Milli Məclisin iclasında

Plenar iclaslar
05 mart 2024 | 18:58   
Paylaşın:        

Martın 5-də spiker Sahibə Qafarovanın sədrliyi ilə Milli Məclisin yaz sessiyasında növbəti plenar iclası keçirilib.

Milli Məclisin sədri bildirib ki, fevralın 20-dən 24-dək Milli Məclis Asiya Parlament Assambleyasının tədbirlərinə ev sahibliyi edib. Spiker məlumat üçün bildirib ki, Asiya Parlament Assambleyası 2006-cı ildə yaradılıb və öz sıralarında 43 üzv parlamenti və 31 müşahidəçini birləşdirir.

Assambleyanın İcra Şurasının iclasında və 14-cü plenar sessiyasında iştirak etmək üçün 26 ölkənin və 9 beynəlxalq təşkilatın 300 nəfər təmsilçisi, o cümlədən 9 nəfər parlament sədri və 5 nəfər sədr müavini Bakıya gəlmişdilər.

Sessiyada “Asiyada dayanıqlı inkişaf naminə regional əməkdaşlığın möhkəmləndirilməsi” mövzusunda müzakirələr aparıldı. Tədbirin sonunda isə Bakı Bəyannaməsi qəbul edildi.   

Təşkilatın 14-cü plenar sessiyasının ölkəmiz üçün ən mühüm yekunlarından biri bu oldu ki, 2024–2025-ci illər üçün Asiya Parlament Assambleyasına sədrlik Azərbaycan Respublikasına təhvil verildi. Əlbəttə, bu hadisə Azərbaycan Respublikasının Prezidenti möhtərəm cənab İlham Əliyevin həyata keçirdiyi xarici siyasət xəttinin növbəti uğuru kimi dəyərləndirilməlidir.

Spiker qeyd edib ki, sessiya çərçivəsində bir sıra mühüm ikitərəfli görüşlər də keçirilib. Sahibə Qafarova qeyd edib ki, onun bir neçə beynəlxalq parlament təşkilatının rəhbərləri, Türkiyə, Tacikistan, İraq, Bəhreyn, Oman, Birləşmiş Ərəb Əmirlikləri, Qətər, Tailand, Maldiv və  Şri-Lanka parlamentlərinin sədrləri ilə görüşləri də olub.

Milli Məclisin sədri bu mötəbər beynəlxalq toplantının yüksək səviyyədə təşkilində əməyi keçən hər kəsə dərin minnətdarlığını bildirib.

Sonra iclasda cari məsələlərlə bağlı müzakirələr aparılıb. Komitə sədrləri Zahid Oruc, Tahir Rzayev, deputatlar Məlahət İbrahimqızı, Etibar Əliyev, Elşən Musayev, Fəzail Ağamalı, Tural Gəncəliyev, Sahib Alıyev, Bəhruz Məhərrəmov, Kamal Cəfərov çıxış edərək, Avropa Parlamentinin "Ümumi xarici və təhlükəsizlik siyasətinin həyata keçirilməsi haqqında illik hesabatı" üzrə qəbul edilmiş qətnamədə əksini tapmış qərəzli fikirlərə öz münasibətlərini bildiriblər.

Millət vəkilləri Avropa Parlamentinin bu hesabatını qətiyyətlə pisləyərək, orada göstərilən bütün faktların təhrif edildiyini, böhtan xarakterli və tamamilə əsassız olduğunu vurğulayıblar, onu Azərbaycana qarşı aparılan qarayaxma kampaniyasının tərkib hissəsi kimi qiymətləndiriblər. Deputatlar qətnamədə Azərbaycanın ərazi bütövlüyünə və suverenliyinə qarşı hörmətsizlik nümayiş olunduğunu qeyd ediblər.

Çıxışlarda vurğulanıb ki, Azərbaycan regionda sülhün bərqərar olmasını istəyir. Bu gün Azərbaycan Avropanın enerji təminatında mühüm rol oynayır, dövlətimizin xarici siyasətinin əsas istiqamətləri iqlim dəyişikliyinə, islamofobiyaya qarşı mübarizə, milli prioritetlərdən biri isə “yaşıl artım” ölkəsi olmaqdır. Bu baxımdan COP29-un keçirilməsinin Azərbaycana həvalə edilməsi ölkəmizin bu istiqamətdə göstərdiyi səylərə verilən yüksək qiymətdir.

Deputatlar bu yaxınlarda Bakıda müvəffəqiyyətlə həyata keçirilmiş Asiya Parlament Assambleyası sessiyanın parlament diplomatiyasının inkişafına xidmət etdiyini söyləyiblər, bununla əlaqədar təbriklərini çatdırıblar. Millət vəkilləri son zamanlar Azərbaycanın mötəbər beynəlxalq tədbirlərə ev sahibliyini təqdirəlayiq hesab ediblər, bunu ölkəmizin beynəlxalq nüfuzunun artmasının göstəricisi kimi dəyərləndiriblər.

Sonra Milli Məclisin sədri Sahibə Qafarova bildirib ki, bu gün 17 məsələ müzakirə olunacaq. O, qeyd edib ki, gündəliyin ilk iki məsələsi Milli Məclisin qərar layihələridir.

