldırılması;

5.2.2. psixoloji yardım sahəsində dövlət siyasətinin formalaşdırılması və həyata keçirilməsi, o cümlədən bu sahədə normativ hüquqi aktların, dövlət standartlarının və dövlət proqramlarının işlənib hazırlanması, qəbul edilməsi və həyata keçirilməsi;

5.2.3. Azərbaycan Respublikası əhalisinin psixoloji rifahını təmin edən və həyat keyfiyyətlərini yüksəldən şəraitin yaradılması;

5.2.4. psixi sağlamlığın profilaktikası, psixi inkişafın optimallaşdırılması, adaptasiya, şəxsin cəmiyyətə inteqrasiyası və reabilitasiyanın dəstəklənməsi;

5.2.5. psixoloji yardım göstərən mütəxəssislərin hazırlanması və ixtisas səviyyəsinin yüksəldilməsi;

5.2.6. psixoloji yardım sahəsində dövlət orqanlarının, bələdiyyələrin və qeyri-hökumət təşkilatlarının fəaliyyətinin əlaqələndirilməsi;

5.2.7. psixoloji məsləhət (konsultasiya) və maarifləndirmə fəaliyyətinin həyata keçirilməsi;

5.2.8. psixoloji yardım sahəsində nəzarətin həyata keçirilməsi;

5.2.9. psixoloji yardım sahəsində  beynəlxalq əməkdaşlıq.

5.3. Psixoloji yardım sahəsində dövlətin vəzifələri öz səlahiyyətləri daxilində müvafiq icra hakimiyyəti orqanları tərəfindən həyata keçirilir.


Maddə 6. Psixoloji yardımın maliyyələşdirilməsi


6.1. Azərbaycan Respublikasında psixoloji yardım dövlət büdcəsinin vəsaiti hesabına (ödənişsiz) və ya yardım alan şəxsin vəsaiti hesabına (ödənişli) göstərilir.

6.2. Aşağıdakı hallarda şəxsin ödənişsiz psixoloji yardım almaq hüququ vardır:

6.2.1. şəxsin yaşayış yeri və ya olduğu yer üzrə dövlət ambulator-poliklinika müəssisəsində və ya həmin müəssisənin göndərişi ilə ixtisaslaşdırılmış dövlət  tibb müəssisəsində;

6.2.2. məktəbəqədər və orta təhsil müəssisələrində - təhsilalanların;

6.2.3. "Həbs yerlərində saxlanılan şəxslərin hüquq və azadlıqlarının təmin edilməsi haqqında" Azərbaycan Respublikasının Qanununa uyğun olaraq tutulmuş və həbs edilmiş şəxslərin;

6.2.4. Azərbaycan Respublikasının Cəzaların İcrası Məcəlləsinə və "Penitensiar müəssisələrdə cəza çəkməkdən azad edilmiş şəxslərin sosial adaptasiyası haqqında" Azərbaycan Respublikasının Qanununa uyğun olaraq penitensiar müəssisələrdə cəza çəkən şəxslərin, eləcə də cəza çəkməkdən azad edilmiş və psixoloji yardıma ehtiyacı olan şəxslərin;

6.2.5. "Məişət zorakılığının qarşısının alınması haqqında" Azərbaycan Respublikasının Qanununa uyğun olaraq dövlət yardım mərkəzlərində məişət zorakılığından zərər çəkmiş şəxslərin (zəruri hallarda zərər çəkmiş şəxslər üçün psixoloji reabilitasiya kursları daxil olmaqla);

6.2.6. Azərbaycan Respublikasının Silahlı Qüvvələrində xidmət keçən hərbi qulluqçuların;

6.2.7. hərbi əməliyyatlar zamanı zərər çəkmiş şəxslərin;

6.2.8. "Sosial xidmət haqqında" Azərbaycan Respublikasının Qanununa uyğun olaraq sosial xidmətə cəlb olunmuş şəxslərin;

6.2.9. fövqəladə hallar zamanı zərər çəkmiş şəxslərin, onların ailə üzvlərinin, habelə fövqəladə halların nəticələrinin aradan qaldırılmasında iştirak edən  şəxslərin;

6.2.10. Azərbaycan Respublikasının Əmək Məcəlləsi ilə müəyyən edilmiş peşə fəaliyyəti yüksək təhlükə mənbəyi ilə bağlı olan şəxslərin - işəgötürənin vəsaiti hesabına;

6.2.11. tibbi-sosial reabilitasiyası zamanı əlilliyi olan şəxslərin və onların ailə üzvlərinin.

