MİLLİ MƏCLİSDƏ QƏBUL

11/09/19

Sentyabrın 11-də Milli Məclisin Sədri Oqtay Əsədov ölkəmizdə səfərdə olan Avropa Şurası Parlament Assambleyasının (AŞPA) prezidenti xanım Lilian Mori Paskieni qəbul etdi.
Sədr qonağı salamlayaraq bu səfərin ikitərəfli münasibətlərin daha da inkişaf etməsinə təkan verəcəyinə inamını söylədi. Bildirildi ki, Azərbaycan AŞPA ilə hərtərəfli əlaqələrin dərinləşməsinə böyük önəm verir. 2001-ci ilin yanvarından Avropa Şurasına tamhüquqlu üzv olan Azərbaycan hüquqi, demokratik dövlət quruculuğu prosesində Avropa Şurası və onun qurumlarının dəstəyini hiss etmişdir. Qarşılıqlı əməkdaşlıq istiqamətində ötən dövr ərzində xeyli işlər görülmüşdür. Təəssüf ki, bəzən müəyyən anlaşılmazlıq və ermənilərin məqsədlərinə xidmət edən lobbiçilik fəaliyyəti göstərən bir sıra deputatların qərəzli hərəkətləri ucbatından qurumda bir sıra məsələlərə “ikili standartlarla” yanaşmanın şahidi oluruq. Biz inanırıq ki, gələcəkdə belə xoşagəlməz hallar aradan qalxacaq, müzakirə doğura biləcək məsələlər ətrafında fikir mübadiləsi aparmaq üçün normal şərait yaranacaqdır.
Sədr qeyd etdi ki, ölkəmizdə bütün istiqamətlər üzrə islahatlar uğurla davam etdirilir.  Azərbaycanda Avropa hüquq sisteminin təməl prinsiplərini özündə əks etdirən qanunvericilik bazası formalaşdırılmışdır. Ölkədə imzalanmış 65 əfv sərəncamına və 11 amnistiya aktına uyğun olaraq 40 min nəfər məhkum cəzaçəkmə müəssisələrindən azadlığa buraxılmışdır. Azərbaycan Prezidentinin cari ilin martında imzaladığı əfv fərmanı 431 nəfərə şamil olunmuşdur.
Ölkəmizdə etnik və dini  tolerantlıq hökm sürməkdədir. Məscidlər, kisələr, sinaqoqlar dinc fəaliyyət göstərir. Biz gələcəkdə də AŞPA, o cümlədən bütün beynəlxalq təşkilatlarla əməkdaşlığın genişləndərilməsində maraqlıyıq.
Səmimi qəbul üçün minnətdarlığını bildirən AŞPA prezidenti xanım Lilian Mori Paskie təmsil etdiyi qurumun ölkəmizlə əlaqələrin  inkişafında maraqlı olduğunu söylədi. Bildirildi ki, azərbaycanlı deputatlar  təşkilatın struktur qurumlarında və keçirilən tədbirlərdə daim fəal iştirak edir, müzakirə olunan məsələlərə öz münasibətlərini bildirir, maraq doğuran əhəmiyyətli təkliflərlə çıxış edirlər. Qonaq AŞPA-nın xətti ilə ölkəmizə səfər edən təşkilat nümayəndələrinə yaradılan şəraitə görə Milli Məclisin  rəhbərliyinə öz təşəkkürünü bildirdi.
Söhbətdə tərəfləri maraqlandıran məsələlər ətrafında geniş fikir mübadiləsi aparıldı.
Görüşdə Milli Məclisin Beynəlxalq münasibətlər və parlamentlərarası əlaqələr komitəsinin sədri, AŞPA-da daimi nümayəndə heyətimizin başçısı Səməd Seyidov,  parlament Aparatının rəhbəri Səfa Mirzəyev və digər rəsmi şəxslər iştirak edirdilər.

Milli Məclisin
Mətbuat xidməti

Müəllif hüquqları qorunur.
© Azərbaycan Respublikasının Milli Məclisi, 2007
İstifadə qaydaları | Ünvan | Linklər | Saytın xəritəsi