Spiker Sahibə Qafarova gündəliyin birinci məsələsi olan “Azərbaycan Respublikası Milli Məclisinin parlamentlərarası əlaqələr üzrə işçi qruplarının rəhbərlərinin seçilməsi haqqında” Azərbaycan Respublikası Milli Məclisinin Qərarında dəyişikliklər edilməsi barədə Milli Məclisin qərar layihəsi barədə məlumat vermək üçün  parlamentin Beynəlxalq münasibətlər və parlamentlərarası əlaqələr komitəsinin sədri Səməd Seyidova söz verib.

Məsələ ilə bağlı məlumat verən Səməd Seyidov cənab Prezidentin tapşırıqlarına uyğun olaraq Milli Məclisin sədri Sahibə Qafarovanın rəhbərliyi ilə son illər parlamentin beynəlxalq əlaqələrinin genişləndiyini, dostluq qruplarının fəaliyyətinin aktivləşdiyini, onların sayının artdığını deyib. Komitə sədri dünyada ikiüzlü siyasətin, ikili standartların, böhtan  kampaniyalarının aparıldığı şəraitdə parlament diplomatiyasının rolundan danışıb. O, müzakirəyə çıxarılan qərar layihəsinin Azərbaycanın xarici siyasətinin və parlament diplomatiyasının coğrafiyasının genişləndirilməsi baxımından əhəmiyyətini vurğulayıb. O, qeyd edib ki, qərar layihəsinə əsasən, Azərbaycan-Filippin  parlamentlərarası əlaqələr üzrə işçi qrupuna Müşfiq Cəfərov rəhbər olaraq təklif olunur.

Milli Məclisin qərar layihəsi səsə qoyularaq qəbul edilib.

Sonra Milli Məclisin sədri Sahibə Qafarova gündəliyin ikinci məsələsini müzakirəyə çıxarıb. Parlamentin spikeri bildirib ki, qanunvericiliyə uyğun olaraq bugünkü iclasda İnsan hüquqları üzrə müvəkkilin 2023-cü ildə ölkədə insan hüquqlarının qorunması haqqında illik məruzəsi dinləniləcək.

İllik məruzəni təqdim edən Azərbaycan Respublikasının İnsan hüquqları üzrə müvəkkili Səbinə Əliyeva fevralın 7-də keçirilmiş prezident seçkilərinin ölkəmizin Konstitusiyasına, Seçki Məcəlləsinə və beynəlxalq standartlara uyğun demokratik, ədalətli və şəffaf qaydada həyata keçirildiyini qeyd edib. Vurğulayıb ki, xalqımız, o cümlədən 30 ildən sonra doğma ata-baba yurdları olan Qarabağa və Şərqi Zəngəzura qayıdan, işğaldan azad olunan ərazilərimizdə ilk dəfə səsvermədə iştirak edən vətəndaşlarımız uğurlu siyasəti ilə ölkəmizin beynəlxalq hüquqla tanınan ərazi bütövlüyünün və suverenliyinin tam bərpa edilməsinə nail olan cənab İlham Əliyevi bir daha böyük səs çoxluğu ilə Azərbaycan Respublikasının Prezidenti seçməklə öz Müzəffər liderinə etimadını təsdiqləmişdir.

Ombudsman diqqətə çatdırıb ki, respublikamızın bütün ərazisində, o cümlədən Qarabağ və Şərqi Zəngəzur iqtisadi rayonlarında həyata keçirilən irimiqyaslı layihələr insan hüquq və azadlıqlarının səmərəli təmininə, həmçinin keçmiş məcburi köçkünlərin pozulmuş hüquq və azadlıqlarının bərpasına xidmət edir.

Bildirilib ki, dövlət qurumları, vətəndaş cəmiyyəti institutları, beynəlxalq təşkilatlar və xaricdəki həmkarları ilə səmərəli əməkdaşlıq şəraitində fəaliyyətini davam etdirən ombudsman il ərzində insan hüquq və azadlıqlarının etibarlı müdafiəsi və səmərəli təmini məqsədilə mövcud əlaqələrin gücləndirilməsi və imkanların genişləndirilməsi istiqamətində zəruri tədbirlər görmüşdür. 2023-cü ildə ombudsmanın ünvanına daxil olan 29 411 müraciətə qanunvericiliyə uyğun şəkildə baxılmış və müvafiq tədbirlər həyata keçirilmişdir.

Qeyd olunub ki, ombudsmanın hər il olduğu kimi növbəti ilin dövlət büdcəsi layihəsi üzrə Azərbaycan Respublikası Milli Məclisinin müvafiq komitələrinin iclaslarında aparılan müzakirələrdə iştirakı və irəli sürdüyü tövsiyələr, eyni zamanda qanunların təkmilləşdirilməsi üzrə verdiyi təkliflər əməkdaşlıq baxımından böyük əhəmiyyət daşımaqla yanaşı, insan hüquqlarının təmin edilməsi sahəsində səmərəliliyin artırılmasına da xidmət etməkdədir.

Səbinə Əliyeva ötən dövrdə əhalinin həssas qruplarının, o cümlədən şəhid ailələrinin, müharibə iştirakçılarının, əlilliyi olan şəxslərin, ahıl, qadın və uşaqların, hərbi qulluqçuların, miqrant və məhkumların problemlərinin həlli məqsədilə ombudsman tərəfindən müvafiq dövlət qurumları qarşısında qaldırılan məsələlər, irəli sürülən təklif və tövsiyələr barədə deputatlara məlumat verib.