6.3. Qanunla pulsuz psixoloji yardımın göstərilməsinin digər halları da nəzərdə tutula bilər.

6.4. Bu Qanunun 6.2-ci maddəsində nəzərdə tutulmuş psixoloji yardımın həcmi və müddəti psixoloji yardım alan şəxsin ehtiyaclarına mütənasib olmalıdır.

6.5. Ödənişli əsaslarla psixoloji yardım psixoloji yardım alan şəxslə psixoloq və ya psixoloqun fəaliyyət göstərdiyi müəssisə arasında bağlanan müqavilə əsasında göstərilir.

6.6. Tibbi göstərişlərə əsasən tətbiq edilən psixoloji yardımın qısamüddətli növləri icbari tibbi sığorta paketinə daxil edilir.


Maddə 7. Psixoloji problemlərinin yaranma riski yüksək olan əhali qrupları arasında profilaktik tədbirlərin həyata keçirilməsi


7.1. Fövqəladə hallarda yardım göstərməyə məsul olan dövlət orqanları fövqəladə hallar zamanı zərər çəkmiş əhaliyə psixoloji yardımın göstərilməsinə və onun psixoloji fəsadlarının aradan qaldırılmasına dair tədbirlər planı işləyib hazırlayır və həyata keçirirlər.

7.2. Azərbaycan Respublikası Əmək Məcəlləsi ilə müəyyən edilmiş peşə fəaliyyəti yüksək təhlükə mənbəyi ilə bağlı olan şəxslər işəgötürənin vəsaiti hesabına vaxtaşırı psixoloji müayinədən keçməli, zərurət olduqda psixoloji yardımla təmin edilməlidirlər.

7.3. Əlilliyi olan şəxslərin tibbi-sosial reabilitasiyası tədbirləri onlara və ailə üzvlərinə psixoloji yardımın göstərilməsini nəzərdə tutmalıdır. Şəhid ailələrinə, aztəminatlı, natamam və münaqişəli ailələrə, işsizlərə, qaçqın və məcburi köçkünlərə, habelə sosial müdafiəyə ehtiyacı olan digər əhali kateqoriyalarına dair proqram və tədbirlər həmin şəxslərə psixoloji yardım göstərilməsi ilə bağlı müddəaları da nəzərdə tutmalıdır.

7.4. Cinayət mühakimə icraatını həyata keçirən orqanlar və vəzifəli şəxslər  ağır və xüsusilə ağır cinayətlər zamanı zərərçəkənlərin psixoloji vəziyyətinin bərpası, onlarda qisas hissinin aradan qaldırılması, yeni cinayətin baş verməsinin qarşısının alınması məqsədi ilə tədbirlər həyata keçirməyə borcludurlar. 

7.5. Fiziki və hüquqi şəxslər əməyin təşkili, stressin aradan qaldırılması, münaqişələrin həlli, işçilərin iş potensialının artırılması və digər məsələlər ilə bağlı məsləhətlər və ya psixoloji treninqlər keçirmək hüququna malikdirlər.

7.6. Azərbaycan Respublikasının Silahlı Qüvvələrində və xüsusi təhsil müəssislərinə hərbi xidmətə və təhsilə qəbul zamanı, eləcə də Azərbaycan Respublikasının Əmək Məcəlləsi ilə müəyyən edilmiş peşə fəaliyyəti yüksək təhlükə mənbəyi ilə bağlı olan iş yerlərində işə qəbul zamanı namizədlərin müvafiq psixoloji tələblərə yararlığı psixoloji diaqnostika üsulları ilə yoxlanılır.


3-cü fəsil

PSİXOLOJİ YARDIMIN PRİNSİPLƏRİ


Maddə 8. Psixoloji yardım göstərilməsinin əsas prinsipləri

Psixoloji yardımın göstərilməsi könüllülük, konfidensiallıq, qanunçuluq, humanistlik, insan və vətəndaş hüquq və azadlıqlarına əməl edilməsi prinsipləri əsasında həyata keçirilir.

Maddə 9. Psixoloji yardımın könüllülüyü

9.1. Psixoloji yardım psixoloji yardım alan şəxsin və ya onun qanuni nümayəndəsinin məlumatlandırılmış razılığı əsasında həyata keçirilir. Bu razılıq psixoloji yardım alan şəxsin psixoloji yardımla bağlı könüllü qərar qəbul etdiyini, psixoloji yardımın məqsədini, faydasını, həcmini, müddətini və tətbiq olunan psixoloji yardım metodunu, həmçinin psixoloji yardımdan imtina və onun dayandırılması imkanı barədə ona təqdim edilmiş məlumatı başa düşməsini nəzərdə tutur. Bu razılıq hədə-qorxu, zor tətbiq edilmədən alınır. Heç kəs psixoloji yardım almağa məcbur edilə bilməz.

