2008-ci il 2 dekabr tarixli iclasın stenoqramı

ÜÇÜNCÜ  ÇAĞIRIŞ
AZƏRBAYCAN  RESPUBLİKASI
MİLLİ  MƏCLİSİNİN
X  SESSİYASI  İCLASININ

PROTOKOLU  №  98

Milli  Məclisin  iclas  salonu.
2  dekabr  2008-ci  il.  Saat  12.

Milli  Məclis  Sədrinin  birinci  müavini
Z.Əsgərov  sədrlik  etmişdir


İclasda Milli Məclisin 101 deputatı iştirak etmişdir.

İclasa dəvət olunmuşlar:

İ. Məmmədov, Azərbaycan Respublikası Ədliyyə Nazirliyinin Qeydiyyat və Notariat Baş İdarəsinin rəisi.

* * *

B. Əliyev, Azərbaycan Respublikası kənd təsərrüfatı nazirinin müavini.
Ç. Fərəcov, Azərbaycan Respublikası Kənd Təsərrüfatı Nazirliyinin şöbə müdiri.
Ş. Quliyev, Azərbaycan Arıçılar İttifaqının sədri.

* * *

Ə. Mirzəliyev, Azərbaycan Respublikası Ali Məhkəməsinin üzvü.
Ə. Əliyev, Azərbaycan Respublikası Ali Məhkəməsinin üzvü.

İclasın gündəliyinə aşağıdakı məsələlər daxil idi:

1. “Azərbaycan Respublikası Hökuməti ilə Meksika Birləşmiş Ştatları Hökuməti arasında diplomatik pasporta malik vətəndaşların vizadan azad olunması haqqında” Sazişin təsdiq edilməsi barədə Azərbaycan Respublikası qanununun layihəsi haqqında.
2. “Azərbaycan Respublikası Hökuməti və Slovakiya Respublikası Hökuməti arasında gömrük məsələləri üzrə əməkdaşlıq və qarşılıqlı yardım haqqında” Sazişin təsdiq edilməsi barədə Azərbaycan Respublikası qanununun layihəsi haqqında.
3.“İşgəncə və digər qəddar, qeyri-insani və ya ləyaqəti alçaldan rəftar və ya cəza əleyhinə Konvensiya”nın Fakültativ Protokolunun təsdiq edilməsi haqqında Azərbaycan Respublikası qanununun layihəsi barədə.
4. “Nüvə terrorçuluğu əməlləri ilə mübarizə haqqında” Beynəlxalq Konvensiyanın təsdiq edilməsi barədə Azərbaycan Respublikası qanununun layihəsi haqqında.
5. “Azərbaycan Respublikası milli təhlükəsizlik orqanlarının 90 illiyi (1919-2009)” Azərbaycan Respublikasının yubiley medalının təsis edilməsi haqqında Azərbaycan Respublikası qanununun layihəsi barədə.
6. “Notariat haqqında” və “Dövlət rüsumu haqqında” Azərbaycan Respublikasının qanunlarında dəyişikliklər edilməsi barədə Azərbaycan Respublikası qanununun layihəsi haqqında.
7. “Torpaq islahatı haqqında” Azərbaycan Respublikasının Qanununa, Azərbaycan Respublikasının Torpaq Məcəlləsinə və Azərbaycan Respublikasının İnzibati Xətalar Məcəlləsinə dəyişikliklər və əlavələr edilməsi barədə Azərbaycan Respublikası qanununun layihəsi barədə.
8. Arıçılıq haqqında Azərbaycan Respublikası qanununun layihəsi barədə.
9. Azərbaycan Respublikasının Mənzil Məcəlləsinin layihəsi haqqında.

İclasda qəbul edilmişdir:

1. “Azərbaycan Respublikası Hökuməti ilə Meksika Birləşmiş Ştatları Hökuməti arasında diplomatik pasporta malik vətəndaşların vizadan azad olunması haqqında” Sazişin təsdiq edilməsi barədə” Azərbaycan Respublikasının Qanunu.
2. “Azərbaycan Respublikası Hökuməti və Slovakiya Respublikası Hökuməti arasında gömrük məsələləri üzrə əməkdaşlıq və qarşılıqlı yardım haqqında” Sazişin təsdiq edilməsi barədə” Azərbaycan Respublikasının Qanunu.
3.“İşgəncə və digər qəddar, qeyri-insani və ya ləyaqəti alçaldan rəftar və ya cəza əleyhinə Konvensiya”nın Fakültativ Protokolunun təsdiq edilməsi haqqında” Azərbaycan Respublikasının Qanunu.
4. “Nüvə terrorçuluğu əməlləri ilə mübarizə haqqında” Beynəlxalq Konvensiyanın təsdiq edilməsi barədə” Azərbaycan Respublikasının Qanunu.
5. “Azərbaycan Respublikası milli təhlükəsizlik orqanlarının 90 illiyi (1919-2009)” Azərbaycan Respublikasının yubiley medalının təsis edilməsi haqqında” Azərbaycan Respublikasının Qanunu.
6. “Notariat haqqında” və “Dövlət rüsumu haqqında” Azərbaycan Respublikasının qanunlarında dəyişikliklər edilməsi barədə” Azərbaycan Respublikasının Qanunu.
7. “Torpaq islahatı haqqında” Azərbaycan Respublikasının Qanununa, Azərbaycan Respublikasının Torpaq Məcəlləsinə və Azərbaycan Respublikasının İnzibati Xətalar Məcəlləsinə dəyişikliklər və əlavələr edilməsi barədə” Azərbaycan Respublikasının Qanunu.
8. Arıçılıq haqqında Azərbaycan Respublikası qanununun layihəsi (birinci oxunuşda).
9. Azərbaycan Respublikası Mənzil Məcəlləsinin layihəsi (birinci oxunuşda).


Azərbaycan  Respublikası
Milli  Məclisi  Sədrinin
birinci  müavini                                           Z. ƏSGƏROV

 

 

MİLLİ  MƏCLİSİN  İCLASI

2  dekabr  2008-ci  il.  Saat  12.

Azərbaycan  Respublikası  Milli  Məclisi  Sədrinin
birinci  müavini  Z.Əsgərov  sədrlik  edir


Sədrlik edən. Sabahınız xeyir, qeydiyyatdan keçək.

Qeydiyyat (saat 12.00 dəq.)
İştirak edir 97
Yetərsay 83

Çox sağ olun. 97 nəfər iştirak edir, yetərsay var. Bugünkü iclasın gündəliyi sizə paylanıb. Xahiş edirəm, gündəliyə münasibətinizi bildirin.

Səsvermənin nəticələri (saat 12.02 dəq.)
Lehinə 92
Əleyhinə 1
Bitərəf 0
Səs vermədi 3  
İştirak edir 96
Nəticə: qəbul edildi

Qəbul edildi, sağ olun. Gündəliyin müzakirəsinə ehtiyac var? Yazılın, xahiş edirəm. Sabir Rüstəmxanlı.
S. Rüstəmxanlı. Hörmətli Məclis, hörmətli sədarət! Mən yalnız bir məsələyə münasibətimi bildirmək istəyirəm. Bu gün yığıncağa gələndə qəzetçilərdən və ictimai-siyasi həyatda kifayət qədər nüfuzu olan adamlardan bir neçəsi ilə söhbətimiz oldu. Mənə şəkillər göstərdilər. Şəhriyar adına mədəniyyət sarayının qabağında bir neçə il bundan qabaq qoyulmuş bir mərmər daş var idi. Onun üzərində yazılmışdı ki, burada Şəhriyarın abidəsi qoyulacaq. Sonra Şəhriyar mədəniyyət evinin və onunla üz-üzə Pedaqoji Universitetin binasının təmiri başladı. İndi Pedaqoji Universitetin təmiri bitib və həmin meydanda Azərbaycanın böyük şairi, Cənubi Azərbaycanda 40 ildən sonra öz ana dilində yazmaqla inqilab eləmiş, XX əsrin dahi şairlərindən biri Şəhriyarın adına qoyulan daş da götürülüb, bundan əvvəllər olduğu kimi, kənara qoyulub. Onun yerində Bakı rəhbərliyi fəvvarə tikib. Başqa meydanlarda da başqa niyyətlərlə saxlanılan, qoyulan daşları uçurub yerinə fəvvarə tikdilər. Bu dəfə də Şəhriyarın adını suya veriblər, gedib.
Bu münasibət xalqın üzünə tüpürməkdir. Şəhriyar boyda bir şairin adına əvvəl bir xatirə daşı qoy, sonra da onun yerinə bir fəvvarə tik. Bu milləti saymırlar, bu milləti huşsuz sayırlar. Bizi nə hesab edirlər, bu nə cür saymazlıqdır?! Bu, xalqın mənəviyyatına, ruhuna əl uzatmaqdır. Bir dəfə olar, iki dəfə olar... Məmmədəmin Rəsulzadədən siyasi görüşlərinə görə kimsə narazı ola bilər, onun haqqında başqa düşüncə ola bilər. Amma Şəhriyara əl uzatmaq olmaz. Ona görə mən xahiş edirəm, Milli Məclis Bakı rəhbərliyinə sorğu versin. Bu nə mülahizədir, nəyə görə belə edirlər? Nə qədər bu fəvvarələr Azərbaycanın böyük, görkəmli insanlarının üstündən su axıdıb gedəcək? Təşəkkür edirəm.
Sədrlik edən. Sabir müəllim, əvvəla, Məmmədəmin Rəsulzadənin abidəsi ilə bağlı o daşı heç kim götürməyib, daş bu gün də oradadır. Gərək bir şeyi dəqiq biləsiniz, sonra danışaq. İkincisi, əgər orada fəvvarə tikiblərsə, deməli, o heykəl ondan da yaxşı yerdə qoyula bilər. Bu o demək deyil ki, mütləq orada qoyulmalıdır. Onun yanında qoyula bilər. Biz onu araşdırarıq. İltizam Əkbərli.
İ. Əkbərli. Təşəkkür edirəm, Ziyafət müəllim. Hörmətli deputatlar, mən son 3 gün müddətində seçildiyim İmişli rayonunda oldum. Qarlı, şaxtalı havalar başlamasa da, insanların qaranlıq və soyuq mənzillərdə necə əziyyət çəkdiyinin şahidi oldum. Yaranmış ağır vəziyyətdən çıxış yolu rayonların təbii qazla təmin edilməsi olsa da, mən bu məsələyə təkrarən toxunmaq istəmirəm, çünki büdcəmizin az qala 13 milyarda çatmasına baxmayaraq, çox təəssüf ki, rayonlarımızın qazlaşdırılması üçün məmurlarımızın dili ilə desək, hələ vəsait çatışmır. Belə getsə, İmişli kimi rayonların qazlaşdırılması on ilə də başa çatmayacaqdır. Bunu nəzərə alan seçicilərim Milli Məclisin bugünkü iclasında müvafiq orqanlara iki sorğu ilə müraciət etməyi məndən xahiş ediblər.
Birinci sorğum neft ölkəsi üçün nə qədər acınacaqlı olsa da, mənzillərin kömürdən istifadə etməklə qızdırılması imkanları ilə bağlıdır. Bununla bağlı yerlərdə seçicilərin mənə verdiyi bir sualı olduğu kimi təkrar etmək istəyirəm. Niyə ölkəyə daş kömür gətirilmir? Sovet dövründə rayonlardakı mənzillərin, demək olar ki, hamısı daş kömür hesabına qızdırılırdı. O vaxt mənzillərin qızdırılması üçün odun tədarük etmək imkanları da var idi. İndi meşələr qırıldığından bu imkan tamamilə əldən çıxmışdır. Cari ildə rayonların qazlaşdırılması üçün vəsaitin olmadığını deyirlər. Deyək ki, buna inandıq. Kömür gətirmək və bu yolla rayonlarda illər boyu soyuq mənzillərdə əziyyət çəkən insanlarımızı, o cümlədən qocaları, uşaqları xilas etmək mümkündür. Bəs nədən müvafiq qurumlar istehsalçı ölkələrlə müqavilə bağlayıb ölkəyə kifayət qədər kömür gətirilməsi üçün tədbirlər görmürlər? Bu mənim seçicilərimin birinci sualıdır.
İkinci sorğum rayonlara elektrik enerjisinin verilməsindəki bərbad vəziyyətlə bağlıdır. Vaxtilə elektrik enerjisinin qiyməti artırılanda və eyni zamanda, mənzillərə sayğac quraşdırılması məsələsi müzakirə olunanda bu zalda həmin sektora cavabdeh olan şəxslər hamımızı əmin etdilər ki, bu tədbirlərdən sonra enerjinin verilməsində məhdudiyyət olmayacaqdır. Əgər belədirsə, onda hazırkı dövrdə rayonların elektrik təminatındakı vəziyyət nəylə bağlıdır? Nədən Prezident seçkilərinin təbliğatı dövründə bütün rayonlara fasiləsiz elektrik enerjisi verildi, ancaq seçkinin ertəsi günü yenidən fasilələr başladı? Şəxsən mənim seçildiyim İmişli rayonunda hazırda gün ərzində 9–10 saat elektrik enerjisi olmur. İşığın bu qədər söndürülməsinin səbəbi nədir? Əgər elektrik enerjisi yoxdursa, onda bu sahənin yenidən qurulması üçün ayrılan pullar hara gedir? Yox, əgər elektrik enerjisi varsa, soyuq qış aylarında insanları soyuqdan əziyyət çəkməyə, hətta ölməyə məhkum etmək hansı məqsədə xidmət edir? İstərdim ki, bunlara cavab verilsin. Çox sağ olun.
Sədrlik edən. Əli Məsimli.
Ə. Məsimli. Çox sağ olun, Ziyafət müəllim. Mən qısaca iki məsələyə toxunacağam və imkan olsa, vaxtımdan deputat həmkarım Aydın Həsənov da bir dəqiqə istifadə eləsə, yaxşı olar. Qısaca bir məsələ. Onu demək istəyirəm ki, 2008-ci il Azərbaycanın tarixində Azərbaycan Xalq Cümhuriyyətinin 90 illiyinin qeyd edilməsi baxımından əlamətdar il oldu. Çox sanballı işlər görüldü. Bir məsələyə də istəyirəm münasibət bildirim. Qanunvericilik sənədini də hazırlamışam. Deməli, o vaxt Dövlət bayrağı Xalq Cümhuriyyəti Nazirlər Şurasının sədri Xoyskinin imzası ilə 1918-ci il noyabr ayının 9-da təsdiq olunub. Mənim fikrimcə, “Azərbaycan Respublikasının Dövlət bayrağı haqqında” Qanununa Dövlət bayrağı gününün qeyd edilməsi haqqında müddəanın əlavə edilməsi məqsədəuyğun olar. Ona görə ki, Azərbaycanda dünyanın ən iri bayrağı ucaldılacaq, ən iri bayraq ucaldılan ölkədə “Bayraq günü”nün olmasını məqsədəuyğun hesab edirəm.
İkinci, qarşıdan Qurban bayramı gəlir və qiymətlərin artmasına gətirib çıxarır. Bundan sonra bütün ölkələrdə olduğu kimi, 31 dekabrda Həmrəylik günü münasibətilə, heç olmasa, təqvim ilinin dəyişdiyi gün bütün sahələrdə endirim edilməsini təklif edirəm. Bu təklifimin bütün deputatlar və media nümayəndələri, kütləvi informasiya vasitələri tərəfindən dəstəklənməsini xahiş edirəm.
Sədrlik edən. Çox sağ olun. İqbal Ağazadə.
İ. Ağazadə. Sağ olun. Hörmətli sədarət, hörmətli millət vəkilləri! Mən də ilk növbədə qarşıdan gələn Qurban bayramı münasibətilə bütün millət vəkillərini və Azərbaycan xalqını təbrik edir, hər birinizə xoş arzularımı çatdırıram. Hesab edirəm, Sabir bəyin qaldırdığı məsələni mən də müdafiə etməklə, əslində, baş verən hadisələrin fonunda indiyə qədər istər Rəsulzadənin, istərsə də digərlərinin heykəllərinə münasibətdə ümumi bir fikir ifadə etmiş olacağam. Mən də çox arzulayardım ki, Şəhriyarın heykəli məhz orada qoyulsun. Mən Sabir bəyin dediyi bütün fikirlərlə razıyam.
Mən Qarabağ məsələsinin Milli Məclisin gündəliyinə salınmasını və müzakirə olunmasını xahiş və tələb edirəm. Artıq səkkizinci ilə az qalıb ki, Azərbaycan Milli Məclisi Qarabağ probleminin hansı səviyyədə olduğunu, danışıqların necə getdiyini, Azərbaycana nə təklif olunduğunu, niyə bu qədər ləngidiyini, alternativ variantların nə olduğunu və 8 ildə torpaqların niyə işğaldan azad olunmadığının obyektiv və subyektiv səbəblərini bilmir. Millət vəkilləri bu barədə bilgisizdirlər. Hər dəfə deyirik, bu məsələ ilə icra strukturları məşğul olur. Amma düşünmürük ki, millət vəkillərinin bu məsələdə bilgisiz olması nəticə etibarilə Azərbaycanın çox əhəmiyyətli dövlət strukturlarından birinin bu prosesin həllində iştirak etmədiyi qənaəti yaranır. Mən ona görə Qarabağ məsələsinin Milli Məclisdə müzakirəyə çıxarılmasını tələb edirəm.
Milli Məclisdə bu məsələ sonuncu dəfə 2001-ci il fevral ayının 23-24-də müzakirə olunub. Üstündən 8 il keçib. Bu günlərdə Ermənistan parlamenti müzakirə elədi, öz mövqeyini ifadə elədi. Mütəmadi olaraq, danışıqlar hansı mərhələyə çatırsa, Ermənistan tərəfi daim bunu parlamentdə müzakirə eləyir, ictimai rəy formalaşdırır, parlamenti vasitəsilə beynəlxalq aləmə, hamıya mesajlar verir. Təkcə icra strukturunun üzərinə atmır. Bizdə qəribə bir ənənə yaranıb. Hər şeyi icra strukturu həll edəcək. Parlament sanki heç nə ilə məşğul olmamalıdır. Ona görə tələb edirəm ki, bu məsələ yaxın günlərdə ilin sonuna qədər müzakirə olunsun.
Üçüncü məsələ. Təklif edirəm, Milli Məclis Qurban bayramı ərəfəsində həbsdə olan jurnalistlərin, Eynulla Fətullayevin, Qənimət Zahidin, Mirzə Sakitin həbsdən azad olunması üçün dövlət başçısına xahişlə müraciət etsin. Artıq neçə müddətdir, onlar həbsdədirlər. Onların həbsdən azad olunması azad sözə, mətbuatın bugünkü vəziyyətinə və beynəlxalq aləmdə Azərbaycanın imicinə ciddi təsir eləyər. Ona görə xahiş edirəm, həmin şəxslər bu bayramlar ərəfəsində həbsdən azad olunsunlar, heç olmasa, növbəti ili azadlıqda, öz ailə-lərinin, balalarının yanında keçirə bilsinlər. Çox sağ olun.
Sədrlik edən. Fazil Mustafa.
F. Mustafa. Hörmətli Ziyafət müəllim, hörmətli millət vəkilləri! Mən gündəliklə bağlı bir məsələ üzərində dayanmaq istəyirəm. Təklif edirəm ki, 7-ci məsələ gündəlikdən çıxarılsın, onun müzakirəsini bu gün aparmayaq. Cəmiyyətdə belə bir rəy gəzir ki, bəzən Milli Məclisə qanunlar müxtəlif maraqları təmsil eləyən qüvvələr tərəfindən hazırlanıb göndərilir. Məncə, bu deyilənlər gündəliyə 7-ci məsələ kimi salınmış qanun layihəsində açıq-aşkar özünü göstərir.
İndiyədək bilirdik ki, qanuna görə eni 80–130 metr müəyyən olunmuş Xəzərsahili zolaqda heç nə xüsusi mülkiyyətə, yaxud icarəyə verilə bilməz. İndi isə bu qadağa zonasının eni 20–50 metrə qədər kiçildilir. Anlamaq olmur, niyə. Bu ölkədə mülkiyyətə bu qədər qəddar münasibətin axırı hara gətirib çıxaracaq?! Siz təsəvvür eləyin ki, 80–130 metr məsələsini bəhanə edərək, sahil zolağında imkansız adamların, arxasında qüvvə durmayan adamların bütün obyektlərini sökdülər, onlara heç bir kompensasiya vermədilər. İndi bu zolağın eni 20–50 metrə qədər kiçildiləndə onların kompensasiyası ödəniləcəkmi? Qanunda bununla bağlı bir müddəa göstərilirmi? Bu qanuna bu qədər hörmətsiz yanaşmanın səbəbi nədir? Azərbaycanda satılmayan bir Xəzər dənizi qalıb, heç olmasa, onu qorumaq, onun sahilində bir zolaq saxlamaq lazımdır ki, insanlar orada rahat istirahət eləyə bilsinlər.
Ümumiyyətlə, mülkiyyət məsələsində, kompensasiya məsələsində problemlər davam eləməkdə qalır. Bizə yüzlərlə məktub gəlir. Məsələn, Lerik rayonunun Zərinqala kəndində Ağayev Babaəli adında bir vətəndaş su buraxır. Bunu 1994-cü ildə icra hakimiyyəti ona uzunmüddətli icarəyə verib. Orada 10 il sərmayə qoyub. Girov qoyub, bankdan vəsait götürüb, 200 min dollardan artıq xərc çəkib. 10 il sonra müxtəlif qüvvələr bu məsələni təzədən qaldırıb. Bələdiyyə tərəfindən iddia ərizəsi ilə müraciət olunub. Bildirilib ki, bu, qanunsuz götürülüb. 10 il bunun çəkdiyi zəhmətin heç bir mənası yox imiş. Mülkiyyətini əlindən almaq üçün bütün məhkəmələrdə qərar çıxarıblar. Çox maraqlıdır, hətta bələdiyyə bir həftədən sonra öz sözünü geri götürür, amma məhkəmə qərarını dəyişmir. Bu hələ uzaq bir əyalətdə vətəndaşın mülkiyyətinə münasibətdir. Görün, şəhərin mərkəzində bu münasibət hansı səviyyədədir. Ona görə də təklif edirəm ki, biz Milli Məclisdə mülkiyyətə münasibət məsələsini müzakirəyə çıxaraq. Bu olduqca vacib, təhlükəli məsələdir. Çəkilən yollara, körpülərə görə sökülən evlərin kompensasiyası lazımi səviyyədə ödənilmir. Bir çox problemlər qalmaqdadır. Ona görə mən təklif edirəm, bu məsələyə ciddi yanaşılsın və gündəlikdəki 7-ci məsələ müzakirədən çıxarılsın. Diqqətinizə görə sağ olun.
Sədrlik edən. Fazil bəy, biz artıq gündəliyə səs verib qəbul eləmişik. Siyavuş Novruzov, buyurun.
S. Novruzov. Təşəkkür edirəm, hörmətli Ziyafət müəllim. Mən də gündəliyin tərəfdarıyam. Amma gündəliyə gələcəkdə bir məsələnin əlavə olunmasını arzu edirəm. Bu da ondan ibarətdir ki, növbəti il Azərbaycanda bələdiyyə seçkiləridir. Bələdiyyə seçkiləri ilə əlaqədar qanunvericiliyin təkmilləşdirilməsinə ehtiyac var. Mən hesab edirəm ki, bələdiyyələrin birləşməsi, bələdiyyə sədrlərinin seçki yolu ilə seçilməsi və digər məsələlərə yenidən baxılmasına ehtiyac var. Dünya praktikasından istifadə edib, biz də bu işləri təkmilləşdirməliyik. Mən bu sahədə geniş fikir söyləmək istəyirdim. Lakin bəzi digər məsələlərlə də əlaqədar fikrimi bildirmək istəyirəm.
Dağlıq Qarabağla bağlı Azərbaycan Prezidenti tərəfindən konkret və ən sərt mövqe ortaya qoyulub. Mütəmadi olaraq Dağlıq Qarabağla bağlı keçirilən görüşlər haqqında, bu sahədə hansı işlərin aparıldığı barədə kütləvi informasiya vasitələri ilə bütün cəmiyyətə məlumatlar bildirilir. Son dövrdə Türkiyənin bu məsələyə qoşulması, bu məsələlərin üçtərəfli müzakirə olunması, o cümlədən Rusiyada keçirilən görüşlər və Dağlıq Qarabağ münaqişəsi ilə əlaqədar olaraq atılan addımlar barədə ictimaiyyətə məlumatlar verilir. İctimaiyyətin bu sahədə dəqiq məlumatı var.
O ki qaldı bəzi məsələlərin detallarına, bir gün bundan öncə Türkiyənin xarici işlər naziri Azərbaycanda verdiyi müsahibələrinin birində qeyd elədi ki, biz detalların çoxunu açıqlaya bilmərik, proses başa çatmayıb. Proses başa çatmadan, ortada konkret nəticə olmadan hər hansı bir məsələnin açıqlanması, bəyan olunması, mən hesab edirəm ki, məqsədəuyğun deyil. Hesab edirəm ki, nə vaxt konkret nəticə olsa, bunu xalq da, ictimaiyyət də, Milli Məclis də biləcək və müvafiq qərar qəbul olunacaqdır. Ona görə də hər dəfə bu məsələləri ortaya atmaq, mən hesab edirəm ki, məqsədəuyğun deyildir.
Digər bir məsələ. Məlumdur ki, məhbəsdə olan hər bir insan peşəsinə görə yox, törətdiyi bu və ya digər cinayət əməlinə görə cəza çəkir. Əlbət ki, mən əfvin tərəfdarıyam və amnistiya ilə bağlı məsələ qaldırmışam. Amma bağışlananların peşəsi yox, törətdiyi cinayətdən peşmançılıq çəkməsi və yaxud cinayəti ehtiyatsızlıq üzündən törətməsi və sair nəzərə alınır. Burada müəllim də, həkim də, alim də, yazıçı da, şair də ola bilər. Jurnalistləri xüsusi bir kateqoriyaya aid etmək, mən hesab edirəm ki, düzgün deyil. Qanun hamı üçün birdir. Əgər biz istəyiriksə, hamı üçün...
Sədrlik edən. Sağ olun. Əli Əhmədov.
Ə. Əhmədov. Təşəkkür edirəm, Ziyafət müəllim. Hörmətli Milli Məclis! Bu günlərdə azərbaycanlıların Ermənistan ərazisi adlanan, tarixən azərbaycanlılara məxsus torpaqlardan deportasiya edilməsinin 20 ili tamam olur. Bu, əslində, azərbaycanlıların Ermənistandan sonuncu deportasiyası idi. Çünki bu deportasiya nəticəsində Ermənistanda, yəni tarixi Azərbaycan torpaqlarında yaşayan sonuncu azərbaycanlı da oradan çıxarıldı. Amma bu, təbii ki, sonuncu deportasiya olsa da, birinci deportasiya deyildi. Tarix boyu onilliklər ərzində azərbaycanlılar öz yaşadıqları tarixi torpaqlarından deportasiya edilib, etnik təmizləməyə məruz qalıblar.
Təəssüf hissi ilə qeyd eləmək lazımdır ki, bu tarixi faciələrə və haqsızlıqlara dünyanın heç bir beynəlxalq təşkilatı ciddi reaksiya verməyib, bu məsələ beynəlxalq ictimaiyyət tərəfindən ciddi şəkildə müzakirə edilməyib, buna lazımi qiymət verilməyib və xüsusilə 1948–1953-cü illər deportasiyasına, Ermənistandan azərbaycanlıların köçürülməsinə münasibət bildirilməyib. SSRİ ərazisində deportasiya olunmuş ayrı-ayrı xalqların pozulmuş hüquqlarının bərpa edilməsi istiqamətində sovetlər dövründəcə addımlar atılmasına baxmayaraq, yalnız Azərbaycan xalqının pozulmuş hüquqlarının bərpa edilməsi istiqamətində heç bir tədbir görülmədi. Əlbəttə, bu, böyük tarixi haqsızlıq, ədalətsizlikdir.
Yaxın günlərdə 1948–1953-cü illər deportasiyasının başlanmasının 60, başa çatmasının isə 55 ili tamam olur. Bununla əlaqədar mən Milli Məclisdən xahiş edərdim ki, Ermənistanda azərbaycanlıların etnik təmizlənməyə məruz qalması, xüsusilə də 1948–1953-cü illər deportasiyası ilə əlaqədar beynəlxalq təşkilatlar, o cümlədən, Avropa Şurası qarşısında məsələ qaldırsın və bu məsələyə hökumətin öz xalqına, öz vətəndaşlarına qarşı törətdiyi etnik təmizlənmə, deportasiya siyasəti kimi hüquqi və siyasi qiymət verilməsinə çalışsın. Sağ olun.
Sədrlik edən. Sağ olun. Cəmil Həsənli.
C. Həsənli. Təşəkkür edirəm, Ziyafət müəllim. Hörmətli millət vəkilləri, mətbuat nümayəndələri! Məndən əvvəl çıxış eləyən Əli Əhmədovun təkliflərini müdafiə eləyir və hesab edirəm ki, Ermənistandan azərbaycanlıların deportasiyasını dövlət səviyyəsində qeyd etmək lazımdır. Milli Məclis də bu məsələyə öz münasibətini bildirməlidir.
Amma bununla bərabər mən gündəliyə belə bir məsələ təklif etmək istəyirəm – gündən-günə bahalaşan bazarla qarşılaşan Azərbaycanda sosial cəhətdən müdafiəsi zəif olan əhalinin məsələsi. Ziyafət müəllim, biz onlarca məktub alırıq, görüşlər keçiririk, vətəndaşları dinləyirik. Bu gün bazar istər dövlətin, istər ayrı-ayrı adamların əlində, istərsə də ictimai mülkiyyətdə olsun, od tutub yanır. Azərbaycanda bahalıq müəyyən qədər obyektiv amillərlə bağlıdırsa, daha çox subyektiv amillərlə bağlıdır. Bu gün Azərbaycan dünyanın ən bahalı ölkələrindən birinə çevrilib. İqtisadi cəhətdən ən tərəqqi etmiş ölkələr bu gün Azərbaycandakı bahalığa həsəd apara bilərlər.
2007-ci ildə bizdə yanacağın qiyməti qaldırılanda əsas müddəa ondan ibarət idi ki, dünya bazarında yanacaq bahalaşır, biz də ona görə qiyməti qaldırmağa məcburuq. İndi dünya bazarında yanacaq ucuzlaşıb, yanacaq ucuzlaşan kimi dünyanın, demək olar ki, hər yerində istehlak məhsulları və dərman preparatlarının ucuzlaşması hiss olunur, bir Azərbaycandan başqa.
Bu gün bizdə qiymətlər həddən artıq yuxarıdır. Nəzərə almaq lazımdır, Azərbaycanda 1 milyon yarım adam pensiyaçıdır və bu pensiyaçıların ən azından 50 faizi dərman hesabına dolanır. Ziyafət müəllim, Türkiyədən alınan dərmanlar Rusiyada Azərbaycandakından 3 dəfə ucuzdur. Bu qədər fərq ola bilməz. Maşın ehtiyat hissələri, istehlak malları, Allahın elektrik lampası, digər materiallar, hər şey son illərdə bir neçə dəfə bahalaşıb. İndi yaranan böhran nəticəsində dünyada ucuzlaşma getsə də, Azərbaycan yeganə ölkədir ki, qiymətlər düşmür. Ona görə düşmür ki, Azərbaycan bazarı ayrı-ayrı inhisarçı qruplara icarəyə verilib. Bunlar Azərbaycanla icarədar kimi rəftar edir və qiyməti...
Sədrlik edən. Qüdrət bəy, Zeynəb xanım söz istəyir, icazə verin, əvvəlcə ona söz verək. Buyurun, Zeynəb xanım.
Z. Xanlarova. Əziz millət vəkilləri, mənim əziz bacı-qardaşlarım! Çox sevindim ki, Sabir müəllim burada Şəhriyarın abidəsi barədə məsələ qaldırdı. Buna görə ona təşəkkürümü bildirirəm. Doğrudan, sənətkarın qədrini sənətkar daha yaxşı bilər. Axı o məmurlar başa düşmürlər ki, Şəhriyar dünya şöhrətli bir insandır. Azərbaycan nə qədər yaşayırsa, Şəhriyar da yaşayacaq, Məmmədəmin Rəsulzadə də yaşayacaq. Bunlar artıq tarixə düşmüş şəxsiyyətlərdir. Bağça salmaqla, fəvvarə tikməklə qarın tox olmaz. Bağçada ac qarına durub fəvvarəyə baxınca, yaxşı olar ki, qarşımda Şəhriyar kimi bir sənətkarın abidəsini görüm, xalqın öz böyük oğluna necə qiymət verdiyini düşünüm.
Allah Heydər müəllimə qəni-qəni rəhmət eləsin. Hamınız bilirsiniz, o, sənətkarlara nə qədər yüksək qiymət verirdi. Onun yeri bu gün də görünür. Düzdür, onun yerini əziz oğlu İlham müəllim tutur. Çox yaxşı, çünki o kişinin yerini ondan başqa heç kim tuta bilməzdi. Bu mənim fikrimdir.
Çox xahiş edirəm, Sabir müəllimin sözünü qəribçiliyə salmayın. Ziyafət müəllim, sənəti başa düşən adamsınız, Sabir müəllimin dediklərini mütləq lazımi yerinə çatdırmaq lazımdır. Biz deyirik, nə olar, Siz də deyin. Burada hazır qanunlar haqqında 5–10 kəlmə söz deyib, düyməni basmaqla iş bitmir. Gəlin, sənətkarları da yaddan çıxarmayaq.
Yeri gəlib, deyəcəyəm, deməsəm, ürəyimdə qalar. O boyda Prezident məni qarşıladı və ən böyük ordeni verdi mənə, 25 ildir millət vəkiliyəm. Gəlmişəm, o ortada oturan adam məni təbrik eləmədi. Axı siz kimsiniz ki, Prezident...
Sədrlik edən. Zeynəb xanım, biz hamımız təbrik eləmişik, özünüz də bilirsiniz. Sağ olun. Qüdrət Həsənquliyev.
Q. Həsənquliyev. Hörmətli Ziyafət müəllim, hörmətli millət vəkilləri! Mən ictimaiyyəti narahat eləyən bir məsələ barədə fikrimi Milli Məclisin tribunasından bildirmək istəyirəm. Dünən Türkiyənin xarici işlər naziri Babacan Azərbaycana səfər eləmiş və Milli Məclisin rəhbərliyi ilə də görüşmüşdür. Mən çox istərdim ki, bu görüş barədə deputatlara məlumat verilsin.
Son vaxtlar bizim qardaş Türkiyə Ermənistanla çox yaxınlaşır. Dostluq tədbirləri keçirirlər, dostluq abidələri açırlar, dövlət başçıları birgə futbola baxırlar, çox zaman da bunu onunla əlaqələndirirlər ki, guya bu qardaşlaşma Dağlıq Qarabağ probleminin həllinə öz müsbət töhfəsini verə bilər. Hamımız bilirik ki, bu özünü aldatmaqdan və bu məsələyə çox bəsit yanaşmaqdan başqa bir şey deyil. Əvvəla, Ermənistan özü müstəqil siyasət yürüdə bilmir ki, nəyisə müstəqil həll eləsin, ikincisi də mən qorxuram, günün bir günü qardaş türk respublikası bizdən də tələb eləsin ki, Qarabağ probleminin həlli üçün siz gedin Ermənistanla diplomatik əlaqələr qurun, qardaşlaşın, birgə futbola baxın və sonra ola bilsin ki, Qarabağ problemini həll eləyəsiniz. Buna görə mən üzümü millət vəkillərinə tutub deyirəm ki, əgər bizim qardaşlarımızın bu hərəkətlərinin səhv olduğunu onlara açıq formada deməsək, onlardan bu cür hərəkətlərini korrektə etməsini tələb etməsək, günün bir günü görəcəyik ki, bu günə qədər hər zaman qardaşlığımızla öyündüyümüz Türkiyə bizim yox, Ermənistanın yanındadır. Ona görə mən parlament tribunasından bu məsələyə öz etirazımı bildirir və hesab edirəm ki, Babacanla olan görüş, ümumiyyətlə, Türkiyə tərəfinin Azərbaycan rəhbərliyinə verdiyi izahatlar, açıqlamalar barədə millət vəkilləri məlumatlandırılmalıdırlar.
Bundan başqa, Ziyafət müəllim, Sabir Rüstəmxanlı məsələ qaldırdı, digər millət vəkilləri də onu müdafiə elədilər. Mən də buna qoşulur və xahiş edirəm ki, Siz də bu məsələni hökumətin qarşısında qaldırasınız.
Toxunmaq istədiyim üçüncü məsələ hörmətli Əli Əhmədovun qaldırdığı məsələdir. Mən belə fikirləşirəm ki, Ermənistan–Azərbaycan münaqişəsi ilə əlaqədar olaraq parlamentdə müzakirə açılmalıdır, bu məsələ Milli Məclisin gündəliyinə salınmalıdır. Orada biz həm Əli Əhmədovun dediyi müraciətləri qəbul eləyək, həm də hökuməti o iclasa dəvət edərək ondan Qarabağın vəziyyəti, işğal altında olan torpaqlarımız və onların necə azad olunması ilə bağlı, bu istiqamətdə hansı işlərin görülməsi ilə bağlı hesabat istəyək. Hökumət bu barədə millət vəkillərini məlumatlandırsın. Diqqətinizə görə sağ olun.
Sədrlik edən. Pənah Hüseyn.
P. Hüseyn. Təşəkkür edirəm, Ziyafət müəllim. Mən bir neçə mühüm məsələyə diqqəti cəlb etmək istəyirəm. Müstəqil iqtisadçılar, ekspertlər tərəfindən mətbuatda artıq müzakirə edilib. Müsavat deputat qrupunda biz də məsələni müzakirə eləmişik. Xahiş edirik ki, hökumətin icra hakimiyyəti ilə əlaqədar strukturları ən azı regionlardakı istehsalat müəssisələrinə verilən elektrik enerjisinin qiymətinin aşağı salınması məsələsini nəzərdən keçirsin və həll etsin. Ümumiyyətlə, dünyada gedən çox ciddi bir iqtisadi böhranın Azərbaycana təsirinin azaldılması üçün həm elektrik enerjisinin, həm də yanacağın qiymətinin aşağı salınması ciddi məsələ kimi bizim qarşımızda durmuşdur.
Bundan əlavə, on minlərlə insanın çalışdığı tikinti sektoruna aid olan istehsalat müəssisələrindəki vəziyyət də çox böyük narahatlıq doğurur. Bir çox müəssisələrdə artıq neçə aydır ki, fəhlələrin, işçilərin əmək haqları verilmir. Məndə olan məlumata görə, bir neçə müəssisədə kortəbii şəkildə tətillər başlamışdır. Nəinki xüsusi sektora aid olan müəssisələrdə, o cümlədən dövlət büdcəsindən maliyyələşməyən, amma dövlətə aid olan bir çox idarələrdə, təşkilatlarda, məsələn, Dəmir Yolu İdarəsində, “Azərsu” təşkilatında, neft-kimya müəssisələrində artıq 3–4 aydan artıqdır ki, ciddi maaş problemi yaranmışdır və bu problem getdikcə dərinləşir. Hesab edirəm ki, hökumət bu məsələlərlə çox ciddi şəkildə məşğul olmalı, o cümlədən parlamentə görülən işlər haqqında məlumat verməlidir.
Bu gün burada bir neçə təklif, o cümlədən Yeni Azərbaycan Partiyasının rəhbərliyinə daxil olan şəxslər tərəfindən təkliflər səsləndi. Biz həm Əli Əhmədovun deportasiya barədəki təklifini, həm də Siyavuş Novruzovun bələdiyyə qanunvericiliyinin təkmilləşdirilməsi, xüsusən mer vəzifəsinin seçki yolu ilə tutulması haqqında təklifini birmənalı şəkildə müdafiə edir və hesab edirik ki, bunlar olduqca ciddi əhəmiyyətli məsələlərdir.
Sonda mən də Türkiyə ilə Ermənistan arasındakı münasibətlər məsələsinə toxunmaq istəyirəm. Türkiyə-Ermənistan münasibətləri Azərbaycan cəmiyyətində son dövrdə narahatlıqla izlənilir. Şübhəsiz ki, Türkiyə hökuməti, Türkiyə cəmiyyəti bunun necə bir həssas məsələ olduğunu bilməmiş deyil. Mən hesab edirəm ki, biz Türkiyə hökumətinin addımlarının Azərbaycanın maraqlarına, Azərbaycanla strateji müttəfiqlik və qardaşlıq münasibətlərinə uyğun olacağına ümidimizi itirməməli və Türkiyəyə inanmağa davam etməliyik. Təşəkkür edirəm.
Sədrlik edən. Sağ olun. Hörmətli deputatlar, biz artıq 40 dəqiqəyə yaxındır ki, müzakirə aparırıq. Ona görə etiraz eləmirsinizsə, birbaşa qanun layihələrinin müzakirəsinə keçək. Birinci məsələ – “Azərbaycan Respublikası Hökuməti ilə Meksika Birləşmiş Ştatları Hökuməti arasında diplomatik pasporta malik vətəndaşların vizadan azad olunması haqqında” Sazişin təsdiq edilməsi barədə Azərbaycan Respublikası qanununun layihəsi haqqında Beynəlxalq münasibətlər və parlamentlərarası əlaqələr daimi komissiyasının sədri Səməd Seyidov məlumat verəcək. Səməd müəllim, buyurun.
S. Seyidov, Milli Məclisin Beynəlxalq münasibətlər və parlamentlərarası əlaqələr daimi komissiyasının sədri.
Bu məsələ komissiyamızda müzakirə olundu və Azərbaycan Respublikası Hökuməti ilə Meksika Birləşmiş Ştatları Hökuməti arasında diplomatik pasporta malik vətəndaşların vizadan azad olunması haqqında Sazişin təsdiq edilməsinə müsbət münasibət bəslənildi. Siz bilirsiniz, Azərbaycan bu saat dünyada ən inkişaf etmiş, ən öndə gedən ölkələrlə əlaqələr qurmaqdadır. Bu əlaqələrin yaradılması və inkişaf etdirilməsində belə sazişlərin çox böyük əhəmiyyəti var.
Adından göründüyü kimi, bu saziş imkan verəcək ki, millət vəkilləri, diplomatik pasporta malik olan vətəndaşların hamısı Meksika Birləşmiş Ştatlarına problemsiz, maneəsiz ezam olunsunlar, orada işləsinlər və bu böyük dövlətlə əlaqələrin daha da inkişaf etdirilməsinə xidmət edən fəaliyyət göstərsinlər. Ona görə təbiidir ki, komissiya bu barədə öz müsbət fikrini bildirib. Bu gün biz millət vəkillərindən xahiş edirik ki, onlar da bu sazişə öz müsbət münasibətlərini bildirsinlər. Diqqətinizə görə sağ olun.
Sədrlik edən. Sağ olun. Nə təklif olacaq? Adil Əliyev.
A. Əliyev. Çox sağ olun, Ziyafət müəllim. Təbii ki, bu tipli sazişlərin tərəflər və ələlxüsus diplomatik pasportları olan vətəndaşlar üçün əhəmiyyəti böyükdür. Ancaq Ziyafət müəllim, mən bir şeyi Sizin nəzərinizə çatdırmaq istəyirəm. 2007-ci ildə Azərbaycan Hökuməti ilə Braziliya Hökuməti arasında bu tipli saziş imzalansa da, mən bir millət vəkili və diplomatik pasporta malik bir insan olaraq, Braziliyaya gedə bilmədim. Vizam olmadığı üçün məni Almaniyadan Braziliyaya buraxmadılar. Dedim ki, bəs mən diplomatik pasporta malik bir insanam və bizdə belə insanların vizadan azad olunması haqqında saziş imzalanıb, Milli Məclisdə təsdiq olunubdur. Dedilər ki, ola bilsin, sizdə təsdiq olunubdur, ancaq Braziliya bizə hələ ki, bu məsələ ilə bağlı heç bir məlumat göndərməyibdir, biz sizi ora buraxa bilmərik. Ona görə də mən yarı yoldan geri qayıtdım. İndi düşünürəm ki, bu tipli hadisələr diplomatik pasporta malik vətəndaşlarımızın, həmkarlarımızın, diplomatlarımızın başına gəlməsin deyə, bununla məşğul olan aidiyyəti orqanlara əlavə tapşırıq verilməsi məqsədəuyğundur. Çox sağ olun.
Sədrlik edən. Səməd müəllim, aydınlıq gətirmək istəyirsiniz? Buyurun.
S. Seyidov. Çox sağ olun, Ziyafət müəllim. Adil müəllimə də mən öz minnətdarlığımı bildirirəm ki, bu məsələni qaldırdı. Doğrudan da, bu cür hadisələr baş verir. Ancaq bu, təbii haldır. Deyək ki, bizim parlament bu gün Azərbaycan Respublikası Hökuməti ilə Meksika Birləşmiş Ştatları Hökuməti arasında diplomatik pasporta malik vətəndaşların vizadan azad olunması haqqında sazişi təsdiq edir. Eyni şəkildə Meksika Birləşmiş Ştatları da bu sənədi öz parlamentində təsdiq edəndən sonra bu sahədə heç bir problem olmur və diplomatik pasporta malik şəxslər bu ölkələrə maneəsiz və problemsiz gedə bilirlər. Ancaq qarşı tərəf, bu halda Meksika Birləşmiş Ştatları bu sazişi təsdiq edənədək biz birtərəfli qaydada öz vətəndaşlarımızı, – onlar diplomatik pasporta malik olsalar da, – Meksikaya vizasız göndərə bilmərik.
Sədrlik edən. Sağ olun. Buyurun, xahiş edirəm, münasibətinizi bildirin.

