MİLLİ MƏCLİSİN 2017-Cİ İLDƏ SON İCLASI KEÇİRİLDİ

29/12/17

Dekabrın 29-da Milli Məclisin 2017-ci il payız sessiyasında son iclası keçirildi. İclası  Milli Məclisin Sədri Oqtay  Əsədov aparırdı.
Gündəliyin təsdiqindən sonra millət vəkilləri Fazil Mustafa, Fərəc Quliyev, Qüdrət Həsənquliyev, Zahid Oruc, Qənirə Paşayeva, Rasim Musabəyov,  Əflatun Amaşov, Aytən Mustafazadə, Tahir Kərimli,  Fuad  Muradov, Musa Qasımlı, Hikmət Məmmədov, İlham Əliyev ölkə  gündəmindəki  vacib  məsələlərlə bağlı  fikirlərini bildirdilər.
Sonra  gündəlikdəki  məsələlərin müzakirəsinə başlanıldı. 
Əvvəlcə Hüquq siyasəti və dövlət quruculuğu komitəsinin sədri Əli Hüseynli Naxçıvan Muxtar Respublikası Ali Məhkəməsi hakiminin təyin edilməsi haqqında məsələ ilə əlaqədar  məlumat verdi. Bildirildi ki,  ölkə Prezidenti tərəfindən Konstitusiyaya  müvafiq olaraq Qabil Neymət oğlu Məmmədovun Naxçıvan Muxtar Respublikasının Ali Məhkəməsini hakimi vəzifəsinə namizədliyi təqdim edilir. Komitə sədri müsbət fikirlərini bildirdikdən sonra namizədin təqdimatı  təsdiqləndi.
Sonra parlament Sədrinin birinci müavini, Müdafiə, təhlükəsizlik və korrupsiya ilə mübarizə komitəsinin sədri Ziyafət Əsgərov  “Azərbaycan Respublikası Silahlı Qüvvələri taqımlarının Türkiyə Cümhuriyyəti Silahlı Qüvvələrinin taburu tərkibində və NATO strukturlarının ümumi komandanlığı altında Əfqanıstanda yerləşdirilməsinə və müvafiq əməliyyatlarda iştirak etməsinə razılıq verilməsi haqqında” Milli Məclisin 2002-ci il 15 noyabr tarixli Qərarında dəyişikliklər edilməsi barədə sənədi  təqdim etdi.  Birinci vitse-spiker bildirdi ki, qərara təklif olunan dəyişiklik ölkəmizdə keçirilmiş sonuncu referendum nəticəsində Konstitusiyaya edilmiş dəyişikliklərlə bağlıdır. Vitse-spiker sənəddə aparılan redaktə xarakterli dəyişiklikləri şərh etdi. Sənəd səsə  qoyularaq  qəbul  edildi.
Ziyafət Əsgərov “Azərbaycan Respublikasının Silahlı Qüvvələri haqqında” qanun layihəsini üçüncü oxunuşda  təqdim etdi. Birinci vitse-spiker bildirdi ki, hal-hazırda qüvvədə olan qanun 1991-ci ildə qəbul olunmuşdur. Yeni qanun layihəsinin qəbul olunması zərurəti isə ölkəmizdə keçirilmiş sonuncu Referendum nəticəsində Konstitusiyaya edilmiş dəyişikliklərdən sonra yaranmışdır. Bu sənəd silahlı qüvvələrimizin hüquqi bazasının möhkəmləndirilməsi baxımından mühüm əhəmiyyətə malikdir. Qanun layihəsi çərçivə xarakterlidir və ümumi prinsipləri müəyyən edir.  Ziyafət  Əsgərov  sənədin əvvəlki oxunuşlarda müzakirəsindən sonra aparılan  dəyişiklikləri  diqqətə  çatdırdı. Qanun layihəsi səsvermə yolu ilə təsdiqləndi.
Beynəlxalq münasibətlər və  parlamentlərarası  əlaqələr komitəsinin sədri  Səməd  Seyidov  “Azərbaycan Respublikası ilə Türkmənistan arasında strateji tərəfdaşlıq haqqında Bəyannamənin təsdiq edilməsi barədə” qanun layihəsini  təqdim etdi.  O, sənədin əhəmiyyəti və qardaş ölkələrlə strateji əlaqələrin genişləndirilməsi  sahəsində  görülən işlərdən danışdı. Millət vəkilləri Bəyannaməni  səsvermə yolu ilə təsdiqlədilər. 