Nəzərə çatdırılıb ki, ombudsmanın mandatı çərçivəsində ölkə üzrə şəxslərin öz iradəsi ilə tərk edə bilmədiyi müəssisələrə 347 başçəkmə həyata keçirilib. Başçəkmələr zamanı əvvəllər verilmiş tövsiyələrin icra vəziyyəti yoxlanılıb, ombudsmana ünvanlanan müraciətlər, saxlanılan şəxslərin hüquqlarının təmini vəziyyəti araşdırılıb, qarşıya çıxan məsələlərin həlli ilə bağlı aidiyyəti dövlət qurumlarına müraciətlər ünvanlanıb.

İnsan hüquqları üzrə müvəkkil bildirib ki, Azərbaycan Respublikasının işğaldan azad edilmiş ərazilərində müxtəlif vaxtlarda törətdikləri insanlıq əleyhinə və digər cinayət əməllərinə görə saxlanılan, məhkəmə qərarı əsasında barələrində həbs qətimkan tədbiri seçilmiş erməniəsilli təqsirləndirilən şəxslərin də saxlanma şəraiti və digər təminat məsələləri, müraciətləri araşdırılıb. Onlara öz dillərində hüquqlarının əks olunduğu materiallar təqdim olunub, eyni zamanda ailə üzvləri ilə telefon danışığı hüquqları təmin edilib. Bundan başqa, ombudsmanın vəsatəti ilə 2023-cü ildə 59 məhkum əfv edilib.

Qeyd olunub ki, 2023-cü ildə ölkəmizə qarşı yönələn qərəzli çağırışlara qarşı ombudsman tərəfindən dərhal reaksiyalar verilib. Həmçinin Ermənistanın azərbaycanlılara qarşı törətdiyi cinayətlər və beynəlxalq hüququn pozulması faktlarını özündə ehtiva edən 3 geniş hesabat hazırlanaraq beynəlxalq təşkilatların diqqətinə təqdim olunub. Ombudsman tərəfindən davamlı olaraq beynəlxalq təşkilatların diqqətinə çatdırılan növbəti önəmli məsələ Ermənistanın soyqırımı siyasətini təsdiqləyən faktlarla bağlı olub.

Səbinə Əliyeva qanunvericiliyin təhlili və təkmilləşdirilməsi prosesində ombudsmanın yaxından iştirakından bəhs edib. O, insan və vətəndaş hüquq və azadlıqlarının müdafiəsi sahəsində səmərəliliyin artırılması məqsədilə ombudsman tərəfindən səlahiyyətli dövlət qurumlarına təqdim edilmiş təklif və tövsiyələrə diqqətin artırılmasının vacibliyini vurğulayıb.

Sonra parlamentin İnsan hüquqları komitəsinin sədri Zahid Oruc İnsan hüquqları üzrə müvəkkilin (ombudsmanın) illik məruzəsi ilə bağlı çıxış edib.

Komitə sədri ombudsman institutunun “Böyük qayıdış”ı hesabata  daxil etməsini, keçmiş məcburi köçkün vətəndaşların hüquq və azadlıqlarının vəziyyətini dəyərləndirərək hazırlamasını ən böyük insan hüquqları hadisəsi adlandırıb.

Diqqətə çatdırılıb ki, məruzədə ombudsmanın Konstitusiyada və ölkəmizin tərəfdar çıxdığı beynəlxalq müqavilələrdə təsbit olunan hüquq və vəzifələri əhatə olunub. O, ombudsmanın ünvanına 2023-cü ildə daxil olan müraciətlərin əvvəlki ilə nisbətən azalmasına diqqət çəkib, şikayətlərin daha çox hansı sahələri əhatə etməsinin, onların dinamikasının da məruzəyə daxil edilməsinin əhəmiyyətini qeyd edib.

Məruzədə İraq və Suriyada döyüş zonalarında qalan 469 qadın və uşağın ölkəyə qaytarılmasının (repatriasiyasının) əksini tapdığını deyən komitə sədri bildirib ki, terrorçu dəstələrə qoşulanlara, qeyri-qanuni silahlı qruplaşmarda iştirak edənlərə qarşı qanunvericiliyi daha da sərtləşdirməyə ehtiyac var.

Müvəkkilin Milli preventiv mexanizm çərçivəsində ötən il daha çox başçəkmə həyata keçirdiyini bildirən komitə sədri penitensiar müəssisələrdəki sıxlığın yuxarı olmasına, təkrar cinayətlərin artmasına diqqət çəkib.

Məruzədə öz əksini tapmış sağlamlığın qorunması hüququ ilə bağlı məsələlərə toxunan Zahid Oruc  icbari tibbi sığortanın imkanlarından istifadə etmək üçün zəruri şəraitin yaradılmasının, bu istiqamətdə maarifləndirmə işinin aparılmasının əhəmiyyətini qeyd edib.

Komitə sədri vətəndaşların mənzil, torpaq, əmlak hüquqlarının təmin edilməsi, qeydiyyat, sənədləşdirmə ilə bağlı məsələlərə dair fikirlərini bölüşüb, ombudsmanın ötən ildə ölkəmizin beynəlxalq mənafelərinin qorunmasındakı fəaliyyətini yüksək qiymətləndirib.

