AVSTRİYA PARLAMENT NÜMAYƏNDƏ HEYƏTİ MİLLİ MƏCLİSDƏ

06/07/17

İyulun 6-da Avstriya ilə dostluq qrupunun rəhbəri Cavid Qurbanov ölkəmizdə səfərdə olan Avstriya Parlamentinin deputatları ilə görüşdü.
Cavid Qurbanov qonaqları səmimi salamlayaraq bildirdi ki, Azərbaycanla Avstriya əlaqələri hələ ilk Demokratik Respublikanın mövcud olduğu vaxtlardan da qədimdi. Millət vəkili qonaqlara Milli Məclisin fəaliyyəti, qəbul edilən qanunlar barədə ətraflı məlumat verdi.
Qeyd edildi ki, Azərbaycan Şərqin ilk demokratik respublikasıdır, hüquqi, dünyəvi, unitar bir ölkədir və xalqımız dinc qonşuluq şəraitində yaşamağa daim sədaqət nümayiş etdirir. 11 iqlimdən 9-nun mövcud olduğu ölkəmiz təbii sərvətlərlə çox zəngindir. Deputatımız vurğuladı ki, Azərbaycan  tolerant bir  dövlətdir.
Sonra Cavid Qurbanov Dağlıq Qarabağ münaqişəsi barədə danışdı. Qeyd edildi ki, iyul ayının 4-də işğalçı Ermənistanın silahlı qüvvələrinin Azərbaycanın Füzuli rayonunun Alxanlı kəndinin mülki əhalisinin və mülki obyektlərinin atəşə tutması nəticəsində Quliyeva Sahibə və onun nəvəsi 2 yaşlı Quliyeva Zəhra həlak olublar. Ermənistan problemin nizamlanması ilə bağlı BMT-nin, Avropa Şurasının qəbul etdiyi qətnamələrə məhəl qoymur və işğalçılıq siyasətini davam etdirir.
Görüşdən məmnun olduğunu bildirən Avstriya Parlamentinin deputatı Yohanes Hübner ölkəsində keçiriləcək parlament seçkilərindən danışdı və qeyd etdi ki, bununla əlaqədar parlamentlərarası dostluq qruplarının görüşü 2018-ci ildə nəzərdə tutula bilər. Sonra qonaq  əlaqələrimizin daha da inkişaf etdirilməsi üçün geniş potensialın mövcud olduğunu dedi. 
Söhbətdə iqtisadi, mədəni, humanitar sahələrdə əməkdaşlığın  dərinləşməsi və qarşılıqlı maraq doğuran bir sıra məsələlər barədə fikir mübadiləsi aparıldı.
Görüşdə Milli Məclisin deputatları Çingiz Qənizadə, Ülviyyə Ağayeva, Avstriya Parlamentinin deputatı Aksel Kasseger, və digər rəsmi şəxslər iştirak edirdilər. 

 

Milli Məclisin
Mətbuat xidməti

Müəllif hüquqları qorunur.
© Azərbaycan Respublikasının Milli Məclisi, 2007
İstifadə qaydaları | Ünvan | Linklər | Saytın xəritəsi