Səsvermənin nəticələri (saat 12.40 dəq.)
Lehinə 88
Əleyhinə 1
Bitərəf 0
Səs vermədi 0  
İştirak edir 89
Nəticə: qəbul edildi

Qəbul edildi, sağ olun.
Növbəti məsələ – “Azərbaycan Respublikası Hökuməti və Slovakiya Respublikası Hökuməti arasında gömrük məsələləri üzrə əməkdaşlıq və qarşılıqlı yardım haqqında” Sazişin təsdiq edilməsi barədə Azərbaycan Respublikası qanununun layihəsi haqqında. İqtisadi siyasət daimi komissiyasının sədri Ziyad Səmədzadə. Buyurun, Ziyad müəllim.
Z. Səmədzadə, Milli Məclisin İqtisadi siyasət daimi komissiyasının sədri.
Hörmətli sədarət, hörmətli millət vəkilləri! Bilirsiniz ki, Azərbaycan son illərdə dünyanın bir sıra inkişaf etmiş ölkələri ilə iqtisadi, ticarət, elmi əməkdaşlığı genişləndirir. Slovakiya ilə də əməkdaşlıq ildən-ilə genişlənir. Təqdim olunan qanun layihəsi Azərbaycan ilə Slovakiya arasında gömrük münasibətlərinin tənzimlənməsinə xidmət edir. Bu saziş beynəlxalq standartlara, hər iki ölkənin milli maraqlarına cavab verdiyi üçün onun təsdiqini sizdən xahiş edirəm.
Sədrlik edən. Səməd müəllim, əlavəniz varmı?
Yerdən. (Eşidilmir.)
Sədrlik edən. Aydındır. Buyurun, münasibətinizi bildirin, xahiş edirəm.

Səsvermənin nəticələri (saat 12.41 dəq.)
Lehinə 89
Əleyhinə 0
Bitərəf 0
Səs vermədi 0  
İştirak edir 89
Nəticə: qəbul edildi

Qəbul edildi, sağ olun.
Növbəti məsələ – “İşgəncə və digər qəddar, qeyri-insani və ya ləyaqəti alçaldan rəftar və ya cəza əleyhinə Konvensiya”nın Fakültativ Protokolunun təsdiq edilməsi haqqında Azərbaycan Respublikası qanununun layihəsi barədə. Komissiyanın sədri Əli Hüseynov, buyurun.
Ə. Hüseynov, Milli Məclisin Hüquq siyasəti və dövlət quruculuğu məsələləri daimi komissiyasının sədri.
Çox sağ olun, hörmətli Ziyafət müəllim. Hörmətli həmkarlarım, məlumat üçün qeyd etmək istəyirəm ki, Azərbaycan Respublikası hələ 1996-cı il mayın 31-də Birləşmiş Millətlər Təşkilatının İşgəncələrə və digər qəddar, qeyri-insani, yaxud ləyaqəti alçaldan rəftar və cəza növlərinə qarşı 1984-cü il tarixli Konvensiyasına qoşulmuşdur. İndi bizə cənab Prezident tərəfindən təqdim olunan bu sənəd isə həmin Konvensiyanın Fakültativ Protokoludur.
Qısaca onu deyə bilərəm ki, bu Fakültativ Protokol İşgəncələrə qarşı Avropa Konvensiyasının əsasında hazırlanmışdır və başlıca məqsədi işgəncələrin qarşısının alınmasından ötrü azadlıqdan məhrum edilmiş şəxslərin saxlanıldığı yerlərə müstəqil beynəlxalq və milli orqanlar tərəfindən mütəmadi başçəkmələr sisteminin yaradılmasından ibarətdir. Yəni Azərbaycan Respublikası bu Fakültativ Protokola qoşulduqdan sonra bizdə həmin iş ya bu sahə ilə məşğul olan mövcud orqanlardan birinə tapşırılmalı, ya da xüsusi bir orqan yaradılmalıdır ki, azadlıqdan məhrumetmə yerlərində cəza çəkən insanlara mütəmadi baş çəkilsin. Azərbaycan daim insan hüquqlarının qorunması ideyasına sadiqliyini nümayiş etdirib. Bu Fakültativ Protokola qoşulmaqla biz belə bir mexanizmi yaradacağımız barədə öhdəlik götürürük. Hesab edirəm ki, bu, insan hüquqlarının qorunması baxımından çox vacibdir. Mən həmkarlarımı bu Fakültativ Protokola səs verməyə dəvət edirəm.
Sədrlik edən. Sağ olun, Əli müəllim. Nə təklif olacaq? Buyurun, münasibətinizi bildirin.

Səsvermənin nəticələri (saat 12.44 dəq.)
Lehinə 84
Əleyhinə 0
Bitərəf 0
Səs vermədi 1  
İştirak edir 85
Nəticə: qəbul edildi

Qəbul edildi, sağ olun.
Növbəti məsələ “Nüvə terrorçuluğu əməlləri ilə mübarizə haqqında” Beynəlxalq Konvensiyanın təsdiq edilməsi barədə Azərbaycan Respublikası qanununun layihəsi haqqındadır. İcazənizlə bu barədə mən məlumat verim. Bu Konvensiya bizim komissiyada müzakirə olunubdur. Konvensiya 2005-ci il sentyabr ayının 15-də Nyu-York şəhərində imzalanıb. Bilirsiniz ki, Milli Məclisdə biz terrorizmə qarşı artıq 15-ə yaxın Konvensiya təsdiq eləmişik. Bundan başqa, “Terrorizmə qarşı mübarizə haqqında” Azərbaycan Respublikasının Qanunu var. Milli Məclis terrorizmin maliyyələşdirilməsinə qarşı mübarizə ilə bağlı müxtəlif qanunvericilik aktları qəbul edibdir. Hesab edirəm ki, bu Konvensiya da bizim milli maraqlarımıza uyğun bir beynəlxalq sənəddir.
Nəzərinizə çatdırmaq istəyirəm ki, biz bu Konvensiyaya bir qeyd-şərt və bir bəyanatla qoşulmuşuq. Mən bəyanatı sizin nəzərinizə çatdırmaq istəyirəm: “Azərbaycan Respublikası bəyan edir ki, o, Ermənistan Respublikası tərəfindən işğal olunmuş ərazilərində Konvensiyanın müddəalarının həyata keçirilməsinə həmin ərazilər işğaldan azad olunana qədər təminat vermək iqtidarında deyildir”. Hesab edirəm, bu da təbiidir. Ona görə əgər sual yoxdursa, xahiş edirəm, münasibətinizi bildirin. Buyurun.

Səsvermənin nəticələri (saat 12.46 dəq.)
Lehinə 82
Əleyhinə 0
Bitərəf 0
Səs vermədi 1  
İştirak edir 83
Nəticə: qəbul edildi

Qəbul edildi, sağ olun.
Növbəti məsələ Azərbaycan Respublikasının “Azərbaycan Respublikası milli təhlükəsizlik orqanlarının 90 illiyi (1919–2009)” yubiley medalının təsis edilməsi haqqında Azərbaycan Respublikası qanununun layihəsi barədədir. Həmin qanun layihəsi sizə paylanıbdır. Qanun layihəsində “Azərbaycan Respublikası milli təhlükəsizlik orqanlarının 90 illiyi (1919–2009)” yubiley medalı haqqında Əsasnamə və medalın təsviri də verilibdir. Nəzərinizə çatdırmaq istəyirəm ki, Əsasnaməyə görə, “Azərbaycan Respublikası milli təhlükəsizlik orqanlarının 90 illiyi (1919–2009)” yubiley medalı ilə milli təhlükəsizlik orqanlarında xidməti vəzifələrini həyata keçirərkən yüksək nəticələr əldə edən, Azərbaycan Respublikasının milli maraqlarının daxili və xarici təhdidlərdən qorunmasında, kəşfiyyat və əks-kəşfiyyat fəaliyyətində, dövlət sirrinin mühafizəsində, cinayətkarlığa qarşı mübarizədə fərqlənən hərbi qulluqçular, mülki işçilər, veteranlar, habelə milli təhlükəsizliyin təmin olunmasında fəal iştirak edən və təhlükəsizlik orqanlarının inkişafında xüsusi xidmətləri olan digər şəxslər təltif edilirlər.
Hesab edirəm ki, bu, milli təhlükəsizlik orqanlarında işləyən şəxslərin mükafatlandırılması, onların fəaliyyətinin stimullaşdırılması baxımından olduqca vacib bir qanun layihəsidir. Gələn il təhlükəsizlik orqanlarının yaranmasının 90 illiyi tamam olur. Hesab edirəm ki, Milli Məclis bu qanun layihəsini qəbul etməklə bizim xüsusi orqanlarda işləyən vətəndaşlarımıza böyük bir hədiyyə etmiş olar. Əgər sual yoxdursa, xahiş edirəm, münasibətinizi bildirin.
Yerdən. (Eşidilmir.)
Sədrlik edən. Yazılmısınız? Üzr istəyirəm, monitorda heç kim yoxdur. Buyurun. Aydın Həsənov.
A. Həsənov. Hörmətli Ziyafət müəllim, mən bu məsələni ürəkdən bəyənirəm. Bayaq mənə çıxış üçün söz vermədiniz, gecikdim. Hərbi qulluqçuların, ehtiyatda olan zabitlərin mənə ünvanlanmış çoxsaylı müraciətləri ilə bağlı çıxış etməyi özümə borc bilirəm. Bildiyimiz kimi, bu gün bəzi mətbuat orqanlarında ordumuzla bağlı neqativ tendensiyalı məsələlər...
Sədrlik edən. Aydın müəllim, qanun layihəsi ilə bağlı.
A. Həsənov. Bəli, bu məsələ qanunla...
Sədrlik edən. İndi biz başqa şeyi müzakirə edirik. Biz təhlükəsizlik orqanlarının yaranmasının 90 illiyi ilə əlaqədar medalın təsis edilməsi haqqında qanun layihəsinə baxırıq.
Yerdən. (Eşidilmir.)
Sədrlik edən. Buyurun.
A. Həsənov. Narahatlıq doğuran odur ki, qeyri-normal hal kampaniya şəklini almaqdadır və bu, istefada olan zabit kimi təkcə məni yox, həm də deputat həmkarlarımı narahat etməlidir. Bildiyimiz kimi, hörmətli Ali baş komandan milli ordudakı bütün prosesləri daim nəzarətdə saxlayır, ondan qayğısını əsirgəmir. Amma təbii ki, ordumuz mülki əhalidən formalaşmış müxtəlif xarakterli şəxslərdən ibarət toplum olduğundan mülki həyatda olduğu kimi, orduda da ən müxtəlif problemlərin olması labüddür. Amma bu, kiməsə əsas vermir ki, mətbuatda ölkənin təhlükəsizliyinin bel sütunu olan ordumuz haqqında ehtimallar, fərziyyələr, şayiələr əsasında ağlına gələni yazsın, cəmiyyətdə ordu haqqında mənfi rəy formalaşdırsın və müdafiə nazirindən hesabat tələb etsin. Sivil dövlətlərdə müdafiə naziri nə parlament qarşısında çıxış edir, nə də kiməsə hesabat verir. Nazir ancaq və ancaq Ali baş komandana hesabat verir.
Dünyanın hansı ölkəsinin ordusunda itki olmur? Dünyada elə bir ordu yoxdur ki, itkisi olmasın və təbii ki, biz də istisna deyilik. Bayaq dedim ki, ordu cəmiyyətdən formalaşır. Deyək ki, 50 min əhalisi olan bir rayonda hər hansı xəstəlikdən, ehtiyatsızlıqdan və ya qəzadan itki olmurmu? Təbii ki, olur. Orduda da hər hansı itkinin olması anlamla qarşılanmalıdır. Bizdə isə orduya yanaşma tam əksinədir. Qəzetlər ordudakı hər hansı bədbəxt hadisəni, hər hansı neqativ halı kiminsə sifarişi ilə min cür yozum verərək, birinci səhifələrinə çıxarır, həftələrlə ondan yazır, həm də bu zaman qəribə bir metoda əl atırlar. Guya onlar yazdıqlarını etibarlı mənbələrdən alırlar. Yeri gəlmişkən, mən də etibarlı mənbədən məlumat almışam ki, ordumuz haqqında mənfi rəy formalaşdıranlar bir qrup şəxsin sifarişi ilə yazırlar. Öz şəxsi maraqları naminə istənilən haqsızlığa, ədalətsizliyə imza ata bilən bu insanlar düşmən dəyirmanına su tökənlərdir.
Mən keçmiş zabit kimi, bir neçə deputat və hərbçi həmkarlarımla birlikdə hərbi hissələrdə döyüş bölgələrində oldum. Gördüklərimizlə bağlı hərbçilər qarşısında çıxış etdik. İki dəfə jurnalistlərin iştirakı ilə ordudakı durumla bağlı mətbuat konfransı keçirdik. Maraqlıdır ki, orduda və ümumiyyətlə, gənclərdə hərbi vətənpərvərlik ruhunun yüksəldilməsinə xidmət edən bu konfranslar Müdafiə Nazirliyinin, Fövqəladə Hallar Nazirliyinin və hərbi birləşmələri olan digər nazirliklərin əleyhinə kompromat toplayıb, onu kütləviləşdirənlərin diqqətini cəlb etməyib. Bu isə onu deməyə əsas verir ki, ordu əleyhinə kampaniya təsadüfi xarakter daşımır, onu təşkil edən şəxslər var.
İstərdim ki, o kampaniyanı aparanlar mənim bu çıxışımı bir xəbərdarlıq kimi qəbul etsinlər, gəncləri ruhdan salmasınlar. Əksinə, bütün diqqəti gənclərin hərbi vətənpərvərlik ruhunda tərbiyə olunmasına, orduda döyüş ruhunda olan layiqli əsgər və zabitlərin yetişdirilməsinə yönəltsinlər və öz bəd əməllərinə son qoysunlar. Əks təqdirdə növbəti çıxışım indiki kimi, ümumiləşdirici xarakter daşımayacaq. Onda etibarlı mənbələr barədə konkret ad çəkəcəyəm. Hamı bilməlidir ki, yerin də qulağı var. Diqqətinizə görə təşəkkür edirəm.
Sədrlik edən. Sağ olun. Sabir Rüstəmxanlı.
S. Rüstəmxanlı. Hörmətli Məclis, bu il bizim Azərbaycan dövlətçiliyinin tarixi ilə bağlı bir sıra çox mühüm tədbirlər keçirilib. Milli təhlükəsizlik orqanlarının 90 illiyi ilə bağlı bu yubiley medalının təsis edilməsi də o silsilədən olan bir hadisədir və şübhəsiz ki, biz hamımız buna səs verəcəyik.
Yeri gəlmişkən, onu deyim ki, biz parlamentlə birbaşa əlaqəsi olan “Azərbaycan” qəzetinin də bu yaxınlarda 90 illik yubileyini keçirdik. Bu gün də onun yubileyinə həsr olunmuş kitab bizə paylanıb. Mən qəzetin kollektivini təbrik edirəm. 90 illik yubiley mühüm bir hadisədir. Amma eyni zamanda, mən bir fikrimi də demək istəyirəm. Bəxtiyar bəy burada əyləşib. Mən o yubiley yığıncağında demişdim ki, qəzet 1992-ci ildə yox, 1989-cu ildə bərpa olunub. Onu biz bərpa etmişik. O vaxt biz onu dövlətin adından buraxa bilməzdik, ictimai təşkilatın adından buraxırdıq. “Azərbaycan” qəzetini Milli Məclisə biz vermişik. İsa Qəmbər sədr olanda mən gəlib demişəm ki, bu qəzeti biz dayandırırıq, qoy Məclisin qəzeti kimi çıxsın. Bu bir tarixdir. 3 il hər halda bu qəzet çıxmışdır. İndi bu keçdi, üstünü vurmuram. Bəxtiyardan da heç bir şey istəmirik. Heç xatırlamasın, keçsin o 3 ilin üstündən. Hər halda o 3 il milli qəzet çap olunmuşdur. Amma bu bir yubiley kitabıdır. Bu kitabda Bəxtiyar Sadıqovun 37 dənə şəkli var. Əgər bu kitab “Azərbaycan” qəzetinin yubileyə həsr edilibsə...
Sədrlik edən. Sabir müəllim, çox üzr istəyirəm, onu ikilikdə müzakirə edərsiniz. Axı biz başqa məsələni müzakirə edirik. Siyavuş Novruzov. Siyavuş müəllim, qanun layihəsi barədə, xahiş edirəm.
S. Novruzov. Mən onu demək istəyirəm ki, 90 illiyə həsr olunmuş bu medalın təsis edilməsi çox vacibdir. Qanun layihəsində göstərilir ki, bu medal milli təhlükəsizliyin təmin olunmasında fəal iştirak edən və təhlükəsizlik orqanlarının inkişafında xüsusi xidmətləri olan insanlara verilir. Ona görə mən deputat həmkarlarımdan xahiş edirəm, – bu müzakirəyə ehtiyac yoxdur, – səsə qoyaq, qəbul edək. Güman edirəm ki, Milli Məclisin üzvləri arasında da bu medaldan alanlar olacaqdır. Diqqətinizə görə sağ olun.
Sədrlik edən. Təşəkkür edirəm. Pənah Hüseyn.
P. Hüseyn. Təşəkkür edirəm. Mən bir məsələyə qısaca toxunmaq üçün yazıldım. Azərbaycan Silahlı Qüvvələri, o cümlədən Müdafiə Nazirliyinin tabeliyində olan ordu, həqiqətən, millətin göz bəbəyidir, onun vuran qoludur. Orada sağlam psixoloji mühitin olmasının hamı qayğısını çəkməlidir və çəkir. Mən bilirəm ki, jurnalistlər arasında da orduda xidmət etmiş, döyüş əməliyyatlarında iştirak etmiş xeyli sayda şəxslər vardır. Azərbaycan Silahlı Qüvvələri haqqında, həqiqətən, son dövrdə kütləvi informasiya vasitələrində heç də əsassız görünməyən xeyli məlumat dərc olunmuşdur. Bunları, sadəcə, lənətləməklə iş düzəlmir. Məncə, bu məlumatların doğru olub-olmamasını araşdırmağa və bu sahəyə parlamentin nəzarətini gücləndirməyə ehtiyac vardır. Diqqətinizə görə təşəkkür edirəm.
Sədrlik edən. Təşəkkür edirəm. Xahiş edirəm, qanun layihəsinə münasibətinizi bildirəsiniz.

