MİLLİ MƏCLİSİN İCLASINDA

08/10/19

Oktyabrın 8-də Milli Məclisin növbəti iclası keçirildi. İclası aparan Milli Məclisin Sədri Oqtay Əsədov əvvəlcə Azərbaycan Prezidenti İlham Əliyevin “Əli Hidayət oğlu Əsədovun Azərbaycan Respublikasının Baş Naziri vəzifəsinə təyin edilməsinə razılıq verilməsi haqqında”  parlamentə  ünvanlandığı təqdimatı oxudu.
Spiker qeyd etdi ki, Baş nazir Novruz Məmmədov vəzifəsindən azad edilməsi ilə bağlı Prezident İlham Əliyevə müraciət edib. Baş Nazir postuna yeni namizəd Əli Əsədov hansı vəzifədə çalışmasından asılı olmayaraq bilik və bacarığını işə sərf edən, iqtisadi məsələlərə dərindən bələd olan mütəxəssisdir. Əminəm ki, Prezident İlham Əliyevin bu seçimi dövlətimiz, xalqımız üçün uğurlu olacaq.
Millət  vəkilləri  Siyavuş Novruzov, Vahid Əhmədov,  Hikmət  Məmmədov, Fəzail Ağamalı  Əli Əsədovun müsbət insani  keyfiyyətlərə, yüksək savada, dərin iqtisadi biliklərə malik, dövlətə  və dövlətçiliyə sadiq bir  mütəxəssis olması barədə fikirlərini  söylədilər.
Müzakirələrdən sonra məsələ səsə qoyuldu və Milli Məclis Əli Əsədovun Azərbaycanın baş naziri təyin edilməsinə razılıq verdi.
Əli Əsədov  çıxış  edərək  ölkədəki iqtisadi   yüksəlişdən söz  açdı, ona göstərilən etimada görə  ölkə  rəhbərliyinə təşəkkür etdi. O, çıxışında  bu böyük etimadı  doğruldacağı ilə bağlı əlindən gələni  əsirgəməyəcəyini dedi: “Son illərdə ölkədə sosial problemlərin həllində böyük uğurlar əldə edilib, sosial müdafiə sistemi beynəlxalq standartlara uyğun yenidən qurulub, sosial yardım və müavinətlər artırılıb. Uğurlu sosial siyasət nəticəsində əmək haqqı 2,4 dəfə, pensiyalar 3 dəfə yüksəlib. Vətənin ərazi bütövlüyü uğrunda canından keçmiş şəhid ailələri, müharibə əlilləri, xüsusi qayğıya ehtiyacı olan şəxslər, o cümlədən məcburi köçkünlər, ahıllar, uşaqlar daim ölkə rəhbərliyi tərəfindən diqqət mərkəzində saxlanılır. Bu insanlara Birinci vitse-prezident Mehriban xanım Əliyeva xüsusi məhəbbət və mərhəmətlə qayğı göstərir. Azərbaycanın dayanıqlı və çoxşaxəli inkişafı dövlətin bütün qollarının ahəngdar və bərabər fəaliyyətindən asılıdır. Bu gün bu yüksək tribunada, Azərbaycan xalqının hüzurunda, hörmətli deputatlar, Sizin qarşınızda çıxış edərək Prezident İlham Əliyev tərəfindən qarşıya qoyulan bütün vəzifələri layiqincə yerinə yetirəcəyimə söz verirəm”.
Sonra  gündəlikdəki digər məsələlərin  müzakirəsinə  başlanıldı. Hüquq siyasəti və dövlət quruculuğu komitəsinin sədri Əli Hüseynli “Azərbaycan Respublikasının Konsul Nizamnaməsinin təsdiq edilməsi haqqında”, “Notariat haqqında”, “Dövlət rüsumu haqqında” qanunlarda və Mülki Məcəllədə dəyişiklik edilməsi barədə sənədləri  üçüncü  oxunuşda  təqdim etdi. Bildirildi ki,  notariat  hərəkətlərinin aparılması sahəsində  yeni müasir  texnologiyaların tətbiqi,   notariat  elektron  məlumat bazasının  yaradılması  informasiya  sistemi vasitəsilə  fiziki və hüquqi  şəxslərə daha çevik və keyfiyyətli  hüquqi  xidmətlərin  göstərilməsinə, dövlət qurumları tərəfindən  tələb edilən  rəsmi sənəd  və arayışların  sayının azaldılmasına  və bununla  da həmin qurumlara müraciət  edilməsi  zərurətinin aradan qaldırılmasına  xidmət  edir.  Təqdim olunan  qanun layihəsindən irəli gələn dəyişikliklər  texniki xarakter  daşıyır və “Notariat  haqqında” qanunda  dəyişiklik edilməsi barədə  2018-ci il  15 noyabr  tarixli  qanuna  uyğunlaşdırma  çərçivəsində  hazırlanmışdır.  Əli Hüseynli  müvafiq  qaydada İnzibati Xətalar Məcəlləsində dəyişikliyin edilməsinin  də  eyni xarakterli olduğunu  qeyd etdi.  Hər iki məsələ səsvermə yolu ilə təsdiqləndi. 