9.2. Psixoloji yardım alan şəxs psixoloji yardım göstərən müəssisəni və psixoloqu, o cümlədən psixoloji yardımın növünü və onun göstərilmə şərtlərini sərbəst şəkildə seçmək hüququna malikdir.

9.3. Psixoloji yardım alan şəxs yardımın alınmasından istənilən vaxt imtina edə və ya onu dayandıra bilər.

9.4. Bu Qanunun 9.5-ci maddəsində nəzərdə tutulan hallar istisna olmaqla, 16 yaşına çatmamış şəxslərə psixoloji yardım onların valideynlərinin və ya digər qanuni nümayəndələrinin (övladlığa götürənlərin, qəyyumların, himayəçilərin) razılığı ilə göstərilir.

9.5. Aşağıdakı hallarda 16 yaşına çatmamış şəxslərə psixoloji yardım valideynlərin və ya digər qanuni nümayəndələrinin razılığı olmadan göstərilə bilər:

9.5.1. valideynləri və ya digər qanuni nümayəndələri tərəfindən yetkinlik yaşına çatmayan şəxsə münasibətdə sərt rəftar, fiziki, psixoloji və seksual xarakterli zorakılıq faktları aşkar edildikdə, bununla bağlı psixoloq tərəfindən həyata keçirilən müayinə əsasında onun təxirəsalınmaz psixoloji yardıma ehtiyacı olmasının müəyyən edilməsi;

9.5.2. 16 yaşına çatmayan şəxsin sosial təhlükəli vəziyyətdə olması;

9.5.3. şəxsin təbii və texnogen xarakterli fövqəladə hallarla üzləşməsi;

9.5.4. səhiyyə, təhsil və sosial xidmət müəssisələrində kütləvi psixoloji profilaktika tədbirlərinin həyata keçirilməsi;

9.5.5. yetkinlik yaşına çatmayan şəxsin psixoloji yardım almaq üçün telefon, internet vasitələrindən istifadə edərək müraciət etməsi;

9.5.6. cinayətin şahidi və ya zərərçəkən olması.

9.6. 14 yaşına çatmış şəxslərə təhsil müəssisələrində psixoloji yardım valideynlərin və ya digər qanuni nümayəndələrinin razılığı ilə, belə razılığı almaq mümkün olmadıqda onların öz razılığı ilə göstərilir.

9.7. Şəxsin psixoloji vasitə və üsulların sınaqdan keçirilməsində, elmi-tədqiqat işlərində və ya tədris prosesində foto və video çəkiliş obyektləri kimi istifadəyə cəlb olunması yalnız onun özünün və ya qanuni nümayəndəsinin razılığı ilə həyata keçirilir.


Maddə 10. Psixoloji yardımın konfidensiallığı və anonimliyi

10.1. Şəxsin psixoloji vəziyyəti, psixoloji yardım almaq üçün müraciəti, təyin olunmuş psixoloji testlərin nəticələri və ona göstərilən psixoloji yardım haqqında məlumatlar konfidensial hesab edilir. Şəxsin psixoloji vəziyyəti və ona göstərilən psixoloji yardım haqqında məlumatlardan sərbəst istifadə hüququ onun özünə və qanunla nəzərdə tutulmuş hallarda buna icazə verilən şəxslərə məxsusdur.

10.2. Şəxsin və ya qanuni nümayəndəsinin razılığı olmadan konfidensial  məlumatlar aşağıdakı hallarda verilə bilər:

10.2.1. cinayət vəmülki mühakimə icraatı zamanı şəxsin psixoloji vəziyyəti ilə əlaqədar məlumatların alınması zərurəti yarandıqda;

10.2.2. psixoloqun fəaliyyəti zamanı yol verilmiş cinayət və inzibati xarakterli əməllərin araşdırılması zərurəti yarandıqda;

10.2.3. şəxsin özünün və ətrafdakıların həyatı və sağlamlığı üçün bilavasitə təhlükə yarandıqda;

10.2.4. şəxs qeyri-könüllü psixiatriya stasionarına yerləşdirildikdə və ya ona qarşı tibbi xarakterli məcburi tədbirlər tətbiq edildikdə.

10.3. Psixoloji yardımın göstərilməsi zamanı üçüncü şəxsin iştirakına və ya məlumatların toplanılmasına yalnız yardım alan şəxsin və ya onun qanuni nümayəndəsinin razılığı ilə daha uyğun yardımın göstərilməsi, mütəxəssislərə təhsil vermə, analitik və tətbiqi tədqiqatların aparılması məqsədi ilə yol verilir. Əldə olunan məlumatların elmi tədqiqatlarda, nəşrlərdə və kütləvi informasiya vasitələrində istifadəsinə bu məlumatların adsızlaşdırılması şərti ilə icazə verilir.