 İqtisadi siyasət, sənaye və sahibkarlıq komitəsinin sədri Ziyad Səmədzadə “Azərbaycan Respublikası Hökuməti ilə Türkmənistan Hökuməti arasında dəniz ticarət gəmiçiliyi sahəsində əməkdaşlıq haqqında” Sazişin təsdiq edilməsi barədə sənədlə əlaqədar məlumat  verdi. Saziş  səsə qoyularaq  qəbul  edildi.
Sonra Aqrar siyasət komitəsinin sədri Eldar İbrahimov “Azərbaycan və Türkmənistan Hökuməti arasında bitki karantini sahəsində əməkdaşlıq haqqında” Sazişin təsdiq edilməsi barədə qanun  layihəsini  təqdim etdi. Komitə  sədri hazırda dünyada ətraf  mühitin qorunması, bitki və heyvan sağlamlığının mühafizəsi sahəsində görülən işlərə dəstək olaraq belə bir sənədin qəbul edilməsinin zəruriliyini vurğuladı.  Sənəd  səsə  qoyularaq  təsdiqləndi.
I vitse-spiker Ziyafət Əsgərov “Azərbaycan Respublikası Hökuməti ilə Türkmənistan Hökuməti arasında mülki müdafiə, fövqəladə halların qarşısının alınması və aradan qaldırılması sahəsində əməkdaşlıq haqqında” Sazişin təsdiq edilməsi barədə qanun layihəsini təqdim etdi. Sənədlə bağlı məlumatda bildirildi ki, qanun layihəsi 18 maddədən ibarətdir. Sazişdə hər iki tərəflə əməkdaşlıq edəcək orqanların adları, əməkdaşlığın formaları, yardımın növləri və digər məsələlər öz əksini tapır. Saziş müddətsiz olaraq bağlanıb. Qanun layihəsi səsvermə yolu ilə təsdiq  edildi.
Sonra Regional məsələlər komitəsinin sədri Arif Rəhimzadə “Bələdiyyələrin statusu haqqında”, “Bələdiyyə torpaqlarının idarə edilməsi haqqında” qanunlarda dəyişikliklər edilməsi barədə sənədləri birlikdə  şərh etdi.  Qeyd olundu ki, hər iki sənəddə dəfn mərasimləri ilə əlaqədar bələdiyyələrin vəzifələri müəyyənləşdirilir. Sənəddə qəbristanlıqların salınması və idarə olunmasında bələdiyyələrin üzərinə düşən vəzifələrin müvafiq icra hakimiyyəti orqanı tərəfindən müəyyən edilmiş qaydalara uyğun həyata keçirilməsini təmin etmək məqsədi ilə bəzi dəyişikliklər edilib. Bildirildi ki, qanunun 7.2-ci maddəsinə təklif edilən dəyişikliyə əsasən qəbristanlıqların yerləşdiyi bələdiyyə torpaqları xüsusi mülkiyyətə verilə bilməz. Qanun layihələri ayrı-ayrılıqda  səsə qoyularaq  təsdiqləndi.
İqtisadi siyasət, sənaye və sahibkarlıq komitəsinin sədri Ziyad Səmədzadə Gömrük Məcəlləsində dəyişikliklər edilməsi haqqında sənədlə bağlı məlumat verdi. Qeyd edildi ki, qanunvericiliyin dəqiqləşdirilməsi, gömrük nəzarəti zamanı şəxsi yoxlamanın (videoçəkilişdən istifadə etməklə şəxsi  yoxlamanın aparılması) ilə bağlı məsələləri  tənzimləmək məqsədi ilə hazırlanmışdır.  Qanunla  bağlı hal şahidlərinin iştirakı yalnız şəxsi yoxlama zamanı videoçəkilişdən istifadə  edilmədiyi  hallarda məcburi  olacaq. Eyni zamanda  şəxsi yoxlama  zamanı şəxsin soyundurulması zərurəti yarandığı hallarda  videoçəkilişdən istifadəyə yol verilməyəcək. Müzakirələrdən sonra  sənəd  səsvermə  yolu ilə təsdiqləndi.