Səsvermənin nəticələri (saat 12.57 dəq.)
Lehinə 89
Əleyhinə 0
Bitərəf 0
Səs vermədi 0  
İştirak edir 89
Nəticə: qəbul edildi

Çox sağ olun, qəbul edildi.
Növbəti məsələ “Notariat haqqında” və “Dövlət rüsumu haqqında” Azərbaycan Respublikasının qanunlarında dəyişikliklər edilməsi barədə Azərbaycan Respublikası qanununun layihəsi haqqındadır. Əli Hüseynov, buyurun.
Ə. Hüseynov. Təşəkkür edirəm, Ziyafət müəllim. Hörmətli həmkarlar, ölkəmizdə azad bazar iqtisadiyyatının formalaşması, iqtisadiyyatın sürətli inkişafı mülki münasibətlərin dairəsini genişləndirməklə, eyni zamanda, əhaliyə göstərilən hüquqi xidmətlərin, ən başlıcası isə notariat fəaliyyətinin təkmilləşdirilməsini günün zəruri məsələlərindən birinə çevirmişdir. Hazırda regionlarda yaşayan vətəndaşların rahatlığının təmin olunması məqsədi ilə sənədlərin xaricdə istifadə edilməsi üçün rəsmiləşdirilməsinə təkcə Bakı şəhərində yox, eyni zamanda, digər bölgələrdə fəaliyyət göstərən notariat kontorları da cəlb olunmuşdur. Bütün bu islahatlara uyğun olaraq notariat sahəsində qanunvericiliyin təkmilləşdirilməsinə zərurət yaranmışdır. Belə hüquqi islahatın biri də bu gün sizin diqqətinizə təqdim olunmuşdur və bu, notariat fəaliyyətində dövlət rüsumunun və haqqın tutulması ilə bağlı şəffaflığın təmin olunması məqsədi ilə həyata keçirilir.
Notariat kontorlarında əhaliyə xidmət göstəriləndə dövlət rüsumu ilə yanaşı, qanunvericilikdə nəzərdə tutulmuş haqq tutulur. Dövlət rüsumu “Dövlət rüsumu haqqında” Qanunda göstərildiyi halda, haqqın nəyə görə tutulması göstərilmirdi və bu qaydalar təlimatla tənzimlənirdi. Hazırda bu məsələ “Dövlət rüsumu haqqında” Azərbaycan Respublikası Qanununun 10.22 və 10.23-cü maddələrində təsbit olunur. Göstərilir ki, məsləhətlər və sənədin layihəsinin tərtibi üçün rüsum tutulur. Əslində isə bu rüsum deyil, göstərilən xidmətə görə tutulan haqdır. Ona görə də tamamilə obyektiv olaraq təklif olunur ki, bu bəndlər qanundan çıxarılsın.
Bununla bərabər, “Notariat haqqında” Qanunun bir neçə maddəsində də dəyişikliklər edilməsi təklif olunmuşdur. Bu dəyişikliklərin məqsədi notariuslar tərəfindən notariat hərəkətləri ilə bağlı olmayan məsələlərə görə tutulan haqqın həcminin tənzimlənməsidir. Hazırda notariuslar notariat hərəkətləri ilə bərabər məsləhətlər də verirlər, çünki qanunvericiliklə bu onların səlahiyyətləridir. Əqdlərin, ərizələrin və digər sənədlərin layihələrini tərtib edirlər, texniki işləri yerinə yetirirlər. Notariat hərəkətlərinə görə dövlət rüsumu, amma digər hərəkətlərə görə haqq tutulurdu. Ancaq bu haqqın məbləği, qeyd etdiyim kimi, müəyyən edilməmişdir. Təbii ki, bu bəzən qeyri- şəffaf münasibətlərə gətirib çıxarırdı. “Notariat haqqında” Qanuna təklif edilən dəyişikliyin mahiyyəti həm də ondan ibarətdir ki, dediyim termin, yəni notariat hərəkəti ilə bağlı olmayan məsələlər qanunvericilikdən götürülür. Qanunun 17-ci maddəsində nəzərdə tutulan dövlət notariusu tərəfindən aparılan notariat hərəkətləri növlərinə görə konkretləşdirilmişdir və konkret haqq tutulur. Misal üçün, sənədlərin surətlərinin çıxarılmasının düzgünlüyünün təsdiq edilməsi məsələlərində dövlət rüsumu məbləğinin 15 faizi miqdarında haqq nəzərdə tutulur. Bəri başdan deyə bilərəm ki, bu, kifayət qədər kiçik bir rəqəmdir. Yəni təxminən 20–40 qəpik çərçivəsindədir.
Düşünürəm ki, “Notariat haqqında” Qanuna təklif olunan dəyişikliklər bu sistemdə islahatların davamıdır və vətəndaşlarla olan münasibətlərdə, o cümlədən rüsumların tutulmasında şəffaflığı təmin edəcək mühüm bir haldır. Ona görə də sizdən bu layihəyə səs verməyinizi xahiş edirəm. Məlumat üçün deyim ki, Ədliyyə Nazirliyinin Qeydiyyat və notariat baş idarəsinin rəisi İlqar Məmmədov Milli Məclisə dəvət olunub. Əgər suallar olarsa, birgə cavablandıra bilərik. Diqqətinizə görə təşəkkür edirəm.
Sədrlik edən. Təşəkkür edirəm. Ziyad müəllim, bu məsələ Sizin komissiyada da müzakirə olunub. Buyurun.
Z. Səmədzadə. Hörmətli Ziyafət müəllim, hörmətli millət vəkilləri! Hörmətli Əli müəllim kifayət qədər məlumat verdi. Hesab edirik ki, bu dəyişikliklər bütövlükdə həm şəffaflığın artırılmasına, həm də notariat proseslərinin daha da təkmilləşməsinə imkan verəcəkdir. Buradakı bəzi məsələlər texniki xarakter daşıyır. Amma prinsipial məsələlər barədə hörmətli Əli müəllim kifayət qədər əsaslı məlumat verdi. Mən də millət vəkillərindən xahiş edərdim ki, qanun layihəsinə səs versinlər.
Sədrlik edən. Qanun layihəsi ilə əlaqədar çıxış etmək istəyənlər var. Hadi Rəcəbli, buyurun.
H. Rəcəbli. Hörmətli Ziyafət müəllim, hörmətli millət vəkilləri! Çox proqressiv, çox gözəl bir qanun layihəsidir. Mən birmənalı şəkildə təklif edirəm ki, bu qanun layihəsinə səs verək. Burada çox dəqiq yazılıb ki, dövlət notariat kontorları tərəfindən şəhadətnamənin verilməsi və notariuslar tərəfindən notarial hərəkətlərlə bağlı olmayan məsələlərlə əlaqədar vəsaitdən istifadə edilməsinə şərait yaradırıq. Çox düzgün edirik. Mən hörmətli İlqar müəllimlə və bizim yoldaşlarla danışmışam və bu gün bu məsələni burada da səsləndirmək istəyirəm. Biz rüsumun hətta artırılmasına belə getməliyik ki, bu gün şəhadətnamələrin səliqəli yazılmasına nail olaq. Təsəvvür edin ki, evlənmə haqqında şəhadətnamənin, insanın xoşbəxtliyi ilə əlaqədar olan sənədin yazılışına baxanda adamın özündən acığı gəlir. Uşağın doğum şəhadətnaməsinə nəzər salanda təəssüf hissi keçirirsən. Mən bilirəm, nazirlik böyük işlər görmək istəyir. Kompüterləşmə məsələsi var. Biz bu qanunda bunu ehtiva edə bilməyəcəyik, çünki bu, sırf notariatla bağlı olan qanundur. Bəlkə biz VVAQ şöbələri ilə bağlı olan məsələdə rüsumu artıraq və yaxud elə addım ataq ki, bu doğum şəhadətnaməsi deyirlər də...
Sədrlik edən. Onda onların xətti düzələcək?
H. Rəcəbli. Yox, kompüterlə yazacaqlar. Bu gün görün, sertifikatlar necə gözəl, necə səliqəli yazılır. Mən bilirəm, bu gün Ədliyyə Nazirliyində bu sahədə ciddi işlər görülür. Biz buna dəstək olmalıyıq. Fərqi yoxdur, hansı formanı tapırıq-tapaq, ya onlar, ya da biz bir təşəbbüslə çıxış edək. VVAQ şöbələri ilə bağlı bir addım ataq, bu işlərdə bir səliqə-sahman yaradaq. Diqqətinizə görə təşəkkür edirəm. Hamını bu qanun layihəsinə səs verməyə dəvət edirəm.
Sədrlik edən. Təşəkkür edirəm. Yevda Abramov.
Y. Abramov. Təşəkkür edirəm, Ziyafət müəllim. Mən də bu qanuna edilən dəyişikliklərə birmənalı olaraq səs verəcəyəm. Doğrudan da, bu dəyişikliklər notariat xidmətinin daha da yaxşılaşdırılmasına rəvac verir.
Mən İlqar müəllimin burada olmasından istifadə edərək bir-iki iradımı bildirmək istəyirəm. Respublikanın notariat kontorlarında göstərilən xidmət haqlarının cədvəli belə yoxdur. Hər bir millət vəkili bilir, bu gizli deyil, reyestr dəftərində insanlara göstərilən xidmət kimi imza edilir. Amma Ziyafət müəllim, mən özüm imza edəndə bir neçə dəfə baxmışam, rəqəm yeri boşdur. Bilmirsən ki, 4 manata imza edirsən, yoxsa 6 manata. Soruşursan, deyirlər ki, biz 10–15 günlüyü yığırıq, banka birdəfəlik rüsumu köçürürük, sonra məlumat veririk. Mən bilmirəm, qanunvericiliklə bu nə dərəcədə düzdür.
Sonra, İlqar müəllim, bizim rayonda bir köhnə notariat işçisini işdən azad edib, Dəvəçiyə göndərmisiniz. Qubada oturub, Dəvəçidə notariat işi aparır. Bu nə dərəcədə düzdür? O qız Qubada çoxdan işləyirdi. Rayonda notariusa işi düşən insanlar bu qızı yaxşı tanıyırlar. Mənə bu barədə dəfələrlə müraciətlər olub, mən özüm də ona dəfələrlə telefon açmışam. Həcər xasiyyətli bir qızdır. Ona görə də İlqar müəllimdən dönə-dönə xahiş edirəm ki, bu məsələ ilə məşğul olsunlar. Diqqətinizə görə təşəkkür edirəm.
Sədrlik edən. Təşəkkür edirəm. Əli müəllim, buyurun. Siz nə isə demək istəyirsiniz.
Ə. Hüseynov. Ziyafət müəllim, Yevda müəllimin qaldırdığı məsələ ilə bağlı bir əlavə etmək istəyirdim. Bu qanunun 29-cu maddəsində notariat kontorunda həmin haqların miqdarını əks etdirən lövhənin asılması artıq imperativ norma kimi göstərilir. Yəni Yevda müəllimin qaldırdığı məsələ artıq həllini tapıb. Əvvəl də bu olmalı idi, amma etmirdilər. Amma artıq hər bir notariusun vəzifə borcudur ki, bu lövhəni assın və vətəndaşlar bunu şəffaf olaraq görə bilsinlər. Diqqətinizə görə təşəkkür edirəm.
Sədrlik edən. Təşəkkür edirəm. Nazim Məmmədov.
N. Məmmədov. Təşəkkür edirəm. Mənim sualım var. Təbii ki, qanunvericilikdə xüsusi notariuslar haqqında maddə var. Xüsusi notariusların yaradılması bazar iqtisadiyyatının mühüm şərtlərindən biridir. Təbii ki, mən bu dəyişikliklərə səs verəcəyəm, amma “dövlət notariat kontorları” ifadəsindən “dövlət” sözünü çıxarmağın vaxtı çatmayıbmı? Vaxtilə statistika ilə bağlı da bu məsələ qalxmışdı.
İkinci sualım ondan ibarətdir ki, Yevda müəllimin qaldırdığı məsələ Gədəbəy rayonu üçün də xarakterikdir. Gədəbəydə notarius yoxdur və bu vəziyyət bir neçə ildir davam edir. Həftənin bir günü Şəmkirdən və ya Tovuzdan notarius gəlir. O da bəzən vaxtında gəlmir. İnsanlar bir notariat hərəkəti üçün 75–80 kilometr yol qət edirlər. O baxımdan xahiş edirəm, bu məsələyə diqqət yetirsinlər. Diqqətinizə görə təşəkkür edirəm.
Sədrlik edən. Təşəkkür edirəm. Vasif Əliyev.
V. Əliyev. Təşəkkür edirəm. Mənim belə bir sualım var. “Dövlət rüsumu haqqında” Qanunu banklara tətbiq etmək olar, yoxsa yox? Çünki banklarda da, açığını deyim ki, çox qəribə hallar baş verir. Kimsə 50 dollar göndərmək üçün 30 dollar rüsum verirsə, bu hansı qanuna uyğundur? Ona görə bilmək istərdim ki, “Dövlət rüsumu haqqında” Qanunu ümumilikdə banklara tətbiq etmək mümkündürmü? Sağ olun.
Sədrlik edən. Təşəkkür edirəm. İclasda Ədliyyə Nazirliyinin Qeydiyyat və Notariat Baş İdarəsinin rəisi İlqar Məmmədov iştirak edir. İlqar müəllim, buyurun, deyilən iradlara münasibətinizi bildirin.
İ. Məmmədov, Azərbaycan Respublikası Ədliyyə Nazirliyinin Qeydiyyat və Notariat Baş İdarəsinin rəisi.
Mənə söz verdiyinizə görə təşəkkür edirəm. İlk öncə qanun layihəsi ilə bağlı fikirlərimi demək istəyirəm. “Notariat haqqında” Azərbaycan Respublikası Qanununun 29-cu maddəsinin tələblərinə görə notariat hərəkətlərinin aparılmasına, sənədlərin layihələrinin tərtib edilməsinə, sənədlərin surətlərinin (dublikatlarının) verilməsinə, texniki işlərin yerinə yetirilməsinə görə notariuslar tərəfindən haqq tutulmalıdır. Yəni bu artıq qanunda təsbit olunub. 2006-cı il noyabrın 28-də “Dövlət rüsumu haqqında” Azərbaycan Respublikasının Qanununa icra hakimiyyəti orqanlarının qanunla nəzərdə tutulmamış, əsaslar olmadan və qanunda göstərilmiş həcmdən əlavə vergilər və ya başqa dövlət ödənişləri müəyyən edə bilməməsini nəzərdə tutan 1.2-ci maddə əlavə edilmişdir. Bu səbəbdən “Notariat haqqında” Qanunda nəzərdə tutulmuş haqqın miqdarı qanunla müəyyən edilməlidir. Bununla əlaqədar 29-cu maddəyə haqqın miqdarı ilə bağlı əlavələr təklif olunur.
Hörmətli Əli müəllim dedi, bu əlavələr çox cüzi bir miqdar təşkil edəcək. 25 qəpikdir. O 25 qəpik hər bir fiziki şəxs üçün elə də böyük məbləğ olmasa da, toplandıqda notariat orqanlarının işi üçün külli miqdarda vəsait deməkdir. Bu vəsait imkan verəcək ki, biz notariat orqanlarının işini təkmilləşdirək.
Bundan başqa, “Dövlət rüsumu haqqında” Qanunda notariat kontorları tərəfindən notariat hərəkəti ilə bağlı olmayan məsələlərə dair yazılı məsləhətlərin verilməsi və sənədlərin layihəsinin tərtib olunmasına görə dövlət rüsumunun dərəcəsi müəyyən edilmişdir. “Notariat haqqında” Qanunla isə notariuslara yalnız notariat hərəkətlərinin aparılması ilə əlaqədar məsləhətlər vermək və sənədlərin layihələrini tərtib etmək hüququ verilmişdir. Göründüyü kimi, qanunvericilikdə haqqın nəyə görə tutulması məsələsində müəyyən ziddiyyət olduğundan “Notariat haqqında” Qanunda göstərilən hərəkətin yerinə yetirilməsinə görə haqqın ödənilməsi mümkün olmur. Bununla da bağlı qanunun 29-cu maddəsinə dəyişiklik edilməsi təklif olunur. Eyni zamanda, həmin səbəbdən təcrübədə tətbiq olunmadığına görə “Dövlət rüsumu haqqında” Qanunun 10.22 və 10.23-cü maddələrinin çıxarılması təklif olunur.
Burada hörmətli deputatlar tərəfindən müəyyən suallar səsləndirildi. Qeyd etmək istəyirəm ki, cari ildə Ədliyyə Nazirliyi tərəfindən notariat fəaliyyəti ilə məşğul olmaq istəyən şəxslər üçün test imtahanı təşkil olunmuşdur. Keçirilən test imtahanında 120 nəfər uğur qazanıb. O 120 nəfərdən 22 nəfəri xüsusi notarius olmaq istəyir. Yalnız bu prosedurlar bitəndən sonra həmin məsələyə baxılacaqdır və ölkəmizdə xüsusi notariat tətbiq olunacaqdır. Bildiyiniz kimi, “Notariat haqqında” Qanunda həm dövlət notariuslarının fəaliyyət göstərməsi nəzərdə tutulub, həm də xüsusi qaydada fəaliyyət göstərən notariuslar üçün müddəalar vardır. Ona görə də notariat kontorunun adından “dövlət” sözünün götürülməsi, məncə, məqsədəmüvafiq olmazdı.
Gədəbəydə notariusun olmaması həqiqətdir. Bu da məhz bu prosedurlarla bağlıdır. Bildiyiniz kimi, qanunda notariusun təyin olunması üçün müvafiq prosedurlar nəzərdə tutulmuşdur. Dediyim kimi, test imtahanından keçən 120 nəfərin sırasından Gədəbəy üçün notarius seçilib, təyin ediləcəkdir. Diqqətinizə görə təşəkkür edirəm.
Sədrlik edən. Təşəkkür edirəm. Əgər başqa fikir yoxdursa, xahiş edirəm, münasibətinizi bildirin.

Səsvermənin nəticələri (saat 13.14 dəq.)
Lehinə 91
Əleyhinə 0
Bitərəf 0
Səs vermədi 2  
İştirak edir 93
Nəticə: qəbul edildi