Çıxışının sonunda Zahid Oruc rəhbərlik etdiyi komitənin İnsan hüquqları üzrə müvəkkilin (ombudsmanın) illik məruzəsinə müsbət rəy verdiyini bildirib.

Sonra məruzə ətrafında müzakirələr aparılıb. Komitə sədri Bəxtiyar Əliyev, deputatlar Vüqar Bayramov, Qüdrət Həsənquliyev, Əli Məsimli, Kamal Cəfərov, Azay Quliyev və Aqiyə Naxçıvanlı məruzə ilə bağlı fikirlərini, qeydlərini və suallarını səsləndiriblər.

Ombudsman Səbinə Əliyeva deputatların suallarını cavablandırandan sonra Azərbaycan Respublikasının İnsan hüquqları üzrə müvəkkilinin (ombudsmanın) 2023-cü ildə ölkədə insan hüquqlarının qorunması haqqında illik məruzəsi səsə qoyularaq nəzərə alınıb.

Parlamentin sədri Sahibə Qafarova gündəliyin növbəti iki məsələsinin ölkə Prezidentinin bir məktubu ilə Milli Məclisə daxil olduğunu və mahiyyətcə bir-birinə bağlı olduğunu deyib. Spiker qeyd edib ki, bu, “Azərbaycan Respublikasının İnsan hüquqları üzrə müvəkkili (ombudsman) haqqında” və “Normativ hüquqi aktlar haqqında” Azərbaycan Respublikasının Konstitusiya qanunlarında dəyişiklik edilməsi barədə Konstitusiya qanununun və “Media haqqında” Azərbaycan Respublikasının 2021-ci il 30 dekabr tarixli 471-VIQ nömrəli Qanununun icrası ilə əlaqədar Azərbaycan Respublikasının bəzi qanunlarında dəyişiklik edilməsi barədə qanun layihələridir. Qanun layihələri birinci oxunuşda müzakirəyə çıxarılır.

Qanun layihələrini təqdim edən Milli Məclis sədrinin birinci müavini, Hüquq siyasəti və dövlət quruculuğu komitəsinin sədri Əli Hüseynli bildirib ki, “Azərbaycan Respublikasının İnsan hüquqları üzrə müvəkkili (ombudsman) haqqında” və “Normativ hüquqi aktlar haqqında” Azərbaycan Respublikasının Konstitusiya qanunlarında dəyişiklik edilməsi barədə Konstitusiya qanununun layihəsində təklif edilən dəyişikliklər uyğunlaşdırma xarakteri daşıyır. Qeyd olunub ki, sənəddə adı çəkilən qanunların müvafiq maddələrində "kütləvi informasiya vasitələri" sözlərinin "media subyektləri" sözləri ilə, "kütləvi informasiya vasitələrində" sözlərinin "media məhsullarında" sözləri ilə, "kütləvi informasiya vasitələrində" sözlərinin "mediada" sözləri ilə əvəz edilməsi nəzərdə tutulub.

Sonra komitə sədri Əli Hüseynli “Media haqqında” Azərbaycan Respublikasının 2021-ci il 30 dekabr tarixli  471-VIQ nömrəli Qanununun icrası ilə əlaqədar Azərbaycan Respublikasının bəzi qanunlarında dəyişiklik edilməsi barədə qanun layihəsini təqdim edib. O, rəhbərlik etdiyi komitənin rəy verdiyi Seçki Məcəlləsinə, Cəzaların İcrası Məcəlləsinə, Mənzil Məcəlləsinə, Miqrasiya Məcəlləsinə, İnzibati Xətalar Məcəlləsinə, “Dövlət qulluğu haqqında”, "Həbs yerlərində saxlanılan şəxslərin hüquq və azadlıqlarının təmin edilməsi haqqında" qanunlarda anlayışların “Media haqqında” qanunda qüvvədə olan anlayışlarla əvəz olunduğunu bildirib.

Sonra Milli Məclis sədrinin müavini, İctimai birliklər və dini qurumlar komitəsinin sədri Fəzail İbrahimli, Müdafiə, təhlükəsizlik və korrupsiya ilə mübarizə komitəsinin sədri Ziyafət Əsgərov, Mədəniyyət komitəsinin sədr müavini Ülviyyə Həmzəyeva, Əmək və sosial siyasət komitəsinin sədr müavini Məlahət İbrahimqızı, İqtisadi siyasət, sənaye və sahibkarlıq komitəsinin sədr müavini Əli Məsimli bu komitələrin sənəd barədə müsbət rəyini diqqətə çatdırıblar.

Deputatlar Azay Quliyev, Məlahət İbrahimqızı, Sahib Alıyev, Hikmət Məmmədov, Sabir Rüstəmxanlı məsələ barədə fikirlərini, qeyd və təkliflərini söyləyiblər. Komitə sədri Əli Hüseynli səsləndirilən fikirlərə münasibət bildirib.

Müzakirələrin sonunda qanun layihələri ayrı-ayrılıqda səsə qoyularaq birinci oxunuşda qəbul edilib.