Sonra Ziyad Səmədzadə “Sahibkarlıq fəaliyyəti haqqında” qanunda dəyişiklik edilməsi barədə sənədi şərh  etdi. Qeyd  olundu ki, qanun layihəsi sahibkarlıq subyektlərinə dövlət dəstəyi və güzəştlərin tətbiqinin səmərəliliyini  artırmaq  üçün onların mikro, kiçik, orta və iri sahibkarlıq  subyektləri  üzrə  təsnifləşdirilməsi  məqsədi ilə  hazırlanmışdır. Sənəd  səsvermə yolu ilə təsdiqləndi.
Sonra Əmək və sosial siyasət komitəsinin sədri Hadi Rəcəbli “Turizm haqqında” qanunda dəyişiklik edilməsi barədə sənədi  şərh etdi. Komitə sədri bildirdi ki, sənəddə aparılan dəyişiklik Miqrasiya Məcəlləsinə uyğunlaşdırma xarakteri daşıyır. Qanunun 7.1-ci (Turizm vizası) maddəsinə edilmiş əlavəyə əsasən, elektron vizanın verilməsi ilə bağlı müraciətə ən geci 3 iş günü müddətində baxılır, imtina üçün əsas olmadıqda viza rəsmiləşdirilərək müraciət etmiş şəxsin elektron poçt ünvanına göndərilir. Viza verilməsindən imtina edildikdə, müraciət etmiş şəxsin elektron poçt ünvanına bu barədə məlumat göndərilir. Bəndə edilən əlavəyə əsasən, elektron vizanın sürətləndirilmiş qaydada alınması üçün müraciət edildikdə buna ən geci 3 saat müddətində baxılacaq. Komitə sədri yeni əlavənin çox əhəmiyyətli və vacib olduğunu vurğuladı, dəyişikliyin turizmin  inkişafına, bu sahənin  daha  da  təkmilləşdirilməsinə xidmət  edəcəyini qeyd etdi. Bildirildi ki,  bu yenilik əcnəbilərin  və vətəndaşlığı olmayan şəxslərin  ölkəyə  gəliş-gedişini  asanlaşdırmış olacaq.  Sənəd  səsə  qoyularaq  təsdiqləndi.
Hüquq siyasəti və dövlət quruculuğu komitəsinin sədri Əli Hüseynli Miqrasiya Məcəlləsində dəyişiklik edilməsi haqqında sənədlə bağlı  danışarkən bildirdi ki, təklif olunan dəyişikliklər əcnəbilərin və vətəndaşlığı olmayan şəxslərin ölkəyə gediş-gəlişi zamanı çoxdəfəlik  vizaların verilməsini vahid elektron portalın vasitəsilə sürətləndirmək  xarakteri  daşıyır.  Qeyd  edildi ki, sənəddə  bunun üçün 90 gün müddət  nəzərdə  tutulur. Sənəd  səsə qoyularaq  təsdiqləndi.
Sonra Əli Hüseynli “Yol hərəkəti haqqında” qanunda təklif  olunan dəyişiklikləri şərh  edərkən  bildirdi ki, bu, ötən il qəbul edilmiş “Avtomobil yolları haqqında” qanuna edilmiş dəyişikliklərə uyğunlaşdırma  xarakteri daşıyır.  Dəyişikliklər  redaktə xarakterlidir.  Bu sənəddə  də  səsə  qoyularaq  təsdiq edildi.
Əli Hüseynli “Dövlət qulluğu haqqında” qanuna edilmiş dəyişikliklər barəsində məlumat verdi. Qeyd edildi ki, ölkə Prezidentinin  xarici ölkələrdə fəaliyyət göstərən Azərbaycan səfirlik və konsulluqlarında ticarət nümayəndəliklərinin təmin edilməsi barədə müvafiq  fərmanı var. Sənəddən irəli gələn prinsiplər bir neçə ölkədə həyata keçirilib. Təklif olunan dəyişikliklər bu ticarət  nümayəndəliklərində aparatların yaradılması və orada çalışanların “Dövlət  qulluğu haqqında” qanuna uyğun olaraq təminatlarının yaradılması ilə bağlıdır. Qanun  layihəsi  səsə  qoyularaq  təsdiq  edildi. 