10.4. Psixoloji yardım göstərən şəxslər konfidensial məlumatlardan zəruri olan həddə istifadə edə bilərlər və bu məlumatların yayılmasına görə qanunla nəzərdə tutulmuş məsuliyyət daşıyırlar.

10.5 Bu Qanunun 6.2-ci maddəsində göstərilən hallar istisna olmaqla, psixoloji yardım alan şəxsin arzusu ilə ona bu yardım anonim göstərilə bilər.

10.6. Anonim psixoloji yardım üçün müraciət edən şəxs ilə bağlı sənədləşmə işləri şəxsiyyəti təsdiq edən sənəd təqdim olunmadan onun tərəfindən göstərilən məlumatlar (ad, yaş və s. ) əsasında aparılır.

10.7. Anonim psixoloji yardımın göstərilməsi zamanı şəxsi müəyyənləşdirmək imkanlarının olmadığı üçün aparılan bütün sənədləşmə (formalar, testlər, qeydlər və d. daxil olmaqla) rəsmi hesab olunmur.

10.8. Anonim psixoloji yardımın göstərilməsi zamanı ödəmə xidməti  kassa qəbzi ilə və ya qanunda nəzərdə tutulmuş digər formada həyata keçirilir.


4-cü fəsil

PSİXOLOJİ YARDIM İŞTİRAKÇILARININ  HÜQUQLARI VƏ   VƏZİFƏLƏRİ


Maddə 11. Psixoloji yardım göstərmək hüququ olan şəxslər


11.1. Psixoloji yardım dövlət orqanlarında, Silahlı Qüvvələrdə, təhsil, səhiyyə, idman, penitensiar, "Sosial xidmət haqqında" Azərbaycan Respublikası Qanununun 17-ci maddəsi ilə müəyyən edilmiş sosial xidmət müəssisələrində, digər hüquqi şəxslərdə və ya müstəqil şəkildə psixoloq tərəfindən göstərilir.

11.2. Psixoloji yardım göstərmək hüququna aşağıdakı şəxslər malikdirlər:

11.2.1. psixologiya ixtisası üzrə ali təhsil almış (səhiyyə müəssisələrində fəaliyyət göstərmək üçün klinik psixoloq üzrə magistr təhsili almış) şəxslər;

11.2.2. "Təhsil haqqında" Azərbaycan Respublikasının Qanununa uyğun olaraq əlavə təhsilalma formasında psixoloq ixtisasını əldə etmiş şəxslər.

11.3. İlkin psixoloji yardım fövqəladə hallar zamanı hadisə yerində olan və fövqəladə halların nəticələrinin aradan qaldırılmasına cəlb olunmuş şəxslər, eləcə də ilkin psixoloji yardım göstərmək üzrə müəyyən vərdişləri və təcrübəsi olub, lakin psixologiya üzrə təhsil almayan şəxslər tərəfindən göstərilə bilər.

11.4. Psixoloji yardım göstərən şəxslərə dair peşəkar, etik və digər tələblər müvafiq icra hakimiyyəti orqanı tərəfindən müəyyən olunur.

11.5. Psixoloq öz fəaliyyətini müstəqil və ya hüquqi şəxslə bağladığı müqavilə əsasında həyata keçirə bilər.

11.6. Müvafiq icra hakimiyyəti orqanı psixoloqların peşə keyfiyyətlərinin yüksəldilməsi, psixoloji yardım alan şəxslərin tələbata uyğun psixoloji yardımla təmin edilməsi məqsədi ilə beynəlxalq təcrübəyə uyğun təhsil proqramlarının tətbiqini və daim təkmilləşdirilməsini, psixologiya üzrə ixtisaslı təhsilalanların psixoloji yardım göstərən müəssisələrdə təcrübə keçməsini təmin edir.

11.7. Səhiyyə, təhsil, penitensiar, sosial xidmət və digər müəssisələrin rəhbərləri orada işləyən psixoloji yardım göstərən mütəxəssislərin peşəkar bilik və bacarıqlarının təkmilləşdirilməsinin təşkili üçün məsuliyyət daşıyırlar və işçilərin peşə səviyyəsinin yüksəldilməsi üçün həmin müəssisələrdə tətbiq edilən attestasiya, sertifikasiya, biliyin qiymətləndirilməsi və digər mexanizmlər psixoloji yardım göstərən mütəxəssislərə də şamil olunur.

11.8. Psixoloji yardım göstərən mütəxəssislər dövri olaraq beş ildə bir dəfə Azərbaycan Psixoloqlar Şurasının müəyyən etdiyi qaydada tədrisə cəlb edilirlər.