Qəbul edildi, sağ olun.
Növbəti məsələ “Torpaq islahatı haqqında” Azərbaycan Respublikasının Qanununa, Azərbaycan Respublikasının Torpaq Məcəlləsinə və Azərbaycan Respublikasının İnzibati Xətalar Məcəlləsinə dəyişikliklər və əlavələr edilməsi barədədir. Komissiya sədri Eldar İbrahimova söz verilir. Buyurun.
E. İbrahimov, Milli Məclisin Aqrar siyasət daimi komissiyasının sədri.
Çox sağ olun. Hörmətli Ziyafət müəllim, hörmətli deputat həmkarlarım, ölkə Prezidentinin təşəbbüsü ilə Milli Məclisə “Torpaq islahatı haqqında” Azərbaycan Respublikasının Qanununa, Azərbaycan Respublikasının Torpaq Məcəlləsinə və Azərbaycan Respublikasının İnzibati Xətalar Məcəlləsinə dəyişikliklər və əlavələr edilməsi barədə qanun layihəsi daxil olub. Hörmətli həmkarlarım qanun layihəsi ilə tanış olublar. Bu dəyişikliklərin əsas məqsədi nədən ibarətdir? Birinci, “Torpaq islahatı haqqında” Azərbaycan Respublikası Qanununun “Dövlət torpaqları” adlanan 6-cı maddəsinin 6-cı bəndinin qüvvədə olan mətnində yazılır ki, dövlət mülkiyyətində aşağıdakı torpaqlar saxlanılır:
b) Xəzər dənizinin (gölünün) Azərbaycan Respublikasına mənsub olan bölməsinin sahilboyu 80–130 metrlik zolağın altında olan torpaqlar. 1997-ci ildə belə bir qanun qəbul edilmişdi. İndi təklif olunur ki, bu məsafə 80–130 metrdən 20–50 metrlik zolağın altında olan torpaqlara endirilsin.
Eyni ilə də Torpaq Məcəlləsinin “Dövlətin torpaq üzərində mülkiyyət hüququ” adlanan 46-cı maddəsinin 1-ci bəndinin yeddinci abzasına və 2–1-ci bəndinin birinci və ikinci cümlələrinin qüvvədə olan mətnlərinə dəyişikliklər təklif olunur. Təklif olunan redaksiya aşağıdakı kimidir: Xəzər dənizinin (gölünün) Azərbaycan Respublikasına mənsub olan bölməsinin sahilboyu 20–50 metrlik zolağının altında olan torpaq sahələri dövlətin mülkiyyətində qalmaqla özgəninkiləşdirilə bilməz və yalnız müvafiq icra hakimiyyəti orqanının qərarı ilə istifadəyə və icarəyə verilə bilər. Bu maddənin birinci cümləsinə uyğun olaraq istifadəyə və icarəyə verilməsi barədə qərar qəbul edilmiş Xəzər dənizinin (gölünün) Azərbaycan Respublikasına mənsub olan bölməsinin sahilboyu 20-50 metrlik zolağının altında olan torpaq sahəsi müvafiq icra hakimiyyəti orqanının icazəsi əsasında dənizin sahilinə gediş-gəlişi məhdudlaşdırmamaq şərti ilə hasara alınma yolu ilə və ya digər üsullarla bağlanıla bilər. Mənim bəzi həmkarlarımda çaşqınlıq yaranıb ki, guya sahilboyu ərazi kəsiləcək, dənizə gediş-gəlişə yol verilməyəcək. Ona görə bir daha bu cümləni oxuyuram: “...gediş-gəlişi məhdudlaşdırmamaq şərti ilə hasara alınma yolu ilə və ya digər üsullarla bağlanıla bilər”.
Eləcə də, bu qanunun “Torpaq qanunvericiliyinin pozulmasına görə məsuliyyət” adlanan 110-cu maddəsinin qüvvədə olan mətnində 20–50 metrlik zolağın altında olan torpaq sahələrinin qanunsuz hasara alınması yolu ilə və ya digər üsullarla bağlanılması və ya dəniz sahilinə gediş-gəlişin məhdudlaşdırılması təklif olunur.
Hörmətli həmkarım Əli müəllimin əvəzindən də söz demək istəyirəm. Əvvəllər 80–130 metrlik zolağın altında olan torpaq sahələri ilə bağlı İnzibati Xətalar Məcəlləsində heç bir tədbir nəzərdə tutulmamışdı. İndi isə 20–50 metr məsafə ilə bağlı İnzibati Xətalar Məcəlləsinin 88-2-ci maddəsində cərimələr nəzərdə tutulur. Bu torpaqların qanunsuz bağlanılmasına görə fiziki şəxslər şərti maliyyə vahidinin 15 mislindən 25 mislinədək, vəzifəli şəxslər şərti maliyyə vahidinin 30 mislindən 50 mislinədək, hüquqi şəxslər şərti maliyyə vahidinin 100 mislindən 150 mislinədək miqdarda cərimə edilirlər. Bu cərimələrin nəzərdə tutulması onu göstərir ki, bu sahədə qanunsuzluqların və özbaşınalıqların qarşısı alınsın. Mən əvvəlcədən hörmətli həmkarlarıma bəzi məsələlərlə əlaqədar izahat vermək istəyirəm və yəqin ki, sonra kimin nə fikri varsa, bildirəcək. Sahilboyu bölgələrdə – Astara, Lənkəran və digər yerlərdə yaşayan əhalidən söhbət gedir. Mərdəkanda, Buzovnada bağ tikən insanlardan söhbət getmir. Əvvəl dənizdən ən azı 80 metr məsafədə olan evlər sökülə bilərdi və bu da minlərcə, on minlərcə insanı əhatə edirdi. Bu, insanların mənafeyinə zidd olan bir məsələdir. Biz bu qanunu qəbul etmirdik. İndi məsləhət oldu, qəbul etdik. Bu məsafənin azalması bu işin məxsusi xeyrinədir. Bir var ki, 80 metrə qədər məsafədə olan ev sökülsün, bir də var 20 metrə qədər. 20 metr məsafədə bəlkə heç ev yoxdur və ya azdır. Astarada, Lənkəranda 20 metr məsafədə ev tikən nə qədər insan ola bilər ki? Bu baxımdan biz əhalinin mənafeyini nəzərdə tutmuşuq. Qanunda bu məsafənin 20–50 metrə endirilməsi böyük şeydir.
Əvvəl standart olaraq 130 metrin üstündə durdular. Biz Milli Məclisdə, Səfa müəllim şahiddir, məsələ qaldırdıq. Dedik ki, bunun aşağı həddini 80, yuxarısını 130 metr müəyyənləşdirək. İndi ən aşağı hədd 20 metrdir. 20 metrdən də içəri, dənizin içində kimsə ev tikirsə, onda özü bilsin, Allah bilsin. Sabah Xəzər qalxa, evlər də dənizə yem ola bilər. Hər bir insan bunu özü başa düşməlidir. Mən elə bilirəm, bu sahədə heç qanuna da ehtiyac yoxdur. Dənizin sahilində ev tikirəmsə, fikirləşməliyəm ki, gələcəkdə dəniz qalxa, ev bata bilər. Hər şey ola bilər. Bir az evini kənarda tik. Yenə deyirəm, bu gün bunun müsbət cəhəti ondan ibarətdir ki, sökülməyə məruz qalan evlər bir növ azad olunur. Mən hörmətli həmkarlarımdan xahiş edirəm ki, bu qanuna səs versinlər. Çox sağ olun.
Sədrlik edən. Sağ olun. Bu qanun layihəsi Əli müəllimin rəhbərlik etdiyi komissiyada da müzakirə olunub. Əli müəllim, əlavəniz varmı?
Yerdən. (Eşidilmir.)
Sədrlik edən. Aydındır. Çox sağ olun. Qanun layihəsinin müzakirəsi ilə əlaqədar çıxışa yazılanlar var. Müzakirəyə başlayırıq. Astan müəllim, buyurun.
A.Şahverdiyev. Çox sağ olun, hörmətli Ziyafət müəllim. Mənim hörmətli həmkarım Eldar müəllimə bir sualım var. Özü çıxışında bu suala qismən cavab verdi, amma mən 20–50 metr məsələsini bir az da dəqiqləşdirmək istəyirəm. Xəzər dənizi nə qədər mövcuddursa, həmişə qabarma və çəkilmə olacaq. 20–50 metr məsafə anlayışının elmi-metodik əsası varmı? Mənim sualım bundan ibarətdir. Diqqətinizə görə çox sağ olun.
Sədrlik edən. İndi cavab vermək istəyirsiniz, yoxsa sonra?
Yerdən. (Eşidilmir.)
Sədrlik edən. Yaxşı, yəqin, yenə suallar olacaq, bir azdan hamısına cavab verərsiniz. Pənah Hüseyn.
P. Hüseyn. Çox təşəkkür edirəm, Ziyafət müəllim. Bu – mülkiyyət münasibətləri, əslində, olduqca ciddi bir məsələdir. Mən çox təəccüb edirəm ki, bu məsələ ilə bağlı Təbii ehtiyatlar, energetika və ekologiya məsələləri daimi komissiyasının rəyi yoxdur. Bu yalnız aqrar sahəyə və qanunvericilik texnikasına aid olan məsələ deyil. Torpaq həm də ümumxalq və bizim ən böyük təbii sərvətimizdir. Bu məsələyə hər halda həmin komissiyada aydınlıq gətirilməli idi. Hörmətli Valeh müəllim, yəqin ki, bu məsələyə aydınlıq gətirər.
Bilirsiniz ki, Xəzər dənizi haqqında bizim beynəlxalq öhdəliklərimiz, o cümlədən Xəzər dənizinin dənizətrafı mühitinin mühafizəsi haqqında Çərçivə Konvensiyasında müvafiq müddəa var. Şübhəsiz, həmin müddəa da burada nəzərə alınmalı idi. Bu məsələni hörmətli Eldar müəllim burada səthi şəkildə əsaslandırdı. Açığı, Eldar müəllim bu məsələlərlə bağlı həmişə çox geniş çıxış edir və bəzən görünməyən məsələləri də əsaslandırır. Amma onun bu məsələnin üzərindən keçməsi məndə başqa bir təəssürat yaratdı. Onun belə bir replikası da oldu ki, əslində, biz bunu qəbul etmirdik, amma məsləhət oldu ki, qəbul etdik. Belə çıxır ki, həqiqətən də, bu bir qrup oliqarxın, yüksək dövlət vəzifəsində olan şəxslərin Xəzər dənizi ətrafındakı ümumxalq mülkiyyətində olan torpaqları mənimsəmək, zəbt etmək məsələsini qanuniləşdirməkdən başqa bir şey deyildir. İndi burada Astara və Lənkəranın adı çəkilir.
Mən Milli Məclisdə bir neçə dəfə bu məsələ ilə bağlı çıxış etmişəm. Bu gün hamının gözünün qabağında Qaradağdakı DYP postundan Sanqaçal terminalının ərazisinə qədər dənizin sahibinin hasarlanması məsələsini qaldırırdıq. Bu, bütövlükdə Azərbaycan xalqına qarşı bir təhqirdir. Dənizin sahibini hasarlamaq Allaha da xoş gələn bir məsələ deyil, qanuna da ziddir. Bununla əlaqədar Prezidentin İcra Aparatına rəsmən sorğu ilə müraciət etdim. Bakı Şəhər İcra Hakimiyyəti başçısının mənə cavabı bu oldu ki, – məsələnin təfərrüatlarını demirəm, – hər şey qanunla edilir. Dəniz açıq-aydın şəkildə orada doldurulur, 20–30 metrlik sədd, təmas nöqtəsi yaradılır və sair. Bu qanundan sonra artıq Azərbaycan xalqı Allahın bizə bəxş etdiyi dənizi görmək üçün ekskursiya etməli olacaq.
İndi niyə burada insanların təsəvvürləri qarışdırılır? Söhbət bu sahənin istifadə olunmasından getmir. Orada kurort salına bilər? Bəli, lazımdır. Ora müəyyən beynəlxalq investisiyaların cəlb olunması üçün daha əlverişli biznes mühiti yaradıla bilər. Biz əleyhinə deyilik, orada kurort sahələri, istirahət zonaları yaradılsın. Biz bilirik ki, əslən azərbaycanlı olan biznesmenlər ora 1 milyard investisiya qoyulması istiqamətində açıqlamalar verirlər. Bunların heç kəs əleyhinə deyil. Mövcud qanun da bunu qadağan etmir, çünki dövlət tərəfindən həmin sahələrdən istifadəyə icazə verilməsi bu qanunda əksini tapıb. Söhbət həmin torpağın xüsusi mülkiyyətə verilməsindən gedir. Təkrar edirəm, xüsusi mülkiyyətə verilməsindən gedir.
Nə üçün varisi olduğunuz siyasi qüvvələrin həmişə çox olduğu parlamentdə 1997-ci ildə, sonra 1999-cu ildə bu məsələ bu şəkildə qəbul edilirdi, yəni 80–130 metr məsələsi təsbit edilirdi? Hətta 2003-cü ildə Heydər Əliyev tərəfindən bununla bağlı xüsusi bir sərəncam verildi. İndi, üstündən bir neçə il keçəndən sonra məlum olur ki, guya Astara və Lənkəran əhalisinin evlərinin sökülməsinin qarşısının alınması üçün belə bir düzəlişə ehtiyac vardır. Mövcud qanunvericilikdə harada yazılıb ki, istifadədə və yaxud icarədə olan torpaq sahələrində tikilmiş, əhalinin qanuni istifadə etdiyi... Təkcə Lənkərandan yox, sahil qəsəbəsindən, Bakı şəhərinin özünün sahilindən, dəniz sahilində olan digər yerlərdən söhbət gedir. Onların sökülməsi barədə istər sərəncam, istərsə də qüvvədə olan qanun guya bu məsələni qadağan edir. Qətiyyən belə deyil. Açıq demək lazımdır ki, artıq Şüvəlanda, Mərdəkanda, Nardaranda, Sumqayıtda, Coratda, Ələtdə dənizin sahili qanunsuz olaraq hasara alınıb, tikinti işləri aparılıb. Özü də bunun kimlər tərəfindən edilməsi hamımıza məlumdur. Bu məsələyə ən yüksək vəzifəli şəxslər tərəfindən cavab verilməlidir. Bu sorğunu mən ölkənin Prezidentinə ünvanlayıram, çünki bu məsələdə Prezidentin yaxın qohumlarının adı da çəkilir. Bu məsələyə aydınlıq gətirilməlidir. Bu qanun da indi Prezidentin imzası ilə bizim təsdiqimizə göndərilir. Bilirəm, həmişə olduğu kimi, hörmətli deputatlarımızın bir çoxu ürəyində razı olmasa da, bu məsələyə müsbət rəy verəcəkdir. Buna ehtiyac varmı, bu hansı zərurətdən irəli gəlir? Bu məsələyə aydınlıq gətirilməlidir.
Diqqət edin. Feodalizm, quldarlıq, kapitalizm quruluşları, sovet totalitar rejimi olub, amma nə vaxt dənizin sahili 4–5 metr hündürlüyündə hasara alınıb? Bu, Allahın da acığına gedər. Dəniz basacaq o hasarları. Mən burada deyirəm, bu sözü hörmətli həmkarlarım da yadda saxlasınlar. O hasarları ya biz sökəcəyik, ya da bizdən sonra gələnlər sökəcəklər və millətimizin malı olan bir sərvət yenə də xalqın, dövlətin istifadəsinə qaytarılacaqdır. Hasarları uzatmağa cəhd edənlər çox olub, amma özləri də hasarlarla birlikdə məhv olub gediblər. Ona görə də mən rəsmi olaraq dövlət başçısına müraciət edəcəyəm ki, bu qanun imzalanmasın. Bu məsələ yenidən öyrənilsin, mövcud qanunvericilik, heç olmasa, öz qüvvəsində saxlanılsın.
Xüsusilə hasarlama məsələlərinin və “hasarlana bilər” sözlərinin üzərində dayanmaq istərdim. Diqqət edin, əvvəl imperativ şəkildə göstərilirdi ki, sahilboyu 80–130 metrlik zolağın altında torpaqlar hasarlana bilməz. İndi Eldar müəllim də dedi ki, “dəniz sahilinə gediş-gəlişi məhdudlaşdırmamaq şərt ilə” hasarlana bilər. Mən hörmətli Eldar müəllimə təklif edirəm ki, minək maşına, gedək Qaradağ postunun yanına. Görək biz dənizin sahilinə yaxınlaşa bilirikmi? Haradan yaxınlaşa bilərik? Mərdəkan, Şüvəlan tərəfə baxaq, dənizi doldurub içərisində geniş yerlər salıblar. Əgər biz ikimiz ora yaxınlaşa bilsək, o halda mən sözümü geri götürərəm və deyərəm ki, hə, “məhdudlaşdırmamaq şərti ilə” ifadəsinin real bir nəticəsi olacaqdır.
Hörmətli Milli Məclis, bir daha təkrar edirəm, bizim meşə torpaqlarında, çayların kənarlarında quruluşdan, mədəni sferadan, hüquq mədəniyyətindən asılı olmayaraq bütün dövrlərdə həmişə hamı tərəfindən əməl olunmuş ümumi prinsiplərimiz olub. O prinsiplərdən biri də torpaqların xalqa və dövlətə mənsub olmasıdır. Dərbənddə Xəzər dənizinin sahilində hasar görmüsünüz? Onların xüsusi mülkiyyətini görmüsünüz? Supsadan İstanbula qədər dənizin sahili ilə gedəndə bizdə gördüyünüz bu barbarlığı, vəhşiliyi, mədəniyyətsizliyi, acgözlüyü ifadə edən həmin “hasar abidələri” görmüsünüz? Görməmişik. Ona görə də Fazil müəllim gündəlik müzakirə olunarkən dedi ki, bu məsələ gündəlikdən çıxarılmalıdır. Təəssüf ki, Konstitusiyanın verdiyi hüquq var, dövlət başçısının imzası ilə gələn qanun layihələrini bizim geri qaytarmaq və müzakirə etmək hüququmuz yoxdur. O baxımdan bəlkə də bu, həyata keçirilməli məsələ deyil. Ona görə mən müraciət edəcəyəm. Dövlət başçısı imzalamamış bu sənəd qüvvəyə minə bilməz. Bilmirəm, dövlət başçısı onun adı ilə bura göndərilən qanunların hamısını oxuyurmu, özünün iradəsinimi ifadə edir, yoxsa öz Aparatının işçilərinə, müvafiq icra hakimiyyəti orqanlarına, bu təşəbbüsü qaldıranlara inanır? Xüsusilə hasarlama məsələsində ciddi korrektəyə ehtiyac vardır. Ona görə də sizin hamınızı bu qanunun əleyhinə səs verməyə dəvət edirəm. Mənzil Məcəlləsində də biz bu halı müşahidə edəcəyik. Məsələ müzakirə olunanda mən bunları deyəcəyəm. Heç olmasa, qısa düzəlişlərə dövlət başçısının özünün şəxsən baxmasını təklif edirəm. Məndə yaranan təsəvvür ondan ibarətdir ki, bir çox məsələlər inanılaraq, ya da inanılmayaraq müəyyən məqsədlərlə, ümumiyyətlə, oxunmadan Milli Məclisə göndərilir. Təşəkkür edirəm.
Sədrlik edən. Mübariz Qurbanlı.
M. Qurbanlı. Təşəkkür edirəm. Mən hesab edirəm ki, bu qanun ətrafında xüsusi ajiotaj yaratmağa ehtiyac yoxdur. Faktiki baş vermiş hadisələr var və onlara uyğun hərəkət etmək zərurəti yaranır. Əgər ötən illər ərzində Xəzərin sahilində insanlar bu və ya digər vəziyyətdən istifadə edərək müxtəlif tikililər tikibsə, indi biz bunların hamısını dağıdaq, uçuraq? Bunun özü də qanunsuzluq olardı, çünki bura insan əməyi sərf olunub və burada müəyyən maddi sərvətlərdən istifadə olunub. Ona görə də qanunları reallığı nəzərə alaraq qəbul edirlər və bu və ya digər qanunda düzəliş də həmin reallığa uyğun olaraq baş verir.
Eldar müəllim burada məsələni ətraflı şəkildə qeyd etdi. Amma indi vəziyyət belədir ki, bəli, Xəzər sahili zolaqda tikinti zamanı, həqiqətən də, bəzi pozuntulara yol verilibdir. Xüsusilə insanların dənizə çıxışı ilə, gediş-gəlişlə, müəyyən ərazilərin tutulması ilə bağlı uyğunsuzluqlara yol verilib ki, bu da haqlı narazılığa gətirib çıxarıb. İnsanlar yayda dənizə, çimərliklərə getmək istəyir və müəyyən yolların bağlanması istər-istəməz bu hərəkətləri edənlərə qarşı narazılıq yaradır. Bunları nəzərə almaq lazımdır.
İndiyə qədər tikilənlər tikilib və bunlar öz yerində qala bilər, amma bundan sonra biz gərək bu məsələyə çox ciddi yanaşaq. Çünki yalnız biz dənizsahili ölkə deyilik və dünyanın hər yerində dəniz sahilindən çox səmərəli istifadə olunur. Dənizsahili zolaqdan səmərəli istifadə odur ki, dənizsahili zolaqlarda xüsusi kottejlər kompleksi, istirahət mərkəzləri tikilir, xüsusi çimərliklər salınır və sair. Bunların hamısı elə salınır, elə yerləşdirilir ki, insanların bundan səmərəli istifadə etmək imkanı yaranır.
Mən bir neçə ölkədə olmuşam və dənizsahili zolaqlara fikir vermişəm. Orada bizim kimi hasarlama yoxdur. Bu hasarlanmanın özünün ekosistemə böyük ziyanı var. Məsələn, Abşeron bölgəsində çoxlu üzüm, əncir bağları və sair olubdur. Son dövrlərdə aparılan araşdırmalar göstərir ki, bu gün Abşeronda əvvəlki illərdə olduğu kimi, nə üzüm, nə əncir, nə də digər meyvələr yetişir. Araşdırmalar zamanı məlum olub ki, hasarlama hava sistemini pozub və bu da nəticə etibarı ilə meyvələrin yetişməsinə və digər təbii prosesə mənfi təsir göstəribdir. Yadımızdan çıxarmayaq ki, təbiətə müdaxilə etmək insanın zərurətindən irəli gəlir, amma təbiəti zorlamaq olmaz.
Bu və ya digər işlər mütləq planlı şəkildə həyata keçirilməli və bütün proses nəzərə alınmalıdır. Əlbəttə, 20–50 metr zolağın olması dəniz üçün bir təhlükə yaratmır. Yəni 20–50 metr məsafədə də müxtəlif obyektlər, lap evlər də tikmək olar. Lap dənizin dalğalandığı qayalar üzərində də evlər tikmək olar. Burada elə bir qəbahət yoxdur. Hər yerdə də tikirlər. Amma əsas məsələ budur ki, birincisi, digər vətəndaşların dənizdən istifadəsi məhdudlaşdırılmasın, ikincisi isə ekosistem pozulmasın. Yəni xüsusi zolaqlar salaraq hasarlamalar aparsaq, istər-istəməz bu, dənizə və dənizətrafı zolağa mənfi təsir göstərəcəkdir.
Mən hesab edirəm ki, biz bu qanunu qəbul etməliyik. Amma bu qanunu qəbul etməklə yanaşı, “Xəzərsahili zolağın” ifadəsi ilə bağlı xüsusi bir qanun, ya da qərar hazırlanmalıdır ki, bu məsələlər qaydaya düşsün. Burada yazılır ki, “gediş-gəlişi məhdudlaşdırmamaq şərti ilə”. Gediş-gəlişi məhdudlaşdırmamaq şərti nədir, bunun arxasında nə dayanır? Hansı məsafələrdə zolaqlar saxlanılmalı, yerlər qoyulmalıdır, hansı yerlər ümumi istifadədə olmalıdır? Hansı ərazilərdə, ümumiyyətlə, xüsusi mülkiyyətə verilmə tam məhdudlaşdırılmalıdır və müvəqqəti icarələrə verilməlidir? Bütün bunlar sistemli şəkildə öyrənilərək qərar, ya da qanun qəbul olunmalıdır. Biz sahil zolağını qorumalı, ondan səmərəli istifadə etməliyik. Həmin qorumanın və səmərəli istifadənin ortaq məxrəci dəqiq şəkildə tapılmalıdır.
Mən hesab edirəm ki, bu qanunun müzakirəsindən istifadə edərək bəzi müxalifət nümayəndələrinin, – məndən öncə də bu fikirlər səsləndi, – bunu nəyəsə yönəltmək cəhdinin də qabağını almalıyıq. Bu, sadəcə, iqtisadi xarakterli bir qanundur. Bunu xüsusi olaraq siyasiləşdirmək, bunun ətrafında hay-küy qaldırmaq lazım deyil. Xəzərsahili zolaq hamımızındır və ondan hamımız birgə istifadə edirik. Ona görə də müzakirə zamanı bu nüansları nəzərə alıb daha optimal variantlar üzərində düşünməli və təkliflər verməliyik.
Sədrlik edən. İltizam Əkbərli.
İ. Əkbərli. Təşəkkür edirəm, Ziyafət müəllim. Hörmətli deputatlar, mən bu layihə ilə tanış olanda istər-istəməz 8–9 ay əvvəl seçicilərimdən aldığım şikayət məktubunu xatırladım. Mən həm İmişli rayonunda yaşayıram, həm də oradan deputat seçilmişəm. İmişli Araz çayının sahilində yerləşdiyindən rayon mərkəzində yaşayan insanlar uzun illər Araz boyundan həm otlaq kimi istifadə etmişlər, həm oradan odun tədarük etmişlər, həm də o ərazi onların sevimli istirahət yeri olmuşdur. Ancaq təxminən iki il bundan əvvəl bütün Arazboyu sahə müxtəlif insanlara satıldı və həmin ərazidə tikililər tikildi. İndi həmin ərazidən istifadə etmək bir yana dursun, rayon mərkəzində yaşayan insanların Araz çayına çıxışı da məhdudlaşdırılmışdır. Təsəvvürünüzə gətirin ki, insanlar su götürmək, istirahət etmək üçün Araz çayının sahilinə düşə bilmirlər. Çarəsiz qalan insanlar mənə müraciət edərək bu tikililərin arasından Araz çayına düşmək üçün, heç olmasa, onlara iki metr enində bir qapı açılmasına köməklik edilməsini xahiş ediblər. Hamımıza bəlli olan səbəblərdən, təbii ki, onların bu şikayətini icra edə bilməmişəm.
Ancaq ümid etmişəm ki, gec-tez bu qanunsuzluqlar aradan qaldırılacaq, ölkə vətəndaşlarının ümumi mülkiyyətdə olan dənizə, çaylara, göllərə çıxışını məhdudlaşdıran qanunsuz əməllərə, nəhayət ki, Azərbaycanda son qoyulacaqdır. Amma çox təəssüflər olsun ki, bu gün bunun tamamilə əksini gördük. İstər göllərin, istər çayların, istərsə də dənizin ətrafında qanunsuz tikilən tikililəri sökmək əvəzinə müzakirəyə elə bir qanun layihəsi təqdim edilib ki, bu da, əslində, Xəzər dənizinin sahilində indiyə qədər tikilən tikililərə, hasarlara qanuni don geyindirmək üçün həm “Torpaq islahatı haqqında” Qanuna, həm Torpaq Məcəlləsinə, həm də İnzibati Xətalar Məcəlləsinə müvafiq dəyişikliklər edilməsini nəzərdə tutur.
Əvvəla, onu deyim ki, dəniz sahilində özəlləşdirilməsi qadağan edilən torpaqların sahəsi xeyli kiçildilir. Məlum olduğu kimi, qeyd edilən qanunların maddələrində bu ərazi 80–130 metrlik zolağı əhatə edirdi və bu zolaqda olan torpaq sahələri dövlət mülkiyyətində saxlanılırdı, özgəninkiləşdirilməsi və hasarlanması qadağan edilirdi. Bizə təqdim olunan yeni variantda isə dövlət mülkiyyətinə aid edilən zolaq bir qədər də kiçildilərək 20–50 metr çərçivəsində müəyyənləşdirilir. Beləliklə, yeni zolaqdan quruya doğru indiyə qədər qanunla qorunan xeyli ərazi özəlləşdirilmək üçün sərbəstləşdirilir. Sərbəstləşdirilən bu torpağın gələcək taleyi isə elə indidən bizim hamımıza aydındır.
Digər tərəfdən, təklif olunan layihə qeyd edilən qanunların indiyə qədər həmin ərazilərdə hasarlanmanı qadağan edən müvafiq maddələrinə dəyişikliklər etməklə bu qadağanı aradan götürür. İcra hakimiyyətlərinə dəniz sahilindəki zolaqda hasarlama işlərinin aparılmasına icazə vermək hüququ tanınır. Layihədə insanların dənizə çıxışını məhdudlaşdıran hallar barədə müvafiq qeydlər olsa da, mən hesab edirəm ki, hasarlanmaya icazə verilməsi elə insanların dənizə çıxışını məhdudlaşdırmaq deməkdir. Bu gün kim zəmanət verə bilər ki, bu qanun qəbul olunandan sonra Bakı–Ələt yolunun sol sahilində tikilmiş hasarlar söküləcək və insanların dənizə çıxışı bərpa ediləcəkdir? Əlbəttə, heç kim buna zəmanət verə bilməyəcək. Əksinə, zərrə qədər şübhəm yoxdur ki, bu qanunun qəbulu nəinki dəniz sahillərinin kütləvi şəkildə hasarlanması ilə nəticələnəcək, hətta sonda hasarlanmış bu ərazilərin özəlləşdirilməsinə və beləliklə də, insanların dənizə çıxışının tam məhdudlaşdırılmasına gətirib çıxaracaqdır. Unutmamalıyıq ki, ölkənin ərazisindəki dəniz də, çaylar da, göllər də xalqın mülkiyyətindədir. Onların ətrafının hasarlanması və insanların sahib olduğu mülkiyyətə çıxışının məhdudlaşdırılması mövcud qanunvericiliyə ziddir. Hörmətli deputatlar, insanlarımızın dövlət mülkiyyətində olan Xəzər dənizinin sahillərinə çıxışının məhdudlaşdırılmasının qarşısını almaq üçün mən də sizi bu qanun layihəsinin əleyhinə səs verməyə çağırıram. Çox sağ olun.
Sədrlik edən. Qənirə Paşayeva.
Q. Paşayeva. Hörmətli sədarət, hörmətli millət vəkilləri! Təbii ki, bu qanun layihəsində ciddi narahatlıq doğuran müəyyən məsələlər var. Söhbət nədən gedir? Əvvəlki redaksiyada yazılırdı ki, Xəzər dənizinin (gölünün) Azərbaycan Respublikasına mənsub olan bölməsinin sahilboyu 80–130 metrlik zolağının altında olan torpaq sahələri dövlət mülkiyyətində qalmaqla özgəninkiləşdirilə bilməz və yalnız dövlət məqsədləri üçün müvafiq icra hakimiyyəti orqanının qərarı ilə istifadəyə və icarəyə verilə bilər. Amma indiki redaksiyada necə gedir? Buradan “Dövlət məqsədləri üçün” sözləri çıxarılır və sonra belə yazılır: “Xəzər dənizinin (gölünün) Azərbaycan Respublikasına mənsub olan bölməsinin sahilboyu 20–50 metrlik zolağının altında olan torpaq sahələri dövlətin mülkiyyətində qalmaqla özgəninkiləşdirilə bilməz və yalnız müvafiq icra hakimiyyəti orqanının qərarı ilə istifadəyə və icarəyə verilə bilər”. Hansı məqsədlər üçün istifadəyə və icarəyə verilə bilər məsələsi burada yoxdur. Yəni istəsə, icra başçısı bunu ev tikmək üçün istifadəyə verə bilər. Kimsə də fikirləşə bilər ki, bu torpağı alaram, 90 il icarəyə götürərəm, sonra da qiyməti bahalaşanda başqa birinə icarəyə verərəm.
20–50 metrlik zolağın altındakı ərazilərin tamamilə insanların əllərinə keçməsi prosesi çox ciddi şəkildə gedəcək. Mən inanmıram ki, bizim insanlarımız yaxındır deyə, dənizin 20–50 metrliyində ev tikməyəcəklər. Hər halda bugünkü təcrübəni görürük. Bizim Xəzər dənizinin sahilindəki vəziyyəti, yəqin, dünyanın heç yerində görmək olmaz. Hətta xaricilər görəndə dəhşətə gəlirlər ki, bu qədər ərazini hasarlamaq, dənizin sahilində bu qədər mənzil tikmək olar? Amma bu reallıqdır. Mən inanıram ki, dənizə 20–50 metrdən də yaxın gedəcəklər, o əraziləri alacaqlar, evlər də tikəcəklər. Biz artıq buna şərait yaradırıq. Əgər biz bu torpaq sahələrini veririksə, heç olmasa, xüsusi məqsədlər, turizm üçün, dövlət məqsədləri üçün verək. Ümumiyyətlə, bu torpağın hansı məqsədlərlə verilməsi məsələsi aydınlaşdırılmalıdır.
Sabah nə olacaq? Əvvəl “ümumiyyətlə” hasarlamağa icazə verilmirdi, amma indi ona da icazə veririk. Hətta hasarlamağa icazə verilməyəndə belə, o ərazilər hasarların içərisində idi. İndi, icazə veriləndən sonra o əraziləri qanuni şəkildə tamamilə hasarlayacaqlar. Müxtəlif yerlərə gedəndə də görürük ki, dənizin sahili tamam hasarların içərisindədir. Kimin bir az pulu çoxdursa, hasarı 3–4 metr hündürlüyündə tikir, kimin azdırsa, metr yarım tikir. Heç bir standart norma gözlənilmir və nəticədə Xəzər dənizinin sahilində əcaib bir mənzərə yaranır. Bu baxımdan hasarlama məsələsinə də yenidən ciddi şəkildə baxmalıyıq.
İkincisi. Əgər bu hasarlayacaqsa, necə məhdudiyyət qoyulmaya bilər? Bu insan oranı niyə hasarlayır? Ona görə hasarlayır ki, elə məhdudiyyət qoysun, ora ancaq özü girsin və çıxsın. Əgər biz oranı buna veririksə, bu necə məhdudiyyətsiz gediş-gəliş olacaq?
Rayonlarımızın bəzilərində torpaq sahəsi alırlar və hasarlarını yanaşı qururlar. Sonra məlum olur ki, orada salınacaq yola icazə verməlidir. Bir qonşu deyir ki, o yol versin, o birisi də deyir ki, bu yol versin. Məsələ böyüyür və gedib məhkəmələrə çıxır. Heç biri də öz torpağında bu yola icazə vermək istəmir. Dənizin sahilində də çox pis vəziyyət yarana bilər. Ona görə düşünürəm ki, biz 20–50 metrlik zolağın altındakı torpaqlara icazə veririksə, heç olmasa, qüvvədə olan “dövləti məqsədlər üçün” ifadəsi qalsın. Yəni sabah bu ərazilər ayrı-ayrı insanların əlinə keçməsin ki, hərə bir yeri hasarlayıb dənizin sahilində mənzillər tiksin. Bir də görürsən ki, dənizin sahilində hektarlarla sahə hasara alınıb. Kimindirsə, icarəyə götürüb, yəqin, sonra baha qiymətə satacaq. Ona görə, təbii ki, gələcəkdə çox əcaib bir mənzərə yaranacaq. Xəzər dənizi sahilində istirahət zonalarının, yaxşı turizm obyektlərinin tikilməsinin mən əleyhinə deyiləm, tərəfdarıyam. Amma gəlin, aydınlaşdıraq ki, 20–50 metrlik zolağın altındakı torpaq hansı məqsədlər üçün istifadəyə verilə bilər?
Eldar müəllim dedi ki, əvvəl heç cəza yox idi, indi cərimələr olacaq. Mən bu maddəni oxuyuram, çox gülməli cərimələrdir. Qanunvericiliklə müəyyən edilmiş qaydada istifadəyə və ya icarəyə verilən Xəzər dənizinin (gölünün) Azərbaycan Respublikasına mənsub olan bölməsinin sahilboyu 20–50 metrlik zolağının altında olan torpaq sahələrinin müvafiq icra hakimiyyəti orqanının qərarı olmadan hasara alma yolu ilə və ya digər üsullarla bağlanılması və ya dəniz sahilinə gediş-gəlişin məhdudlaşdırılmasına görə fiziki şəxslər şərti maliyyə vahidinin 15 mislindən 25 mislinədək miqdarda, vəzifəli şəxslər şərti maliyyə vahidinin 30 mislindən 50 mislinədək miqdarda cərimə ödəyəcəklər. Doğrudanmı biz elə hesab edirik ki, təxminən 15–25 və 30–35 manatla bu prosesin qarşısını ala biləcəyik? Bu çox yüngül cərimələrdir. Yol hərəkəti qaydalarının pozulmasına görə bizdə tətbiq edilən cərimələr bundan daha yüksəkdir. Amma biz deyirik ki, bu qədər vacib məsələdə insanlar 15–25 manat cərimə ilə canlarını qurtarsınlar. Ona görə hesab edirəm ki, bu məsələni daha sərtləşdirmək lazımdır. Bayaq burada bir fikir səsləndi, reallığa uyğun qanun qəbul eləmək. Qanunu reallığa uyğunlaşdırmasaq, bu məsələlərin üzərində ciddi düşünməsək, daha fərqli yeni reallıq yaranacaq ki, o bizə ciddi problemlər yaradacaq. Sağ olun.
Sədrlik edən. Sual vermək istəyirdiniz?
Yerdən. (Eşidilmir.)
Sədrlik edən. Buyurun.
Ə. Abdullayev. Mənim bir sualım var, bir də təklifim olacaq. Ümumiyyətlə, bu ciddi məsələdir. Bu, uzun müddət cəmiyyətdə də, kütləvi informasiya vasitələrində də müzakirə olunub. Artıq bəzi ərazilərdə yavaş-yavaş dənizin içinə doğru getməyə başlayıblar. Mən misal çəkmək istəyirəm. Qaradağ rayonunda, Bakı–Astara yolunun üzərində hektarlarla ərazilər hasarlanıb. Bəlkə heç orta əsrlərdə də belə hal olmayıb. Bunlar hansı qanunla, hansı normativ sənədlərlə tənzimlənəcək? Xahiş edirəm, bunu cavablandırsınlar.
İkinci, bayaq qeyd elədim ki, mənim həm də bir təklifim var. Son zamanlar həmkarlarımız haqqında xoşagəlməz sözlər deyilir və bu, artıq Milli Məclisdə ənənə halını alıb. Bir də, cəmiyyətdə baş verən hadisələrə, kütləvi informasiya vasitələrində gedən yazılara münasibət bildirilir. Xahiş edirəm, bu məsələlərə son qoyulsun. Hər birimizin yüz minlərcə seçicisi var, onlara hörmət eləyək. Burada kiminsə haqqında, rəhbərlik haqqında, ümumiyyətlə, xoşagəlməyən sözlər demək Milli Məclisə yaraşan hal deyil. Biz bir-birimizə hörmət eləməliyik. Sağ olun.
Sədrlik edən. Əli Məsimli.
Ə. Məsimli. Çox sağ olun. Hörmətli sədarət, hörmətli millət vəkilləri, xanımlar və cənablar! Bu qanun layihəsində, təbii ki, xeyli dərəcədə mübahisəli məqamlar var. Ona görə də buna ciddi münasibət bildirməyi vacib hesab edirəm. Xəzər dənizi Azərbaycan üçün çox mühüm əhəmiyyət kəsb eləyir. Ümumi daxili məhsulun, demək olar ki, 60 faizi Xəzər dənizinin sərvətləri hesabına formalaşır. Büdcəmizin bundan daha çox hissəsi Xəzər vasitəsilə formalaşır. Eyni zamanda, neft, kürü, qiymətli balıqlarla yanaşı, Xəzər dənizinin sahilində, mən hesab edirəm ki, min bir dərdin dərmanı olan çox qiymətli qum sərvətlərimiz var. Çimərliklərin, istirahət-sağlamlıq zonalarının yaradılması, Xəzərin sahillərinə kifayət qədər turizmin cəlb edilməsi nöqteyi-nəzərdən hesab edirəm ki, bu, əvəzsiz sərvətdir. Biz bu sahəyə ciddi şəkildə diqqət yetirsək, neft qurtaranda Xəzərin min bir dərdin dərmanı olan qum sərvətlərindən səmərəli istifadə eləməklə kifayət qədər qazanc götürə bilərik.
Bu qanunla Xəzər ətrafının Azərbaycana məxsus olan hissəsi – uzunluğu 955 kilometr, eni isə 110 metr olan bir sahə dövlət mülkiyyətindən çıxarılır və şəxsi mülkiyyətə verilir. Təbii ki, belə bir halın qanunvericilikdə bir maddə ilə tənzimlənməsi və burada göstərilən məqamlarla öz əksini tapması Xəzərin sahilboyu sərvətlərindən istifadədə xaotik bir vəziyyət və əlavə problemlər yarada bilər.
Burada deputat həmkarımın dediyi bir fikri xüsusi vurğulamaq istəyirəm. Dünya praktikasında nadir hal olan hasarlama sisteminin Xəzər sahilinə tətbiq edilməsi həm ekoloji nöqteyi-nəzərdən, həm də Azərbaycan vətəndaşlarının kiçik bir hissənin naminə böyük əksəriyyətinin istirahət hüquqlarının və digər hüquqlarının pozulması istiqamətində çox mühüm əhəmiyyət kəsb edir. Ona görə də hesab edirəm ki, bu qanunu qəbul etməkdənsə, qanundakı bəzi məqamlara dəyişiklik eləməklə Xəzərlə bağlı əlavə tədbirlərin görülməsi daha vacibdir. Bu nöqteyi-nəzərdən mən həmin qanunun “Dövlət torpaqları” adlı 6-cı maddəsinin 6-cı bəndinin aşağıdakı redaksiyada verilməsini təklif edirəm: “Xəzər dənizinin (gölünün) Azərbaycan Respublikasına mənsub olan bölməsinin sahilboyu 80 metrlik zolağının altında olan torpaqlar”. Mən bunu bir il bundan qabaq da təklif eləmişdim, amma onda demişdilər ki, 130 metrə toxunmaq olmaz. Amma 130-a toxunmaq olmazsa, birdən 20 metrə endirmək olar? Bu nöqteyi-nəzərdən hesab edirəm ki, bir il qabaq verdiyim təklif, yəni həmin 80 metrlik məsafə saxlanılsın. İndi səsə qoyulmasın, günün ikinci yarısında bu qanunun bilavasitə icraçıları ilə danışıqlar aparılsın, 80 metrlik zolaq prinsipi 46-cı və eləcə də, 110-cu maddəyə şamil edilsin. Beləliklə də, təklif olunan rəqəmin əvəzinə 80 rəqəminin saxlanılmasını vacib hesab edirəm.
Həmin sahə kifayət qədər bərbad vəziyyətə salınıb. Ona görə də Xəzər sahilindən səmərəli istifadəyə dair xüsusi milli proqramın işlənib hazırlanmasına ehtiyac var. Əgər biz, doğrudan da, böyük sərvətlərimizin böyük hissəsini Xəzərdən götürürüksə, o sərvətin kiçik bir hissəsinin, Xəzərin 80 metrlik sahəsindəki qum sərvətlərinin bütövlükdə Azərbaycan xalqının istifadəsinə verilməsi üçün cəlb edilməsini vacib hesab edirəm.
Nəhayət, burada müəyyənləşdirilən sanksiyalarla bağlı fikrimi bildirmək istəyirəm. Birinci, biz artıq şərti maliyyə vahidini aradan götürmüşük. Amma burada şərti maliyyə vahidləri ilə verilib. Şərti maliyyə vahidinin 25 mislinə qədər olan məbləğ 16–27 manat eləyir. 30 mislindən 50 mislinə qədər olan məbləğ isə 33 manatla 55 manat arasında olur. Bu cür kiçik sanksiyalarla həmin çəpərləmənin qarşısını almaq mümkün deyil. Ona görə fikrimi bir də təkrar eləmək istəyirəm ki, günün ikinci yarısında qanunvericilik təşəbbüsünün subyektləri ilə bu məsələ bir də müzakirə olunsun və 20–50 metr əvəzinə 80 metr məsələsi qoyulsun. Eyni zamanda, Xəzərin ətrafının abadlaşdırılması, bu sahənin sağlamlaşdırılması istiqamətində əlavə tədbirlərin görülməsi üçün də maliyyə vəsaitinin ayrılması məsələsi həll edilsin. Diqqətinizə görə təşəkkür edirəm.
Sədrlik edən. Siyavuş Novruzov.
S. Novruzov. Təşəkkür edirəm, hörmətli Ziyafət müəllim. Qanun layihəsi aktuallığı ilə bütün deputat həmkarlarımın diqqətini cəlb edibdir və hər kəs real həyatdan irəli gələn öz fikirlərini irəli sürür. Amma ümumilikdə, mən hesab edirəm ki, baxışların müxtəlif olması ilə yanaşı, bu qanunun vacibliyi, zəruriliyi daha önə keçməlidir. Mən deputat həmkarlarımı bu qanun layihəsinə səs verməyə çağırıram. Burada səslənən suallara yəqin ki, Eldar müəllim öz fikrini bildirəcəkdir. Amma mən istərdim, bir neçə məsələ burada öz əksini tapsın. Birinci, həmkarlarımın qeyd etdiyi kimi, bu çəpərləmə aradan qaldırılmalıdır. Təyyarə ilə Bakı şəhərinin üstündən keçəndə görünən mənzərə heç ürəkaçan deyil. Axırda daş hasarlardan torpaq da batacaq. O qədər daş hasarlar çəkmək olar? 7–8 metr hündürlükdə ikiqat daşla hasar çəkiblər. Əgər o daşı bir yerə yığsalar, Ermənistanla Azərbaycan arasında böyük bir sərhəd çəkmək olar. İndi o daşlarla qonşular evlərinin arasını kəsirlər.
Dünyanın hər bir yerində olmuşuq. Otlardan, ağaclardan kiçik hasarlar edirlər. Lap belə deyək, dəmirdən də etmək olar, heç olmasa, oradan hava keçsin. Bu nə oğruya, nə də cinayətkara qarşıdır. Bütün cəmiyyətə bəllidir ki, oğru istədiyi çəpəri də aşır, istədiyi qapını da açır. Ona görə də onun bu cür çəkilməsinin heç bir mənası yoxdur, o, sadəcə olaraq, cəmiyyətdən təcrid olmanın bir vasitəsidir. Hesab edirəm ki, bunlar bu cür olmalıdır.
Amma digər tərəfdən, o məsafələrin qoyulmasının tərəfdarıyam. Birinci növbədə buna yanaşmanın da bir başqa formasını götürürəm. Bu da ondan ibarət olmalıdır ki, dəniz görünməlidir. Dənizin görünməsi üçün dünyanın hər yerində bu addımları atırlar. Bir misal deyim. Heydər Əliyev prospektində, sonra Neftçilər prospektində əvvəllər tikililər var idi. Tikililər götürüləndən sonra dənizkənarı bulvar nə qədər gözəlləşibdir, nə qədər açılıbdır. Yoldan maşınla keçəndə o məsafə, o genişlik insana bir rahatlıq gətirir. Yəni bu yol boyu çəkilən o hasarlar aradan qaldırılsa, istəyirsən, orada sanatoriya olsun. İndi bu, dövlətin tələbinə uyğun olmalıdır. Deputat həmkarlarım dünyanın hər yerinə gedirlər. Antalyada, Bodrumda, başqa yerlərdə evləri dənizin lap içində tikiblər. Orada qadağa yoxdur ki, sadəcə olaraq, elə bir şərait yaradılıb ki, bu da dövlətin tələbinə uyğundur. Bəlkə bir xəstə var, dəniz havası udmalıdır və sair.
İkincisi, bu yerlər, – düzdür, mənim 1 santimetrim də yoxdur, deputat həmkarlarım elə bilməsinlər ki, elə olmayan bir mənəm, – Azərbaycan vətəndaşına verilir də, başqa vətəndaşa verilmir ki. O da bizim birimizdir. Filankəs aldı, mənə çatmadı deyə mübahisə aparmamalıyıq.
Biz bu yaxınlarda bələdiyyə torpaqlarının hərraca qoyulub satılması ilə əlaqədar qanun layihəsi qəbul etdik. Yerlər müəyyənləşdirilsin, dövlətin tələbinə uyğundursa, sahələr ayrılsın. Harada sanatoriya tikiləcək, harada turizmi inkişaf etdirəcəklərsə, bu, müəyyənləşdirilsin. Götür, Siyəzən yolunun qırağında turizm üçün bir bina tik, bu, mümkün deyil. Bunun üçün Xaçmazda və başqa yerlərdə ərazi ayrıla bilər. Yəni bu, yerin xarakterinə uyğun olaraq müəyyənləşdirilməlidir. Hərrac yolu ilə satılsın və ya verilsin və bunun hesabına da dövlət büdcəsinə pul gəlsin və o pul da bütün vətəndaşlara sərf olunsun.
Ümumilikdə, hərə öz fikrini söyləyir, amma qanun layihəsi təqdim olunubdur. Mən hesab edirəm ki, biz bu qanun layihəsini qəbul etməliyik. Hörmətli Eldar müəllim məsələləri ətraflı şəkildə izah etdi. Gənc olmasına baxmayaraq, burada maraqlı bir fikri də Əkrəm müəllim qaldırdı. Hər məsələ Milli Məclisdə müzakirə olunmalı deyil. İkitərəfli, üçtərəfli danışıqlar Milli Məclisin iclasında ortaya atılmamalıdır. Mən hesab edirəm ki, bu məsələləri ictimaiyyətin müzakirəsinə çıxarmadan ikili söhbətdə həll etmək olar. Ona görə də gələcəkdə də kim kiminlə münasibətlərini aydınlaşdırmaq istəyirsə, hesab edirəm ki, bunu Milli Məclisin əhatəsində etməməlidir. Tamam başqa bir yerdə bu məsələ müzakirə oluna bilər. Mən deputat həmkarlarımı bu qanun layihəsinə səs verməyə çağırıram. Qanun layihəsinə səs verək, görək ki, praktikada hansı öz əksini tapır. Diqqətinizə görə təşəkkür edirəm.
Sədrlik edən. Təşəkkür edirəm. Mən hesab edirəm ki, artıq qanun layihəsini səsə qoymaq olar. Bizim vaxtımız da sona çatır, ona görə mən də bir-iki kəlmə demək istəyirəm. Əlbəttə, burada müəyyən məqamlar var ki, mübahisə etmək olar. Amma mən iki məsələyə toxunacam. Allaha şükür, dünyanın hər tərəfində olursunuz və dəniz sahilində yerləşən ölkələrdəki vəziyyəti özünüz görmüsünüz. Məsələn, Türkiyədə Bosfor boğazının kənarında evlər tikiblər. Bir metr yer qalmayıb ki, oradan ya dövlət, ya da kimsə istifadə etməsin. Evlər boğazın içinə girib. Siyavuş müəllim, Qüdrət bəy təsdiq edərlər, İspaniyada, Aralıq dənizinin kənarında evlər düz dənizin içinə girib. Bu torpağı alır, şəxsi mülkiyyətdir. Bəli, mən o məsələdə sizinlə razıyam ki, bunu bir qayda-qanunla tiksin. Bilirsiniz, elə məsələlər var ki, bunun bir ölçü-biçisi var. Yoxsa kim necə istəyir tiksin, kəndini bura köçürsün, əlbəttə, mən bunun tərəfdarı deyiləm.
İkinci tərəfdən, biz mülkiyyətin toxunulmazlığından danışırıq. Hörmətli müxalifət nümayəndələri mülkiyyətin toxunulmazlığı məsələsi gələndə elə danışırlar ki... Yaxşı, təsəvvür edin ki, biz bu qanuna görə hansısa evləri sökməliyik. Bəs siz mülkiyyət toxunulmazlığından danışırsınız?! Sabah o insanlar bizə deməyəcəklərmi ki, bizim mülkiyyət toxunulmazlığımız necə oldu? Yaxşı, mən başa düşürəm, insandır, tikib də. Neyləyək, bunların hamısını sökək, dağıdaq? Bayaq Pənah bəy burada coşqunluqla çıxış etdi ki, tikmək olmaz, nə bilim, elə olmaz. Sabah o qanunsuz tikililəri sökəndə deyəcək ki, siz xalqın mülkiyyətini dağıdırsınız. Onda da yenə mülkiyyət toxunulmazlığından danışacaqsınız. Belə deyirsən elə deyir, elə deyirsən belə deyir. Ona görə də gəlin, qanun layihəsini səsə qoyaq. Xahiş edirəm, münasibətinizi bildirin.

