MİLLİ MƏCLİSİN İCLASINDA

22/10/19

Oktyabrın 22-də Milli Məclis Sədrinin birinci müavini Ziyafət Əsgərovun sədrliyi ilə parlamentin payız sessiyasında növbəti plenar iclası keçirildi. Gündəlik təsdiqləndikdən sonra cari məsələlər müzakirə olundu. Deputatlar radikal müxalifətin son günlər keçirdiyi qanunsuz aksiyanı qətiyyətlə pislədilər, icazəsiz mitinqlərin yolverilməz olduğunu qeyd etdilər. Bildirdilər ki, qanuna və qanunçuluğa riayət etmək, Azərbaycan xalqının dövlətini və müstəqil dövlətçiliyini qorumaq hər bir vətəndaşın borcudur.  
Plenar iclasda 23 məsələyə baxıldı. Gündəlikdəki məsələləri birinci vitse-spiker, Müdafiə, təhlükəsizlik və korrupsiya ilə mübarizə komitəsinin sədri Ziyafət Əsgərov, vitse-spiker, Təbii ehtiyatlar, energetika və ekologiya komitəsinin sədri Valeh Ələsgərov, İqtisadi siyasət, sənaye və sahibkarlıq komitəsinin sədri Ziyad Səmədzadə, Ailə, qadın və uşaq məsələləri komitəsinin sədri Aqiyə Naxçıvanlı, Hüquq siyasəti və dövlət quruculuğu komitəsinin sədri Əli Hüseynli, Əmək və sosial siyasət komitəsinin sədri Hadi Rəcəbli təqdim etdilər.
Öncə təşkilati məsələlərə münasibət bildirildi. Milli Məclisin heç bir siyasi partiyaya mənsub olmayan (müstəqil) deputatlarını MSK-da təmsil etməsi üçün Rövzət Qasımovun namizədliyi dəstəkləndi. Parlament Hafiz İsmayılbəylinin Azərbaycan Respublikası Hesablama Palatasının auditoru təyin edilməsinə razılıq verdi.
İclasda “Azərbaycan Respublikası Hökuməti ilə Polşa Respublikası Hökuməti arasında məxfi məlumatın mübadiləsi və qarşılıqlı mühafizəsi haqqında” Saziş  və “Uşaqların cinsi istismardan və cinsi zorakılıqdan müdafiəsi haqqında” Avropa Şurasının Konvensiyası ratifikasiya olundu. “Büdcə sistemi haqqında” qanunda dəyişiklik edilməsi məqsədəuyğun sayıldı.
Sonra üçüncü oxunuşda müzakirəyə çıxarılmış 7 qanun layihəsi barədə məlumatlar dinlənildi. Fikir mübadiləsi aparıldı.
Səsvermə zamanı Milli Məclis qanunvericiliyin təkmilləşdirilməsi məqsədilə hazırlanmış “Yerin təki haqqında”, “İstehsalat və məişət tullantıları haqqında”, “Qaz təchizatı haqqında”, “Tikinti və infrastruktur obyektləri ilə əlaqədar investisiya layihələrinin xüsusi maliyyələşmə əsasında həyata keçirilməsi haqqında” və “Energetika haqqında” qanunlara təklif olunan dəyişikliyi (üçüncü oxunuş)  qəbul etdi.
Deputatlar “Narkotik vasitələrin, psixotrop maddələrin və onların prekursorlarının dövriyyəsi haqqında” qanunda dəyişiklik edilməsinə (üçüncü oxunuş)  razılıq verdilər.
“Hərbi qulluqçuların dövlət icbari şəxsi sığortası haqqında” və “Əmək pensiyaları haqqında” qanunlarda dəyişiklik edilməsi barədə qanun layihəsi (üçüncü oxunuş)  qəbul olundu. 
İclasda “Lisenziyalar və icazələr haqqında”, həmçinin “Dövlət rüsumu haqqında” qanunlarda dəyişiklik edilməsi barədə (üçüncü oxunuş)  məsələlər də müsbət qarşılandı. 
Parlament “Bakı Dövlət Universitetinin 100 illiyi (1919-2019)” yubiley medalının təsis edilməsi ilə əlaqədar “Azərbaycan Respublikasının orden və medallarının təsis edilməsi haqqında” qanunda dəyişiklik edilməsini (üçüncü oxunuş)  məqsədəuyğun saydı.
 “Azərbaycan Respublikası vətəndaşlarının qanunvericilik təşəbbüsü hüququndan istifadə etməsi qaydası haqqında” qanun layihəsi (üçüncü oxunuş) təqdim olunarkən bildirildi ki, bu qanun Azərbaycan Konstitusiyasının tələblərinə uyğun hazırlanıb, komitədə 3 oxunuşdan keçib, sənədin ictimai müzakirəsi təşkil olunub, komitədə 3-cü oxunuş zamanı müstəqil ekspertlərin iştirakı ilə müzakirə edilib və əsas müddəalarla bağlı vahid rəyə gəlinib. Məlumat dinlənildikdən sonra Milli Məclis qanunu qəbul etdi.