Maddə 12. Psixoloji yardım göstərən şəxslərin hüquqları və vəzifələri


12.1. Psixoloji yardım göstərən şəxslərin aşağıdakı hüquqları vardır:

12.1.1. psixoloji yardım göstərən zaman bu Qanuna uyğun olaraq yardımın növü, forma, vasitə və üsullarını seçmək;

12.1.2. öz şərəf, ləyaqət və peşəkar nüfuzunun müdafiəsi;

12.1.3. bu Qanunda nəzərdə tutulmuş hallarda psixoloji yardım göstərməkdən imtina etmək;

12.1.4. qeyri-hökumət təşkilatları yaratmaq və onlara üzv olmaq.

12.2. Psixoloji yardım göstərən şəxslərin vəzifələri aşağıdakılardır:

12.2.1. psixoloji yardım alan şəxsə peşəkar və keyfiyyətli psixoloji yardım göstərmək, həmçinin psixoloji yardımı zəruri olan müddətdə göstərmək; 

12.2.2. psixoloji yardım alan şəxsə onun hüquqları, vəzifələri, göstərilən yardımın növləri, formaları, şərtləri, qaydaları və ehtimal edilən nəticələri haqqında pulsuz və əhatəli informasiya vermək;

12.2.3. psixoloji yardım göstərməkdən imtina etdikdə, bunun səbəbləri barədə psixoloji yardım alan şəxsə və ya onun qanuni nümayəndəsinə şifahi, yazılı və ya elektron şəkildə məlumat vermək;

12.2.4. böhran vəziyyətində olan şəxslərə təxirəsalınmaz psixoloji yardım göstərmək;

12.2.5. yardım göstərdikləri şəxslərin hüquqlarına, şərəf və ləyaqətinə hörmətlə yanaşmaq;

12.2.6. psixoloji yardım standartlarına və qaydalarına, psixoloqun peşəkar etikasına riayət etmək;

12.2.7. bu Qanunun tələblərinə uyğun olaraq psixoloji yardım alan şəxs haqqında məlumatın konfidensiallığını təmin etmək;

12.2.8. psixoloji müayinənin nəticələrinə uyğun olaraq digər ixtisaslı mütəxəssislərlə əməkdaşlıq etmək, psixoloji konsilium təşkil etmək.

12.3. Psixoloq öz səlahiyyətləri daxilində qərarlar qəbul edərkən yardım alan şəxslərin tələbatlarını, peşə borcunu, peşə etikası normalarını və Azərbaycan Respublikasının qanunvericiliyini rəhbər tutur.


Maddə 13. Psixoloji yardım alan şəxslərin hüquqları və vəzifələri


13.1. Psixoloji yardım alan şəxslərin hüquqları aşağıdakılardır:

13.1.1. bu Qanuna, psixoloji yardım standartlarına uyğun olaraq peşəkar və ixtisaslı psixoloji yardım almaq;

13.1.2. öz şərəf və ləyaqətinin alçaldılmasına yol verilməməsi, ona qarşı hörmətlə yanaşılması və humanist münasibətin bəslənilməsi;

13.1.3. hüquqları, psixoloji problemin xarakteri, tətbiq edilən psixoloji yardım metodları haqqında məlumat almaq;

13.1.4. psixoloji yardımın göstərilməsindən imtina etmək və ya onu  dayandırmaq;

13.1.5. öz hüquqlarının və qanuni maraqlarının qorunması, o cümlədən onların məhkəmə qaydasında müdafiə edilməsi.

13.2. Psixoloji yardım alan şəxslərin vəzifələri aşağıdakılardır:

13.2.1. psixoloqun psixoloji yardımla bağlı göstərişlərini yerinə yetirmək və onunla əməkdaşlıq etmək;

13.2.2. psixoloqun, digər şəxslərin hüquqlarına,  şərəf və ləyaqətinə hörmətlə yanaşmaq;

13.2.3. psixoloji yardımın göstərilməsi ilə bağlı üzərinə götürdüyü öhdəliklərə riayət etmək;

13.2.4. özü və ya başqalarının həyatı və sağlamlığı üçün təhlükə yaradan halların mövcudluğu haqqında dərhal xəbər vermək.