Səsvermənin nəticələri (saat 14.02 dəq.)
Lehinə 79
Əleyhinə 15
Bitərəf 2
Səs vermədi 1 
İştirak edir 97
Nəticə: qəbul edildi

Çox sağ olun, qəbul edildi. Saat 4-ə qədər fasilə.

(FASİLƏDƏN  SONRA)

Sədrlik edən. Sağ olun. Hörmətli deputatlar, Məclisimiz davam edir. Gündəlikdə duran növbəti məsələ Arıçılıq haqqında Azərbaycan Respublikasının qanun layihəsi barədədir. Komissiyanın sədri Eldar İbrahimov, buyurun.
E. İbrahimov. Hörmətli Ziyafət müəllim, hörmətli deputatlar, hörmətli qonaqlar! Müzakirənizə çıxarılmış Arıçılıq haqqında qanun layihəsi Aqrar siyasət daimi komissiyasının deputatlarının təşəbbüsü ilə hazırlanmışdır. Qanun layihəsinin hazırlanmasına ehtiyac bir çox səbəblərlə əlaqədardır. Əvvəla, məlumdur ki, bal arıları insanların həyatı və fəaliyyəti üçün çox böyük əhəmiyyət kəsb edən ərzaq məhsuludur və bal istehsal etdiyinə görə çox qədim dövrlərdən diqqəti özünə cəlb etmişdir.
Arıçılıq məhsullarından insanların mənafeləri üçün istifadə edilməsi barədə ilk yazılı məlumatlar hələ eramızdan əvvəl VIII–IX əsrlərə aid edilir. Qədim yunan filosofu və şairi Homer məşhur “İliada” poemasında ev şəraitində baldan və mumdan istifadə olunmasını qeyd etmişdir. Aristotel və Hippokrat öz əsərlərində arıların həyatından və arı balının müalicəvi keyfiyyətlərindən yazmışlar. Arıçılığa bizim eramızda da yüksək qiymət verilmiş və onun inkişaf etdirilməsi üçün müəyyən tədbirlər həyata keçirilmişdir.
İslam dünyasının müqəddəs kitabı Qurani-Kərimin 16-cı surəsi “Bal arısı” adlanır və onun 69-cu və 70-ci ayələrində bal arılarının insanlar üçün yüksək keyfiyyətli bal istehsal etmək məqsədi ilə yaradıldığı və insanlara yaxın ərazilərdə yaşaması əks olunur. Arıçılığa dair ilk qanunvericilik aktı da 1016-cı ildə Yaroslav Mudrının qəbul etdiyi “Rusiya həqiqətləri” sənədində əks olunmuşdur. Həmin sənəddə göstərilirdi ki, arıçılıq təsərrüfatları mülkiyyət növündən asılı olmayaraq, qanunla qorunur və müdafiə olunur. Qədimdən bəri arıçılığa olan bu diqqət və maraq onunla əlaqədardır ki, arıçılığın əsas məhsulu sayılan balın tərkibində insan sağlamlığı üçün lazım olan 500-dən çox mineral maddə, o cümlədən vitaminlər, fermentlər, amin turşuları, üzvi turşular və digər bioloji aktiv birləşmələr vardır. Balda olan minerallar öz miqdarına və nisbətinə görə insan qanının zərdabında olan maddələrlə eynilik təşkil edir. Ona görə də bal insan üçün əvəzsiz qida məhsulu hesab olunur. Bal yeganə məhsuldur ki, insan orqanizminə heç bir xələl gətirmədən il boyu təkcə onunla qidalanmaq və yaşamaq olar.
İkincisi, arıçılıqdan alınan mum dəri və kağız sənayesində geniş istifadə olunur. Arıçılıq məhsulları yalnız ərzaq kimi deyil, həm də təbabətdə insanların sağlamlığının mühafizəsində geniş tətbiq edilir. Arıların üstün cəhətlərindən biri də onların kənd təsərrüfatı bitkilərinin 80 faizini təşkil edən entomofil bitkilərin məhsuldarlığının artırılmasında mühüm rol oynamasıdır. Sübut edilmişdir ki, müxtəlif paxlalı, yem, dənli və texniki bitkiləri, meyvə, giləmeyvə, tərəvəz və başqa bitkiləri bal arılarının tozlandırması nəticəsində məhsul istehsalı 15–20 faiz artır, məhsulun keyfiyyəti yaxşılaşır.
İşsizliyin aradan qaldırılmasında və yoxsulluğun azaldılmasında da arıçılığın mühüm əhəmiyyəti vardır. Xüsusilə ucqar və dağ kəndlərində az miqdarda maliyyə vəsaiti sərf etməklə arıçılıq təsərrüfatları yaratmaq və xeyli işsiz adamı qazanc gətirən fəaliyyətə cəlb etmək olar. Arıçılığın ən böyük üstünlüyü isə heyvandarlıq və bitkiçilik sahələrindən fərqli olaraq, ətraf mühitə heç bir ziyan vurmaması, əksinə, onu daha da yaxşılaşdırması və ekoloji cəhətdən ən təmiz məhsul istehsal edən sahə olmasıdır.
Azərbaycanda da arıçılıq müəyyən inkişaf yolu keçmişdir. Hələ sovet dövründə “Arıçılığın mühafizəsi haqqında” dekret imzalanmış, sahənin inkişafı üçün xüsusi dövlət qərarları qəbul edilmişdir. Respublikamızın müxtəlif dağ rayonlarında ixtisaslaşdırılmış arıçılıq sovxozları yaradılmış, arıçılıqda elmi tədqiqat və seleksiya-damazlıq işləri aparılmış, balvermə mənbələri aşkar edilmişdir. Bozdağ Qafqaz arı cinsinin Qabaqtəpə və Şahdağ populyasiyaları, habelə Sarı Qafqaz arı cinsinin Azərbaycan və Talış arı populyasiyaları formalaşdırılmışdır. Hazırda Azərbaycan Respublikasında statistik məlumatlara əsasən 126 min arı ailəsi vardır ki, bunun da minə qədəri kənd təsərrüfatı müəssisələrində, 125 mini isə fərdi sahibkarlarda, ailə-kəndli və ev təsərrüfatlarındadır.
Bal istehsalı haqqında rəsmi məlumat olmadığından təxmini hesablamalara görə, ölkədə ildə 1250 tona qədər, yəni adambaşına cəmi 150 qram bal istehsal olunur. Müqayisə üçün deyim ki, əhalisinin sayına və ərazisinə görə Azərbaycandan cüzi üstün olan Macarıstanda bizdən 15 dəfə çox bal istehsal olunur. Bununla yanaşı, arıçılığın inkişaf etdirilməsi üçün respublikamızda çox əlverişli iqlim və coğrafi şəraitin olması, bol yem mənbəyinin və digər amillərin mövcudluğu bu sahənin gələcək inkişafının böyük potensialı olduğunu göstərir. Bu potensialdan tam və səmərəli istifadə edilərsə, ölkəmizdə 600 min arı ailəsi saxlamaq və ildə 14 min ton bal istehsal etmək mümkündür.
Hazırda arıçılıqda elmi tədqiqat və seleksiya-damazlıq işləri, arı xəstəliklərinə qarşı mübarizə, arıçılıq məhsullarının emalı və qablaşdırılması müasir tələblərə cavab vermir, çox da mürəkkəb olmayan avadanlıq və inventarlar xaricdən gətirilir. Arıçılığın inkişafını təmin edən digər məsələləri həll etmək üçün hökumət səviyyəsində hüquqi bazaya əsaslanan tədbirlərin həyata keçirilməsinə ehtiyac vardır. Belə ki, arıçılıqda dövlət dəstəyinin uğurlu nəticəsi bir çox ölkələrin timsalında özünü əyani olaraq göstərmişdir. Məsələn, Rusiya, Ukrayna, Türkiyə, Bolqarıstan kimi ölkələrdə arıçılıq haqqında qanunlar qəbul edilmiş, bu sahənin inkişafına dair milli və regional proqramlar hazırlanmış, investisiyalar qoyulmuş və dövlət büdcəsindən subsidiyaların ayrılması nəzərdə tutulmuşdur.
Avropa Birliyinə üzv ölkələrdə arıçılığın inkişafına xeyli dotasiya ayrılır, Ukrayna hökuməti bu sahəni himayə edir. Qardaş Türkiyədə 4,2 milyon arı ailəsinin hər birinə dövlət büdcəsindən ildə 2,6 avro subsidiya ayrılır. Rusiya Federasiyasında, Başqırdıstan Respublikasında arıçılığın inkişafına dair milli proqramın həyata keçirilməsinə büdcədən 6 milyon ABŞ dolları həcmində vəsait ayrılmışdır. Bu diqqət və qayğının nəticəsidir ki, Türkiyə bal istehsalına görə Çin, ABŞ və Avstraliyadan sonra dünyada 4-cü, Ukrayna isə 5-ci yeri tutur.
Məlumdur ki, istənilən ölkədə iqtisadiyyatın hər hansı bir sahəsinin sabit, dinamik və uzunmüddətli inkişafı dövlət idarəetməsi, tənzimləməsi və himayəsi olmadan mümkün deyildir. Bunun üçün həmin sahənin qanuna və digər normativ hüquqi aktlara əsaslanan hüquqi bazası olmalıdır. Məhz buna görə Azərbaycan Respublikası Prezidentinin 2008-ci il 25 avqust tarixli sərəncamı ilə təsdiq edilmiş “2008–2015-ci illərdə Azərbaycan Respublikasında əhalinin ərzaq məhsulları ilə etibarlı təminatına dair Dövlət Proqramı”nda nəzərdə tutulan tədbirlər sırasında arıçılığın inkişaf etdirilməsi də əks olunmuşdur. Prezidentin 2008-ci il 15 sentyabr tarixli digər sərəncamı ilə təsdiq edilmiş “2008–2015-ci illərdə Azərbaycan Respublikasında yoxsulluğun azaldılması və davamlı inkişaf Dövlət Proqramı”nın həyata keçirilməsində arıçılığın əhəmiyyəti danılmazdır. Bu mənada komissiyamızın deputatları arıçılıq haqqında qanunun qəbul edilməsini reallıqdan doğan bir zərurət hesab edərək hazırladıqları layihəni sizin müzakirənizə təqdim edirlər.
Hörmətli həmkarlar, Arıçılıq haqqında qanun layihəsi barədə aidiyyəti nazirlik, komitə, elmi institutların rəy və təklifləri alınmışdır. Layihənin rəylərə əsasən işlənilməsi üçün işçi qrupu yaradılmış və ona bir neçə dəfə baxılmışdır. Qanun ölkəmizdə arıçılığın təşkilinin, idarə edilməsinin hüquqi və iqtisadi əsaslarını müəyyən edir, bu sahədə münasibətləri tənzimləyir. Layihə oktyabr ayının 22-də Aqrar siyasət daimi komissiyasının geniş iclasında müvafiq nazirliklərin əməkdaşlarının iştirakı ilə müzakirə edilmiş və Milli Məclisdə baxılmaq üçün tövsiyə olunmuşdur.
Layihə 6 fəsil və 31 maddədən ibarətdir. I fəsil ümumi müddəalara həsr olunmuş, arıçılığa dair anlayışlar verilmişdir. 3-cü maddədə qanunvericiliyin məqsədi bildirilir. 4-cü maddədə arıçılığın obyektləri və subyektləri göstərilmişdir.
II fəsil dövlət idarəetməsinə və tənzimlənməsinə həsr olunmuşdur. 5-ci maddədə arıçılıq sahəsində dövlət idarəetməsi, 6-cı maddəsində isə dövlət tənzimlənməsinin həyata keçirilməsi yolları müəyyənləşdirilmişdir. 6-cı maddənin 10-cu bəndində arıçılıq sahəsində rəsmi statistika materiallarının istehsalını təmin etmək barədə müddəa nəzərdə tutulmuşdur.
III fəsil arıçılığın təşkilindən bəhs edir. Burada arıçılıq işinin təşkili geniş və ətraflı verilmişdir. 9-cu maddədə arıçılıqla məşğul olmaq, təsərrüfat yaratmaq hüququ və onların mülkiyyət növləri göstərilmişdir. 10.1-ci maddədə göstərilir ki, arıxanalarda müalicə-profilaktika tədbirlərini həyata keçirmək məqsədi ilə onların hər birinə müəyyən edilmiş formada baytarlıq-sanitariya pasportu (şəhadətnaməsi) verilir. 10.2-ci maddədə arıçılıqda seleksiya-damazlıq işlərinin aparılmasının xüsusiyyətləri göstərilmiş, 11.1-ci maddədə Azərbaycana məxsus arı populyasiyalarının adları qeyd edilmişdir.
IV fəsildə çox vacib bir məsələdən – arıçılıq məhsullarının dövriyyəsindən bəhs edilir. Sirr deyildir ki, satışa xalis bal adı altında saxta bal və digər arıçılıq məhsulları çıxarılır. Məhz bu fəslin müddəalarının icrası bazara çıxarılan məhsulların keyfiyyətinin və təhlükəsizliyinin təmin edilməsinə yönəlmişdir. 17-ci maddədə bildirilir ki, satışa çıxarılan arıçılıq məhsulları standartlaşdırılmalı və sertifikatlaşdırılmalıdır. Həmin maddənin 4-cü bəndində göstərilir ki, arıçılıq məhsullarının keyfiyyətini və rəqabət qabiliyyətini artırmaq məqsədi ilə ictimai təşkilatlar və arıçılıq təsərrüfatları könüllü qaydada milli standartlardan daha ciddi tələbləri olan standartlar tətbiq edə bilərlər. Bu ona görə lazımdır ki, xarici bazara çıxmaq üçün indidən daha ciddi standartların tələbinə uyğun məhsul istehsalına başlamaq imkanı olsun. 19-cu maddədə arıçılıq məhsullarının marketinqi və satışı geniş şəkildə verilmiş, marketinqin təşkil edilməsinin məqsədi və aparılması qaydası müəyyənləşdirilmişdir. Qeyd olunur ki, arıçılıq məhsulları xüsusi mağazalarda, mağazaların ayrıca bölmələrində və müvafiq tələblərə cavab verən yerlərdə satıla bilər. Süni yolla alınmış məhsulun bal kimi satışına yol verilmir və o, qüvvədə olan standartların tələblərinə uyğun olmayan mal hesab olunur. Belə məhsulu təbii bal kimi dövriyyəyə daxil etməkdə təqsirli bilinən şəxslər məsuliyyət daşıyırlar.
V fəsil bal arılarının mühafizəsindən bəhs edir. Burada bal arılarının mühafizəsinin təmin edilməsi qaydaları, onların xəstəlikləri və ziyanvericiləri ilə mübarizə, cins və populyasiyalarının çoxaldılması və istifadə edilməsi, arı ailələrinin köçürülməsi geniş şəkildə verilmişdir.
VI fəsil yekun müddəalara həsr olunmuşdur. Bu fəsildə arıçılığın maliyyə təminatının mənbələri, mütəxəssislərin hazırlanması, elmi tədqiqat müəssisələrinin fəaliyyət istiqamətləri, arıçılıq sahəsində beynəlxalq əməkdaşlıq mübahisələrin həlli və məsuliyyət məsələləri əks olunmuşdur.
Hörmətli deputatlar, mən bu qanunun mahiyyətini, vacibliyini, arıçılığın inkişafında onun nə qədər mühüm rol oynayacağını sizin nəzərinizə çatdırmağa çalışdım. Hesab edirəm ki, qanun layihəsi birinci oxunuşun tələblərinə cavab verir və Milli Məclis tərəfindən qəbul edilə bilər. Söyləyəcəyiniz rəy və təkliflərə görə əvvəlcədən sizə minnətdarlığımı bildirirəm. Diqqətinizə görə sağ olun.
Sədrlik edən. Eldar müəllim, sağ olun. Eldar müəllimin qeyd etdiyi kimi, qanun layihəsi birinci oxunuşa çıxarılıb. Ona görə də xahiş edirəm, qanun layihəsinə ümumi şəkildə, konseptual cəhətdən qiymət verək. Maddələrlə, fəsillərlə bağlı ikinci oxunuşda artıq fikirlərinizi söyləyə bilərsiniz. Müzakirəyə başlayırıq. Tahir Rzayev, buyurun.
T. Rzayev. Çox sağ olun, hörmətli Ziyafət müəllim. Həqiqətən də, sahə qanunu olsa da, onun müzakirəyə çıxarılmasını vacib hesab edirəm. Elə bilirəm ki, bu qanun layihəsi arıçılığın inkişaf etdirilməsi üçün, Azərbaycanda kənd təsərrüfatının inkişafı üçün, habelə iqtisadiyyatın yüksəldilməsi, əhalinin sağlamlığı üçün çox əhəmiyyətlidir. Qanun layihəsi mükəmməl hazırlanıb və hərtərəflidir. Ona görə də bu layihənin üzərində işləyənlərə, ilk növbədə Aqrar siyasət daimi komissiyasının üzvlərinə, Eldar müəllimə təşəkkürümü bildirirəm. Həqiqətən də, Azərbaycanda arıçılığın inkişafı üçün imkanlar çoxdur. Biz bu gün nəzərə alsaq ki, arının balı, onun mumu, zəhəri, südü çox qiymətlidir, onda bu qanunun vacibliyi bir daha məlum olar.
Eldar müəllimin qeyd etdiyi kimi, arı həm də kənd təsərrüfatında bitkiçiliyin inkişafı üçün, məhsuldarlığın artırılması üçün çox vacib bir vasitədir. Bu yaxınlarda televiziyada xarici veriliş verdilər. Mən çox maraqla baxdım. Arıçılıqla məşğul olan bir çox inkişaf etmiş ölkələrdə arıların sayının azalmasını bir böhran kimi qiymətləndirir və həyəcan təbili çalırdılar. Sonra əsaslandırdılar ki, həmin ölkələrdə son illər məhsuldarlıq bir neçə dəfə aşağı düşüb. Yəni arılar azalıb, bitkilərin tozlanması sahəsində ciddi problemlər yaranıb. Qanunun vacibliyi bir də ondadır ki, biz arıçılığın inkişafı üçün hüquqi baza hazırlayırıq. Çox yaxşı haldır ki, qanun layihəsində arıçılığın inkişaf etdirilməsi sahəsində müvafiq icra hakimiyyəti orqanlarının vəzifələri müəyyən olunub. Sözsüz ki, həmin vəzifələrin müəyyən olunması bu sahədə konkret işlərin görülməsinə zəmanət verəcəkdir.
Digər tərəfdən arıçılığın inkişaf etdirilməsi sahəsində dövlət nəzarətinin həyata keçirilməsinin istiqamətləri müəyyən olunub ki, bu da vacib məsələlərdən biridir. Burada arıçılıq təsərrüfatlarının növləri, vəzifələri, hüquqları təsbit olunub. Mən də bunu müsbət hal hesab edirəm. Digər tərəfdən qanunun vacibliyini onda görürəm ki, burada gələcəkdə arıçılığın inkişafı üçün müəyyən kadrların hazırlanması, bu sahəyə müəyyən maliyyə vəsaitlərinin ayrılması üçün dövlət öz üzərinə müəyyən vəzifələr götürür. Həqiqətən, arıçılıq mürəkkəb bir sahədir. Bu gün Azərbaycanda bu sahədə ixtisaslı kadrlar, demək olar ki, çox azdır. Bu təsərrüfat ata-baba qaydası ilə inkişaf etdirilir, həyata keçirilir. Sözsüz ki, bu sahənin inkişafı üçün geniş imkanlar var. Ona görə də belə bir təklif vermək istərdim ki, əgər mümkün olarsa, gələcəkdə Kənd Təsərrüfatı Akademiyasının nəzdində arıçılıq kadrlarının hazırlanması ilə məşğul olan fakültə açılsın. Mən bu qanun layihəsini müsbət dəyərləndirirəm və deputat həmkarlarımı ona səs verməyə çağırıram. Çox sağ olun.
Sədrlik edən. Sağ olun. Əli Məsimli, buyurun.
Ə. Məsimli. Çox sağ olun, Ziyafət müəllim. Hörmətli sədarət, hörmətli millət vəkilləri, xanımlar və cənablar! Müzakirəyə çıxarılan qanun layihəsi kifayət qədər zəruridir. Ona görə də bu qanun layihəsini hazırlayanlara mən təşəkkür edirəm. Qanun layihəsində arıçılığın təşkili ilə əlaqədar məsələlərdən tutmuş arıçılıqla bağlı beynəlxalq əməkdaşlığa qədər bütün məsələlər kifayət qədər yığcam və yüksək səviyyədə öz əksini tapıb. Ona görə də hesab edirəm ki, birinci oxunuş üçün yetərli dərəcədə məqbul bir qanundur. Eyni zamanda, bu elə bir spesifik qanundur ki, arıçılığın detalları, arıçılığın incəlikləri nəzərə alınmadan onun həyata keçirilməsi müsbət tərəfdən yox, mənfi tərəfdən də təsir göstərə bilər. Bu nöqteyi-nəzərdən bir neçə məqamı qeyd etmək istəyirəm.
İlk növbədə beynəlxalq praktikadan çıxış edək ki, dünyada arıçılığın inkişafına qabaqcıl texnika və texnologiya tətbiq edildikdən sonra böyük nəticələrə nail olunub. Amma Eldar müəllim də dedi, bizdə arıçılıq üçün yetərincə şərait olmasına baxmayaraq, biz ildə adambaşına 150 qram arı balı istehsal edirik. Üstəlik arıçılıqda baldan başqa digər məhsullar da olmasına baxmayaraq, həmin məhsullar bizdə az istehsal olunur. Bu da ilk növbədə məhz təbabət nöqteyi-nəzərindən kasadlılıq yaradır. Beynəlxalq praktikadan çıxış edərək demək olar ki, arıçılıq birbaşa əmək məhsuldarlığı ilə əlaqədardır. Ciddi tədqiqatlar göstərir ki, arıçılığın inkişaf etdirilməsi bir tərəfdən tozlanma vasitəsi ilə kənd təsərrüfatında məhsuldarlığın artırılmasına, ikinci tərəfdən isə əməyin keyfiyyətinə müsbət təsir göstərir.
Bu kontekstdə iki məqamı qeyd etmək istəyirəm. Dünyada ən çox bal qəbul edən, istifadə edən millətlərdən biri yaponlardır. İldə adambaşına 3 kiloqrama qədər baldan istifadə edirlər. Orada uzunömürlülüyün səbəbləri çoxdur, amma həmin səbəblərdən biri də məhz bal arısından istifadə məsələsidir. Ötən əsrin 40-cı illərindən başlayaraq Yaponiyada kiçik uşaqlara gündə bir qaşıq pulsuz bal verirdilər. Bu onların inkişafına, sağlamlığının qorunmasına, zehni inkişafına ciddi təsir göstərən amildir.
Eldar müəllimin də qeyd etdiyi kimi, elmi tədqiqatlar göstərir ki, Azərbaycanda qabaqcıl texnologiyaya əsaslanaraq arıçılığı inkişaf etdirməklə biz istehsalımızı haradasa 8–12 dəfə artıra bilərik. Bu da adambaşına bal istehsalının 150 qramdan 1,2–1,8 kiloqrama çatdırılması deməkdir və eyni zamanda, inkişaf etmiş ölkələrin göstəricilərinə bərabər bir göstəricidir.
Hesab edirəm ki, bizim imkanlarımız genişdir. Güman edirəm ki, ikinci, üçüncü oxunuşda təkmilləşdirilmiş, mükəmməl bir qanunun qəbul edilməsi Azərbaycanda arıçılığın inkişafına böyük təkan vermiş olacaq. Bu qanunun məzmununa diqqət edəndə bir cəhəti mən nəzərə almağı əsas götürərdim. Belə ki, bizdə arıçılığın xüsusi mülkiyyətə əsaslanan təsərrüfatı 99,2 faiz, dövlət təsərrüfatı isə 0,8 faizdir.
Sədrlik edən. Əli müəllim, üzr istəyirəm, bir dəqiqə, sözünüzü kəsirəm. Məclisə bizim hörmətli qonağımız gəlib, mən onu təqdim edim, sonra sözünüzə davam edəcəksiniz.
Hörmətli deputatlar, bilirsiniz ki, bu gün Bakı şəhərində Avropa Şurasına daxil olan ölkələrin mədəniyyət nazirlərinin beynəlxalq konfransı keçirilir və həmin konfrans çərçivəsində Avropa Şurasının Baş katibi cənab Terri Devis Bakıya gəlib. O indi bizim Məclisə təşrif buyurubdur. Bilirsiniz ki, cənab Terri Devis Avropa Şurası Parlament Assambleyasında Ermənistan–Azərbaycan, Dağlıq Qarabağ münaqişəsi üzrə məruzəçi olub. Onun məruzəsi əsasında 2005-ci ildə Avropa Şurasının Parlament Assambleyası qış sessiyasında münaqişəyə dair mühüm bir qətnamə və tövsiyə qəbul edib. Həmin sənədlərdə Azərbaycan ərazilərinin Ermənistan tərəfindən işğal edilməsi, Dağlıq Qarabağ bölgəsinin separatçı qüvvələrin nəzarəti altında olması, həmin ərazilərdə etnik təmizləmə aparılması faktları öz əksini tapmışdır.
Hörmətli deputatlar, xahiş edirəm, cənab Terri Devisi Milli Məclisdə salamlayaq və alqışlayaq. (Alqışlar.) Cənab Baş katib, xoş gəlmisiniz. Buyurun.
Terri Devis, Avropa Şurasının Baş katibi.
Thank you very much, dear speaker! İt is very kind of you to invite me here, the special chamber of the Azerbaijan nation.
Yerdən. (Eşidilmir.)
T. Devis. Do not worry, speaker, I have a long political carrier. It is not the first time that someone tries to interrupt me. (Alqışlar.) I feel myself like at home here. I am grateful to your welcome. I am a great friend of Azerbaijan. Really, I have one problem with Azerbaijan. I am so busy, I never have enough time to see the beauty in your country. Perhaps, I will have an opportunity to enjoy the culture of Azerbaijan in my next visit. In Europe you have a special contribution to me. Through the geography you are on the cross-roads to the North, South, East and West. Today the ministers of culture of Europe and of some neighbouring countries come here to meet together. Today it is Europe meeting in Baku.Tomorrow the world will meet in Azerbaijan. (Alqışlar.)
Tərcüməçi. Çox sağ olun, cənab Sədr. Azərbaycan Respublikasının Milli Məclisində olmaqdan qürur hissi duyuram və məni səmimi qarşıladığınız üçün minnətdaram.
Yerdən. (Eşidilmir.)
T. Devis. Narahat olmayın, mənim uzunmüddətli siyasi karyeram vardır. İlk dəfə deyil ki, mənim sözümü parlamentdə kəsirlər. (Alqışlar.) Mən burada özümü evimdəki kimi hiss edirəm. Mən Azərbaycanın böyük dostuyam. Azərbaycana gələrkən yeganə problemim ondan ibarətdir ki, ölkənizi gəzməyə kifayət qədər vaxtım olmur. Bundan sonrakı səfərlərimdə Azərbaycanın mədəni irsinə xüsusi diqqət yetirmək istəyirəm. Bu istiqamətdə Avropaya güclü töhfə verə bilərsiniz. Coğrafi məkan etibarı ilə Azərbaycan çox önəmli bir yerdə, yəni Qərblə Şərqin, Şimalla Cənubun yol ayrıcında yerləşir. Bu gün Avropa Şurasının üzvü olan ölkələrin mədəniyyət nazirləri Azərbaycana gəliblər. Bu gün Avropa Azərbaycanda görüşür. Sabah isə bütün dünya Azərbaycanda görüşəcəkdir. (Alqışlar.)
Sədrlik edən. Thank you very much, mister Terri Devis. Mikrofon verin Əli Məsimliyə. Buyurun, davam edin.
Ə. Məsimli. Təşəkkür edirəm. Bayaqkı məqamı təkrar edirəm, Azərbaycanda arıçılığın 99,2 faizi xüsusi mülkiyyətdə, 0,8 faizi isə dövlət mülkiyyətindədir və bu, nəzərə alınmalıdır. Ona görə də 5-ci maddədə “arıçılığın idarə edilməsi” “tənzimlənməsi” sözü ilə əvəz edilməlidir. Bu, xeyli dərəcədə ciddi məsələdir. Məncə, arıçılığı idarə eləməzlər, arıçılığı tənzimləyərlər. Bu da Azərbaycanda arıçılığın inkişafına böyük təkan vermiş olar. Çox şeyləri biz idarə edirik və nəticəsini də görürük. Bir dənə arı qalıb, arını da idarə eləsək, onda vəziyyət xeyli dərəcədə mürəkkəb olacaq.
Bu nöqteyi-nəzərdən məmur müdaxiləsinə imkan verən bütün məqamların qanun layihəsindən çıxarılmasının tərəfdarıyam. Orada yalnız tənzimləmədən söhbət getsin. Tənzimləmə ilə bağlı beynəlxalq praktikada bir neçə məqam var. Məsələn, Ukraynada arıçılıq sala ilə bərabər milli məhsul səviyyəsinə gəlib çatır. Xüsusi milli proqramları var. Bəlkə də arıçılığın inkişafına dəstək üçün milli proqramın işlənilib hazırlanması Azərbaycanda daha məqsədəuyğun olar. Bu nöqteyi-nəzərdən büdcədən və digər mənbələrdən maliyyə vəsaitlərinin ayrılmasını təklif edirəm ki, bu da arıçılığın inkişafına ciddi təkan verər.
Mən bir rəqəmi nəzərinizə çatdırsam, görərik ki, bizim nə qədər imkanlarımız var. Deməli, Azərbaycanda bir rəqəmə görə 3,3 min nəfər, başqa bir rəqəmə görə isə uçota düşməyənləri də nəzərə alanda 7 minə qədər adam arıçılıqla məşğul olur. Müqayisə üçün götürək, Gürcüstanda 50 min arıçı var və Ukraynada isə 700 min adam arıçılıqla məşğul olur. Ukraynada əhalinin 1,5 faizi, Gürcüstanda 1 faizi, Azərbaycanda isə dediyim rəqəmin birinci variantında 0,04 faizi, bir də təkrarlayıram, 0,04 faizi, bir az da şişirdib, ikinci rəqəmi əsas götürsək, 0,1 faizi arıçılıqla məşğul olur. Bu da Azərbaycanın potensialına uyğun olmayan bir rəqəmdir. Statistika açıq-aydın göstərir ki, Azərbaycanda arıçılığın inkişafı istiqamətində xeyli imkanlar var və həmin imkanlardan geniş istifadə olunmalıdır.
Yəqin ki, nəzərə çatdırmaq istədiyim bir məsələdə hamınız mənimlə razı olarsınız. Arıçılıq məhsullarının keyfiyyəti ilə bağlı məsələdir. Arıçılar yaxşı bilir ki, normal arı təsərrüfatı yaratmaqdan ötrü istehsal olunan arı balının 20–25 faizini, bəlkə də 30 faizini arıya yedirmək lazımdır ki, o, normal bal versin. Həmin balı arıdan alırlar, şəkər tozunu yaxşıca ona yedizdirirlər və bununla da iki itkiyə nail oluruq. Birincisi, keyfiyyətsiz bal, ikincisi isə şəkər tozu yeyən arı immunitetini itirir, gül-çiçəyə yaxın da düşmür. Beləliklə, iki ciddi problemlə qarşılaşırıq, itkiyə məruz qalırıq. Ona görə də bir tərəfdən arıçılığın inkişaf etdirilməsi, digər tərəfdən balın keyfiyyətinin artırılması, baldan başqa digər arıçılıq məhsullarının da istehsalının əsaslı surətdə stimullaşdırılması, bu istiqamətdə xüsusi keyfiyyət standartlarının tətbiq olunması vacibdir. Əgər biz bunları eləsək, qısa müddət ərzində adambaşına 150 qram məhsul istehsal edən Azərbaycandan adambaşına haradasa 1,2–1,8 kiloqram arı balı istehsal edən bir ölkəyə çevrilərik ki, onun da xeyli hissəsini biz xaricə satmaqla həm təsərrüfatları inkişaf etdirə bilərik, həm də digər problemləri həll edə bilərik.
Az xərc çəkilən təsərrüfatlar olmaqla yanaşı, damazlıq və sair təsərrüfatlar müəyyən dərəcədə əlavə vəsait tələb edir. Beynəlxalq təcrübədə təqribən 55–60 min dollar götürülür. Azərbaycanda da bu məbləğ 30–40 min manat civarında olacaq. Ona görə də damazlıq təsərrüfatlarına bu qanunda xeyli yer verilib. Hesab edirəm ki, onları inkişaf etdirməkdən ötrü nümunəvi damazlıq təsərrüfatlarının yaradılması istiqamətində müxtəlif mənbələr hesabına kreditlərin verilməsi, arıçılığa maliyyə yardımının göstərilməsi, maliyyə dəstəyinin göstərilməsi çox vacibdir. Diqqətinizə görə təşəkkür edirəm.
Sədrlik edən. Sağ olun, Əli müəllim. Hörmətli deputatlar, nəzərinizə çatdırmaq istəyirəm ki, bizim bugünkü Məclisimizdə kənd təsərrüfatı nazirinin müavini Bəhram Əliyev və Arıçılar İttifaqının sədri Şamil Quliyev iştirak edirlər. Suallarınızı onlara da ünvanlaya bilərsiniz. Amma mənim indidən Arıçılar İttifaqının sədrinə bir sualım olacaq. Əli müəllim məsələ qaldırdı, nə üçün halal bir məxluq olan arıya bəziləri, belə deyək, haram qatırlar? Şamil müəllim əsl balı saxta baldan fərqləndirməyin üsulunu bizə desin, biz də bilək ki, əsl balı saxta baldan necə fərqləndirirlər. Sualı mən bir azdan verəcəyəm, amma hələlik deputatlar çıxış eləsinlər. Elton Məmmədov, buyurun.
E. Məmmədov. Hörmətli Ziyafət müəllim, çox hörmətli həmkarlarım, hörmətli qonaqlar! Mən də hesab edirəm ki, bu gün müzakirəmizə təqdim olunan qanun layihəsi ölkəmiz üçün və ölkədə gedən uğurlu islahatların davamlı aparılması üçün çox zəruri bir qanun layihəsidir. Mən Eldar müəllimə dərin təşəkkürümü bildirirəm ki, onun rəhbərliyi ilə bu qanun layihəsi müzakirəyə çıxarılıb. Mən işçi qrupuna da dərin təşəkkürümü bildirirəm və qanun layihəsi haqqında konseptual olaraq bəzi fikirlərimi bildirmək istəyirəm. Möhtərəm Prezidentimiz cənab İlham Əliyevin imzaladığı milli proqramlarda digər sahələrlə yanaşı, arıçılığın inkişafına da xüsusi diqqət ayrılmışdır.
Ümumdünya Səhiyyə Təşkilatının verdiyi məlumatlara görə yaşı 80-dən yuxarı olan əhalinin 90 faizi arıçılar və onların ailə üzvləridir. Alimlərin hesablamalarına görə çarpaz tozlanma nəticəsində arıların ekologiyaya verdiyi xeyir onların məhsullarının verdiyi xeyirdən 10 dəfələrlə çoxdur. Eynşteynin fikrincə, dünyada bal arısı məhv olarsa, ekoloji tarazlıq pozula bilər. Arıçılıq iqtisadi cəhətdən gəlirlidir, qida və müalicəvi baxımdan xeyirlidir, ekoloji mühitin yaxşılaşması istiqamətində isə ən faydalı təsərrüfat sahəsidir. Digər təsərrüfat sahələri ilə müqayisədə arıçılıq təsərrüfatının yaradılmasına lazım olan xərc az, qoyulmuş xərcin qaytarılma müddəti qısa, bal istehsalının genişləndirilməsi sürətli, iş şəraiti isə sağlamlıq üçün əlverişlidir.
Arıçılığın inkişafına görə dünyada ön sıralarda gedən qardaş Türkiyədə arıçılığa çox güclü dövlət qayğısı vardır. Bal, arı südü, çiçək tozu, vələmum, təbabətdə buna propolis də deyirlər, mum, arı zəhəri dünya təbabətində və sağlam qidalanmada yüksək qiymətləndirilir. Dünyanın inkişaf etmiş ölkələrində adambaşına ildə bir neçə kiloqram bal düşdüyü halda, bizdə bu rəqəm 1 kiloqrama çatır. Yaponiyada il ərzində 210 ton arı südü qəbul edilir. Bizdə bu rəqəm bir neçə kiloqramdır. SSRİ dağılandan sonra arıçılıq sovxozları, birlikləri də dağıldı. Arıçılar pərakəndə, plansız şəkildə işləməyə başladılar. Sahibkarlıq haqqında az anlayışı olan və müasir texnologiyadan xəbəri olmayan arıçılar öz işlərini müasir dünya arıçılığı səviyyəsində qura bilmədilər. Arıçı sahibkarın gəlirləri dünya arıçılarının gəlirləri ilə müqayisədə olduqca aşağı səviyyədədir. Arı südü, çiçək tozu, vələmum, demək olar ki, istehsal edilmir.
Arıçılıq Azərbaycan xalqının ən qədim təsərrüfat sahəsidir. Bunu Azıx mağarasında qazıntılar nəticəsində tapılan, üzərində bal arısının şəkli olan fincan bir daha sübut edir. Hazırda Azərbaycanda 130–150 min arı ailəsi var. Hər arı ailəsindən orta məhsuldarlıq 8–12 kiloqramdır. Bu məsələni çox hörmətli həmkarım Əli müəllim qeyd etdi. Arının digər məhsulları – zəhəri, arı südü, vələmum, demək olar ki, cüzi miqdarda istehsal olunur. Bu göstəricilər dünya arıçılığı ilə müqayisədə çox azdır. Arıçılıqda bazar iqtisadiyyatı prinsipinə söykənərək kompleks tədbirlərin həyata keçirilməsi vacibdir.
Hazırda mövcud arı təsərrüfatının 80–90 faizi primitiv qaydalarla idarə olunur. Arıların saxlanma metodları, istehsal texnologiyası aşağı səviyyədədir. Damazlıq-seleksiya işləri isə, demək olar ki, aparılmır. Belə olan halda gəlirli, bazar iqtisadiyyatının tələblərinə cavab verən, rəqabət qabiliyyətli arıçılıqdan danışmağa dəyməz. Hesab edirəm ki, bütün bunları və digər çatışmazlıqları aradan qaldırmaq, arıçılığı inkişaf etdirmək üçün Milli Məclisdə Arıçılıq haqqında qanun layihəsinin qəbul olunması çox vacibdir. Arıçılıq haqqında qanunun qəbul edilməsi arıçılıq ailələrinin sayının 4–5 dəfə artmasına, hər arı ailəsindən 20–25 kiloqram bal istehsal edilməsinə, digər arı məhsullarının istehsalına, damazlıq-seleksiya işi aparmaqla arıların cins tərkibinin təmizlənməsinə, sənaye tipli kompleks arıxanaların yaradılmasına, bitkilərdə çarpaz tozlanma nəticəsində təbii flora və ekologiya durumunun yaxşılaşmasına, çarpaz tozlanmanın keyfiyyətinin əsaslı şəkildə yüksəlməsi ilə maye, tərəvəz, bostan və digər bitkilərin məhsuldarlığının artmasına şərait yaradacaqdır.
Yeri gəlmişkən, hörmətli Eldar müəllimdən, həmkarımdan və işçi qrupundan xahiş edərdim ki, ekologiya sahəsində çox önəmli olduğu üçün bu qanun layihəsinin 18-ci maddəsinə ekologiya sahəsində maariflənmə ilə bağlı bir bənd salınsın. Digər maddələr haqqında fikirlərimi ikinci oxunuşda deyəcəyəm. Hesab edirəm ki, bütövlükdə qanun layihəsi konseptual baxımdan birinci oxunuşun tələblərinə tam cavab verir və mən hörmətli həmkarlarımı qanun layihəsinin qəbul olunmasına səs verməyə çağırıram. Diqqətinizə görə təşəkkür edirəm.

