MOHAMED ABDALLA İDRİS MOHAMED: “SUDAN AZƏRBAYCANIN ƏRAZİ BÜTÖVLÜYÜNÜ DƏSTƏKLƏYİR”

06/04/18

Aprelin 6-da Milli Məclisin Sədri Oqtay Əsədov ölkəmizdə səfərdə olan Sudan Respublikasının Xarici İşlər üzrə dövlət naziri Mohamed Abdalla İdris Mohamedin başçılıq etdiyi nümayəndə heyəti ilə görüşdü.
Spiker qonaqları salamlayaraq dedi ki, Sudan nümayəndə heyətinin  Qoşulmama Hərəkatının nazirlər konfransında iştirak etmək üçün ölkəmizə səfərini və Milli Məclisdə görüşünü yüksək qiymətləndiririk. Azərbaycanla Sudan arasında siyasi, iqtisadi, humanitar və mədəni sahələrdə əməkdaşlıq hər iki ölkənin maraqlarına xidmət edir. Əməkdaşlığımızın yüksəlməsi, heç şübhəsiz, münasibətlərimizin daha da dərinləşməsinə öz töhfəsini verəcəkdir.
Sədr  görüşdə salamlarını Sudan Milli Assambleyasının sədrinə və Vilayət Məclisinin spikerinə çatdırmağı xahiş etdi. Bildirildi ki, Azərbaycan onun dövlət müstəqilliyini ilk tanıyan Afrika dövlətlərindən biri kimi Sudanla həyatın müxtəlif sahələrində münasibətlərin dərinləşməsinə böyük önəm verir. Bu sahədə siyasi iradənin mövcudluğu əlaqələrimizin gələcəyinə böyük ümidlərlə baxmağa zəmin yaradır.
İqtisadi sahədə  əməkdaşlığımızı daha da möhkəmləndirmək üçün potensial imkanlar mövcuddur.  Humanitar, elm, təhsil sahələrində də mövcud ənənələri inkişaf etdirmək üçün yaxşı imkanlar vardır.
Bu gün nümayəndə heyətlərimiz BMT, İslam Əməkdaşlıq Təşkilatı, İSESCO, Qoşulmama Hərəkatı kimi beynəlxalq qurumlar  çərçivəsində əməkdaşlıq edirlər.
Biz parlamentlər səviyyəsində münasibətlərimizi inkişaf etdirmək niyyətindəyik.  Hər iki ölkənin qanunvericilik orqanlarında, zənnimizcə, dostluq qruplarının yaradılması parlamentlərarası əlaqələrimizin inkişafına dəyərli töhfə vermiş olardı.  Çünki bu qruplar qanunverici orqanlar arasında körpü rolunu oynayır.
Azərbaycan ictimaiyyəti 2014-cü ilin sentyabrında Sudan Milli Assambleyasının Xarici əlaqələr komitəsi tərəfindən Xocalı soyqırımı ilə əlaqədar qəbul edilmiş qərarı həmişə minnətdarlıq hissi ilə xatırlayır.
Biz Azərbaycan üçün ən ağrılı problem olan Dağlıq Qarabağ məsələsində Sudanın ölkəmizin ərazi bütövlüyünü dəstəkləməsini yüksək qiymətləndiririk.  İnanırıq ki, Sudan nümayəndə heyətinin ölkəmizə səfəri tərəfləri maraqlandıran məsələlərin müzakirəsi  baxımından önəmli olacaqdır.
Azərbaycan tərəfi 2025-ci ildə Bakının Beynəlxalq Sərgilər Bürosunun Ümumdünya Sərgisinə ev sahibliyi etmək məsələsində Sudan hökumətinin dəstəyinə ümid edir.
Səmimi qəbul üçün minnətdarlığını bildirən Sudan Respublikasının Xarici İşlər üzrə dövlət naziri Mohamed Abdalla İdris Mohamed  Bakıda Qoşulmama Hərəkatının nazirlər konfransında iştirakından və səfər çərçivəsində keçirdiyi görüşlərdən məmnun qaldığını söylədi. Bildirildi ki,  belə tədbirlərdə nümayəndə heyətlərinin görüşləri və aparılan fikir mübadiləsi ümumi məqsədlərə xidmət edir. Qonaq ölkəsinin Azərbaycanla siyasi, mədəni, humanitar sahələrdə əməkdaşlığın daha da dərinləşməsində maraqlı olduğunu söylədi.  O, dedi ki, təmsil etdiyi ölkə Azərbaycanın ərazi bütövlüyünü həmişə dəstəkləmiş və bundan sonra da dəstəkləyəcəkdir.
Söhbətdə tərəfləri maraqlandıran məsələlər ətrafında fikir mübadiləsi aparıldı.
Görüşdə Milli Məclis Aparatının rəhbəri Səfa Mirzəyev, Sudanın ölkəmizdəki səfiri  Abbas Mustafa Əhməd Abdallay və digər rəsmi şəxslər iştirak edirdilər.

Milli Məclisin
Mətbuat xidməti

Müəllif hüquqları qorunur.
© Azərbaycan Respublikasının Milli Məclisi, 2007
İstifadə qaydaları | Ünvan | Linklər | Saytın xəritəsi