Maddə 14. Psixoloji yardımdan imtina edilməsinin və ya dayandırılmasının əsasları


14.1. Psixoloji yardım göstərən şəxslərin aşağıdakı hallarda bu yardımı göstərməkdən imtina etmək və ya dayandırmaq hüququ vardır:

14.1.1. psixoloji yardım göstərilməsinə əsas olmadıqda;

14.1.2. psixoloji yardımın göstərilməsinə əks-göstərişlər olduqda;

14.1.3. şəxs və ya onun qanuni nümayəndəsi psixoloji yardım göstərilməsindən boyun qaçırdıqda, yaxud psixoloji yardımın göstərilməsinə razılıq verməkdən imtina etdikdə;

14.1.4. psixoloji yardım alan şəxsin tələbi ilə psixoloji yardım göstərən şəxsin təklif etdiyi psixoloji yardım növü arasında uyğunsuzluq olduqda;

14.1.5. psixoloji yardım alan şəxs psixoloji yardım göstərən mütəxəssislə bağladığı müqaviləyə riayət etmədikdə;

14.1.6. psixoloji yardım göstərən şəxsin həyat və sağlamlığı üçün təhlükə yarandıqda;

14.1.7. psixoloji yardım göstərilməsinin qeyri-mümkünlüyünə səbəb olan digər şərait yarandıqda.

14.2. Psixoloji yardım göstərən şəxs bu yardımın göstərilməsindən imtina etdikdə və ya yardımı dayandırdıqda onun səbəblərini açıqlamaqla rəsmiləşdirir və bu barədə şəxsi və müəssisəsinin müdiriyyətini məlumatlandırır.


5-ci fəsil

TƏHSİL VƏ SƏHİYYƏ MÜƏSSİSƏLƏRİNDƏ

PSİXOLOJİ YARDIMIN XÜSUSİYYƏTLƏRİ


Maddə 15. Təhsil müəssisələrində psixoloji yardım


15.1. Azərbaycan Respublikasında təhsilin bütün pillə və səviyyələrində sağlam psixoloji mühiti, fərdi inkişafı və təhsil alanların psixoloji tələbatlarını təmin etmək məqsədi ilə psixoloji yardım göstərilməsinə təminat verilir.

15.2. Ümumi təhsil müəssisələrində psixoloji yardımın göstərilməsi məqsədilə məktəb (pedaqoji) psixoloqu vəzifəsi üzrə ştat vahiditəhsilalanların sayına uyğun olaraq müəyyən edilir. Məktəb (pedaqoji) psixoloqu uşaq və gənclərin intellektual, emosional və psixoloji inkişafının təmin edilməsi və təhsil sahəsində vəzifələrinin səmərəli yerinə yetirilməsinə mane olan çətinliklərin aradan qaldırılması məqsədilə işləyən mütəxəssisdir. Məktəb (pedaqoji) psixoloqu statusuna görə müəllimlərə bərabər tutulur və onların əmək haqqının ödənilməsi dövlət büdcəsindən maliyyələşdirilən təhsil müəssisələrində müvafiq kateqoriya üzrə əməyin ödənilməsi sisteminə uyğun tənzimlənir.

15.3. Məktəb (pedaqoji) psixoloqların ixtisas dairəsinə uşaq psixologiyası, inkişaf psixologiyası, şəxsiyyət psixologiyası, pedaqoji psixologiya, koqnitiv psixologiya, sağlamlıq psixologiyası və davranış psixologiyasının əsaslarıdaxildir.

15.4. Təhsil müəssisələrindəpsixoloji yardım göstərən mütəxəssislərin peşəkarlıq səviyyəsinin artırılması, peşə yararlılığının yoxlanılması, fəaliyyətinin qiymətləndirilməsi pedaqoji işçilər  üçün müəyyən edilmiş qaydada həyata keçirilir.


Maddə 16. Təhsil müəssisələrində psixoloji müayinə


16.1. Təhsil müəssisələrində psixoloji müayinə təhsilalanın ehtiyaclarını müəyyənləşdirmək məqsədilə aparılır və onun maraqları ilə ziddiyyət təşkil edə bilməz.

16.2. Psixoloji müayinə  təhlükəsizliyi və konfidensiallığı təmin edən şəraitdə həyata keçirilməlidir.

16.3. Təhsil müəssisələrində aparılmış psixoloji müayinənin nəticələri barədə məlumat aşağıdakı şəxslərə verilir:

16.3.1. müayinə olunan şəxsin özünə və (və ya) onun qanuni nümayəndəsinə;

16.3.2. bilavasitə tədrisi həyata keçirən müəllimə (müəllimlərə), təhsil müəssisəsinin rəhbərinə − 14 yaşına çatmayanlar barəsində yalnız qanuni nümayəndənin, 14 yaşı tamam olmuş şəxslər barəsində isə qanuni nümayəndənin, yaxud özünün razılığı olduqda.

16.4. Psixoloji müayinənin nəticələri təhsilalanın valideynləri (və ya digər qanuni nümayəndələri) ilə müzakirə olunmalıdır və sonrakı tədbirlər üçün onlardan ayrıca icazə alınmalıdır.


