TÜRKPA-nın KOMİSSİYA İCLASLARINDA

11/04/14

Milli Məclisin Mədəniyyət komitəsinin sədri Nizami Cəfərov,  deputatlar Əhliman Əmiraslanov və Sədaqət Vəliyeva Türkdilli Ölkələrin Parlament Assambleyası komissiyalarının iclaslarında iştirak etmək üçün aprelin 14-dən 17-dək Qırğızıstanın paytaxtı Bişkekdə səfərdə olacaqlar.
Qurumun Beynəlxalq əlaqələr komissiyasında “Türkdilli ölkələrin beynəlxalq təşkilatlar çərçivəsində qarşılıqlı əlaqələri” mövzusunda məruzə dinləniləcək, tövsiyələr veriləcək. Məruzəni Milli Məclisin deputatı, komissiyanın sədri Əhliman Əmiraslanov təqdim edəcək.
Millət vəkilləri Nizami Cəfərov və Sədaqət Vəliyeva isə təşkilatın Sosial, mədəni və humanitar məsələlər komissiyasının  iclasında “Türk dili günü” mövzusuna həsr olunmuş müzakirələrə qatılacaqlar. Toplantıda türk dilinin tarixi, inkişafı, tədrisi və tədqiqi ilə bağlı fikir mübadiləsi aparılacaq.
Səfər çərçivəsində, həmçinin ekspertlərin iştirakı ilə “Elm, təhsil və mədəniyyət sahəsində əməkdaşlıq” mövzusunda dəyirmi masa keçiriləcək.

Milli Məclisin
Mətbuat xidməti

Müəllif hüquqları qorunur.
© Azərbaycan Respublikasının Milli Məclisi, 2007
İstifadə qaydaları | Ünvan | Linklər | Saytın xəritəsi