Məlumat verildi ki, “Dövlət qulluğu haqqında” Qanuna təklif olunan digər dəyişikliklərə görə isə qanuna “Dövlət qulluqçusunun şəxsi işi” və “Dövlət qulluqçusunun xidməti vəsiqəsi” adlı yeni maddələr əlavə olunur. Bu maddələr dövlət qulluqçusunun şəxsi işinin aparılması qaydaları və xidməti vəsiqəsi ilə bağlı normaları tənzimləyəcək. Bu dəyişikliklər də səsə qoyularaq təsdiqləndi. 
Əli Hüseynli İnzibati Xətalar Məcəlləsində edilən dəyişiklikləri də diqqətə çatdırdı. Qeyd edildi ki, sənəddəki dəyişikliklər texniki  xarakterlidir. Sənəd  səsvermə  yolu ilə təsdiq  edildi.
Sonra Ziyad Səmədzadə “Banklar haqqında” qanunda dəyişikliklər edilməsi barədə sənədi təqdim etdi. Bildirildi ki, burada dəyişikliklər bankların öhdəliklərinin könüllü restrukturizasiyası prosesinin müddətinin  uzadılması imkanının artırılması məqsədi ilə hazırlanmışdır.  Bu müddəa bu qanun qüvvəyə mindiyi tarixədək başlanılmış restrukturizasiya proseslərinə də şamil olunacaqdır. Sənəd səsvermə yolu ilə qəbul  edildi.
İclasda millət vəkili Məlahət İbrahimqızı “Dünya azərbaycanlılarının həmrəyliyi günü münasibəti ilə Azərbaycan Respublikası Milli Məclisinin Müraciəti”nin mətnini oxudu. Müraciət  təsdiq  edildi. 
İclasın sonunda Milli Məclisin  Sədri  Oqtay Əsədov  2017-cı il payız sessiyasının sona çatması ilə əlaqədar yekun çıxış etdi. Spiker  dedi: “Hörmətli deputatlar!
Milli Məclisin payız sessiyasının sonuncu iclası başa çatır. Eyni zamanda, biz qanunvericilik ilinə yekun vururuq. Görülmüş işlər belə deməyə əsas verir ki, bu bir ildə parlament səmərəli fəaliyyət göstərmişdir. 24 iclas keçirilmiş,  472 qanun və qərar qəbul edilmişdir.
Milli Məclis Konstitusiya ilə nəzərdə tutulan qanunvericilik səlahiyyətlərini tam həcmdə yerinə yetirmişdir. Prezident İlham Əliyevin rəhbərliyi ilə həyata keçirilən quruculuq işlərinin hüquqi mexanizmi daha da təkmilləşdirilmişdir.  
Parlamentin beynəlxalq əlaqələrinin inkişafı sahəsində mühüm işlər görülmüşdür. Nümayəndə heyətlərimiz beynəlxalq təşkilatların fəaliyyətində yaxından iştirak etmişlər. İl ərzində 50-dən çox ölkəyə 180-ə qədər səfər həyata keçirilmişdir. Millət vəkillərimiz Türkmənistanda keçirilən Prezident seçkilərini, Qazaxıstanda və Bolqarıstanda keçirilən parlament seçkilərini, Türkiyədə keçirilən referendumu müşahidə etmişlər.
Bu il 65-dən çox xarici dövlətin və  beynəlxalq təşkilatın 150-dən artıq nümayəndə heyəti Milli Məclisdə olmuşdur. Beynəlxalq təşkilatların xətti ilə 5 beynəlxalq tədbirə ev sahibliyi edilmişdir.
Beləliklə, Milli Məclis 2017-ci ili uğurla başa çatdırır. Bununla əlaqədar mən bütün millət vəkillərinə səmərəli fəaliyyətlərinə görə təşəkkür edirəm.
Xalqın maraqları və tələbatı üzərində qurulan siyasətinə görə cənab Prezidentə minnətdarlığımızı bildirirəm. Qarşıdan gələn bayramlar – Dünya azərbaycanlılarının həmrəyliyi günü və Yeni il münasibəti ilə onu və ailəsini Milli Məclis adından səmimi qəlbdən təbrik edirəm, dəyərli fəaliyyətində ona yeni-yeni uğurlar arzulayıram!
Bayramlar münasibəti ilə bütün deputat həmkarlarımı ürəkdən təbrik edirəm, hər birinizə can sağlığı, səadət, parlament fəaliyyətində yeni nailiyyətlər diləyirəm. 
Əminəm ki, qarşıdakı dövrdə Milli Məclis əldə etdiyi uğurları daha da artıracaqdır.”
Spiker Milli Məclisin payız sessiyasını bağlı elan etdi.
Dövlət  himni  səsləndirildikdən sonra Milli Məclisin payız sessiyası   öz  işini başa çatdırdı.


Milli Məclisin
Mətbuat  xidməti

 

 

 

 

 

 

 

 


 

Müəllif hüquqları qorunur.
© Azərbaycan Respublikasının Milli Məclisi, 2007
İstifadə qaydaları | Ünvan | Linklər | Saytın xəritəsi