Əli Hüseynli  “Azərbaycan Respublikasının Dövlət bayrağı haqqında” və “Azərbaycan Respublikası Dövlət bayrağının istifadəsi qaydaları haqqında” qanunlarda dəyişiklik edilməsi barədə sənədləri də  üçüncü oxunuşda təqdim etdi. Bildirildi ki, sənəd  “Dövlət  bayrağının təsvirinin təsdiq  edilməsi haqqında” Konstitusiya  qanununa uyğunlaşdırma  xarakteri daşıyır və qanunun ötən dəfəki  müzakirəsi  zamanı  millət  vəkilləri  tərəfindən  səsləndirilən təkliflər  nəzərə alınıb. Sənəd  səsə  qoyularaq  qəbul edildi.
Ailə, qadın  və uşaq məsələləri  komitəsinin sədri Aqiyə Naxçıvanlı  gündəlikdəki növbəti iki məsələ - “Uşaq hüquqları haqqında”, “Narkoloji xidmət və nəzarət haqqında”, “Gənclər siyasəti haqqında”, “Yetkinlik yaşına çatmayanların baxımsızlığının və hüquq pozuntularının profilaktikası haqqında”, “İnsan alverinə qarşı mübarizə haqqında”, “Azərbaycan Qızıl Aypara Cəmiyyəti haqqında”, “Təhsil haqqında” qanunlarda dəyişiklik edilməsi barədə və “Məişət zorakılığının qarşısının alınması haqqında”, “Sosial xidmət haqqında”, “Dağınıq skleroz xəstəliyinə tutulmuş şəxslərə dövlət qayğısı haqqında”, “Həbs yerlərində saxlanılan şəxslərin hüquq və azadlıqlarının təmin edilməsi haqqında”, “Peşə təhsili haqqında” qanunlarda dəyişiklik edilməsi barədə qanun layihələrini üçüncü oxunuşda şərh etdi. Bu sənədlərdə edilən dəyişikliklərin “Psixoloji yardım haqqında” 2018-ci il 7 dekabr  tarixli  qanuna uyğunlaşdırmaq məqsədi  ilə  edildiyi vurğulandı. Sənədlər  ayrı-ayrılıqda  səsə  qoyularaq  təsdiqləndi. 
 Sonra Əli Hüseynli Cəzaların İcrası, Miqrasiya və İnzibati Xətalar Məcəllələrində dəyişiklik edilməsi haqqında qanun layihələrində “Psixoloji yardım haqqında”  qanuna uyğunlaşdırmaq məqsədi  ilə aparılan dəyişiklikləri  üçüncü  oxunuşda diqqətə çatdırdı.  Qanun layihələri   səsvermə yolu ilə təsdiq edildi.
Milli Məclis  Sədrinin müavini, Təbii ehtiyatlar, energetika  və ekologiya  komitəsinin sədri  Valeh Ələsgərov  “Yerin təki haqqında”, “İstehsalat və məişət tullantıları haqqında”, “Qaz təchizatı haqqında”, “Tikinti və infrastruktur obyektləri ilə əlaqədar investisiya layihələrinin xüsusi maliyyələşmə əsasında həyata keçirilməsi haqqında” və “Energetika haqqında” qanunlarda dəyişiklik edilməsi barədə sənədləri ikinci oxunuşda  şərh etdi. Komitə  sədri vurğuladı ki, qanun layihələrində  yerin təkindən istifadə, faydalı qazıntıların çıxarılması zamanı ətraf mühitə təsirin qiymətləndiriməsi,  yerin təkindən istifadə hüquqlarının  dayandırılması və ləğvinin əsasları,  bu sahədə  sənədlərin  rəsmiləşdirilməsi qaydaları, yerin təkindən istifadə  hüququ verən  icazənin qüvvəsi dəqiqləşdirilir. Vitse-spiker  qanunun ilk oxunuşda  müzakirəsi  zamanı  səsləndirilən təkliflərin də nəzərə alındığını bildirdi. Sənəd səsə qoyularaq təsdiq edildi.