Sonra ikinci oxunuşda plenar iclasa təqdim olunmuş 3 qanun layihəsinə baxıldı. Deputatlar “Uşaqların zərərli informasiyadan qorunması haqqında” 30 oktyabr 2018-ci il tarixli qanuna uyğunlaşdırma məqsədilə hazırlanmış “İnformasiya, informasiyalaşdırma və informasiyanın mühafizəsi haqqında”, “Uşaq hüquqları haqqında”, “Təhsil haqqında”, “Reklam haqqında” və “Məktəbəqədər təhsil haqqında” qanunlarda dəyişiklik edilməsi barədə (ikinci oxunuş),  “Kinematoqrafiya haqqında”, “Kütləvi informasiya vasitələri haqqında”, “Nəşriyyat işi haqqında”, “Televiziya və radio yayımı haqqında”, “İctimai televiziya və radio yayımı haqqında”, “Telekommunikasiya haqqında” və “Teatr və teatr fəaliyyəti haqqında” qanunlarda dəyişiklik edilməsi barədə (ikinci oxunuş), İnzibati Xətalar Məcəlləsində dəyişiklik edilməsi barədə (ikinci oxunuş)  qanun layihələrini müzakirə etdilər. Qanun layihələri ayrı-ayrılıqda əsas kimi qəbul olundu, öncə maddə-maddə, sonra bütövlükdə səsə qoyularaq ikinci oxunuşda qəbul edildi.
Gündəlikdəki 7 qanun layihəsi birinci oxunuşda müzakirəyə təqdim olunmuşdu.
Bildirildi ki, Ailə Məcəlləsinə təklif olunan dəyişikliklər Azərbaycan Respublikası Prezidentinin 2018-ci il 10 dekabr tarixli Fərmanına uyğunlaşdırma məqsədi daşıyır. Dəyişiklik övladlığagötürmə sahəsində idarəetmə mexanizminin, valideyn himayəsindən məhrum olmuş və övladlığa götürülən uşaqların, habelə onları övladlığa götürməyi arzu edən şəxslərin uçotunun təkmilləşdirilməsini, bu prosesdə şəffaflığın təmin edilməsini, övladlığa götürülmüş uşaqların yeni ailələrdə yaşaması və inkişafı prosesinə nəzarətin gücləndirilməsini nəzərdə tutur. Fikir mübadiləsindən sonra parlament bu qanunu birinci oxunuşda qəbul etdi.
Deputatlara məlumat verildi ki, Mülki Prosessual Məcəllədə edilən dəyişiklik də 10 dekabr 2018-ci il tarixli Prezident Fərmanının icrası məqsədilə hazırlanıb. Qanun layihəsi səsə qoyularaq birinci oxunuşda qəbul edildi.
Qeyd olundu ki, Mülki Prosessual Məcəllədə, “Uşaq hüquqları haqqında” və “Valideynlərini itirmiş və valideyn himayəsindən məhrum olmuş uşaqların sosial müdafiəsi haqqında” qanunlarda dəyişiklik edilməsi barədə qanun layihəsi (birinci oxunuş) də Azərbaycan Prezidentinin 10 dekabr 2018-ci il tarixli Fərmanının icrası ilə əlaqədardır. Təklif olunan dəyişikliklər mərkəzləşdirilmiş elektron informasiya sistemində övladlığagötürmə sahəsində idarəetmə mexanizminin təkmilləşdirilməsini, valideyn himayəsindən məhrum olmuş və övladlığa götürülən uşaqların, eləcə də onları övladlığa götürməyi arzu edən şəxslərin uçotunun və övladlığagötürmə sahəsində digər xidmətlərin elektron qaydada aparılmasını və mülki hüquq pozuntusunun tənzimlənməsini nəzərdə tutur. Deputatlar qanun layihəsinə birinci oxunuşda səs verdilər.
İclasda “Diaspor fəaliyyətində xidmətə görə” medalının təsis edilməsi ilə əlaqədar “Azərbaycan Respublikasının orden və medallarının təsis edilməsi haqqında” qanunda dəyişiklik edilməsinə  (birinci oxunuş) müsbət münasibət bildirildi.
Millət vəkilləri İnzibati Xətalar Məcəlləsində texniki düzəlişləri nəzərdə tutan dəyişikliyə razılıq verdilər.
“Azərbaycan Respublikasının Hərbi-Dəniz bayraqları haqqında” və “Azərbaycan Respublikası Dövlət bayrağının istifadəsi qaydaları haqqında” qanunlarda dəyişiklik edilməsi barədə, həmçinin  “Ətraf mühitə təsirin qiymətləndirilməsi haqqında” qanunda dəyişiklik edilməsi barədə qanun layihələri səsə qoyularaq birinci oxunuşda qəbul edildi.
Parlament Əmək Məcəlləsində və “Məşğulluq haqqında” qanunda dəyişiklik edilməsinə dair qanun layihəsinə birinci oxunuşda səs verdi.
Bugünkü iclasda cari məsələlərin və qanun layihələrinin müzakirəsində Milli Məclis Sədrinin birinci müavini Ziyafət Əsgərov,  Milli Məclis Sədrinin müavinləri Bahar Muradova və Valeh Ələsgərov,  komitə sədrləri Siyavuş Novruzov, Eldar İbrahimov və Səməd Seyidov, deputatlar Fərəc Quliyev, Kamilə Əliyeva, Elman Nəsirov, Tahir Kərimli, Qüdrət Həsənquliyev, Asim Mollazadə, Sevinc Fətəliyeva, Sona Əliyeva, Qənirə Paşayeva, Aytən Mustafayeva rəylərini bildirdilər, bir sıra təkliflər irəli sürdülər. 
Bununla da Milli Məclisin növbəti plenar iclası başa çatdı.


 
Milli Məclisin
Mətbuat xidməti


Müəllif hüquqları qorunur.
© Azərbaycan Respublikasının Milli Məclisi, 2007
İstifadə qaydaları | Ünvan | Linklər | Saytın xəritəsi