Sonra Mədəniyyət komitəsinin üzvü Cavanşir Feyziyev “Azərbaycan Respublikası Hökuməti ilə Birləşmiş Millətlər Təşkilatı arasında Ümumdünya Şəhərsalma Forumunun On Üçüncü Sessiyasının 2026-cı ildə Bakı şəhərində keçirilməsi üçün Ev Sahibi Ölkəyə dair Saziş”in təsdiq edilməsi haqqında Azərbaycan Respublikası qanununun layihəsini təqdim edib.

Bildirilib ki, Ümumdünya Şəhərsalma Forumu (ÜŞF) 2001-ci ildə Birləşmiş Millətlər Təşkilatı tərəfindən dünyanın üzləşdiyi ən aktual problemlərdən biri olan sürətli urbanizasiya və onun şəhərlərə, iqtisadiyyatlara və iqlim dəyişikliyinə təsirini tənzimləmək məqsədilə təsis edilib. BMT-nin İnsan Məskənləri Proqramı (UN-Habitat) çərçivəsində qəbul edilən müvafiq qətnaməyə əsasən, bu Forum şəhərsalma fəaliyyətində aktiv iştirak edən dünyanın ən nüfuzlu şəhərlərindən birində iki ildən bir keçirilir. Qeyd olunub ki, ilk ÜŞF 2002-ci ildə Keniyanın Nayrobi şəhərində keçirilib. ÜŞF-in növbəti 12-ci sessiyası BMT və Misir Hökumətinin birgə təşkilatçılığı ilə 2024-cü ilin noyabr ayında Misirin Qahirə şəhərində keçiriləcək.

Diqqətə çatdırılıb ki, bu Saziş ÜŞF-in 13-cü sessiyasına ev sahibliyi edəcək Azərbaycan və BMT arasında xüsusi imtiyazlar və immunitetlər, ölkə ərazisinə sərbəst giriş-çıxış hüququ, texniki avadanlığın və tədbir üçün tələb olunan malların idxal-ixrac icazələri, forumun səmərəli fəaliyyətini təmin etmək üçün tələb oluna bilən mühafizə və digər təşkilati məsələləri tənzimləmək məqsədilə 2023-cü il dekabrın 22-də Bakı şəhərində imzalanıb. Sazişə əsasən ev sahibi ölkədən tələb olunan təşkilati tədbirlərə konfransın keçirildiyi yer, qeydiyyat və akkreditasiya üçün xidmətlər və tələblər, şəhər daxilində, ətrafında və məkan daxilində BMT-nin təhlükəsizlik qaydalarına uyğun mühafizə xidmətləri və avadanlıq, tədbir üçün tərcümə xidmətləri, ölkədə, şəhərdə və məkanda müvafiq insan resursları və logistika ehtiyaclarının təmin edilməsi aiddir. Sənədə uyğun olaraq, Forumun 13-cü sessiyasının 2026-cı il oktyabrın 12-dən 16-dək Bakı şəhərində yerləşən Heydər Əliyev Mərkəzində keçirilməsi planlaşdırılır.

Beynəlxalq münasibətlər və parlamentlərarası əlaqələr komitəsinin sədri Səməd Seyidov sənəd barədə rəhbərlik etdiyi komitənin rəyini bildirərək, bunu Azərbaycanın xarici siyasətinin növbəti uğuru kimi dəyərləndirib.

Deputatlar Qüdrət Həsənquliyev, Aydın Hüseynov, Məlahət İbrahimqızı, Vüqar Bayramov çıxış edərək, sənədə münasibətlərini bildiriblər. Komitə sədri Səməd Seyidov, millət vəkili Cavanşir Feyziyev çıxışlarda qaldırılan məsələlərə aydınlıq gətiriblər.

Qanun layihəsi səsə qoyularaq qəbul edilib.

İclasda Regional məsələlər komitəsinin sədri Siyavuş Novruzov “Abşeron rayonunun inzibati ərazi bölgüsündə qismən dəyişiklik edilməsi haqqında” Azərbaycan Respublikası qanununun layihəsi barədə məlumat verib. O, bildirib ki, sənəddə rayonun ərazisində yeni salınmış yaşayış məntəqəsinin Şəfəq adlandırılması, Şəfəq yaşayış məntəqəsinə qəsəbə statusunun verilməsi və həmin qəsəbənin Azərbaycan Respublikasının ərazi vahidlərinin Dövlət reyestrinə daxil edilməsi, Şəfəq qəsəbəsi mərkəz olmaqla Şəfəq qəsəbə inzibati ərazi dairəsinin yaradılması və ərazi vahidlərinin Dövlət reyestrinə daxil edilməsi təklif olunur.

Qeyd edilib ki, bu yaşayış kompleksinin rayon ərazisində olan yaşayış məntəqələrindən uzaq olması, burada məskunlaşmış əhalinin inzibati ərazi dairəsinin mərkəzi ilə əlaqə saxlamasının təmin edilməsi, onların mədəni-sosial ehtiyaclarının ödənilməsi, bu ərazidə dövlət funksiyalarının həyata keçirilməsinin səmərəliliyinin artırılması və dövlət orqanlarının əhaliyə mümkün qədər yaxınlaşdırılması həmin yaşayış kompleksinin ərazi vahidi kimi qeydə alınmasını və ayrıca inzibati ərazi dairəsinin yaradılmasını şərtləndirir.

