AVROPA ŞURASININ ANTİDOPİNQ KONVENSİYASININ MONİTORİNQ QRUPU MİLLİ MƏCLİSDƏ

07/02/18

Fevralın 7-də Milli Məclisdə Gənclər və idman komitəsinin üzvləri ölkəmizdə səfərdə olan Avropa Şurasının Antidopinq Konvensiyası üzrə Monitorinq Qrupu ilə görüşdülər.
Qonaqlara geniş məlumat verən komitənin sədri Fuad Muradov bildirdi ki, idman sahəsində mühüm nailiyyətlərə imza atan, mötəbər beynəlxalq yarışlara ev sahibliyi edən Azərbaycanda antidopinqin vacibliyi daim diqqətdə saxlanılır. Ölkəmiz müvafiq beynəlxalq konvensiyalara qoşulub. Antidopinqlə bağlı milli qanunvericilik bazası yaradılıb, 2016-cı ildə müvafiq qanun qəbul olunub. Dövlət qurumları milli və regional antidopinq təşkilatları ilə sıx əməkdaşlıq şəraitində çalışır, dopinqdən istifadəyə qarşı mübarizədə ciddi addımlar atılır. Bu, idmançıların sağlamlığının qorunması baxımından da olduqca vacibdir.
Görüşdə Ümumdünya Antidopinq Agentliyi üzrə ad-hoc Avropa Komitəsinin (CAHAMA) sədri, Polşanın idman və turizm naziri ofisinin direktor müavini  Rafal Piechota antidopinq sahəsində Azərbaycan qanunvericiliyinin müsbət nailiyyətləri olduğunu xüsusi vurğuladı. Səfərin məramını açıqlayaraq bildirdi ki, burada həyata keçirilən antidopinq proqramları və layihələri ilə tanışlıqdan sonra hesabat hazırlanacaq və Monitorinq qrupunun mayda keçiriləcək iclasına təqdim olunacaq.
Ümumdünya Antidopinq Agentliyinin Milli və Regional Antidopinq Təşkilatları ilə əlaqələri üzrə direktor müavini Tom May qeyd etdi ki, müvafiq qanunların qəbul olunaraq həyata keçirilməsində, əməkdaşlıq əlaqələrinin qurulmasında Azərbaycanda rast gəlinən sürət  heyranlıq yaradır. Bu baxımdan Azərbaycan digər ölkələrə nümunə ola bilər.
Söhbət zamanı Avropa Şurası İdman Konvensiyaları bölməsinin Antidopinq Konvensiyası üzrə layihə meneceri Liene Kozlovska, deputat Rauf Əliyev fikirlərini bölüşdülər.
Monitorinq Qrupu ilə görüşdə Azərbaycandakı antidopinq qanunvericiliyi, siyasəti və mövcud vəziyyət təhlil edildi.


 
 Milli Məclisin
Mətbuat xidməti


Müəllif hüquqları qorunur.
© Azərbaycan Respublikasının Milli Məclisi, 2007
İstifadə qaydaları | Ünvan | Linklər | Saytın xəritəsi