Azərbaycan  Respublikası  Milli  Məclisi  Sədrinin
müavini  B. Muradova  sədrlik  edir

Sədrlik edən. Sağ olun, Elton müəllim. Ərəstun Cavadov, buyurun.
Ə. Cavadov. Çox sağ olun. Hörmətli sədarət, hörmətli millət vəkilləri! Hazırda müzakirəmizə təqdim olunan Arıçılıq haqqında Azərbaycan Respublikasının qanun layihəsi ilə bağlı Milli Məclisin Aqrar siyasət daimi komissiyasının üzvü kimi mən də öz fikrimi bildirmək istəyirəm. Qanun layihəsinin məzmunundan da göründüyü kimi, bu qanun layihəsi ölkəmizdə arıçılığın təşkilinin və idarəetmənin hüquqi və iqtisadi əsaslarını müəyyən edəcək, kənd təsərrüfatının xüsusi sahəsi olan arıçılıq təsərrüfatı ilə bağlı yaranan münasibətləri tənzimləyəcəkdir.
Son dövrlərdə ölkəmizdə digər sahələrdə olduğu kimi, kənd təsərrüfatı sahəsində də sürətli islahatlar həyata keçirilir. Belə olan halda isə bu qanun layihəsi ilə tənzimlənməsi nəzərdə tutulan xüsusi sahənin də inkişaf etdirilməsinə çox böyük ehtiyac vardır. Bildiyimiz kimi, hazırda ölkəmizin müxtəlif bölgələrində fərdi qaydada arıçılıq təsərrüfatı ilə məşğul olan şəxslər vardır. Lakin bu günə kimi həmin təsərrüfatların genişləndirilməsi üçün lazımlı səviyyədə tədbirlər həyata keçirilməmişdir. Bunun nəticəsində isə bir çox bölgələrimizdə bal arılarının yetişdirilməsi, çoxaldılması və saxlanması çox vaxt aşağı səviyyəyə düşmüşdür. Hazırda bu sahədə mövcud olan problemlər ölkədə kənd təsərrüfatının inkişafına da mənfi təsir göstərir. Məhz arıçılıq haqqında qanunun məqsədi də ölkəmizdə yüksək tələblərə cavab verən, kənd təsərrüfatının tərkib hissəsi sayılan arıçılıq təsərrüfatını inkişaf etdirməkdir.
Qanun layihəsinin bütün maddələri sadaladığım həmin problemlərin həllinə yönəldilibdir. Ona görə də bu gün bizə təqdim edilən bu qanun layihəsini mən məqbul hesab edirəm və bütün deputat həmkarlarımı bu qanun layihəsinin qəbul edilməsinə səs verməyə çağırıram. Diqqətinizə görə sağ olun.
Sədrlik edən. Sağ olun. Havva Məmmədova, buyurun.
H. Məmmədova. Çox sağ olun, Bahar xanım. Hörmətli sədarət, hörmətli millət vəkilləri, hörmətli dəvət olunmuş aqrar sahənin mütəxəssisləri! Qanunun preambulasından da göründüyü kimi, müzakirəmizdə olan sənəd arıçılığın təşkilinin və idarə edilməsinin hüquqi və iqtisadi əsaslarını müəyyən edir, bu sahədə olan çatışmazlıqların aradan qaldırılmasına xidmət edir, eyni zamanda, bu sahədəki münasibətləri tənzimləyir.
Təbii ki, bizim müzakirəmizin məqsədi arıçılıqda damazlıq işinin yaxşılaşdırılmasına, yerli arı cinslərinin qorunub saxlanmasına, mənşəyi məlum olan və məhsuldarlığı ilə seçilən cinslərin yetişdirilməsinə, bir sözlə, Azərbaycanda arıçılığın inkişafına xidmət edir. Dünyanın bir çox ölkələrində, o cümlədən Rusiya, Türkiyə, Bolqarıstan və Ukraynada da belə analoji qanunlar var. Ona görə də mən müzakirəyə çıxarılan sənədə səs verəcəyəm və deputat həmkarlarımı da bu mükəmməl sənədə səs verməyə dəvət edirəm.
Mən qanun layihəsinin ayrı-ayrı maddələri ilə ətraflı tanış olmuşam və hörmətli Eldar müəllimin verdiyi məlumatdan da aydın görünür ki, qanun layihəsi mükəmməl hazırlanmışdır. Ona görə də mən Aqrar siyasət daimi komissiyasının sədri hörmətli Eldar müəllim başda olmaqla komissiyanın bütün üzvlərinə dərin təşəkkürümü bildirirəm ki, vaxtında bu qanun layihəsini işləyib hazırlayıblar və bizim müzakirəmizə təqdim ediblər.
Kənd təsərrüfatının bu növü ilə bizdə ta qədimlərdən məşğul olurlar. Bu haqda hörmətli Eldar müəllim də öz çıxışında məlumat verdi. Mən də demək istərdim ki, Azərbaycan qədim arıçılıq məskənlərindən olub. Azərbaycanın coğrafi mövqeyi, təbiəti arıçılıq üçün münbit şərait yaradır. Açığını deyim ki, bunun müqabilində bizdə arıçılığın inkişafı arzuladığımız səviyyədə deyil. Düzdür, bunun obyektiv səbəbləri var. Çünki Azərbaycanın arıçılıq üçün imkanları olan bölgələri, o cümlədən Kəlbəcər, Şuşa, Laçın, Qubadlı, Zəngilan və digər rayonlarımız Ermənistanın işğalı altındadır. İşğal nəticəsində 100 minlərlə arı ailəsi məhv edilib.
Heç kimə sirr deyil ki, adı çəkilən rayonların hər birində bir ailədə ən azı onlarla arı ailəsi saxlanılırdı. Demək olar ki, həmin bölgələrdə olan insanlar arıçılığın əsil mütəxəssisləri idilər. Lakin torpağımızın işğalı bu imkanı onların əlindən aldı. İndi həmin insanlar ölkəmizin müxtəlif bölgələrində məskunlaşıblar. Mən də onlarla tez-tez əlaqə saxlayıram. Çoxları imkansızlıq ucbatından arı ailələri əldə edə bilmirlər. Halbuki həmin insanların arıçılığın inkişafında böyük potensialı var. Düşünürəm ki, həmin insanların gücündən arıçılığın inkişafına yönəldilməsinə nail olsaq, daha çox məhsuldarlıq əldə etmiş olarıq. Bu məsələ bir tərəfdən aqrar sahəmizin inkişafına müsbət təsir göstərər, digər tərəfdən isə qaçqın və məcburi köçkünlərimizin işsizlik problemini aradan qaldırar və onların sosial güzəranının yaxşılaşmasına xidmət edər.
Eldar müəllimin də qeyd etdiyi kimi, arıçılığın inkişafı üçün əlverişli coğrafi şərait və zəngin təbiəti olan Azərbaycanda hazırda 126 min arı ailəsi var. Onlardan mini Kənd Təsərrüfatı Nazirliyinin tabeçiliyində olan müəssisələrdə, qalanları isə fərdi təsərrüfatlarda saxlanılır. Xatırladaq ki, hər il Azərbaycanda 1700 tondan çox bal istehsal olunur. Halbuki biz işimizi yüksək səviyyədə təşkil edə bilsək, bu istehsalı iki-üç dəfə artıra bilərik. Hazırda ölkəmizdə 7 mindən çox adam arıçılıqla məşğuldur. Bu da göstərilən rəqəmləri düzgün əks etdirmir. Hər halda mən bunu yetərincə hesab etmirəm.
Hesab edirəm ki, bu gün bazarlara da çıxarılan saxta bal məhsulu əsil baldan dəfələrlə aşağı qiymətə satılır. Bu da arıçılıqla məşğul olan insanların işinə böyük ziyan vurur. Mənə elə gəlir ki, bu məsələ ilə bağlı biz ciddi düşünməliyik və saxta qida məhsullarını satanlar mütləq cinayət məsuliyyətinə cəlb edilməlidirlər. Çünki bu məsələ başqa insanların sağlamlığı ilə bağlıdır. Azərbaycanda arıçılıqla bağlı 22 özəl damazlıq təsərrüfatı vardır. Bu da yüksək göstəricidir. Amma hesab edirəm ki, bu təsərrüfatın da sayı düzgün rəqəmləri əks etdirmir.
Müasir dövrdə arıçılığın ən güclü inkişaf etdiyi ölkələr Amerika, Argentina, Türkiyə, Çin və Rusiyadır. Türkiyədə 4 milyondan çox arı ailəsi saxlanılır. Hər il dünya bazarına çıxarılan 375 min ton balın 25 faizi Argentinanın payına düşür. Bu, ölkədə 100 min tona yaxın bal istehsal olunması deməkdir. Argentinada istehsal olunan bal keyfiyyətinə görə dünyada ən yaxşı bal hesab olunur. Amerikada hər il 100 min tona yaxın bal istehsal olunur. Bu gün dünyada ən çox saxlanılan arı cinslərindən biri Boz Qafqaz cinsidir. Bu cinsin vətəni Azərbaycan sayılır.
Ölkəmizin dağlıq və düzən əraziləri olan bölgələrində bu nadir və iqtisadi baxımdan çox sərfəli olan sahənin inkişafı üçün gözəl şərait vardır. Düzdür, son illər bal məhsulunun satışı ilə bağlı Kənd Təsərrüfatı Nazirliyinin keçirdiyi yarmarkalar, baytarlıq laboratoriyalarının yaradılması, bal satışının təşkil edilməsi heç də o demək deyil ki, arıçılığın qarşısında duran bütün problemlər həll edilib. Biz hamımız məhsulların satışında ciddi problemlərin olduğunu yaxşı bilirik.
Ona görə də mənim bir sıra təklifim var. Mən istərdim ki, bu təkliflərimi səsləndirim. Ən böyük problem ondan ibarətdir ki, bal məhsullarının satışı üçün bal marketinqləri, bazarları yoxdur. Belə bazarların Bakıda, Sumqayıtda, Gəncədə və başqa yerlərdə açılmasına böyük ehtiyac vardır.
İkinci səsləndirəcəyim fikir ondan ibarətdir ki, arı məhsullarını yoxlamaq üçün ən müasir avadanlıqlarla təmin olunmuş laboratoriyalarımız yoxdur. Bal məhsullarının yoxlanmasında bir laboratoriyanın təsdiq etdiyi faktı digər laboratoriya təsdiq etmir. Yeri gəlmişkən, deyim ki, Moskvada arıçılıq məhsullarını yoxlamaq üçün müasir avadanlıqla təmin edilmiş 7 laboratoriya fəaliyyət göstərir.
Üçüncü söyləyəcəyim təklif isə arı ailələrini gəzdirməklə bağlıdır. Hamımız bilirik ki, arı ailələri qışda arana, yayda isə dağ rayonlarına, meşələrə aparılır. Bu gün həmin insanların qarşısında çox böyük problemlər durur. Meşə təsərrüfatı ilə məşğul olan insanlar onları meşələrə buraxmaq istəmirlər. Bu da məhsuldarlığı olduqca aşağı salır və problemlər yaradır.
Dördüncü mühüm məsələ isə ondan ibarətdir ki, məcburi köçkünlər arasında arıçılıq üzrə mütəxəssislər çoxdur. Onlar bu sahəni inkişaf etdirmək istəyirlər. Amma bu gün onların güzəranı, yerli şəraiti, maddi durumu buna imkan vermir. Mən ona görə də burada bu gün qonaqlarımız olan Kənd Təsərrüfatı Nazirliyinin mütəxəssislərindən xahiş edirəm ki, məcburi köçkünlərimizə kreditlərin ayrılmasında, makrokreditlərin ayrılmasında daha yaxından köməklik etsinlər. Çünki bu insanlar arasında olduqca böyük mütəxəssislər var və onlara bu gün belə bir şərait yaradılsa, məhsuldarlığı 3-4 dəfə artıra bilərlər. Sonda mən bütün həmkarlarımı bu qanunun lehinə səs verməyə dəvət edirəm. Diqqətinizə görə təşəkkür edirəm.
Sədrlik edən. Sağ olun, Havva xanım. Mən düşünürəm ki, Sizin dəyərli təklifləriniz aidiyyəti orqanların rəhbərləri tərəfindən nəzərə alınacaq. Rafael Cəbrayılov, buyurun.
R. Cəbrayılov. Çox sağ olun. Hörmətli sədarət, hörmətli Məclis üzvləri! Azərbaycanda arıçılıq üçün ideal təbii şəraitin olmasını, bu sahənin inkişaf etdirilməsinin məqsədəuyğunluğunu, habelə Qurani-Kərimdə arı məhsullarının insan orqanizmi üçün faydasını nəzərə alsaq, belə bir qanuna ehtiyacın zəruriliyini daha yaxşı anlamaq olar. Bu baxımdan mən belə bir qanun layihəsinin müzakirəyə çıxarılmasını alqışlayıram. Bu işi gördüklərinə görə hörmətli Eldar müəllim başda olmaqla Aqrar siyasət daimi komissiyasının hər bir üzvünə öz təşəkkürümü bildirirəm.
Düzdür, arıçılıqla bağlı elə də dəyərli fikirlər söyləyə bilməyəcəm. Yalnız qanunun yaradıcılıq texnologiyası baxımından mənim layihə ilə bağlı bəzi təkliflərim var. Birinci təklifim 20.3-cü maddə ilə bağlıdır ki, burada “rayonlaşdırılmış arı cinsləri” ifadəsindən istifadə olunub. Lakin həmin ifadə layihənin “Əsas anlayışlar” adlandırılan 1-ci maddəsinə daxil olunmayıb. Əgər belə olsa, onda bu qanunu oxuyan şəxs üçün həmin ifadə anlaşılmaz olacaq. Ona görə də mən təklif edirəm ki, bu ifadə qanunun “Əsas anlayışlar” adlandırılan 1-ci maddəsinə daxil olunsun və onun izahı verilsin.
İkinci təklifim 14.2-ci maddə ilə bağlıdır. Burada göstərilir ki, insanların təhlükəsizliyinin təmin olunması üçün arı ailələri olan pətəklər səhiyyə, maarif, məktəbəqədər tərbiyə, mədəniyyət müəssisələrindən müvafiq icra hakimiyyəti orqanının müəyyən etdiyi məsafədə və qaydada yerləşdirilməlidir. Belə çıxır ki, burada sadalanmayan müəssisələrin yaxınlığında həmin arı pətəklərini saxlamaq olar. Yəni gömrük, prokurorluq, polis orqanlarının, hətta Milli Məclisin yaxınlığında arıçılıqla məşğul olmaq olar. Ona görə də qanunu yaradıcılıq texnologiyası baxımından bu şəkildə yazmaq düzgün deyil. Yazmaq lazımdır ki, müvafiq icra hakimiyyətinin müəyyən etdiyi qeyri-yaşayış sahələrində bununla məşğul olmaq olar. Hətta bunu daha da dəqiqləşdirmək olar. Məsələn, meşə fondu etmək olar, digər ümumi istifadədə olan bağlar sahəsi kimi göstərmək olar. Amma düşünürəm ki, bu şəkildə olmaz.
Növbəti təklifim 18.6-cı maddə ilə bağlıdır. Burada arıçılıq məhsullarına “ekoloji təmiz”, “müalicəvi” və “pəhriz” adlarının verilməsindən bəhs olunur. Mən düşünürəm ki, bu məsələ 17-ci maddədə qeyd olunmalıdır. Çünki 17-ci maddədə arıçılıq məhsullarının sertifikatlaşdırılmasından və standartlaşdırılmasından bəhs olunur. Orada həmin adların verilməsinin qanunauyğunluğu göstərilməlidir və standartların müəyyən olunması müddəası buraya daxil edilməlidir.
18.6-cı maddənin son cümləsində yazılır: “...Reklam xarakterli digər məlumatların etiketdə yerləşdirilməsinə yol verilə bilməz”. Biz bilirik ki, etiket nədir. Orada yalnız istehsalçının adı, onun hüquqi ünvanı, məhsulun adı, kimyəvi, bioloji tərkibi göstərilə bilər. Reklam xarakterli məlumatların etiketdə yerləşdirilməsi düzgün deyil. Bu baxımdan hesab edirəm ki, ikinci oxunuş üçün bu qeydləri hörmətli həmkarlarım, – söhbət Aqrar siyasət daimi komissiyasının üzvlərindən gedir, – qəbul etsələr, qanun daha da təkmil olar. Ona görə də təklif edirəm ki, hörmətli həmkarlarım bu layihənin konseptual baxımdan qəbul olunmasına səs versinlər. Diqqətinizə görə təşəkkür edirəm.