Maddə 17. Təhsil prosesinin digər iştirakçıları ilə əməkdaşlıq


17.1. Təhsilmüəssisələrində psixoloji yardım göstərən mütəxəssislər:

17.1.1. təhsil müəssisələrində psixoloji yardım göstərilməsi ilə bağlı məsələlərdə həmin müəssisənin müəllimləri və rəhbərliyi, valideynlər və digər qanuni nümayəndələr ilə əməkdaşlıq etməli, ehtiyac olduqda onlara peşəkar məsləhətlər verməli;

17.1.2. təhsil alanın psixoloji ehtiyacları və problemləri haqqında zərurət olduqda valideynləri məlumatlandırmalı və onlara məsləhət verməli, ehtiyac olduqda onlar üçün psixoprofilaktik tədbirlər təşkil etməli;

17.1.3. psixi sağlamlıq müəssisələri də daxil olmaqla sosial xidmət və tibb müəssisələri ilə əməkdaşlıq etməli və zərurət yarandıqda təhsilalanları həmin müəssisələrə yönəltməlidirlər.


Maddə 18. Səhiyyə müəsissələrində psixoloji yardım göstərmək hüququ olan şəxslər


18.1. Mülkiyyət növündən asılı olmayaraq səhiyyə müəssisəsində psixoloji yardımın göstərilməsi ilə təhsili klinik psixologiya üzrə magistr dərəcəsindən aşağı olmayan mütəxəssislər (klinik psixoloqlar) məşğul ola bilərlər. Klinik psixoloqların ixtisas dairəsinə psixopatologiya, inkişaf psixologiyası, neyropsixologiya, davranış psixologiyasının əsasları, sağlamlıq psixologiyası və psixoterapiya daxildir.

18.2. Klinik psixologiya üzrə təhsilalanların təhsil proqramlarına psixi sağlamlıq müəssisələri də daxil olmaqla tibb müəssisələrində altı aydan az olmayaraq yüksək ixtisaslı psixoloqun bilavasitə nəzarəti və rəhbərliyi ilə psixoloji yardım göstərilməsi sahəsində praktik təcrübə keçməsi daxil edilməlidir.

18.3. Psixoloqlar təhsil aldığı müddətdə bilavasitə tibb müəssisələrində klinik psixoloqun nəzarəti ilə köməkçi (assistent) kimi psixoloji yardımın göstərilməsində iştirak edə bilərlər.

18.4. Səhiyyə müəssisələrində psixoloji yardım göstərən mütəxəssislər statusuna görə həkimlərə bərabər tutulur, eləcə də dövlət səhiyyə müəssisələrində çalışan psixoloji yardım göstərən mütəxəssislərin əməyinin ödənilməsi dövlət büdcəsindən maliyyələşdirilən səhiyyə işçilərinin əməyinin ödənilməsi sisteminə, növlərinə və məbləğinə uyğun tənzimlənir.Klinik psixoloqların peşəkarlıq səviyyəsinin və peşə yararlılığının yoxlanılması məqsədi ilə dövri olaraq müvafiq icra hakimiyyəti orqanı tərəfindən Azərbaycan Respublikasının Əmək Məcəlləsinə və "Əhalinin sağlamlığının qorunması haqqında" Azərbaycan Respublikasının Qanununa uyğun olaraq sertifikasiyaya cəlb edilirlər.


Maddə 19. Səhiyyə müəssisələrində psixoloji yardım


19.1. Səhiyyə müəssisələrində psixoloji yardım aşağıdakıları əhatə edir:

19.1.1. psixoloji testlər vasitəsi ilə psixi (zehni, emosional, davranış) və (və ya) interpersonal pozuntuları, psixoloji tələbatları və ya problemləri müəyyənləşdirmək və qiymətləndirmək;

19.1.2. psixoloji və psixi sağlamlıqla bağlı olan məsələlər üzrə tövsiyələr (məsləhətlər) vermək;

19.1.3. psixi və ya fiziki sağlamlıqla bağlı olan problemlərdən əziyyət çəkən insanlara müxtəlif psixoloji müalicələrin, o cümlədən psixoterapiya, böhrana müdaxilə, ailə terapiyası və psixososial reabilitasiya xidmətlərini göstərmək;

19.1.4. psixi sağlamlıq məsələləri ilə bağlı olan əmək qabiliyyətinin müvəqqəti itirilməsi, tibbi-sosial, psixoloji-tibbi-pedaqoji, hərbi-həkim və kompleks məhkəmə-tibb-psixoloji-psixiatriya ekspertizalarında iştirak etmək. Ekspertizada iştirak edən psixoloqun rəyi ekspert komissiyasının qərarı ilə uyğun gəlmədikdə psixoloq öz rəyini yazılı şəkildə verə bilər;  

19.1.5. psixoloji yardım alan şəxsləri, onların ailə üzvlərini, onlara yardım göstərən tibb işçilərini psixoloji və psixi sağlamlıq məsələləri ilə bağlı maarifləndirmək və tövsiyələr vermək.