Komitə sədri yaşayış məntəqəsinin adı ilə bağlı məsələyə Toponimiya komissiyasında baxıldığını və müvafiq qərarın qəbul edildiyini söyləyib.

Müzakirələrdə deputatlar Fəzail Ağamalı, Razi Nurullayev, Hikmət Məmmədov, İsa Həbibbəyli çıxış ediblər, fikirlərini səsləndiriblər. Komitə sədri Siyavuş Novruzov çıxışlara münasibət bildirdikdən sonra qanun layihəsi səsə qoyularaq qəbul edilib.

Aqrar siyasət komitəsinin sədri Tahir Rzayev “Qida təhlükəsizliyi haqqında” Azərbaycan Respublikasının 2022-ci il 5 may tarixli 523-VIQ nömrəli Qanununun icrası ilə əlaqədar Azərbaycan Respublikasının bəzi qanunlarında dəyişiklik edilməsi barədə qanun  layihəsini diqqətə çatdırıb.

Bildirilib ki, sənəddə qüvvədə olan 44 qanuna "Qida təhlükəsizliyi haqqında" Qanuna uyğunlaşdırılma məqsədilə müvafiq dəyişikliklər təklif olunur. Dəyişikliklərdə bir sıra terminlərin dəqiqləşdirilməsi ("ərzaq malları", "ərzaq", "yeyinti məhsulları" və bu qəbildən olan bir sıra söz və ifadələrin "qida məhsulu" sözləri ilə əvəz edilməsi), adıçəkilən qanunun qəbulu ilə "Yeyinti məhsulları haqqında" qanun ləğv edildiyindən, bir sıra qanunların mətnində "Yeyinti məhsulları haqqında" qanuna istinadən "Qida təhlükəsizliyi haqqında" qanunla əvəz edilməsi, qida məhsullarının və xammalının istehsalı, daşınması, saxlanması və satışı prosesi "Qida təhlükəsizliyi haqqında" qanunda "qida zənciri" anlayışı ilə ehtiva edildiyindən müvafiq texniki və uyğunlaşdırıcı düzəlişlərin edilməsi, qida məhsullarının təhlükəsizliyini təsdiq edən sənədlərin adlarının yeni qanuna uyğun olaraq verilməsi nəzərdə tutulur.

Əmək və sosial siyasət komitəsinin sədr müavini Məlahət İbrahimqızı, Hüquq siyasəti və dövlət quruculuğu komitəsinin sədri Əli Hüseynli, İqtisadi siyasət, sənaye və sahibkarlıq komitəsinin sədr müavini Əli Məsimli, Səhiyyə komitəsinin sədri Əhliman Əmiraslanov, Müdafiə, təhlükəsizlik və korrupsiya ilə mübarizə komitəsinin sədri Ziyafət Əsgərov, Təbii ehtiyatlar, energetika və ekologiya komitəsinin sədri Sadiq Qurbanov, İnsan hüquqları komitəsinin sədri Zahid Oruc, Ailə, qadın və uşaq məsələləri komitəsinin sədri Hicran Hüseynova, Mədəniyyət komitəsinin sədr müavini Ülviyyə Həmzəyeva bu sənəd barədə təmsil etdikləri komitələrin müsbət rəy verdiyini bildiriblər.

Qanun layihəsi səsə qoyularaq qəbul edilib.

Parlamentin spikeri Sahibə Qafarova gündəliyin digər 3 məsələsinin birinci oxunuşda qanun layihələri olduğunu, növbəti iki məsələnin cənab Prezidentin bir məktubu ilə Milli Məclisə təqdim edildiyini və mahiyyətcə bir-birinə yaxın olduğunu söyləyib. O, həmin iki məsələnin “Bələdiyyələrin birgə fəaliyyəti, birləşməsi, ayrılması və ləğv edilməsi haqqında” Azərbaycan Respublikasının Qanununda dəyişiklik edilməsi barədə (birinci oxunuş) və “Bələdiyyələrin statusu haqqında” Azərbaycan Respublikasının Qanununda dəyişiklik edilməsi barədə (birinci oxunuş) qanun layihələri olduğunu diqqətə çatdırıb.

Sonra Regional məsələlər komitəsinin sədri Siyavuş Novruzov bu iki sənədi iclasda təqdim edib. Əvvəlcə, komitə sədri “Bələdiyyələrin birgə fəaliyyəti, birləşməsi, ayrılması və ləğv edilməsi haqqında” Qanunda nəzərdə tutulan dəyişiklikləri diqqətə çatdırıb. Bildirilib ki, qanun layihəsi yerli özünüidarəetmədə səmərəliliyin artırılmasını təmin etmək məqsədi daşıyır. Sənəddə ölkə üzrə sonuncu bələdiyyə seçkilərinin keçirildiyi ildən sonrakı 4 ilin son 2 ili ərzində əhalisinin sayı 3000 nəfərdən və ya ev təsərrüfatlarının sayı 1000 vahiddən az olan bələdiyyələrin digər bələdiyyələrlə birləşdirilməsi nəzərdə tutulur. Qeyd olunur ki, birləşmə və ya ayrılma nəticəsində əhalisinin sayı 3000 nəfərdən və ev təsərrüfatlarının sayı 1000 vahiddən az olan bələdiyyələrin yaradılmasına onlarda yaranan sosial-iqtisadi vəziyyət, tarixi və digər yerli xüsusiyyətlər nəzərə alınmaqla yol verilir.