Azərbaycan  Respublikası  Milli  Məclisi  Sədrinin
birinci  müavini  Z. Əsgərov  sədrlik  edir

Sədrlik edən. Təşəkkür edirəm. Xanhüseyn Kazımlı, buyurun.
X. Kazımlı. Təşəkkür edirəm. Hörmətli sədarət, hörmətli millət vəkilləri! Məlum olduğu kimi, bizim həm milli proqramlarda, həm də dövlət proqramlarında çox mühüm yer tutan, mühüm diqqət yetirilən məsələlər ərzaq təhlükəsizliyinin təmin edilməsi, işsizliyin aradan qaldırılması, sahibkarlığa böyük meydan verilməsi, ətraf mühitin yaxşılaşdırılması, ərzaqla təminatda ekoloji baxımdan təmiz məhsulların istehsal olunmasıdır.
Məndən əvvəl çıxış edən hörmətli deputat həmkarlarım tərəfindən dəqiq fikirlər söylənildi. Doğrudan da, Azərbaycan ictimaiyyətində, ümumiyyətlə, qanunvericilik təminatı sistemində belə bir qanunun olmasına böyük ehtiyac vardır. Ona görə də mən hesab edirəm ki, Aqrar siyasət daimi komissiyası tərəfindən hazırlanmış bu qanun layihəsi olduqca vacibdir və onun müzakirəsinə diqqətlə yanaşmağa cəhd göstərməliyik. Yəqin ki, buna nail olacağıq.
Qanun layihəsi birinci oxunuşda müzakirə olunur. Şübhəsiz ki, hörmətli Ziyafət müəllim, birinci oxunuşdan sonra, yəni bizim qanunvericilik təcrübəmizdə belədir, maddələr üzrə deyiləsi məqamlar var. Əlbəttə, qanunun müsbət cəhəti onun tənzimləyici rol oynamasıdır. Eyni zamanda, hər birimizin fikridir ki, hansı müddəanı necə görmək istəyir. Yəqin ki, bunu sonrakı oxunuşlarda deyəcəyik. Amma mən hesab edirəm ki, bu qanun layihəsi birinci oxunuşun tələblərinə cavab verir. Konseptual baxımdan tamamilə məqsədəuyğun olardı ki, biz deputatlar yekdilliklə səs verək. Aqrar siyasət daimi komissiyası tərəfindən təqdim olunan bu qanun layihəsini səsə qoyaq və qəbul edək. Diqqətinizə görə təşəkkür edirəm.
Sədrlik edən. Təşəkkür edirəm. Mən bayaq qeyd etdim ki, bizim bugünkü iclasımızda kənd təsərrüfatı nazirinin müavini və Arıçılar İttifaqının sədri iştirak edirlər. Bəhram müəllim, buyurun, söz Sizə verilir.
B. Əliyev, Azərbaycan Respublikası kənd təsərrüfatı nazirinin müavini.
Hörmətli sədarət, hörmətli millət vəkilləri! Bu gün bizim üçün önəmli olan Arıçılıq haqqında qanun layihəsi müzakirə edilir. Əlbəttə, burada çox gözəl fikirlər səsləndi. Bu fikirlərin əksəriyyətini mən qəbul edirəm. Çünki burada səslənən fikirlərin hamısı qanunun təkmilləşdirilməsinə xidmət edir. Burada qaldırılan məsələlər bizim üçün önəmlidir və yəqin ki, ikinci oxunuşda onlar nəzərə alınacaqdır. Burada çox dəyərli fikirlər söylənildi. Əlbəttə, bizim əsas məqsədimiz ərzaq təhlükəsizliyi problemini həll etməkdir. Ərzaq probleminin əsas tərkib hissəsi arıçılığın inkişafı ilə bağlıdır. Arıçılığın inkişafı bizim üçün ən önəmli məsələdir.
Bəzi millət vəkilləri söylədi ki, arıçılıqda damazlıq işləri nə yerdədir. Əlbəttə, damazlıq işlərinə, demək olar ki, bu gün başlanıbdır. Amma bunların elmi surətdə həyata keçirilməsi ən önəmli məsələlərdən biridir. Ona görə də bəzi millət vəkillərinin söylədiyi kimi, yəqin ki, Kənd Təsərrüfatı Akademiyası nəzdində yeni bir kafedra açılmalıdır. Yəni həmin kafedranın olması, mənə elə gəlir ki, günün tələbidir. Çünki kadr hazırlığı ən böyük məsələdir.
İkincisi, əsas məsələlərdən biri, əlbəttə, Azərbaycanda tərkib etibarilə balın xalis olmasını dəqiqləşdirməklə, yəni standartların həyata keçirilməsi ilə bağlıdır. Ona görə də Azərbaycana laboratoriyaların gəlməsi vacibdir. Biz fikirləşirik ki, bu gün xarici dövlətlərə təmiz bal ixrac etmək üçün akademiyada laboratoriya olmalıdır, onların standartları olmalıdır, beynəlxalq sertifikatları olmalıdır. Ona görə də bu müddəalar layihədə öz əksini tapmışdır. Mən sizin hamınıza minnətdarlığımı bildirirəm. Diqqətinizə görə təşəkkür edirəm.
Sədrlik edən. Təşəkkür edirəm. Sağ olun, Bəhram müəllim. Deməli, Şamil müəllim, xahiş edirəm, qısa, konkret cavab verin. Nə üçün bu halal məhsula haram qatırlar? Halal məhsulu haram məhsuldan ayırmağın üsullarını deyin.
Ş. Quliyev, Azərbaycan Arıçılar İttifaqının sədri.
Mənə söz verdiyinizə görə təşəkkür edirəm. Birincisi, onu deyim ki, balın saxtası olmaz. Bal təmizdir, şəfa verəndir. Saxta insanlar var. Ümumiyyətlə, arıçılıq müqəddəs bir peşədir. Bu peşəyə könül verən həqiqi arıçı heç vaxt saxtakarlığa yol verməz. Təəssüf ki, saxta insanlar üçün mühit var və onlar bu fəaliyyəti həyata keçirə bilirlər. Mən Sizə deyim ki, bu saat Azərbaycanda saxta bal istehlakçıya arıçı tərəfindən yox, saxtakar insanlar tərəfindən çatdırılır. Yəni bal adı ilə satılan həmin maddə heç arının üzünü görmür. Bunu bilmək lazımdır. Həqiqi arıçılar kipriyi ilə od götürüb 200–500 kilo bal istehsal edir, amma elə adamlar var ki, Bakıda oturub, həftədə 5 ton bal düzəldirlər. Bax, saxta bal adı ilə Azərbaycan arıçılığına, Azərbaycan balına inamı aşağı salan amil budur. Bu barədə düşünməyə dəyər. İkincisi, dediniz ki, saxta bal. Mən heç vaxt bala saxta deyə bilmərəm.
Sədrlik edən. Mən saxta demədim, dedim ki, halal balı haramdan necə ayırmaq olar?
Ş. Quliyev. Bunu necə təyin etmək olar? Bayaq çıxış edən yoldaşlar qeyd etdi ki, bal olduqca mürəkkəb bir maddədir. Onun tərkibində çoxlu miqdarda minerallar var. Onun tərkibinə müdaxilə məsələsi də müxtəlif yönlərdən ola bilər. Yəni saxtakarlıq müxtəlif cür olur. Bunu adi halda arıçılıqla uzun müddət məşğul olan adam arqonoleptik, yəni duyğu üzvləri vasitəsilə təyin edə bilər. Amma adi adam bunu təyin edə bilməyəcək. Ona görə də yolu nədir? Balın dəqiq təyini yalnız laborator analizi vasitəsilə mümkündür. Elə bizim qanunda da bu məsələlər öz əksini tapmışdır.
Mən Sizə deyim ki, Azərbaycanda saxta bala qarşı mübarizənin yeganə yolu bal məhsulunun beynəlxalq standartlara uyğun səviyyədə qablaşdırılmasından keçir. Qablaşdırma o deməkdir ki, hər bir arıçı öz balını beynəlxalq standartlara uyğun qablaşdıra bilməz. Beynəlxalq təcrübədə balın qablaşdırılması xüsusi fabriklərdə həyata keçirilir. Belə fabriklərin ən aşağısı 1 milyon, 1 milyon 200 min dollar qiyməti var. Yəni bu iş artıq dövlətin borcu kimi qəbul olunmalıdır və bu sahədə arıçılara kömək göstərilməlidir. Belə bir fabrik yaransa, onun lazım olan səviyyədə laboratoriyası olsa, saxta balın da bazara daxil olmasının qarşısı alınar və saxta bal alverçiləri də bu işdən əl çəkər. Diqqətinizə görə təşəkkür edirəm.
Sədrlik edən. Sağ olun, Şamil müəllim. Hesab edirəm ki, qanun layihəsini kifayət qədər müzakirə etdik. Eldar müəllim çıxışında bizə ətraflı məlumat verdi. Deputat həmkarlarımız da, kənd təsərrüfatı nazirinin müavini də, Arıçılar İttifaqının sədri də çıxış etdi. Güman edirəm ki, səsə qoymaq olar. Birinci oxunuşdur, xahiş edirəm, konseptual cəhətdən münasibətinizi bildirin.

Səsvermənin nəticələri (saat 17.05 dəq.)
Lehinə 89
Əleyhinə 0
Bitərəf 0
Səs vermədi 2  
İştirak edir 91
Nəticə: qəbul edildi