19.2. Kliniki psixoloji yardımın göstərilməsi yalnız səhiyyə müəssisələrində həyata keçirilir.

19.3. Səhiyyə müəssisələrində psixoloji yardım zamanı klinik psixoloqun dərman preparatları təyin etməyə, o cümlədən insan orqanizmini mexaniki və ya digər təsirlərə (cərrahiyyə, lazer, ionlaşdırıcı şüa, ultrasəs, elektrokonvulsiv terapiya) məruz qoyan müalicə üsullarından istifadə etmək hüququ yoxdur.

19.4. Səhiyyə müəssisələrindəpsixoloji yardımın göstərilməsinə nəzarət tibb müəssisəsinin rəhbərliyi və müvafiq icra hakimiyyəti orqanı tərəfindən həyata keçirilir.

19.5. Psixoloji vəziyyətin qiymətləndirilməsi, psixoloji problemlərin aşkarlanması və ehtimal olunan psixi pozuntunun diaqnozunun dəqiqləşdirilməsi məqsədilə səhiyyə müəssisələri tərəfindən psixoloji müayinə həyata keçirilə bilər. Psixoloji müayinənin nəticələri müvafiq icra hakimiyyəti orqanının təsdiq etdiyi formaya uyğun olaraq tərtib olunur.


6-cı fəsil

YEKUN MÜDDƏALAR


Maddə 20. Psixoloji yardım sahəsində tədqiqatlar


20.1. Psixoloji yardım sahəsində iştirakçıların həyatına, sağlamlığına, psixoloji rifahına və ya ləyaqətinə zərər yetirə biləcək tədqiqatların aparılmasına icazə verilmir.

20.2. Şəxsin psixoloji tədqiqat işlərində obyekt kimi istifadəyə cəlb olunması bu Qanunun 9.7-ci maddəsinə uyğun olaraq həyata keçirilir.

20.3. Psixoloji tədqiqat aparan elmi təşkilatlar psixoloji yardım sahəsində etik məsələlərə cavabdehlik daşıyan orqan (etik məsələlər üzrə komissiya) yaratmalı və tədqiqatlar həmin orqanla razılaşdırılmalıdır.

20.4. Uzunmüddətli psixoloji tədqiqatlar zamanı yazılı razılığın qüvvədə olma müddəti 1 ildir.

20.5. Psixoloji tədqiqat aparan subyektlər iştirakçıların anonimliyinin qorunmasına və məlumatların konfidensiallığının saxlanılmasına görə məsuliyyət daşıyırlar.


Maddə 21. Azərbaycan Psixoloqlar Şurası 


Psixoloji xidmət göstərən mütəxəssislərin fəaliyyətinin əlaqələndirilməsi, onların peşə hüquqlarının qorunması, təcrübə mübadiləsinin aparılması və təbliği, peşəkarlıq səviyyəsinin  yüksəldilməsi, əhalinin keyfiyyətli psixoloji xidmətlə təmin edilməsinə və psixoloji xidmət sahəsində elmi tədqiqatların aparılmasına köməklik göstərilməsi və psixoloji yardım standartlarının və etika normalarının işlənib hazırlanması məqsədi ilə müvafiq icra hakimiyyəti orqanı tərəfindən Azərbaycan Psixoloqlar Şurası  yaradılır. Şura ictimai əsaslarla fəaliyyət göstərir və yüksək ixtisaslı psixoloqlardan, müxtəlif sahələrdə psixoloji xidmət göstərən dövlət orqanlarının nümayəndələrindən ibarət olmaqla 7 (yeddi) üzvdən ibarətdir. Şuranın fəaliyyəti, hüquq və vəzifələri, üzvlərin təyin olunması və idarə olunması qaydası müvafiq icra hakimiyyəti orqanı tərəfindən təsdiq edilən "Azərbaycan Psixoloqlar Şurası haqqında Əsasnamə" ilə müəyyən edilir.


Maddə 22. Qanunun pozulmasına görə məsuliyyət


Bu Qanunun pozulmasına görə fiziki və hüquqi şəxslər Azərbaycan Respublikasının Cinayət, İnzibati Xətalar və Mülki məcəllələrində nəzərdə tutulmuş hallarda məsuliyyət daşıyırlar.



Qanun layihəsinin müzakirəsində iştirak edin
Ad:
E-poçt:
Mövzu:
Mövzu:


Müəllif hüquqları qorunur.
© Azərbaycan Respublikasının Milli Məclisi, 2007
İstifadə qaydaları | Ünvan | Linklər | Saytın xəritəsi