Layihəyə əsasən, birləşən hər bir bələdiyyə birləşmə ilə bağlı rəyini baxılmaq üçün Milli Məclisə təqdim edir. Milli Məclis həmin bələdiyyənin digər bələdiyyə ilə birləşdirilməsi ilə bağlı qanunvericiliyə müvafiq surətdə qərar qəbul edir. Yaranan bələdiyyənin adı birləşən bələdiyyələr arasında əhalisinin sayı ən çox olan bələdiyyənin adına uyğun müəyyən edilir.

Sonra Siyavuş Novruzov “Bələdiyyələrin statusu haqqında” Qanunda nəzərdə tutulan  dəyişikliklər barədə məlumat verib. O, təklif edilən dəyişikliklərin  “Bələdiyyələrin birgə fəaliyyəti, birləşməsi, ayrılması və ləğv edilməsi haqqında”  Azərbaycan Respublikasının Qanununda dəyişiklik edilməsi barədə” qanun layihəsinə uyğunlaşdırma xarakteri daşıdığını söyləyib.

Qanun layihələri ayrı-ayrılıqda səsə qoyularaq birinci oxunuşda qəbul edilib.

İqtisadi siyasət, sənaye və sahibkarlıq komitəsinin sədr müavini Əli Məsimli “Dövlət əmlakının özəlləşdirilməsi haqqında” Azərbaycan Respublikasının Qanununda dəyişiklik edilməsi barədə qanun layihəsini (birinci oxunuş) təqdim edib. O, qeyd edib ki, qanun layihəsi "Kosmik fəaliyyət haqqında" 2023-cü il 24 iyun tarixli Qanunun icrası ilə əlaqədar hazırlanıb.

Diqqətə çatdırılıb ki, “Dövlət əmlakının özəlləşdirilməsi haqqında” qanunun 6.2.1-ci maddəsinə əsasən, yerin təkinin, meşə fondunun, su ehtiyatlarının, dövlət sərhəd zolaqları və üzərindəki daşınmaz əmlakın, hava məkanının, Xəzər dənizinin Azərbaycan Respublikasına məxsus olan sektorun sularının, geostasionar orbitlərdəki peyk rabitəsi vasitələrinin özəlləşdirilməsi qadağandır. Təqdim edilən dəyişiklikdə geostasionar orbitlərdəki peyk rabitəsi vasitələrinin özəlləşdirilməsi qadağan edilən dövlət əmlakının sırasından çıxarılması nəzərdə tutulur. 

Qanun layihəsi birinci oxunuşda qəbul edilib.

Milli Məclisin sədri Sahibə Qafarova gündəliyin növbəti 7 məsələsinin ikinci oxunuşda qanun layihələri olduğunu söyləyib.

Sonra Milli Məclis sədrinin birinci müavini, Hüquq siyasəti və dövlət quruculuğu komitəsinin sədri Əli Hüseynli   Azərbaycan Respublikasının Mülki Prosessual Məcəlləsində, Azərbaycan Respublikasının Ailə Məcəlləsində və “Məişət zorakılığının qarşısının alınması haqqında” Azərbaycan Respublikasının Qanununda dəyişiklik edilməsi barədə qanun layihəsini (ikinci oxunuş) təqdim edib. O, layihə barədə birinci oxunuşda ətraflı məlumat verildiyini,  müzakirələrdə qaldırılan məsələlərə işçi qaydasında komitənin mövqeyinin bildirildiyini söyləyib. Sənəd uşaq hüquqlarının müdafiəsinin dövlət təminatı istiqamətində qanunvericiliyin təkmilləşdirilməsi məqsədilə hazırlanıb.

Ailə, qadın və uşaq məsələləri komitəsinin sədri Hicran Hüseynova, İnsan hüquqları komitəsinin üzvü Bəhruz Məhərrəmov məsələ barədə bu komitələrin rəyini diqqətə çatdırdıqdan sonra qanun layihəsi ikinci oxunuşda qəbul edilib.

Beynəlxalq münasibətlər və parlamentlərarası əlaqələr komitəsinin sədri Səməd Seyidov Azərbaycan Respublikasının 1994-cü il 8 fevral tarixli 782 nömrəli Qanunu ilə təsdiq edilmiş “Azərbaycan Respublikasının Konsul Nizamnaməsi”ndə  dəyişiklik edilməsi haqqında qanun layihəsini (ikinci oxunuş) təqdim edib. Komitə sədri bildirib ki, birinci oxunuşdan sonra layihə barədə komitəyə əlavə heç bir təklif daxil olmayıb. O, sənədi ikinci oxunuşda   dəstəkləməyi xahiş edib. Təklif olunan dəyişikliklər Nizamnamənin 92-ci və 93-cü maddəsində müəyyən edilmiş ifadə formasının "Normativ hüquqi aktlar haqqında" Azərbaycan Respublikasının Konstitusiya Qanununun tələblərindən irəli gələrək normayaratma texnikası baxımından uyğunlaşdırma məqsədilə hazırlanıb.

Qanun layihəsi ikinci oxunuşda qəbul edilib.