Qəbul edildi, sağ olun.
Növbəti məsələ. Azərbaycan Respublikasının Mənzil Məcəlləsinin layihəsi haqqında Hüquq siyasəti və dövlət quruculuğu məsələləri daimi komissiyasının sədri Əli Hüseynov məlumat verəcəkdir. Buyurun, Əli müəllim.
Ə. Hüseynov. Sağ olun, Ziyafət müəllim. Sözsüz ki, mənzil hüququ Azərbaycan Respublikasının Konstitusiyasında təsbit olunmuş çox mühüm hüquqlardan biridir. Təsadüfi deyil ki, Konstitusiyada mənzil hüququna həsr olunmuş bir neçə maddə mövcuddur. 43-cü maddə “Mənzil hüququ”, 33-cü maddə “Mənzil toxunulmazlığı hüququ” adlanır. Bu hüquqlar Konstitusiyanın 29-cu maddəsində təsbit olunmuş mülkiyyət hüququ ilə də üzvi surətdə bağlıdır. Heç kəs yaşadığı mənzildən qanunsuz məhrum edilə bilməz. Dövlət yaşayış binalarının və evlərin tikintisinə rəvac verir, insanların mənzil hüququnu gerçəkləşdirmək üçün xüsusi tədbirlər görür. Konstitusiyada təsbit olunmuş bu hüquqların geniş mahiyyəti və çərçivəsi mülki və mənzil qanunvericiliyində əks olunmalıdır.
Yeni Mülki Məcəllə mənzil hüququnun müəyyən bir hissəsini özündə ehtiva etsə də, bütövlükdə mənzil qanunvericiliyi sovet hakimiyyəti dövründə qəbul edilmiş və faktik qüvvədə olan məcəllədir. Bu faktın özü artıq yeni Mənzil Məcəlləsinin qəbul olunmasını zəruri edir. Eyni zamanda, ölkəmiz müstəqillik əldə etdikdən sonra bazar iqtisadiyyatına keçid, yeni iqtisadi münasibətlər, mülkiyyətin özəlləşdirilməsi prosesi mənzil münasibətlərinin tənzimlənməsinə bir çox yeniliklər gətirir. Hazırda bu münasibətlərin həyata keçirilməsində bir sıra hallarda həm vətəndaşlar, həm də dövlət orqanları tərəfindən pozuntulara yol verilir.
Açıq demək lazımdır ki, bu sahədə müəyyən pərakəndəlik mövcuddur. Bir fikri isə xüsusilə vurğulamaq istəyirəm. İstənilən dövlətdə vətəndaşların mənzil hüquqlarının çərçivəsi ölkənin iqtisadi potensialından və cəmiyyətin ümumi inkişaf səviyyəsindən birbaşa asılıdır. Bu baxımdan Azərbaycanın indiki iqtisadi potensialı bütövlükdə əhalinin mənzil problemlərinin həllinə, xüsusən aztəminatlı ailələrin mənzil təminatına imkan yaradır.
Birmənalı demək mümkündür ki, cənab Prezident tərəfindən təqdim olunmuş bu məcəllə ilk növbədə sadaladığım problemlərin kompleks həllinə yönəlmiş vacib bir qanundur. Yeni məcəllə ilə bağlı deyə bilərəm ki, bu qanun mülkiyyətçilərin hüquqlarının daha səmərəli qorunmasına yönəldilib. Bu başdan qeyd etməliyəm ki, parlamentin müzakirələri zamanı vətəndaşların hüquqlarının daha səmərəli qorunması yönümündə olan bütün təkliflər tərəfimizdən nəzərə alınacaq. Bir sıra mübahisəli məsələlər mövcuddur. Amma bizim də istəyimiz odur ki, qanunvericilik təşəbbüsü subyekti ilə birlikdə məcəlləni insanların hüquqlarının daha səmərəli qorunması istiqamətində təkmilləşdirək.
Gördüyünüz kimi, Mənzil Məcəlləsi 16 fəsildən və 164 maddədən ibarətdir. Qısaca olaraq məcəllənin əsas və bir sıra mübahisəli məqamları üzərində dayanmaq istərdim. I fəsildə mənzil qanunvericiliyinin və mənzil hüququnun əsasları göstərilməklə yanaşı, mənzil hüquqlarının məhdudlaşdırılmasının Avropa Konvensiyasında və Azərbaycanın Konstitusiyasında müəyyənləşdirilmiş çərçivəsi belə əksini tapmışdır.
9-cu maddə mənzil hüququnun müdafiəsinin məhkəmə qaydasını müəyyənləşdirir. Yəqin fikir vermisiniz, qanun layihəsində “vətəndaş” anlayışından istifadə olunub. Amma biz qanunvericilik təşəbbüsü subyektinə təklif etmişik ki, belə məhdudiyyət ola bilməz. Burada “fiziki şəxslər” anlayışından istifadə olunmalıdır, çünki vətəndaşlığı olmayan şəxslərin də mənzil hüquqları Konstitusiya ilə qorunur.
10-cu maddədə mənzil münasibətləri sahəsində dövlətin vəzifələri sadalanır. Bu sırada 10.0.3-cü bəndə xüsusi diqqət yetirmək istərdim. Söhbət sosial kirayədən gedir. Bu qanun layihəsinin bəlkə də əsas məqamlarından biri “sosial kirayə” anlayışıdır. Sosial kirayə üzrə verilən yaşayış sahələrinə ehtiyacı olan vətəndaşların aztəminatlı hesab edilməsi əsaslarını müəyyən etmək. Bu məcəllə layihəsində aztəminatlı vətəndaşların sosial kirayə vasitəsi ilə mənzil hüquqlarının təmin olunması məsələsi ortaya çıxır. II fəsil mənzil hüququnun obyektlərinə və mənzil fonduna həsr olunmuşdur.
Beləliklə, mülkiyyət formasına görə mənzil fondu özəl, dövlət və bələdiyyə mənzil fondundan ibarətdir. 14-cü maddə yaşayış sahəsinin təyinatını və ondan istifadə hüdudlarını müəyyənləşdirir. 14-cü maddə ilə 20-ci maddə arasında bir qədər oxşarlıq var. Amma 14-cü maddədə qeyd olunur: “Yaşayış sahəsində qanuni əsaslarla yaşayan vətəndaşlara həmin yaşayış sahəsindən peşə fəaliyyətini və fərdi sahibkarlıq fəaliyyətini həyata keçirmək məqsədi ilə istifadəsinə yol verilir, o şərtlə ki, bu digər vətəndaşların hüquqlarını və qanuni mənafelərini, habelə yaşayış sahəsi üçün müəyyən edilmiş tələbləri pozmasın. Bu o hallardır ki, kimsə yaşayış sahəsindən rəssamlıq, zərgərlik fəaliyyəti üçün emalatxana kimi istifadə etmək niyyətindədir. O, başqa vətəndaşların hüquq və azadlıqlarını pozmamalıdır.
Çox mühüm məsələ yaşayış sahəsinin qeyri-yaşayış sahəsinə və qeyri-yaşayış sahəsinin yaşayış sahəsinə keçirilməsini tənzimləyən III fəsillə bağlıdır. Yəqin hörmətli həmkarlarıma da məlumdur ki, son dövrlər sürətli inkişafla bağlı bu cür hallar kütləvi hal almışdır və müəyyən nizamsızlıq mövcuddur. 21.9-cu maddəyə diqqət yetirməyi xahiş edərdim. Bu maddədə yenidənqurma və yenidən planlaşdırma işlərinin dövlət reyestrinə salınması dövlət orqanının üzərinə vəzifə kimi qoyulmuşdur. Burada məqsəd vətəndaşları bu məsələlərlə bağlı məmurlarla təmasdan çəkindirməkdən ibarətdir.
Digər bir vacib məsələ IV fəsildə təsbit olunub. Bu, yaşayış yerinin yenidən qurulması və yenidən planlaşdırılması ilə bağlıdır. Başqa sözlə desək, yaşayış yerinin təmiri məsələləri əksini tapır. 23-cü maddə yaşayış sahəsinin yenidən qurulmasının və yenidən planlaşdırılmasının növlərini ehtiva edir. Yaşayış sahəsinin yenidən qurulması və yenidən planlaşdırılması ayrı-ayrı hərəkətlərdir. Amma 27-ci maddədən belə çıxır ki, yaşayış sahəsinin özbaşına yenidən qurulması və yenidən planlaşdırılmasının nəticəsi kifayət qədər ağır ola bilər. Diqqətlə fikir versək görərik ki, arzuolunmaz planlaşdırma yaşayış sahəsinin müvafiq orqan tərəfindən açıq hərracda satılması ilə nəticələnə bilər. Biz hesab edirik ki, bu məsələ daha liberal tənzimlənməlidir və vətəndaşın marağı önə çəkilməlidir. Qanunvericilik təşəbbüsü subyekti ilə müəyyən məsləhətləşmələr aparmışıq və razılıq da əldə etmişik. Buradan 27.6 və 27.7-ci bəndləri çıxarmaq mümkündür. Bunun əvəzində isə belə hərəkətlərə görə qanunvericilikdə müəyyən məsuliyyət nəzərdə tutmaq olar. Amma mənzilin açıq hərracda satılması, hesab edirik ki, radikal bir tədbirdir.
Vətəndaşların qəza vəziyyətində olan mənzillərdən köçürülməsindən bəhs edilən 28-ci maddə ilə bağlı bizim təkliflərimiz olub. Bu maddə üzərində də iş gedir və yeni bir variant təklif etmək niyyətindəyik.
Məcəllənin ən aktual və əhəmiyyətli maddələrindən biri dövlət ehtiyacları üçün torpaq sahəsi geri alınarkən yaşayış sahəsi mülkiyyətçisinin mənzil hüquqlarının təmin edilməsinə həsr olunmuş 31-ci maddədir. Yəqin xatirinizdədir, Mülki Məcəlləyə buna oxşar bir əlavə və dəyişiklik etmişdik. O zaman da çox qızğın müzakirələr olmuşdu. Mülki Məcəlləyə etdiyimiz əlavə və dəyişikliyin mahiyyəti vətəndaşların mülkiyyət hüquqlarının daha səmərəli qorunmasına xidmət edirdi. Təəssüf olsun ki, bir sıra dövlət orqanları tərəfindən onun icrasında, o cümlədən ədalətli kompensasiyaların ödənilməsində pozuntulara yol verildi və verilməkdə də davam edir.
Bu baxımdan 31-ci maddə kifayət qədər diqqətlə işlənilib. Həmin maddə mülkiyyətçilərin mənzil hüquqlarının daha səmərəli təmin olunmasına yönəlib. Bir-iki məqam üzərində dayanmaq istəyirəm. Misal üçün, 31.4-cü maddəyə görə yaşayış sahəsinin geri alınması barədə qərar qəbul etmiş orqan yaşayış sahəsinin mülkiyyətçisinə həmin sahənin geri alınmasından bir il qabaqcadan ona məxsus olan yaşayış sahəsinin geri alınması barədə həmin qərarın dövlət qeydiyyatına alınması tarixi barədə yazılı məlumat verməlidir. Yəni vətəndaşa kifayət qədər vaxt verilməlidir.
Digər bir müddəa 31.7-ci maddədə nəzərdə tutulur. Bu maddəyə görə yaşayış sahəsinin satınalma qiymətinə yaşayış sahəsinin bazar qiyməti, habelə mülkiyyətçinin köçməsi, digər yaşayış sahəsi alması ilə bağlı bütün digər xərclər də əlavə olunmalıdır. Biz burada xüsusi olaraq razılaşma prinsipini bir daha müəyyən etmişik. 31.6-cı maddədə deyilir ki, yaşayış sahəsinin satınalma qiyməti, satınalmanın müddəti və digər şərtləri mülkiyyətçi ilə bağlanmış razılaşmada müəyyən edilir. Bu müddəalar Azərbaycan Konstitusiyasının mülkiyyət hüququnun qorunması ilə bağlı müddəalarına tamamilə uyğundur. Əgər əvvəlki Mənzil Məcəlləsinin müvafiq müddəasında məhkəməyə iddia ilə müraciət etmək hüququ vətəndaşın üzərində qalırdısa, bu dəfə bizim təklifimiz 31.9-cu maddədə öz əksini tapıb. Həmin qərarı qəbul etmiş dövlət orqanı yaşayış sahəsinin satın alınması barədə məhkəmədə iddia qaldıra bilər. 31-ci maddənin çox vacib müddəaları bu sahədə baş verən bir sıra pozuntuların qarşısını almağa yönələcəkdir.
Çıxışımın önündə qeyd etdiyim kimi, bu məcəllənin vacib anlayışlarından biri sosial kirayə məsələsidir. Bu bizim qanunvericilik üçün tamam yeni bir məsələdir. VII və VIII fəsillər buna həsr olunmuşdur. Dövlət mənzil fondunun və ya bələdiyyə mənzil fondunun yaşayış sahələri bu Məcəllə ilə və qanunla müəyyən edilmiş əsaslarla yaşayış sahələrinə ehtiyacı olan hesab edilən aztəminatlı vətəndaşlara sosial kirayə müqavilələri əsasında verilir. Bu, kifayət qədər mühüm bir müddəadır. Azərbaycan dövləti özünün iqtisadi potensialından istifadə edərək yeni Mənzil Məcəlləsində aztəminatlı vətəndaşların Konstitusiyada təsbit olunmuş mənzil əldə etmək hüququnu sosial kirayə vasitəsi ilə həll etmiş olacaq.
IX fəsil xüsusi təyinatlı mənzil fondunun yaşayış sahələrinə həsr olunmuşdur. Yəqin baxmısınız, burada məcburi köçkünlərin müvəqqəti yerləşdirilməsi fondunun yaşayış sahələri, qaçqın statusuna malik olan şəxslərin müvəqqəti yerləşdirilməsi fondunun yaşayış sahələri kimi çox mühüm anlayışlar əksini tapmışdır. XI və XII fəsillər mənzil və mənzil-tikinti kooperativlərinin təşkili və fəaliyyətinə həsr olunmuşdur. Bu müddəalar keçmiş sovet qanunvericiliyində də mövcud idi, çünki kooperativlər o zaman da fəaliyyət göstərirdi. Burada yeni dövrün xüsusiyyətlərinə uyğun olan müəyyən dəyişikliklər edilmişdir, amma baza prinsiplər olduğu kimi qalır.
XV fəsildə vacib məsələlərdən biri də yaşayış sahələrinin kommunal xidmətlərinə görə ödəmələrdir. Bu məsələ hazırda çox pərakəndə və nizamsız bir formadadır. Təsadüfi deyil ki, vaxtilə Bakı Şəhər İcra Hakimiyyətinin qəbul etdiyi qərarlardan biri Konstitusiya Məhkəməsi tərəfindən ləğv olunmuşdur. Məcəllədə bu məsələlər çox xırda detalları ilə açıqlanır.
XVI fəsil çoxmənzilli binaların idarə edilməsi məsələlərini tənzimləyir. Əvvəlki dövrlərdən fərqli olaraq indi bu cür mənzillər həddindən artıq çoxdur. Bu cür binaların idarə edilməsi məsələləri burada öz əksini tapmışdır.
Qanunun qüvvəyə minməsi ilə bağlı müddəa bu layihədə yoxdur. Amma istəyirəm bu başdan deyim ki, həmin məsələ gözdən qaçmayıb, yəni texniki bir yanlışlıq deyil. Sadəcə, özəlləşdirmə prosesinin həyata keçirilməsi, bir sıra mənzillərin özəlləşdirilməsi, amma hələ də dövlət fondunda mənzillərin qalması bizi vadar edir ki, çox dəqiq ehtiva olunan keçid müddəaları da hazırlayaq. Bu bizim qarşımızda duran vəzifədir. Elə bilirəm ki, ikinci oxunuşa qədər müəyyən bir variant təqdim edəcəyik. Qanunun qüvvəyə minməsi, eyni zamanda, keçid müddəaları da burada öz əksini tapacaqdır.
Hörmətli həmkarlarım, çıxışımın önündə qeyd etdiyim kimi, bu, geniş, bir qədər də mürəkkəb bir sahədir, amma çox vacib bir məsələdir. Biz bu dövrdə yeni Mənzil Məcəlləsini qəbul etməliyik. Bir daha vurğulamaq istəyirəm ki, həm qanunvericilik təşəbbüsü subyektinin, həm də bizim fikrimiz, iradəmiz ondan ibarətdir ki, parlamentdə səslənəcək və mənzil hüququ olan şəxslərin hüquqlarının daha səmərəli müdafiəsi üçün nə kimi təkliflər olacaqsa, onlar diqqətlə öyrənilib nəzərə alınacaq. Bizim məcəllə üzərində işimiz davam edir. Siz şifahi və yazılı formada da təkliflər nə qədər çox verərsinizsə, məcəllə bir o qədər təkmil bir sənəd olar.
Ziyafət müəllim, bu məcəllənin hazırlanmasına peşəkar hüquqşünaslar cəlb olunmuşlar. Ancaq işçi qrupunda belə qərara gəlmişik ki, bu məsələlərin bir çoxu məhkəmə mübahisələrinə səbəb olur. İşçi qrupunda müzakirələrdən sonra qəbul etdiyimiz qərar belə olub ki, bu prosesdə Ali Məhkəmənin tanınmış peşəkar hakimləri də iştirak etsinlər. İclasa Ali Məhkəmənin iki üzvü dəvət olunub. Onlar bizim işçi qrupunun üzvləridirlər. Bu sıradan doğan bir çox məhkəmə mübahisəsi problemlərindən də xəbərdardırlar. Diqqətinizə görə çox sağ olun.
Sədrlik edən. Sağ olun, Əli müəllim. Hörmətli deputatlar, arayış üçün deyim ki, bu gün Ali Məhkəmənin iki üzvü iclasda iştirak edir – Əsəd Mirzəliyev və Ələsgər Əliyev. Əgər suallarınız olsa, onlara da müraciət edə bilərsiniz.
Müzakirəyə başlayırıq. Əvvəlcə bir məsələni müəyyənləşdirək. Bizim iş günümüzün axırına 30-35 dəqiqə qalır. Amma yazılanlar çoxdur. Etiraz etməsəniz, reqlamenti 5 dəqiqə ilə məhdudlaşdıraq, hamının çıxış etmək üçün imkanı olsun. Onsuz da birinci oxunuşdur, konseptual cəhətdən fikirlərinizi deyəcəksiniz. İkinci oxunuşda şərait yaradacağıq. Etiraz yoxdur?
Yerdən. (Eşidilmir.)
Sədrlik edən. İndi Hadi müəllim yadıma saldı ki, məcəllənin layihəsi həm Sosial siyasət, həm də İqtisadi siyasət daimi komissiyalarında müzakirə olunub. Hadi müəllim, buyurun.
H. Rəcəbli, Milli Məclisin Sosial siyasət daimi komissiyasının sədri.
Minnətdaram, Ziyafət müəllim. Həqiqətən, bu sənəd mənzil münasibətlərini tənzimləyir. Bu, sosial sifarişdən irəli gələn böyük bir sənəddir. Bu gün Azərbaycanda mənzil fondunun artması, insanların güzəranının yaxşılaşması ilə əlaqədar olaraq bu münasibətlərdə də çoxlu problemlər meydana gəlir. Bu sənəd bütövlükdə mənzil münasibətlərinin tənzimlənməsinə, mənzil fondunun qorunmasına, insanların mənzil hüquqlarının müdafiə olunmasına, mənzil tikintisinə şərait yaradılmasına istiqamətlənib, gənc ailə üçün sosial ipoteka məsələləri və bizim üçün yeni olan bir sıra məsələlər burada öz əksini tapıb.
Bizim komissiyada bu layihə müzakirə olunub. Bir sıra məsələlərə xüsusi diqqət yetirilməsini məqsədəmüvafiq hesab etmişik. Mən bunları səsləndirmək istəyirəm.
Birinci məsələ yaşayış sahəsinin yenidən qurulması və yenidən planlaşdırılması ilə bağlı müəyyən edilən müddət məsələsidir. İnsanlar ərizə verirlər. Burada göstərilib ki, bir ay müddətində bu ərizələrə baxılmalıdır. Rədd cavabı da üç gün müddətində verilməlidir. Bu da 25-ci maddədə öz əksini tapıb. 24-cü maddəyə görə verilən ərizəyə otuz gün müddətində cavab olmalıdır. Bir məsələ bu gün bizi düşündürür. Bizim komissiyada bu məsələ ciddi müzakirə edilib. Bu müddətlərə əməl etməyən məmur haqqında görülən tədbir ya İnzibati Xətalar Məcəlləsində, ya da Mülki Məcəllədə öz əksini tapmalıdır. Bu gün ən çox problem, ən çox narahatlıq məhz bu məsələlərlə bağlı əmələ gəlir. Vətəndaş ya evinin yenidən qurulması, ya təmiri ilə və ya yeni tikinti ilə bağlı müraciət edir və icra hakimiyyətlərində bu ərizələrə aylarla baxmırlar.
Bu gün icra hakimiyyətlərində minlərlə belə ərizələr var və bəzən həmin ərizələri itirirlər də. Sonradan vətəndaş evində təmir edəndə problem yaranır. Bu ən ciddi məsələlərdən biridir.
Biz hesab edirik ki, məcəllədə bu müddətlər göstərilirsə, ya İnzibati Xətalar Məcəlləsində, ya da başqa sənədlərdə bu ərizələrə cavab verməli olan şəxsin hansı məsuliyyəti daşıdığı göstərilsin. Dünyada belə bir təcrübə var. Əgər bir ay müddətində məmur vətəndaşa cavab verməyirsə, vətəndaş öz işini görür, heç kimin də ixtiyarı yoxdur ki, onun binasını söksün, tikintisini qanunsuz hesab etsin, çünki müddət pozulub. Məsuliyyət də məmurun üzərində qalır. Hesab edirəm ki, bu ən vacib məsələlərdəndir, bizim insanların, camaatın narazı qaldıqları məsələ məmurla vətəndaşın arasında olan məsələdir. Bu müddətlər mütləq gözlənilməlidir və bu müddətlərin pozulmasına görə cavabdeh olan adamlar ən ciddi məsuliyyətə cəlb edilməlidirlər.
Bizim komissiya bütövlükdə bu sənədə səs verib. Bu sənəd Azərbaycan xalqı üçün gözlənilən sənəddir. Bunun içərisində mübahisə doğuran yerlər var, amma bütövlükdə bu sənəd vacib sənədlərdən biridir. Amma eyni zamanda, bu fəaliyyətə görə cavabdeh olan adamların məsuliyyəti çox ciddi surətdə artırılmalıdır.
Sədrlik edən. Sağ olun, Hadi müəllim. Mən artıq qeyd elədim ki, Mənzil Məcəlləsinin layihəsi həm də İqtisadi siyasət daimi komissiyasında müzakirə olunub. Buyurun, Xanhüseyn müəllim.
X. Kazımlı, Milli Məclisin İqtisadi siyasət daimi komissiyasının üzvü.
Təşəkkür edirəm, Ziyafət müəllim. Hörmətli Hadi müəllim bu qanun layihəsinin əsas məğzini izah etdi. Şübhəsiz, İqtisadi siyasət daimi komissiyasında bu məsələyə baxılarkən bir sıra zəruri təkliflər hazırlanmışdır. Həmin təkliflər müzakirələr zamanı hörmətli deputatlarımızın diqqətinə çatdırılacaq.
Hörmətli Ziyafət müəllim, indiyə qədər vətəndaşların mənzil hüququnu tənzimləyən konkret ayrıca qanun layihəsi müzakirə edilib qəbul olunmamışdır. Düzdür, Mülki Məcəllədə bu və ya digər məqamlar öz əksini tapmışdır. Amma mənə elə gəlir ki, Mənzil Məcəlləsinin layihəsinin müzakirəyə təqdim edilməsi olduqca vacib və zəruri məsələlərdən biridir. Şübhəsiz ki, burada mənzil fondunun uçot qaydalarının, eləcə də mənzil münasibətlərinin tənzimlənməsi, xüsusilə də mənzil tikintisinin artdığı bir şəraitdə vətəndaşların mənzillə təmin edilməsi, ümumiyyətlə, ölkəmizdə quruculuq işlərinin artması ilə əlaqədar olaraq bir sıra yaşayış sahələrinin geri götürülməsi, yaşayış sahələrinin qeyri-yaşayış sahələri ilə və yaxud da qeyri-yaşayış sahələrinin yaşayış sahələri ilə əvəz edilməsi kimi məsələlərin əhatə dairəsi çoxalmışdır. Bu da həm ümumi mübahisələrə, həm də məhkəmə mübahisələrinə gətirib çıxarır. Ona görə də şübhəsiz, belə bir qanunun qəbul edilməsi həmin mübahisələrin konkret həlli üçün müəyyən bir əsas yaradardı.
Mənə elə gəlir ki, çoxmənzilli binada mülkiyyətçilərin ümumi əmlakı məsələsinin həll edilməsi istiqamətində çoxlu mübahisələr meydana çıxır. Bu mübahisələrin həlli üçün qanun layihəsində konkret müddəalar var. Şübhəsiz, qanunun tələbləri heç vaxt müzakirə predmetinə çevrilmir. Bunu bizim deputatlar çox gözəl bilirlər. Ona görə də Mənzil Məcəlləsinin qəbul edilməsi belə problemlərin, mübahisələrin həlli üçün əlverişli şərait yaradacaq. Burada hörmətli Əli müəllim də dedi, mənzillərin, yaşayış sahəsinin geri götürülməsi barədə qərarın bir il əvvəl verilməsi bu qanun layihəsində öz əksini tapır, bu müddət qısadır, bunun artırılmasına ehtiyac vardır. Amma mən hesab edirəm ki, qərarı vermək yox, “qərarın mənzil sahibinə çatdırılması” sözləri işlədilsə, daha yaxşı olar. Ola bilər ki, qərar verilsin, amma həmin qərardan hər hansı əmlak sahibinin xəbəri olmasın. Bu məsələ də qanun layihəsində öz əksini tapsa, daha yaxşı olar. Ümumiyyətlə, İqtisadi siyasət daimi komissiyasının üzvləri də bu qanun layihəsinin Milli Məclisin müzakirəsinə buraxılması qərarını yekdilliklə qəbul etmişdir. Mən hesab edirəm ki, hörmətli deputat həmkarlarım bu qanun layihəsinin müzakirəsində fəal iştirak edəcək və qəbul olunmasını dəstəkləyəcəklər. Diqqətinizə görə sağ olun.
Sədrlik edən. Sağ olun, Xanhüseyn müəllim. Qanun layihəsinin birinci oxunuşda müzakirəsinə başlayırıq. Elmira Axundova.
E.Axundova. Mən bir etirazımı bildirmək istəyirəm. Əvvəla, səhər sual vermək istəyirdim, Siz mənə imkan yaratmadınız, indi də belə ciddi və aktual məsələni 30–40 deputatla müzakirə edirik. Bu çox ciddi bir qanun olmalıdır. Hər bir vətəndaşın maraqlarına toxunur. Gəlin, təkrar qeydiyyat keçirək və baxaq, bu salonda oturanların qanun layihəsini birinci oxunuşda qəbul etməyə səlahiyyətləri çatır?
Sədrlik edən. Elmira xanım, səlahiyyətləri çatır, Siz sözünüzü deyin.
E.Axundova. Burada 30 deputat var. Zəhmət olmasa, qeydiyyat aparaq. Axı bu düzgün deyil. Biz belə ciddi qanun...
Sədrlik edən. Narahat olmayın, bu bizim işimizdir, Siz çıxış edin. Burada kvorum var.
E. Axundova. Konkret maddələr üzrə bir neçə təklif vermək istərdim. 11-ci maddədə yazılır ki, bələdiyyələr vətəndaşlara sosial kirayə müqaviləsi əsasında bələdiyyə mənzil fondunun yaşayış sahələrini vermək iqtidarındadır. 10-cu maddədə dövlətin vəzifələri sadalanır. Belə maddəyə rast gəlmirik. Belə çıxır ki, dövlətin özü vətəndaşlara dövlət mənzil fondundan yaşayış sahələri vermək kimi vəzifəsini boynundan atır. Belə olan halda dövlət fondundan vətəndaşlara mənzilləri konkret olaraq kim verəcək? Bu mənim sualımdır.
İkinci iradım IV fəslə aiddir. Əvvəla, mən razı deyiləm ki, vətəndaşlar mənzilin içərisində dəyişiklik edəndə mütləq icra hakimiyyətinə müraciət etməlidirlər. Burada Hadi müəllim gözəl dedi, mən də onunla tam razıyam ki, icra hakimiyyətlərindən belə icazələri vətəndaşlar böyük çətinliklə ala bilirlər. Əgər belə dəyişiklik evin hasarının, xarici görkəminin dəyişdirilməsinə gətirib çıxarırsa, onda biz mütləq icra hakimiyyətinə müraciət eləməliyik. Amma IV fəsildə yaşayış sahəsinin yenidən qurulmasının nədən ibarət olduğu barədə konkret heç nə deyilmir. Mənə elə gəlir, daha konkret yazılmalıdır ki, mənzilin içərisində təmir, otaqların dəyişdirilməsi kimi məsələlərdə icra hakimiyyətinin icazəsi istənilməməlidir. Amma binaların xarici görkəminə xələl gətirilərsə, onda vətəndaşlar icra hakimiyyətinə müraciət etməlidirlər. İndi minlərlə insan yeni tikililərdə ev alır. İçəridə öz zövqlərinə uyğun yenidənqurmaya başlayırlar. İndi təsəvvür edin ki, minlərlə adamın hamısı mənzilin içərisində hər bir dəyişikliyə görə icra hakimiyyətinə müraciət etməlidir. Əvvəla, bu mənzillərin əksəriyyəti onların xüsusi mülkiyyətidir. Xüsusi mülkiyyətinin içərisində hər hansı dəyişiklik edərkən icra hakimiyyətinə müraciət etmək məcburiyyəti mülkiyyətçinin hüquqlarını pozmaq deməkdir. İkinci, əgər bu məsələ icra hakimiyyətindən asılı olacaqsa, onda mülkiyyətçilər illərlə öz muradlarına çata bilməyəcəklər. Ona görə də IV fəsildə bu məsələlər konkret göstərilməlidir.
Bir də burada güzəşt var. Əgər yaşayış sahəsində edilən dəyişiklik başqa mülkiyyətçilərə ziyan vermirsə, onda məhkəmənin qərarı ilə bu dəyişiklikləri qanuni şəklə salmaq olar. Bu da, bilirsiniz, məhkəmələrə əlavə səlahiyyətlər verir, amma insanlara əziyyətdən başqa bir şey deyil.
Ən vacib maddə 31-ci maddədir və burada ticarət obyektlərinin, yaşayış sahələrinin sökülməsindən söhbət gedir. Bilirsiniz ki, respublikada geniş abadlıq işləri aparılır, yollar, parklar salınır. Bu da mülkiyyətçilərin maraqları ilə üst-üstə düşür. Bir çox regionlarda, Əli müəllim də qeyd etdi, o cümlədən Masallıda da yerli icra hakimiyyəti tələm-tələsik qərar çıxarır. Məhkəmənin qərarı olmadan ticarət obyektləri, yaşayış sahələri sökülür və heç bir kompensasiya da verilmir. Ona görə də mən 31-ci maddəni dəyərli hesab edirəm, təqdir edirəm, hətta bu maddəni bir qədər də sərtləşdirərdim. Söhbət nədən gedir? Əsas məsələ oraya bir bəndin salınmasıdır. Yaşayış sahələrinin qanunsuz, məhkəməsiz sökülməsinə görə məmurların məhkəməyə cəlb edilməsi mütləq bu maddədə olmalıdır. Yoxsa, bu qanun qəbul olunacaq, amma icra hakimiyyəti nümayəndələri yenə də öz oyunlarını oynayacaqlar. Belə hallar çoxdur. Bu yaxınlarda hətta Masallı rayonunda 50 sahibkar birləşib öz hüquqlarını müdafiə komitəsi yaradıb. Belə hallarda mülkiyyət hüquqları pozulur. Başqa təkliflərim vardı, amma vaxt azdır.
Sədrlik edən. Sağ olun. Fazil Mustafa.
F. Mustafa. Sağ olun, Ziyafət müəllim. Bu məcəllə, təbii ki, vacib normativ bir tənzimləyici məcəllədir. Köhnə ictimai münasibətlərin pozulmasından sonra yenidən bu proseslərin daha geniş müəyyənləşdirilməsinə, tənzimlənməsinə ehtiyac var. Bildiyiniz kimi, əvvəlki dövrlərdə olduğu kimi, artıq özəl mənzil fondu dövlət və bələdiyyə mənzil fondundan qat-qat artıq səviyyəyə gəlməkdədir. Məcəllədə özəl mənzil fonduna və bununla bağlı proseslərin tənzimlənməsinə daha çox üstünlük verilməlidir. Bu ona görə vacibdir ki, faktik olaraq dövlət mənzil fondu sıradan çıxıb, əksər hissəsi özəlləşdirilib. Bələdiyyə mənzil fondu minimum səviyyədədir. Bələdiyyənin imkanları da demək olar ki, çox aşağıdır. Ona görə də belə bir qanunun qəbul olunması daha çox özəl sektora aid məsələləri tənzimləyəcək.
Bu gün konseptual müzakirələr aparılır. Amma mən istərdim ki, bu məcəllənin qəbul edilməsi birinci növbədə son vaxtlar mövcud olan bir problemin həllinə daha dəqiq aydınlıq gətirsin. Vaxtilə Qərbi Azərbaycandan, Dağlıq Qarabağdan qaçqın düşən insanların böyük əksəriyyəti gözünü dövlət məmurundan aldığı mənzilə dikib. İllərlə mənzil əldə eləyə bilməyənlərin yerlərdə yerləşdirilməsindən sonra çox sayda problemlər ortaya çıxdı və bu vətəndaşların hüququnu qoruyacaq heç bir mexanizm tapılmadı. Çadır şəhərcikləri yığışdırıldı, amma vətəndaşlara məxsus mənzillərin azad edilməsi mümkün olmadı. Bəzi adamlar hətta 3–4 mənzilə sahib olduqları halda heç bir mənzili olmayan, Bakıda yaşayan vətəndaşın mənzilinə sahib çıxmaların qarşısını alan bir mexanizm tapılmadı. Ümid edirik ki, bu məcəllə qəbul olunandan sonra mülkiyyət hüququnun daha sabit qorunması belə halları ortadan qaldıracaq.
Mən 31-ci maddəyə münasibət bildirmək istəyirəm. Təbii ki, bu, olduqca mütərəqqi bir yanaşmadır. Ötən dəfə Mülki Məcəllədə dəyişikliklər olanda biz burada həyəcan təbili çaldıq ki, bu, özbaşınalığa yol açacaq, vətəndaşların mülkiyyət hüququnun pozulmasına gətirib çıxaracaq. Qanunları səs çoxluğuna etibar eləyərək, göndərildiyi qaydada tələm-tələsik qəbul eləyirik, amma sonradan vətəndaşlara hansı ziyanı vurduğumuzu görmürük. 31-ci maddədə birbaşa bu hüquq qorunur. Bu hüququn qorunması da vətəndaşın razılığı ilə onun mənzilinin özgəninkiləşdirilməsi məsələsini gündəmə gətirir. Hesab edirəm ki, bu maddə qəbul olunsa, biz Mülki Məcəllədə ötən dəfə buraxdığımız səhvi düzəltmiş olarıq. Dövlət orqanının üzərinə bu məsələdə məhkəməyə müraciət etmək vəzifəsi qoyulmuşdur. Orada isə bu vəzifə vətəndaşın üzərinə qoyulmalıdır. Ölkədə qanuna ikili standart olmamalıdır. Bir standart olmalıdır və bütün qanunvericilikdə də bu qayda tətbiq olunmalıdır.
Burada özəl yataqxanaların yaradılmasına, məncə, yer ayrılmalıdır. İndiki şəraitdə dövlət tərəfindən təminat məsələsi qeyri-realdır və bu, müəyyən mənada ancaq qanunda xatırlatmaqdan başqa bir məna ifadə eləməyəcək. İkinci, biz qəza vəziyyətində olan mənzillərlə bağlı məsələyə baxmalıyıq. Burada göstərilir ki, yaşayış sahəsini vətəndaş özü təmir edə bilmədikdə, dövlət tərəfindən müəyyən mənada məcburi şəkildə özgəninkiləşdirilə bilər. Bu, məncə, yanlış yanaşmadır. Bu məsələyə diqqət eləmək lazımdır. Vətəndaşın maddi imkanı çatmaya bilər.
Bir də çoxmənzilli binanın sahə mülkiyyətçilərinin ümumi yığıncaqlarının prosedur qaydalarının buraya salınması, məncə, doğru deyil. Ümumi yığıncağı necə keçirmək, protokolu necə qəbul etmək kimi məsələlər özəl mənzil fonduna aid məsələlərdir. Bunları hər bir bina özünün spesifik xüsusiyyətlərinə görə özü müəyyən edəcək. Bir də sökülən binaların ərazisindən həm yaşayış sahəsi, həm də qeyri-yaşayış sahəsi kimi istifadə olunması üçün qiymətlərin müəyyən edilməsi məsələsini də düşünmək olar.
Sədrlik edən. Sağ olun. Pənah Hüseyn.
P. Hüseyn. Təşəkkür edirəm, Ziyafət müəllim. Əvvəlcədən qeyd edim ki, bizdə bütün hüquqlar pozulur. Bu qanunun çıxarılması məsələsində respublikanın qanunvericilik təşəbbüsü subyektinin, konkret Prezidentin də hüquqları pozulub. Çünki layihə may ayında daxil olub, iki ay ərzində səsə qoyulub müzakirə olunmalı idi, amma xeyli müddətdir gecikib. Belə bir şəraitdə qanun və hüquq məsələlərinin hansı səviyyədə olması haqqında əyani təsəvvür yaranır.
O ki qaldı konkret olaraq bu qanun layihəsinə, növbəti dəfə biz Azərbaycan vətəndaşının hüquqlarına, konkret halda mənzil hüquqlarına hücumu görürük. Bu barədə geniş şəkildə danışmağa da imkan yoxdur, qismət olsa mətbuatda geniş məqalə ilə çıxış etmək fikrim var. Amma konseptual cəhətdən bəzi maddələrə, məsələlərə toxunmağı lazım bilirəm.
Diqqət eləyin, birinci dəhşətli məsələ 28-ci maddədən başlanır. Burada yazılır ki, mənzilin qəza vəziyyətində olması haqqında qərar maraqlı tərəfin ərizəsi əsasında müvafiq icra hakimiyyəti orqanı tərəfindən qəbul edilir. Həmin mənzilin sökülməsi və ya təmiri artıq həmin mənzilin sahibinin üzərinə qoyulur. Bu olmadıqda həmin mənzil (bina) dövlət ehtiyacları üçün alınır və dövlətin mülkiyyətinə keçir. Bir an təsəvvür eləyək ki, Neftçilər prospektindəki binanın qəza vəziyyətində olması haqqında qərar çıxarılıb. Fövqəladə Hallar Nazirliyi də, məhkəmə yox, müvafiq icra hakimiyyəti binanın sökülməsini qoyur bədbəxt sakinlərin üzərinə, onlar binanı sökmədikdə bu bina dövlətin mülkiyyətinə keçir. Hörmətli Əli müəllim dedi ki, bunu peşəkar hüquqşünaslar hazırlayıblar. Sözün doğrusu, Konstitusiyanın mülkiyyət toxunulmazlığı haqqındakı müvafiq maddəsi ilə bunun hansı dərəcədə uyğun olduğunu başa düşmək üçün mənim ola bilsin ki, hüquqi savadım və yaxud fantaziyam çatmır. Bunu eyniləşdirmək mümkün deyildir.
Sonra burada həmin məsələyə Elmira xanım da toxundu. Burada “əsaslı təmir” sözləri işlədilir. Hətta elektrik avadanlıqlarının quraşdırılması, elektrik xətlərinin dəyişdirilməsi də əsaslı təmirə aid edilib. Biz bilirik ki, binanın mühəndis qurğularının quraşdırılması, dəyişdirilməsi yenidənqurma adlanır. Amma təkrar edirəm, bu cür anlayışlar artıq hansı dəhşətli vəziyyəti yaradacaq və məmurların əlinə hansı səlahiyyəti verəcək? Bu bizim hamımıza aid olacaq. Hamımız mənzildə yaşayırıq, mehmanxanada yaşamırıq. Mənə elə gəlir ki, bu məsələ hörmətli deputatların özlərini də maraqlandırmalıdır.
Konseptual baxımdan vacib saydığım digər məsələ burada ayrı-ayrı mülkiyyət növünə aid yaşayış binalarının fərqləndirilməməsidir. Bir var bir nəfər rayonda, kənddə bir özəl bina tikibdir. Buna olan tələblər, normalar tamamilə fərqli olmalıdır, hamımız bilirik. Amma Bakı şəhərinin mərkəzində və yaxud ərazilərində tikilmiş bina bir başqa olmalıdır və ya çoxmənzilli binaya bir başqa prinsiplər, normalar tətbiq olunmalıdır. Böyük və yaxud kiçik şəhərlərdə tikilmiş özəl binalara qoyulan tələblər fərqli olmalıdır. Bunların heç biri burada fərqləndirilməyib. Nəticədə bilirsiniz nə alınıb? Məsələn, yaşayış sahəsinin qeyri-yaşayış sahəsinə keçirilməsi. Yaşayış sahəsinin qeyri-yaşayış sahəsinə keçirilməsi həmin yaşayış sahəsindən qeyri-yaşayış məqsədi ilə istifadə edilməsi deməkdir. Yəni siz mənzilinizi hansısa bir ofisə verirsinizsə və yaxud özünüz ofis kimi istifadə eləmək istəyirsinizsə, belə çıxır ki, siz mənzilinizi qeyri-yaşayış sahəsinə çevirməlisiniz. 2-3 aydan sonra deyək ki, bundan imtina edirsiniz, müqaviləni pozursunuz, həmin yerdən yaşayış sahəsi kimi istifadə etmək istəyirsiniz. Bu halda bunun artıq qeyri-yaşayış sahəsindən yaşayış sahəsinə keçirilməsi haqqında ərizə verib, qərar çıxarıb məhkəmə dartışmalarına girməlisiniz.
Ümumiyyətlə, 31-ci maddəni burada Fazil bəy də təriflədi. Orada diqqət eləsəniz, geri alınma məsələsi var. Bunun nədən ibarət olması barədə məsələlərə Əli Hüseynov toxundu. O bildirdi ki, xüsusən yaşayış sahəsinin hərraca çıxarılması ilə bağlı iki maddə, həqiqətən, heç bir əndazəyə sığan deyildir. Hətta hörmətli komissiya və hörmətli komissiyanın sədri də bildirdi ki, bunlara yenidən baxmaq və ola bilsin, götürmək lazım gələcəkdir.
Hörmətli deputatlar, mən Elmira xanımın toxunduğu məsələyə dair fikrimi bildirirəm. Həqiqətən, bunun geniş müzakirəyə çıxarılmasına ehtiyac vardır. Hətta ictimai müzakirəyə çıxarılmasına ehtiyac vardır. Bunu ayrı-ayrı hüquqşünasların müzakirəsi ilə məhdudlaşdırmaq olmaz. Bu məsələnin heç olmasa, ikinci oxunuşda çox geniş müzakirəsinin keçirilməsini təklif edirəm. Təşəkkür edirəm.
Sədrlik edən. Rafael Cəbrayılov.
R. Cəbrayılov. Çox sağ olun, Ziyafət müəllim. Hörmətli sədrlik edən, hörmətli Milli Məclis üzvləri! Son dövrlərdə mənzillə bağlı ictimai münasibətlər respublikamızda o qədər sürətlə inkişaf edib ki, nəticədə çeşidli, müxtəlif, çoxsahəli ictimai münasibətlər formalaşıb. Bunun da nəticəsində keçmiş, köhnə məcəllə həmin münasibətləri artıq tənzimləmək iqtidarında deyildir. Ona görə də yeni bir məcəllənin hazırlanıb, müzakirəyə çıxarılmasını mən alqışlayıram və düşünürəm ki, respublikaya belə bir məcəllə vacibdir.
Birinci oxunuş olduğuna görə çalışacağam ki, təkliflərimi qısa deyim. Amma mənim ən mühüm təklifim ondan ibarətdir ki, hələ əvvəllər, sovet dönəmindən Azərbaycan Respublikası mülki qanunvericiliyində olan və uzun illər tətbiqi prosesində cilalanmış, təkmilləşmiş bir mülki hüquq institutu bu məcəlləyə daxil olmayıb. Bu, şəxsi, ömürlük saxlamaq şərti ilə mənzil sahəsinin özgəninkiləşdirilməsi adlanır. Bu əvvəllər də bizim Mülki Məcəllədə var idi. Qeyd edim ki, o vaxt hələ mənzil məcəlləsi yox idi, bu məsələlər Mülki Məcəllə ilə tənzimlənirdi.
Amma bu məcəllədə mülkiyyət hüququnu təşkil edən yalnız istifadə hüququ verilir ki, bu da 33-cü maddədə nəzərdə tutulur. Onsuz da həyatda bu hüquqdan insanlarımız istifadə edirlər. Biz bu məcəllə ilə həmin hüququ onlara birbaşa verməsək belə, onsuz da dövlət notariuslarında müəyyən hüquqi manevrlər etməklə, öz mənzillərini ömürlük saxlamaq şərti ilə özgəninkiləşdirəcəklər. Yalnız istifadə hüququnu vermək isə mən düşünürəm ki, bu məcəllədə geriyə doğru bir addımdır. Ümumiyyətlə, qoca, xəstə olan bir şəxs hələ öz sağlığında ömürlük saxlamaq şərti ilə öz mənzilini özgəninkiləşdirmək hüququna malik olmalıdır. Bu əvvəllərdə bizdə həmişə olub. Amma yalnız istifadə hüququ isə mən dediyim kimi, 33-cü maddədə verilir. Bu maddənin adı da mən düşünürəm ki, bir az uğursuz seçilib. Burada yazılır: “Ömürlük dolandırmaqla...”, “Dolandırmaq” sözündənsə, mən düşünürəm ki, “saxlamaq” sözü yaxşıdır, çünki “dolandırmaq” Anadolu türkcəsində aldatmaq anlamına gələn bir sözdür.
Mənim başqa bir təklifim də var. Bu layihədə bir çox hallarda mənzil sahəsinin dövlət tərəfindən geri alınması qeyd olunur. Mən düşünürəm ki, bu da uğurlu ifadə deyil, “mənzil sahəsinin dövlət tərəfindən satın alınması” cümləsindən istifadə olunmalıdır. “Geri alınma”, ümumiyyətlə, mülkiyyət münasibətlərinə kölgə sala bilən bir sözdür. Ona görə mən düşünürəm ki, işlənilən bütün hallarda yaşayış sahəsinin dövlət tərəfindən satın alınması göstərilməlidir.
Mənim başqa bir təklifim, hörmətli həmkarlarımın da dedikləri kimi, 5-ci maddə ilə bağlıdır. Burada yaşayış sahəsinin yenidən qurulması barədə müvafiq icra hakimiyyətinə müraciət edilməsi kimi qəribə bir hal göstərilib. Hər hansı bir şəxs öz mənzil sahəsini yenidən qurmaq üçün müvafiq icra hakimiyyəti orqanına müraciət edir, lakin o, lazımi sənədləri vaxtında təqdim etmirsə və ya həmin sənədlər bu və ya digər səbəb üzündən başqa bir orqana göndərilirsə, onun müraciətinə etiraz cavabı verilir. Çox qəribədir, biz hələ mülki hüquqdan da bilirik ki, belə hallarda onun şəxsi müraciəti baxılmamış saxlanılmalıdır, çünki şəxs lazımi sənədləri vaxtında təqdim edə bilmir və ya bu və ya digər səbəb üzündən həmin sənədlər başqa bir orqana göndərilir. Amma burada isə şəxsə etiraz olunması məsələsi öz əksini tapıb. Mənim birinci oxunuş üçün təkliflərim bu qədərdir. Hörmətli həmkarlarımı bu layihəyə səs verməyə dəvət edirəm. Çox sağ olun.
Sədrlik edən. Fəzail Ağamalı.
F. Ağamalı. Hörmətli həmkarlar, siz də mənimlə razılaşarsınız ki, Azərbaycan Konstitusiyasına uyğun olaraq, Azərbaycan vətəndaşının mənzil və mülkiyyət toxunulmazlığı xüsusi maddə ilə ifadə olunubdur. Əlbəttə, qəbul etdiyimiz hər bir qanun Konstitusiyaya uyğun olaraq, bu ali prinsipi özündə ehtiva etməlidir. Bu baxımdan təqdim edilmiş qanun layihəsinin fəlsəfəsi məhz mənzil və həm də mülkiyyət münasibətlərinin hüquqi tənzimlənməsində ciddi əhəmiyyət kəsb edir. Təqdim olunan qanun layihəsinin mahiyyəti vətəndaşların mənzil hüquqlarının qorunmasına və ona müdaxilə imkanlarının minimuma endirilməsinə xidmət edir. Qanun layihəsində mənzil hüquqlarına məmur müdaxiləsinin məhdudlaşdırılması da xüsusi yer tutur. Düşünürəm ki, bu, qanun layihəsinin çox vacib, üstün cəhətlərindən biridir.
Digər tərəfdən mən xüsusi qeyd etmək istərdim ki, qanun layihəsinin V, VII və VIII fəsilləri xüsusi olaraq diqqəti cəlb edir. Bunlardan birinin, yəni V fəslin 31-ci maddəsində, hörmətli Əli Hüseynovun dediyi kimi, vaxtilə qəbul etdiyimiz dəyişikliklərdə ortalığa çıxan problemlərin aradan qaldırılması məqsədi ilə müəyyən dərəcədə dəqiqləşmələr aparılıbdır. Ümidvaram ki, bu qanun qəbul edildikdən sonra həmin problemlər birdəfəlik öz həllini tapacaqdır.
Eyni zamanda, diqqətə çatdırmaq istəyərdim ki, inkişaf etmiş Avropa ölkələrinin mütləq əksəriyyətində sosial kirayə məsələsi xüsusi önəm kəsb edir. Mənzil Məcəlləsində bu məsələnin iki fəsildə ifadə olunması mən deyərdim ki, müsbət yanaşdığım çox vacib cəhətlərdən biridir. Əgər mümkün olsaydı, işçi qrupunun, Əli müəllimin diqqətinə çatdırmaq istəyərdim ki, sosial kirayə ilə bağlı VII və VIII fəsillərin birləşdirilməsi müsbət olardı, çünki hər iki fəsil bu və ya digər şəkildə sosial kirayə ilə bağlıdır.
Bununla bərabər bir sıra təkliflərimi də vermək istəyərdim. Burada iştirak edən millət vəkillərinin mütləq əksəriyyəti çoxmənzilli binalarda yaşayırlar. Bu gün çoxmənzilli binalarda kirayəçilərin daha çoxu həmin mənzilləri özəlləşdiriblər. Bu özəlləşdirmə nəticəsində faktik olaraq ev, mənzil onundur, o, su, kanalizasiya, işıq pulunu verir və zibilin daşınması ilə bağlı xərcləri ödəyir. Eyni zamanda, qanunvericiliyə uyğun olaraq bələdiyyənin də pulunu verir. Lakin bununla bərabər həm də mənzil-istismar idarələri hər ayın axırında qapını döyərək, əlavə pul istəyirlər. Bilinmir ki, bu pul nə üçün verilir və nə üçün verilməlidir? Çox təəssüf edirəm ki, bu məsələ qanun layihəsinin XV fəslində təsbit olunubdur. Məncə, bu məsələyə xüsusi fikir verilməli və o aradan qaldırılmalıdır. Yəni faktik olaraq, mənzil-istismar idarələrinə verilən pul havayı puldur, verilməli pul deyil.
Sonra, məcəllənin ümumi və xüsusi hissəsinin maddələr əsasında işlənilməsinə də, mən düşünürəm ki, ehtiyac yoxdur. Bu, model məcəllə üçün xüsusi ağırlıq və mürəkkəblik yaradır və bunun da aradan qaldırılmasına ciddi ehtiyac var.
Eyni zamanda, məcəllənin 21, 23, 24, 25, 26, 27, 28-ci maddələrinə də yenidən yanaşmaq lazımdır. Burada xüsusi, sərt tələblər qoyulubdur. Bu tələblər yerinə yetirilmədikdə mənzillərin hərraca çıxarılması, düşünürəm ki, çox sərt tədbirdir. Bu müddəanı liberallaşdırmaq və cərimələrlə əvəz etmək daha məqsədəuyğun olardı. Bütövlükdə konseptual baxımdan düşünürəm ki, qanun qoyulan tələbləri ödəyir, birinci oxunuş üçün tam yararlıdır, oxunuşun cavablarına cavab verir və biz buna səs verməliyik. Təşəkkür edirəm.
Sədrlik edən. Vasif Əliyev.
V. Əliyev. Çox sağ olun, Ziyafət müəllim. Hörmətli millət vəkilləri, mən də bu qanun layihəsinin konseptual olaraq qəbul olunmasında yaxından iştirak edəcəyəm və öz müsbət münasibətimi bildirirəm. Mənzil Məcəlləsinin layihəsi yüksək səviyyədə işlənmişdir. Buraya yüksək ixtisaslı hüquqşünaslar dəvət olunmuşlar. Amma əfsuslar olsun ki, bu komissiya işləyəndə buraya nə arxitektor, nə də tikinti mühəndisi dəvət olunub. Nə üçün?
IV fəslin 24.1-ci maddəsi ilə bağlı bayaq Elmira xanım məsələ qaldırdı. İcra hakimiyyəti qərarı o vaxt verə bilər ki, binanın layihəsini işləyən mütəxəssisin rəyi olsun. Mənzil 3 otaqdır, sahibi 2 otağı birləşdirib bir otaq, yəni böyük salon etmək istəyir. Amma bunu eləmək üçün o bilməlidir ki, orada daşıyıcı panellər var, onları zədələsə, bina uça bilər. Bunu yerinə yetirmək üçün mütləq layihə institutu iştirak etməlidir, rəy verməlidir. Bundan sonra icra hakimiyyəti qərar verə bilər. Mən Əli müəllimdən xahiş etmək istərdim ki, bunu nəzərə alsın.
İkinci də işçilərə orderlər və mənzillər verilir. Burada yazılıb: yaşayış mənzili toxunulmazdır. Düzdür, amma order veriləndən 5–10 il sonra bir də görürsən ki, mənzil-kommunal təsərrüfatının rəhbərləri özləri kimi istəyirlərsə, oraya qeydiyyata salırlar. Mənim seçildiyim dairədə belə hal olub. Vaxtilə məhkəmə işçiləri buna göz yumublar, baxmayıblar. Əksinə, ciddi qərar qəbul etsəydilər, belə hal olmazdı. Amma belə hallar olur. Ona görə də order məsələsinin burada yazılması mütləq vacibdir. Order verilən şəxsin mənzilinə gələcəkdə heç bir idarənin, təşkilatın müdaxilə etməsinə icazə verilmir.
Bir də axırıncı bir sözüm var. Bu da VII fəslin 49.4 və 49.5-ci maddələri ilə bağlıdır. Yaşayış sahəsinin uçot norması, yəni uçota götürmək üçün minimum ölçüsü olmalıdır. Nə qədər olmalıdır bu minimum ölçü? 10 kvadratmetr də minimumdur, 20 kvadratmetr də minimumdur. Keçmiş sovetlər hökuməti bu normanı 5 kvadratmetr qoymuşdu, çünki ev üçün növbəyə dayanan çox idi. Amma indi Allaha şükür, imkan çoxdur, ölkədə çoxlu evlər tikilir. Bu maddədə mütləq yazılmalıdır ki, uçota götürmək üçün adambaşına minimum neçə kvadratmetr olmalıdır? Mən hörmətli Əli müəllimdən xahiş etmək istərdim ki, bunu nəzərə alsın. Həmin məsələ 49.5-ci maddədə əksini tapıb. Burada da yazılıb ki, “bu normanın ölçüsü həmin orqanın və ya bələdiyyənin müəyyən etdiyi ayrılma normasının ölçüsündən artıq ola bilməz”. Bələdiyyənin nə qədər ayırdığı bilinmir. Bələdiyyə deyəcək ki, 2 kvadratmetrdir. Daha bu ağ oldu ki, keçmiş sovet hökuməti 5 kvadratmetr yazırdı. Amma indi niyə belə olmalıdır? Ona görə mən bizim hörmətli Əli müəllimdən xahiş etmək istərdim ki, 49.4, 49.5-ci maddələrə daha diqqətlə yanaşılsın. Çox xahiş edirəm. Mən bu layihənin konseptual cəhətdən qəbul olunmasına səs verəcəyəm. Diqqətinizə görə sağ olun.
Sədrlik edən. Sağ olun, Vasif müəllim. Hörmətli deputatlar, saat 6-dır, mən sizə müraciət edirəm. İşimizi dayandıraq, yoxsa davam edək?
Yerdən. (Eşidilmir.)
Sədrlik edən. Onda xahiş edirəm, layihəyə münasibətinizi bildirin.

Səsvermənin nəticələri (saat 17.58 dəq.)
Lehinə 93
Əleyhinə 2
Bitərəf 0
Səs vermədi 3  
İştirak edir 98
Nəticə: qəbul edildi

Sağ olun, qəbul edildi. Bununla iclasımız başa çatır.

Müəllif hüquqları qorunur.
© Azərbaycan Respublikasının Milli Məclisi, 2007
İstifadə qaydaları | Ünvan | Linklər | Saytın xəritəsi