 Əli Hüseynli “Narkotik vasitələrin, psixotrop maddələrin və onların prekursorlarının dövriyyəsi haqqında” qanunda dəyişiklik edilməsi barədə sənədi ikinci oxunuşda  müzakirəyə çıxardı. Qeyd  edildi ki,  qanun layihəsi ölkə ərazisində narkomaniya  və narkotik vasitələrin  qanunsuz  dövriyyəsi  ilə mübarizə sahəsində  hüquqi məsələləri tənzimləyən  qanunvericilik bazasının  təkmilləşdirilməsi,  müvafiq  hüquqi normaların  dəyişən şəraitə və  tələblərə uyğunlaşdırılması  məqsədi ilə hazırlanmışdır. Sənəd səsə qoyularaq məqbul hesab edildi.
Milli Məclis Sədrinin birinci müavini, Müdafiə, təhlükəsizlik və korrupsiya ilə mübarizə komitəsinin sədri Ziyafət Əsgərov “Hərbi qulluqçuların dövlət icbari şəxsi sığortası haqqında” və “Əmək pensiyaları haqqında” qanunlarda dəyişiklik edilməsi barədə  sənədlərin təqdimatında  vurğuladı ki, layihələr 2018-ci il 12 oktyabrda qəbul edilmiş “Hərbi  vəzifə və xidmət  keçmə haqqında”  qanuna  dəyişiklik edilməsi  barədə sənədə uyğunlaşdırılır. Qanun layihələri səsə qoyularaq təsdiqləndi 
İclasda Ziyad Səmədzadənin təqdimatı ilə ikinci oxunuşda  “Lisenziyalar və icazələr haqqında” qanunda edilən texniki xarakterli dəyişikliklərə də  baxıldı. Sənəd  səsvermə  yolu ilə təsdiqləndi.
Əli Hüseynli  “Bakı Dövlət Universitetinin 100 illiyi (1919-2019)” yubiley medalının təsis edilməsi ilə əlaqədar “Azərbaycan Respublikasının orden və medallarının təsis edilməsi haqqında” qanunda dəyişiklik edilməsi barədə qanun layihəsini ikinci oxunuşda  müzakirəyə təqdim etdi. Bildirildi ki, bu Azərbaycan Xalq  Cümhuriyyətinin 100 illiyi ərəfəsində təsis edilən medallardan biridir. Sənəd  razılıqla  qarşılandı.
İclasda  “Dövlət rüsumu haqqında” qanunda dəyişiklik edilməsi barədə sənəd ikinci oxunuşda  müzakirəyə çıxarıldı. İqtisadi siyasət, sənaye və sahibkarlıq komitəsinin sədri Ziyad Səmədzadə bildirdi ki, qanun layihəsi parlamentdə birinci oxunuşda  ətraflı müzakirə ediləndən  sonra  komitəyə heç bir yeni  təklif daxil olmayıb. Bu  sənəd də səsə  qoyularaq  təsdiqləndi.
Sonra  “Azərbaycan Respublikası vətəndaşlarının qanunvericilik təşəbbüsü hüququndan istifadə etməsi qaydası haqqında” qanun layihəsinə  ikinci oxunuşda  baxıldı.  Əli Hüseynli bildirdi ki, sənəd  ölkə Konstitusiyasının  94-cü  maddəsinin  1-ci bəndinə və 96-cı  maddəsinin VI hissəsinə uyğun olaraq  ölkə vətəndaşlarının qanunvericilik  təşəbbüsü  hüququndan  istifadə  qaydalarını  müəyyən edir  və bu sahədə  yaranan münasibətləri tənzimlənir.  Komitə  sədri vurğuladı ki, qanunun  parlamentdə  ötən dəfəki müzakirəsindən sonra sənədlə bağlı  ictimai  dinləmələr  keçirilib və daxil olan  maraqlı təkliflər  dəyərləndirilib.  Layihə bütövlükdə və maddə-maddə  səsə  qoyularaq  təsdiq  edildi.
Bununla  da Milli Məclis  bugünkü işini başa  çatdırdı.

 

Milli Məclisin
Mətbuat  xidməti

 

 

 

 

 

 

 

 

Müəllif hüquqları qorunur.
© Azərbaycan Respublikasının Milli Məclisi, 2007
İstifadə qaydaları | Ünvan | Linklər | Saytın xəritəsi