İclasda Hüquq siyasəti və dövlət quruculuğu komitəsinin üzvü Bəhruz Məhərrəmov Azərbaycan Respublikasının Mülki Prosessual Məcəlləsində dəyişiklik edilməsi haqqında qanun layihəsi (ikinci oxunuş) barədə danışıb. O, birinci oxunuş zamanı layihənin konseptual mahiyyəti barədə geniş məlumat verildiyini, müzakirələrdə səsləndirilən fikirlərə işçi qaydasında aydınlıq gətirildiyini deyib, sənədin olduğu kimi səsə qoyulmasını xahiş edib. Təklif edilən dəyişiklik "İcra haqqında" Qanunun 50.2-ci maddəsində nəzərdə tutulmuş borclunun əmlakı üzərinə həbs qoyulması barədə icra məmurunun təqdimatına məhkəmələr tərəfindən baxılmasının prosessual əsaslarının müəyyən edilməsi  və  Mülki Prosessual Məcəllənin 231-ci maddəsinin təkmilləşdirilməsi zərurətindən irəli gəlir.

Qanun layihəsi ikinci oxunuşda qəbul olunub.

Sonra Təbii ehtiyatlar, energetika və ekologiya komitəsinin sədri Sadiq Qurbanov “Su təchizatı və tullantı suları haqqında” Azərbaycan Respublikasının Qanununda dəyişiklik edilməsi barədə (ikinci oxunuş)  qanun layihəsini təqdim edib. O, qanun layihəsinin birinci oxunuşu zamanı deputatların çıxış etdiyini, Milli Məclisin sədri Sahibə Qafarovanın tövsiyəsi ilə Aqrar siyasət komitəsi ilə birlikdə geniş ictimai dinləmənin keçirildiyini, su təsərrüfatı sahəsində mövcud problemlər və yeni çağırışlarla bağlı müzakirələrin aparıldığını, bir çox məsələlərə aydınlıq gətirildiyini bildirib. O, sənədin ikinci oxunuşda olduğu kimi səsə qoyulmasını xahiş edib. Layihədə tikinti obyektlərinin su təchizatı və kanalizasiya sisteminə qoşulması mexanizminin təkmilləşdirilməsi ilə bağlı dəyişikliklər nəzərdə tutulur.

Qanun layihəsi səsə qoyularaq ikinci oxunuşda qəbul edilib.

İclasda parlamentin birinci vitse-spikeri, Hüquq siyasəti və dövlət quruculuğu komitəsinin sədri Əli Hüseynli Azərbaycan Respublikasının Cinayət-Prosessual Məcəlləsində dəyişiklik edilməsi haqqında qanun layihəsini (ikinci oxunuş) təqdim edib. O, layihənin birinci maddəsində texniki düzəlişin edildiyini, ikinci maddədə keçid müddəalarının yeni redaksiyada verildiyini və  qanunvericilik təşəbbüsü subyekti ilə razılaşdırıldığını bildirib.

Qanun layihəsi səsə qoyularaq ikinci oxunuşda qəbul edilib.

Hüquq siyasəti və dövlət quruculuğu komitəsinin üzvü Kamal Cəfərov Azərbaycan Respublikasının İnzibati Xətalar Məcəlləsində dəyişiklik edilməsi haqqında (ikinci oxunuş) qanun layihəsini diqqətə çatdırıb. O, layihədə hər hansı əlavə dəyişikliyin olmadığını deyib və sənədin səsə qoyulmasını xahiş edib. Məcəlləyə təklif edilən dəyişikliklər sosial xarakterli fövqəladə mühit rejiminin tətbiqi zamanı davranış qaydalarına riayət edilməməsinə görə inzibati məsuliyyəti nəzərdə tutur.

Qanun layihəsi ikinci oxunuşda qəbul edilib.

Sonra Milli Məclis sədrinin birinci müavini, Hüquq siyasəti və dövlət quruculuğu komitəsinin sədri Əli Hüseynli "Məhkəmələr və hakimlər haqqında" Azərbaycan Respublikasının Qanununda dəyişiklik edilməsi barədə" qanun  layihəsini (ikinci oxunuş) təqdim edib. O, layihədə təklif edilən dəyişikliklərin əsas mahiyyətinin məhkəmələrin işinin təşkili sahəsində Ədliyyə Nazirliyinə məxsus bir çox səlahiyyətlərin Məhkəmə-Hüquq Şurasına həvalə edilməsi ilə bağlı olduğunu diqqətə çatdırıb.

Qanun layihəsi ikinci oxunuşda qəbul edilib.

Bununla da Milli Məclisin bugünkü plenar iclası başa çatıb.

Milli Məclisin Mətbuat və
ictimaiyyətlə əlaqələr şöbəsi



Azərbaycan Respublikasının Milli Məclisi — Azərbaycan Respublikasında qanunvericilik hakimiyyətini həyata keçirən dövlət hakimiyyəti orqanı. Birpalatalı orqan olub 125 deputatdan ibarətdir. Deputatlar majoritar seçki sistemi, ümumi, bərabər və birbaşa seçki hüququ əsasında sərbəst, şəxsi və gizli səsvermə yolu ilə seçilirlər. Azərbaycan Respublikası Milli Məclisinin hər çağırışının səlahiyyət müddəti 5 ildir.

AZ EN RU